Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Stenli Eskuderonu qəbul edərkən söhbətindən - 14 mart 2000-ci il


Stenli Eskudero: Cənab prezident, çox sağ olun. Mən Sizinlə təxminən eyni vaxtda Amerika Birləşmiş Ştatlarında idim. Daha doğrusu, mən Sizdən bir neçə gün sonra Amerikaya yola düşdüm. Bu, çox uğurlu bir səfər oldu. Mən səfərim haqqında Sizə bir qədər sonra ətraflı məlumat vermək istəyirəm.

Cənab prezident, mən Vaşinqtonda olduğum zaman məlumat alırdım ki, Sizin də Amerikaya səfəriniz çox uğurla keçir. Ölkələrimizin ikitərəfli münasibətlərinin bir sıra sahələrində müəyyən tərəqqi əldə edilmişdir. Elə bilirəm ki, hər iki tərəf bundan çox məmnundur.

Mən martın 10-da imzaladığınız sərəncamlar münasibətilə təbriklərimi Sizə yetirmək istəyirəm. Bunlardan birincisi "Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsinin və Beynəlxalq Amnistiya Təşkilatının Azərbaycana dair hesabatı ilə əlaqədar tədbirlər haqqında"dır. Sizin həmin sərəncamınızla işçi qrupu yaradılmışdır. Sözsüz ki, bu işçi qrupu Beynəlxalq Amnistiya Təşkilatının və Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsinin tövsiyələrinin həyata keçirilməsi ilə sıx məşğul olacaqdır. İkinci sərəncam isə "Beynəlxalq Qırmızı Xaç Komitəsinin azadlıqdan məhrumetmə yerlərində səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi barədə"dir. Bununla da Beynəlxalq Qırmızı Xaç Komitəsi həbsxanada saxlanılanlara bundan sonra baş çəkə biləcəkdir.

Bunlar insan hüquqları və Azərbaycanın demokratikləşməsi yolunda irəliyə doğru atılan çox vacib addımlardır. Mən bu münasibətlə Sizi bir daha təbrik edirəm.

Cənab prezident, Siz bu sərəncamları martın 10-da imzalamısınız. Martın 10-u isə mənim anadan olduğum gündür. Ona görə də mən buna ikiqat sevinirəm.

Heydər Əliyev: Mən bəlkə bu sərəncamları sizin anadan olduğunuz gün münasibətilə imzalamışam. Sizin anadan olduğunuz günü bilirdim, ona görə də bu sərəncamları həmin gün imzalamışam.

Stenli Eskudero: Cənab prezident, çox sağ olun.

Martın 21-22-si Azərbaycanda Novruz bayramı günlərinə düşür. Təəssüflə də olsa, onu əlavə edim ki, Amerika qonşularının Avropada yerləşdirilmiş hissəsində qoşun komandirinin müavini, admiral Çarlz Abdekin başçılıq etdiyi nümayəndə heyəti bu bayram günlərində Bakıya səfərə gələcəkdir.

Admiral Abdek bu rütbədə, bu nüfuzda Azərbaycana səfər edən ilk amerikalı zabitdir. O, Bakıya gələrkən Amerika Birləşmiş Ştatlarının Azərbaycanla hərbi sahədə birgə işi barədə bir neçə layihə gətirəcəkdir. Əlbəttə, bu layihələrin həyata keçirilməsi mümkündür. Elə bilirəm ki, bu layihələr gələcəkdə uğurla yerinə yetiriləcəkdir.

Cənab prezident, mən bu layihələr barədə müvafiq sənədləri Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinə artıq təqdim etmişəm.

Cənab prezident, mən istərdim ki, digər məsələlər haqqında Sizinlə bir qədər sonra müzakirə aparım. Lakin bundan əvvəl istəyirəm ki, Amerika Birləşmiş Ştatlarına səfəriniz haqqında Sizin fikrinizi öyrənim. Bilirəm ki, mənim ölkəm Sizin bu səfərinizdən çox razıdır, bizim tərəf özünü çox xoşbəxt hiss edir.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Birincisi, sizi təbrik edirəm ki, öz ölkənizə uğurlu səfər etmisiniz və çox işlər görmüsünüz.

Mən Amerikaya səfərimi çox uğurlu hesab edirəm. Doğrudur, bu, işgüzar səfər idi, amma onun adının əhəmiyyəti yoxdur, əsas iş məzmunundadır. Təbiidir ki, mənim bu səfərimin ən əsas mənası prezident Bill Klintonla Ağ evdə görüşüb, demək olar, bütün məsələlər barəsində danışıqlar aparmağımız idi. Bilirsiniz ki, həmin görüşdə xanım Madlen Olbrayt, cənab Sendi Berger və digər rəsmi şəxslər də iştirak edirdilər.

