Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Böyük Millət Məclisində çıxışı - 9 fevral 1994-cü il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Bu gün məni Türkiyənin Böyük Millət Məclisinə dəvət etdiyinizə görə, Məclisə müraciət etməyimə imkan yaratdığınıza görə hamınıza minnətdarlığımı və təşəkkürümü bildirirəm. Türkiyə xalqı tərəfindən seçilmiş millət vəkilləri, xalq elçiləri kimi sizə və sizin simanızda bütün Türkiyə xalqına Azərbaycan xalqından səmimi qəlbdən gələn salamları, məhəbbəti, sevgini və hörməti bildirmək istəyirəm.

Böyük Millət Məclisinin zəngin bir tarixi var. Bu möhtəşəm salonda, sizin qarşınızda belə bir yüksək kürsüdən çıxış etmək mənim üçün tarixi bir hadisədir. Hələ gənc yaşlarımda kitablardan, qəzetlərdən Türkiyə haqqında, türk xalqı haqqında oxuyarkən Türkiyəyə həmişə həsrətlə baxır, ona böyük maraq göstərir, Böyük Millət Məclisinin işi barədə, onun qəbul etdiyi qərarlar barədə məlumatları həvəslə, diqqətlə oxuyurdum. Hər dəfə də düşünürdüm ki, bu mötəbər və nüfuzlu Böyük Millət Məclisi - türk xalqının həyatında dəyərli və diqqətəlayiq işlər görən bu məclis nə qədər də qüdrətli və nə qədər də məqsədyönlü siyasət aparan bir məclisdir. İndi mənə bu məclisə gəlmək, sizinlə görüşmək, sizin qarşınızda müraciətlə çıxış etmək xoşbəxtliyi nəsib olmuşdur. Buna görə çox böyük qürur hissi keçirirəm. Bu, mənim üçün böyük şərəfdir, böyük hörmətdir. Bu hörmətə, ehtirama görə bir daha sizə dərin minnətdarlığımı bildirirəm.

Türkiyə Cümhuriyyətinin 70 illik tarixi var. 70 il bundan öncə onun başçısı, dahi və böyük öndər Mustafa Kamal Atatürk bu Böyük Millət Məclisinin əsasını qoymuş, Türkiyə Cümhuriyyətini yaratmışdır. Onun qoyduğu təməl, bünövrə o qədər möhkəm, o qədər davamlı olmuşdur ki, 70 il ərzində türk xalqı, Türkiyə cəmiyyəti, Türkiyə dövləti bütün sınaqlardan çıxmışdır, indi də uğurla irəliləyir. Hazırda Türkiyə böyük bir dövlətdir. Türkiyənin dünya miqyasında böyük bir dövlət olmasına görə biz də iftixar hissi keçiririk.

Burada sizin qarşınızda çıxış edərək böyük insan, bütün türk dünyasının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkü bir daha ehtiramla yad edirəm, onun gördüyü işlərə, onun başladığı yola öz hörmət və ehtiramımı bildirirəm, onun xatirəsi qarşısında baş əyirəm.

Bizim üçün çox önəmli cəhət budur ki, Türkiyədə cümhuriyyətin yaranması, Türkiyənin bütün yabançı ölkələrin işğalından xilas edilməsi, istiqlal mücadiləsinin müvəffəqiyyətlə başa çatdırılması və Türkiyədə demokratik, dünyəvi bir dövlətin əsasının qoyulması 70 il bundan öncə olmuşdur. Türkiyə islam dövləti olsa da, heç vaxt dünya demokratiyasından, Şərq aləmindən, islam aləmindən ayrı düşməmişdir. Bunun da əsasını, təməlini bizim öndərimiz unudulmaz Mustafa Kamal Atatürk qoymuşdur.

Biz Türkiyənin keçdiyi 70 illik yola böyük ehtiram və hörmətlə nəzər salırıq. Biz bunun da şahidiyik ki, Mustafa Kamal Atatürkün və onun silahdaşlarının qoyduqları yol 70 ildir davam etdirilir. Onlardan sonra gələn nəsillər Türkiyənin daha da inkişaf etməsi üçün, dünya miqyasında daha önəmli yer tutması üçün böyük işlər görmüşlər. Türkiyənin xüsusən son illərdə qazandığı nailiyyətlər bütün dünyanı heyran etmişdir. Bu baxımdan son illərdə, yəni bizim yaşadığımız dövrdə Türkiyənin böyük şəxsiyyəti, mərhum Turqut Özalın xidmətlərini qeyd etmək istərdim. Bu gün Türkiyənin prezidenti olan, ölkədə uzun illərdən bəri coşğun siyasi fəaliyyət göstərən hörmətli Süleyman Dəmirəlin də xüsusi xidmətlərini qeyd etmək istərdim.

Mən Türkiyəyə dəvət edildiyimə görə və dünəndən bəri burada çox səmərəli danışıqlar apardığımıza görə Türkiyə hökumətinə, prezident - hörmətli dostumuz, qardaşımız Süleyman Dəmirələ, Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli Hüsaməddin Cindoruqa, Türkiyənin baş naziri hörmətli Tansu Çillərə minnətdarlığımı bildirir və sizin qarşınızda demək istəyirəm ki, Türkiyənin bütün dövlət orqanları bu günlərdə Azərbaycana böyük hörmət və qayğı göstərirlər, Azərbaycanla Türkiyə arasında əlaqələrin sonra da inkişaf etməsi üçün var qüvvə ilə səy göstərirlər.

Türkiyə ilə Azərbaycan arasında əlaqələrin böyük tarixi var. Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Əsrlər boyu xalqlarımız bir-birinə oxşayan, yaxud azca fərqlənən adət və ənənələrini, mədəniyyət və elmini qoruyub saxlamış və inkişaf etdirmişlər. Əsrlər boyu xalqlarımız bir olmuş, çiyin-çiyinə vermişlər, Azərbaycan ilə Türkiyə arasında əlaqələri dostluq, qardaşlıq əlaqələri adlandırmışlar. Bu əlaqələr bir xalqdan, bir kökdən gələn xalqların əlaqələridir. Bu, keçmişdə də belə olmuşdur və əlaqə saxlamağa imkanımız olmadığı vaxtlarda da qəlbimizdə məhz belə olmuşdur, indi də belə olaraq qalır. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıbdır. Əsrlər boyu tarixin bütün mərhələlərində bizi bir-birimizdən ayırmağa çox çalışsalar da, buna müvəffəq olmamışlar. Odur ki, bundan sonra da heç bir qüvvə bizi bir-birimizdən ayıra bilməyəcəkdir.

İndi Azərbaycan Respublikası müstəqil bir dövlətdir. XX əsrdə bütün dünya tarixində çox böyük dəyişikliklər baş vermişdir. O cümlədən də Azərbaycan xalqının həyatında. XX əsrin əvvəllərində Azərbaycanda bir neçə siyasi qüvvə, xüsusən Azərbaycanın milli azadlığı naminə çarpışan qüvvələr olmuş, onlar Azərbaycanın müstəqilliyi, istiqlalı, milli azadlığı uğrunda mübarizə aparmışlar. O vaxtlar Azərbaycan ilə Türkiyə arasında əlaqələr sıx olmuşdur. Bütün bunların nəticəsində 1918-ci ildə Azərbaycanda ilk demokratik dövlət yaradılmışdır.

Azərbaycan 200 il ərzində Rusiya imperatorluğunun tərkibində olmuşdur. Şübhəsiz ki, bu dövrdə Azərbaycanın həyatında keşməkeşli mərhələlər, hər cür çətinliklər olmuşdur. Qeyd etdiyim kimi, nəhayət, 1918-ci ildə Azərbaycanda ilk demokratik cümhuriyyət yaradılmışdır. Əlbəttə, bu, tarixi proseslərin nəticəsi idi. Rusiya imperatorluğu dağılmış, Rusiya ərazisindəki xalqlar öz həyatını istədikləri kimi qurmağa çalışmışlar. Eləcə də Azərbaycan xalqı müstəqil dövlət qurmaq arzusunu həyata keçirməyə çalışmış və buna 1918-ci ildə nail olmuşdur. Bu müstəqil Azərbaycan Cümhuriyyəti iki il yaşamışdır. Həmin dövr çox ağır, ziddiyyətli və çətin dövr olmuşdur. Əvəzində Azərbaycan xalqı ilk dəfə müstəqilliyin dadını görmüş, onda müstəqilliyə nail olmaq inamı yaranmışdı. Azərbaycan xalqı demokratik prinsiplər əsasında dövlət qurmağa başlamışdı.