Sonra biz cənab Sestanoviç, cənab Kavano ilə birgə Ermənistan-Azərbaycan münaqişəsinə aid məsələni demək olar, iki saat ayrıca müzakirə etdik. Başqa görüşlərim də oldu. Mən energetika naziri, kənd təsərrüfatı naziri ilə və xüsusən, Pentaqonda müdafiə naziri Uilyam Kohen ilə görüşdüm.

Hesab edirəm ki, Con Hopkins Universitetinin Xüsusi Beynəlxalq Tədqiqatlar İnstitutunda mənim görüşüm çox maraqlı idi. Mən gördüm ki, həmin institutun salonuna xeyli adam toplaşmışdı, salon demək olar ki, tamamilə dolu idi. Onlar Azərbaycana, təbii ki, mənimlə görüşə çox böyük maraq göstərmişlər.

Amerika-Azərbaycan Ticarət Palatası böyük qəbul təşkil etmişdi. Amerika işgüzar dairələrinin bir çox nümayəndələri ilə orada çoxlu görüşlərimiz oldu. Amerikaya işgüzar səfərimin birinci gününün ertəsi - bazar günü cənab Bjezinski məni evinə dəvət etdi. Biz həmin görüşdə keçmiş müdafiə naziri cənab Slezincer, Respublikaçılar Partiyasından keçmiş müdafiə nazirinin müavini olmuş səfir cənab Volfoviç və digər şəxslərlə ətraflı söhbət etdik.

Bütün bu görüşlərdə şəxsən mənim məqsədim Amerika-Azərbaycan əməkdaşlığını daha da sürətləndirmək, inkişaf etdirmək və yüksəklərə qaldırmaq idi. Biz bütün məsələlər, o cümlədən, Bakı-Ceyhan əsas ixrac boru kəməri və Transxəzər qaz kəməri sazişlərinin həyata keçirilməsi barədə fikir mübadiləsi apardıq. O vaxt Konqres üzvləri tətildə idilər, onlar istirahət edirdilər. Ona görə də onlarla görüşmək mümkün olmadı.

Hər halda, mən bir daha deyirəm, Amerikaya səfərim çox səmərəli, əhəmiyyətli oldu. Mən bundan çox razıyam. Amerika hökuməti, şəxsən, prezident Bill Klinton Amerika Birləşmiş Ştatlarında olduğum bütün vaxtda - həm işgüzar səfərim, həm də müalicə edildiyim zamanı mənə çox böyük diqqət və qayğı göstərdilər.

Bilirsiniz ki, mən Con Hopkins Universitetinin Xüsusi Beynəlxalq Tədqiqatlar İnstitutunda çıxış etdim. Sonra isə həmin universitetin Göz xəstəlikləri klinikasında gözümdə əməliyyat aparıldı. Mən təsəvvür etmirdim ki, bu universitet bu qədər böyük və çoxsahəlidir. Göz xəstəlikləri klinikası doğrudan da çox yüksək səviyyəlidir. Amerikada belə bir adət var ki, səhiyyə sahəsində olan institutların, xəstəxanaların işinə hər il qiymət verirlər. Orada mənə göstərdilər ki, Con Hopkins Universitetinin Göz xəstəlikləri klinikası birinci yerdədir. Orada çox yaxşı həkimlər, insanlar var. Mənim orada yeni dostlarım vardır.

Təbiidir ki, mən Klivlendə də getdim. Amma orada bir neçə saat oldum, cərrah Brüs Layt, kardioloq Murad Tuzçu və başqaları ilə görüşdüm. Onlar bu görüşümüzə çox sevindilər. Ən çox ona görə sevindilər ki, oradakı bütün müayinələrim göstərdi ki, ürək cərrahiyyə əməliyyatı ilə əlaqədar mənim səhhətim onların gözlədiyindən də yaxşıdır. Ona görə də mən bu səfərimi işgüzar, həm də şəxsi nöqteyi-nəzərdən çox uğurlu hesab edirəm. Xahiş edirəm, prezident cənab Bill Klintona, xanım Madlen Olbrayta, hökumətin başqa üzvlərinə mənə göstərilən diqqət, qayğı və dostluq münasibətinə görə bir daha təşəkkürümü çatdırasınız.

Mən ölkənizin yüksək rütbəli admiralının Azərbaycana səfərə gələcəyi barədə məlumat almışam. Mən Pentaqonda olanda müdafiə naziri cənab Uilyam Kohen ilə bir çox məsələləri müzakirə etdik. Sizin ölkənin admiralının Azərbaycana gəlməsini çox əhəmiyyətli hesab edirəm.

Siz deyirsiniz ki, martın 21-22-si istirahət günləridir. Amma bizim üçün istirahət günü yoxdur. Ona görə də qoy bu, sizi narahat etməsin.

Sizin başqa təklifləriniz də var, mən onları bilirəm. İndi bu barədə danışa bilərik.

"Azərbaycan" qəzeti, 15 mart 2000-ci il.