Həmin dövrdə, yəni xalqımız ilk demokratik dövlət qurduğu dövrdə Türkiyə Azərbaycanla bir olmuş, bərabər olmuş, Azərbaycana çox böyük kömək və yardım etmişdir. Bunu Azərbaycan xalqı heç vaxt unutmayıb və unutmayacaqdır. O vaxtlar xalqımız neçə-neçə düşmənin təcavüzünə məruz qalmışdı. Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi və yardımı heç vaxt unutmayacaqdır.

Bu dövlət süquta uğradı. O vaxtlar keçmiş Rusiya imperatorluğunun ərazisində Sovetlər İttifaqı yaradılmış, 70 il ərzində Azərbaycan bu ittifaqın tərkibində olmuşdur. Bu dövr haqqında da doğru-düzgün məlumat vermək və onu obyektiv qiymətləndirmək lazımdır. Şübhəsiz ki, Azərbaycan xalqının öz müstəqilliyini itirməsi ona böyük bir zərbə olmuşdur. Lakin tək Azərbaycan xalqı deyil, keçmiş Rusiya imperatorluğunun tərkibində olmuş bütün xalqlar Sovet İttifaqının tərkibinə daxil edilmiş, Sovetlər Birliyi tərəfindən ələ keçirilmişdi. Beləliklə, bütün keçmiş Rusiya imperatorluğunun ərazisində yeni ictimai-siyasi, iqtisadi quruluş yaranmışdı. Bu quruluşun, şübhəsiz, ziddiyyətli cəhətləri var idi. Biz bundan imtina etmişik. Onu da demək lazımdır ki, 70 il ərzində Azərbaycan xalqı öz milli mənliyini, dilini, hətta din yasaq olunsa da, dinini də itirməmişdir. Bu quruluşun imkanlarından istifadə edən Azərbaycan xalqı elmini, təhsilini, mədəniyyətini yüksək zirvələrə qaldırmışdır.

Bu da tam həqiqətdir ki, XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər. Bununla yanaşı, həmin dövrdə Azərbaycan Respublikasının, Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri də bundan ibarətdir ki, onun bilik səviyyəsi yüksəlmiş, Azərbaycanda savadsızlıq ləğv edilmişdir. Respublika ərazisindəki bütün təhsil ocaqları xalqı savadlandırmaq, onun bilik səviyyəsini yüksəltmək üçün hər cür imkanlara malik olmuşdur. Bütün bunlar onu göstərir ki, hətta bizə uyğun olmayan və indi rədd etdiyimiz sosialist, kommunist quruluşu şəraitində də Azərbaycan xalqı öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır. Xalqımız həmin dövrdə qazandığı nailiyyətlərdən indi, müstəqilliyə nail olduğu dövrdə geniş istifadə etmək imkanına malikdir.

Biz keçmiş quruluşdan imtina edirik. Bir müstəqil dövlət kimi Azərbaycan bəşəri dəyərlər əsasında demokratik hüquqi dövlət quruculuğu, demokratik cəmiyyət quruculuğu yolu ilə gedir. Azərbaycanın iqtisadiyyatı azad iqtisadiyyat yolu ilə gedəcəkdir. Azərbaycan böyük iqtisadi-sosial islahatlar keçirmək əzmindədir. Azərbaycan dünyada sınanmış, artıq öz müsbət nəticələrini vermiş olan iqtisadi-sosial və ictimai-siyasi sistem yolu ilə gedəcəkdir.

Bu baxımdan Azərbaycanda demokratiyanın inkişafına, bütün sahələrdə bərqərar olmasına imkan yaradılmış və yaradılacaqdır. Respublikanın daxili həyatında çoxpartiyalı sistem artıq bərqərar edilmişdir. Hazırda Azərbaycanda 40-dək siyasi partiya və ictimai təşkilat fəaliyyət göstərir. Azərbaycanda vicdan azadlığı, din azadlığı, dil azadlığı tamamilə bərqərar edilmiş, qəzetlərin, jurnalların sərbəstliyi tamamilə təmin olunmuşdur. Bütün bunlar gənc, müstəqil Azərbaycan Respublikasının demokratiya, siyasi plüralizm və bazar iqtisadiyyatı sahəsində atdığı ilk addımlardır. Şübhəsiz ki, bunlar hələlik kiçik addımlardır. Onlar, əlbəttə, daha iri, daha güclü olmalıdır. Lakin siz razı olarsınız ki, bunun üçün həm şərait, həm də vaxt lazımdır.

Mən Türkiyə Cümhuriyyətinin tarixinə nəzər salarkən belə cəhətləri özüm üçün qeyd etdim ki, 1923-cü ildə Türkiyədə demokratik cümhuriyyət yaradılmışdır. Ancaq bundan sonrakı dövrdə bir neçə il vaxt lazım oldu ki, Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyənin demokratik fikirli adamlarının fəaliyyəti ilə yeni-yeni islahatlar keçirərək Türkiyədə həqiqi demokratik cəmiyyət qurulsun. Yəni 1923-cü ildə Türkiyədə ilk cümhuriyyət qurulubsa, bu cümhuriyyətin bütün atributları, başqa sözlə desək, demokratik dövlətə xas olan bütün cəhətlər mərhələ-mərhələ yaradılıbdır. Bu bizim üçün təcrübə, örnəkdir. Ümumiyyətlə, Türkiyə Cümhuriyyətinin 70 illik tarixi indi müstəqil Azərbaycan Respublikası üçün örnəkdir, təcrübə məktəbidir. Biz sizin təcrübənizdən istifadə edir və bundan sonra da istifadə edəcəyik.

Sizə sadəcə olaraq xatırlatmaq istəyirəm ki, Türkiyə də lazımi səviyyəyə birdən, bir günün içində, yaxud bir ilin ərzində sıçrayışla çatmamışdır. Odur ki, biz nəzərdə tutduğumuz islahatları tədricən həyata keçiririk. Şübhəsiz ki, indi başqa zamandır, vaxt o vaxt deyildir. İndi biz islahatları gecikdirə bilmərik, onları sürətlə həyata keçirməliyik. Lakin bunu elə etməliyik ki, bir iqtisadi-sosial sistemdən digər iqtisadi-sosial sistemə keçid Azərbaycan xalqının həyatı, yaşayışı üçün çox da ağır olmasın.

Siz bilirsiniz ki, keçmiş Sovetlər Birliyinin indi öz müstəqilliyini əldə etmiş digər respublikaları kimi, Azərbaycan da dərin iqtisadi-sosial böhran içərisindədir. Bu böhran davam edir. Amma Azərbaycandakı böhran daha da dərinləşir. Məhz ona görə ki, Azərbaycan müharibə şəraitindədir, Ermənistanın təcavüzünə məruz qalıb. Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarının bir qismini işğal edib. Azərbaycan özünün iqtisadi və maliyyə imkanlarının əksər hissəsini torpaqlarımızın müdafiəsinə yönəldib. İşğal olunmuş torpaqlardan bir milyon azərbaycanlı öz ev-eşiyindən, el-obasından qaçqın, didərgin düşmüşdür. Onların yaşamağa ev-eşiyi yoxdur. Bu adamların hamısını təmin etmək lazımdır. Bütün bunlar Azərbaycan iqtisadiyyatına çox mənfi təsir göstərir, sosial-iqtisadi böhranı daha da dərinləşdirir. Belə bir dövrdə iqtisadi islahatlar aparılması, bazar iqtisadiyyatına keçilməsi, şübhəsiz qarşıya böyük çətinliklər çıxarır.

Bunları sizə bildirməkdə məqsədim budur ki, Türkiyədə, xüsusən Böyük Millət Məclisində Azərbaycanın bugünkü real vəziyyəti haqqında, gerçəkliyi haqqında doğru-düzgün təsəvvür olsun, məlumat olsun. Bu, bizə onun üçün lazımdır ki, biz Türkiyəni özümüzə ən yaxın, dost, qardaş ölkə bilirik. Bizim vəziyyətimizə Türkiyədə nə qədər doğru bələd olsalar, Türkiyə ilə əlaqələrimiz də bir o qədər sürətlə inkişaf edər və biz Türkiyənin təcrübəsindən daha səmərəli istifadə edərik, Türkiyənin də Azərbaycana köməyi daha böyük olar.

Qeyd etdim ki, 1918-ci ildə ilk Azərbaycan Demokratik Cümhuriyyəti yaradılanda Türkiyə Azərbaycanı birinci tanıyan dövlətlərdən olmuşdur. 1992-ci ilin noyabr ayında da Türkiyə Cümhuriyyəti Azərbaycanı dünyada birinci olaraq tanıdı. Bu, Türkiyənin cəsarətli addımı və Azərbaycana qardaşlıq münasibətinin nəticəsi idi. Azərbaycanın öz müstəqilliyinə nail olması və bütün dünya dövlətlərinin Azərbaycanı tanıması üçün Türkiyənin çox böyük köməyi olmuşdur. Buna görə və ondan sonra Azərbaycanın müstəqilliyi üçün göstərdiyiniz yardıma görə mən sizə Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.

O vaxtdan iki il keçir. İki il o qədər də böyük müddət deyildir. Bu iki ildə Azərbaycanın başına çox bəlalar gəlib. Tək bu iki ildə yox, ondan əvvəlki illərdə də. 1987-ci ilin təxminən sonundan Azərbaycanı parçalamaq, dağıtmaq niyyətində olan düşmən qüvvələr Qarabağ problemini ortaya atdılar. O vaxtdan bəri Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu dövrdə biz Türkiyədən daim yardım almışıq, mənəvi sahədə, dövlət quruculuğu sahəsində, beynəlxalq meydanda və başqa sahələrdə kömək görmüşük. Bu gün etiraf etməliyəm ki, təəssüflər olsun, biz Türkiyənin Azərbaycana göstərdiyi qayğı və münasibətin müqabilində lazımi tədbirlər görə bilməmişik. Əgər fəaliyyətimiz bizə göstərilən qayğı və kömək səviyyəsində olsaydı, bu gün Azərbaycanın vəziyyəti bundan yaxşı olardı.

Lakin bu da həqiqətdir ki, altı ildir Azərbaycan müharibə şəraitindədir. Elə bu müharibə şəraitində də Azərbaycanın daxilində çox böyük dəyişikliklər olmuşdur. Həmin dövrdə Azərbaycanda müxtəlif siyasi qüvvələr arasında hakimiyyət uğrunda mübarizə getmişdir. Bu mübarizə Azərbaycanın dövlətçiliyini, Azərbaycanın hələ qurulmamış, təşəkkül tapıb formalaşmamış ordusunu və müdafiə imkanlarını zəiflətmişdir. Erməni silahlı qüvvələri, erməni təcavüzkarlar da bütün bunlardan istifadə edərək Azərbaycana hücumlarını davam etdirmişlər. Nəticədə Azərbaycan torpaqlarının 20 faizi hazırda erməni işğalı altındadır.

Əgər ilk vaxtlar söhbət Dağlıq Qarabağdan gedirdisə, indi Dağlıq Qarabağ tamamilə erməni silahlı qüvvələrinin, Ermənistanın nəzarəti altındadır. Bildiyiniz kimi, bundan sonra Dağlıq Qarabağ ətrafındakı rayonlar Ermənistan tərəfindən işğal olunmuşdur. Qeyd etdiyim kimi, bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin düşərək qaçqın vəziyyətində yaşayır. Bütün bunlar Azərbaycanın müstəqilliyinə, müstəqil dövlət kimi inkişaf etməsinə çox böyük maneçilik törədir. Lakin biz nikbinik. Biz hesab edirik ki, müstəqilliyimiz əbədidir, bu müstəqilliyi heç vaxt, heç vəchlə əldən verməyəcəyik. Azərbaycan xalqı daim müstəqillik yolu ilə gedəcək, demokratiya yolu ilə irəliləyəcək, azadlıq yolu ilə addımlayacaqdır!

Odur ki, Türkiyə indiyədək bizə göstərdiyi qardaşlıq, dostluq köməyi, qayğısı ilə bundan sonra da bizimlə olacaq və olmalıdır. Bu gün bizim sizinlə bir yerdə olmağımız buna əyani sübutdur. Burada mən Mustafa Kamal Atatürkün çox dəyərli bir fikrini yadınıza salmaq istəyirəm, çünki onun bu fikri Türkiyənin üzərinə düşən vəzifələrin çox böyük olduğuna və Mustafa Kamal Atatürkün çox uzaqgörən bir şəxsiyyət olduğuna dəlalət edir. O, Türkiyə Cümhuriyyətinin 10-cu ildönümü münasibətilə çıxışında demişdir: "Bu gün Sovet İttifaqı bizim dostumuz, qonşumuz və müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var. Lakin sabah nə olacağını bu gün heç kim müəyyən edə bilməz. Nəinki Osmanlı kimi, Avstriya-Macarıstan kimi parçalana bilər, kiçilə bilər. Bu gün əlində bərk-bərk tutduğu millətlər qonşularından qaça bilərlər. Dünya yeni bir müvazinətə keçə bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostumuzun idarəçiliyi altında dili bir, dini bir, mahiyyəti bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq. Susaraq o günü gözləmək deyil, hazır olmaq lazımdır. Millətlər buna necə hazırlaşırlar, mənəvi körpüləri möhkəm saxlayırlarmı? Biz bir körpüyük. İnam bir körpüdür, tarix bir körpüdür. Köklərimizə qayıtmalı və hadisələri bölən tariximizin içində bütövlənməliyik. Onların, tarixi köklərin bizə yaxınlaşmasını gözləyə bilmərik. Bizim onlara yaxınlaşmağımız lazımdır".

60 il bundan öncə Mustafa Kamal Atatürk bu günləri görmüş və bu vəsiyyəti etmişdir. İndi həmin dövran gəlib çatıb və Türkiyəyə dost, qardaş olan ölkələr, millətlər öz müstəqilliyini əldə edib. O cümlədən, Türkiyəyə ən yaxın dost və qardaş olan Azərbaycan da müstəqil bir dövlətdir. Türkiyənin dostluq və qardaşlıq münasibətlərinə Azərbaycanın bundan sonra daha çox ehtiyacı var. Dünən apardığımız və bu gün aparacağımız danışıqlar onu göstərir ki, biz Türkiyənin Azərbaycana münasibətlərinin bundan sonra da yüksəlməyinə və genişlənməsinə tam ümid bəsləyə bilərik.

Mən sizə məlumat verdim ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmişdir. Biz bu məsələləri sülh yolu ilə həll etmək istəyirik. Çalışırıq ki, beynəlxalq təşkilatların, ATƏM-in, Minsk qrupunun, böyük dövlətlərin imkanlarından, o cümlədən vaxtilə birgə təşəbbüs irəli sürən ABŞ, Türkiyə və Rusiyanın imkanlarından istifadə edək və məsələni sülh və danışıqlar yolu ilə həll edək. Lakin, təəssüflər olsun, bunlar indiyədək bir nəticə verməmişdir. Buna baxmayaraq, biz ümidimizi kəsməmişik. Bilirik ki, bu sahədə hələ istifadə edilməmiş imkanlar var və biz gələcəkdə bu imkanlardan da istifadə edəcəyik. Yəni bizim yolumuz sülh yolu, barışıq yoludur. Biz qan tökülməsinin əsla tərəfdarı deyilik, qırğının tərəfdarı deyilik. Bununla bərabər, bütün Azərbaycan torpaqlarının Azərbaycan xalqının öz əlində olmasına nail olmağa çalışmışıq və bundan sonra da çalışacağıq.

Buna görə də biz son vaxtlar Azərbaycan Respublikasının dövlət strukturuna çox fikir veririk, ordunun yaradılmasına fikir veririk. Sizə bildirmək istəyirəm ki, son dövrdə Azərbaycan xalqında milli ruh, vətənpərvərlik ruhu, Vətəni, torpağı qorumaq ruhu, Vətənin sahibi olmaq ruhu, döyüş ruhu oyanmışdır. Azərbaycanlılar dərk etmişlər ki, topaqlarını özləri müdafiə etməlidirlər, öz torpaqlarının sahibi özləri olmalıdırlar. Son aylarda aparılan döyüş əməliyyatları göstərir ki, Azərbaycan xalqı və onun yaranmaqda olan ordusu buna qadirdir. Axırıncı döyüşlərdə erməni silahlı qüvvələri çox böyük zərbələr almış, böyük itkilər vermişdir. İşğal olunmuş ərazilərimizin bir hissəsi geri qaytarılmışdır. Ordumuz torpaqlarımızı müdafiə etməyə, işğal olunmuş ərazilərimizin hamısını geri qaytarmağa qadirdir. Sülh yolu, eyni zamanda işğal olunmuş torpaqların öz gücümüzlə geri qaytarılması yolu bizim yolumuzdur və biz bundan sonra da həmin yolla gedəcəyik.

Azərbaycan Respublikasının xarici siyasəti sizə məlumdur. Biz bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq istəyirik. İstər Qərb, istərsə də Şərq dövlətləri ilə, o cümlədən qonşu ölkələrlə belə əlaqələr yaratmaq üçün lazımi tədbirlər görürük və görəcəyik. Bu sahədə də Türkiyənin təcrübəsi, Türkiyə dövlətinin xarici siyasəti bizdən ötrü təcrübə məktəbidir və bundan səmərəli istifadə etməyə çalışırıq.

Ancaq bir həqiqəti bilməlisiniz. Keçən ilin sentyabrında Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə daxil olmuşdur. Bəzən xarici ölkələrin, o cümlədən Türkiyənin də mətbuatında belə yazılar gedir ki, guya Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə daxil olması onun istiqlaliyyətini əlindən alır. Bu, yanlış fikirdir. Keçmiş Sovetlər İttifaqına daxil olan 15 respublikadan 12-si, o cümlədən Azərbaycan indi Müstəqil Dövlətlər Birliyinin üzvüdür. Biz bu birliyə daxil olmaqla nə uduzduq? Heç nə uduzmadıq, amma qazandığımız o oldu ki, biz Müstəqil Dövlətlər Birliyinə daxil olanda vaxtilə möhkəm, sıx əlaqələrimiz olan həmin respublikalarla əlaqələri saxlayaraq, həm iqtisadiyyatımızın inkişafı üçün müəyyən şərait yaradırıq, həm də Azərbaycanın müstəqilliyini təmin etmək, Ermənistanın respublikamıza qarşı təcavüzkarlığını həmin dövlətlərə sübut etmək üçün imkanımız olur.

Ötən il dekabrın 24-də Aşqabatda MDB üzvü olan ölkələrin dövlət və hökumət başçılarının toplantısı olmuşdur. Orada mən Azərbaycan dövləti adından geniş bir bəyanat verərək, Ermənistanın ölkəmizə təcavüzü, bunun nəticəsində Azərbaycan torpaqlarının işğal olunması, ərazimizdəki sərvətlərin dağıdılması və talan edilməsi məsələlərindən danışdım və bu barədə konkret faktlar göstərdim. Əgər biz həmin birliyin üzvü olmasaydıq, belə bir imkanımız da olmayacaqdı. Mənim bəyanatımdan sonra Ermənistan prezidenti bəyanat verməyə məcbur oldu. O, mənim dediklərimin həqiqət olmadığını sübut etməyə çalışdı. Ancaq orada bizim mövqeyimiz çox açıq və konkret oldu, biz Ermənistanı günahlandırdıq. Birliyin üzvü olan başqa dövlətləri də günahlandırdıq ki, nə üçün həmin birliyin çərçivəsində bir dövlət başqasına təcavüz edir. Sizə bu qəbildən başqa misallar da çəkə bilərəm. Yəni demək istəyirəm ki, Müstəqil Dövlətlər Birliyinə daxil olmaq Azərbaycanın müstəqilliyinə heç bir zərər gətirməmişdir və əmin ola bilərsiniz ki, heç vaxt da gətirməyəcəkdir. Əksinə, biz bundan Azərbaycanın müstəqilliyini daha da inkişaf etdirmək üçün səmərəli istifadə etməyə çalışacağıq və güman edirəm ki, buna nail olacağıq.

Azərbaycanın müstəqilliyi məsələsi çox mühüm məsələdir. Bilirsiniz ki, sizinlə və bizimlə qonşu olan Gürcüstanda, Ermənistanda xarici ölkələrin qoşunları, hərbi bazaları var. Azərbaycanda isə bunların heç biri yoxdur. Azərbaycan ancaq öz əsgərləri, öz ordusu ilə yaşayır və belə də yaşayacaqdır. Azərbaycanın müstəqilliyi əbədidir və mən prezident kimi sizin qarşınızda deyirəm: Türkiyədəki qardaşlarımızda, dostlarımızda heç bir şübhə olmasın, biz Azərbaycanın müstəqilliyini heç vaxt, heç vəchlə əldən verməyəcəyik.

Ola bilər, sizin vaxtınızı çox aldım. Ancaq belə fürsət əlimə ilk dəfə düşmüşdür. Şübhəsiz ki, mən də bundan mümkün qədər istifadə etməyə çalışıram. Lakin sui-istifadə etmək də istəmirəm. Sizə bildirmək istəyirəm ki, xalqlarımızın keçmiş tarixi, bu günə qədər yaşadığımız dövr bundan sonra daha yaxın, daha çox dost və qardaş olmağımız üçün böyük təməldir. Əmin ola bilərsiniz ki, biz bu təməl əsasında bundan sonra da irəli gedəcəyik, Türkiyə ilə Azərbaycan arasında iqtisadi, ticarət, elm, mədəniyyət, təhsil sahəsində, bütün başqa sahələrdə əlaqələr xüsusi xarakter daşıyacaq, başqa dövlətlərlə olan əlaqələrdən dostluq, qardaşlıq əlaqələri kimi fərqlənəcəkdir. Bizim mövqeyimiz belədir. Biz bu yolla gedəcəyik və əmin olun ki, bugünkü Azərbaycan dövləti bu yola sadiqdir və sadiq qalacaqdır.

Mən bu fürsətdən istifadə edərək və indi Türkiyənin qarşısında duran böyük vəzifələri də duyaraq Türkiyə hökumətinə, Böyük Millət Məclisinə və Türkiyə xalqına gələcəkdə uğurlar diləyirəm. Sizin böyük nailiyyətləriniz var, eyni zamanda böyük problemləriniz də var. Biz də bunları diqqətlə izləyirik, qardaş kimi münasibət bəsləyirik. İstəyirik ki, siz bu problemləri həll edəsiniz, Türkiyə bundan sonra da bütün sahələrdə daha da sürətlə inkişaf edə bilsin. Çünki Türkiyənin inkişafı, güclənməsi Azərbaycan üçün dayaqdır və ona görə də qardaş kimi Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına, sizlərə bütün gələcək fəaliyyətinizdə uğurlar diləyirəm.

Mənə göstərdiyiniz diqqətə, hörmətə görə minnətdaram, hamınıza ürəkdən sağ ol deyirəm. Yaşasın Böyük Türkiyə Cümhuriyyəti! Mustafa Kamal Atatürkün vəsiyyətlərini yerinə yetirərək irəliləyən Türkiyə xalqının gələcəyinə qardaş kimi inanırıq və ümidvarıq ki, gələcək həyatınızda yeni-yeni uğurlar olacaqdır.

Yaşasın Türkiyə - Azərbaycan dostluğu!

Yaşasın türk xalqının Azərbaycan xalqı ilə qardaşlığı və sarsılmaz dostluğu!