"Rusiyanın maliyyə və işgüzar dairələrinin nümayəndələri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Moskva, 3 iyul 1997-ci il) sənədinə tarixi arayış


2-4 iyul 1997-ci il tarixdə Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasında (RF) rəsmi səfərdə olub. Səfər çərçivəsində o, RF Prezidenti B.Yeltsin, Baş nazir V.Çernomırdin, xarici işlər naziri Y.Primakov, Moskva meri Y.Lujkov ilə görüşüb danışıqlar aparıb. Səfərin birinci günü prezidentlər Heydər Əliyev və Boris Yeltsin tərəfindən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli münasibətlərin inkişafına hüquqi zəmin yaradan çox vacib bir sənəd - iki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalanıb. Müqavilənin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti bəyanat verərək deyib: "Əsla şübhə etmirik ki, münasibətlərimiz inkişaf etdirilməli, dərinləşdirilməli və genişləndirilməlidir".

Səfər zamanı Xəzərin Azərbaycan sektorunda yerləşən "Yalama" neft yatağının birgə işlənməsi haqqında ARDNŞ ilə LUKoil arasında müqavilə imzalanıb.

Azərbaycan hökuməti milli iqtisadiyyata xarici investisiya qoyuluşları sahəsində yaxın və uzaq xarici ölkələr arasında heç bir ayrı-seçkilik qoymamaq siyasətini yeritməkdədir. Hər bir xarici ölkəyə səfər zamanı o ölkənin sərmayədarları ilə görüşən Azərbaycan Prezidenti Heydər Əliyev 4 iyul 1997-ci ildə Moskvadakı Ağ evdə Rusiyanın maliyyə və işgüzar dairələrinin nümayəndələri ilə görüşüb. Tədbirdə hər iki tərəfin təmsilçiləri Azərbaycan ilə RF arasında keçmiş SSRİ zamanı mövcud olan iqtisadi münasibətlərin bir qisminin hər iki ölkə müstəqillik əldə etdikdən sonra da yenidən inkişaf etdirilməsinin mümkün variantları haqqında öz mülahizələrini təklif ediblər. RF tərəfdən bu ölkənin Baş nazirinin birinci müavini B.Nemtsov çıxış edərək RF ilə Azərbaycan arasında iqtisadi münasibətlərin çoxtərəfli inkişafı üçün lazımı işgüzar mühitin olduğunu bəyan edib.

Tədbirdə Azərbaycan Prezidenti Heydər Əliyev geniş nitq söyləyib. Azərbaycan iqtisadiyyatının potensial imkanlarından söhbət açan Heydər Əliyev öz çıxışında Rusiyanın iri şirkətlərinin nümayəndələrini ölkəmizdə neft biznesi sahəsində uğurla fəaliyyət göstərən LUKoil şirkətindən nümunə götürməyə çağırıb. O, qeyri-neft sektorunda da əməkdaşlıq üçün geniş imkanların mövcudluğuna toxunaraq bu ölkənin "Mostbank" adlanan bankının uğurlu fəaliyyətini qeyd edib. Lakin həmin dövrdə RF şirkətlərinin Azərbaycanda qismən az təmsil olması faktına toxunan Heydər Əliyev deyib: " Xarici şirkətlər Azərbaycana nə üçün fəal surətdə gəlirlər? Ona görə ki, öz gəlirlərindən istədikləri kimi istifadə etmək hüquqları var. Bizim respublikamızda gəlirdən ən azı vergi tutulub."

İki ölkə arasında münasibətlər XXI əsrdə forma və məzmun baxımından yeniləşərək sürətlə inkişaf etməyə başlayıb. Bu inkişafa 9-10 yanvar 2001-ci ildə RF-nin Prezidenti Vladimir Putinin Azərbaycana, 5-7 fevral 2004-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin RF-yə rəsmi səfəri təkan verib. Beləliklə, bu qarşılıqlı rəsmi səfərlərdən sonra iki ölkə arasında siyasi - iqtisadi münasibətlər yeni mərhələyə qədəm qoyub. (http://www.president.az/)

2006-cı ildə RF ilə Azərbaycan arasında idxal və ixrac əməliyyatlarının cəmi təqribən 1,6 milyard ABŞ dolları məbləğində olub. Bu rəqəm Azərbaycanın ümumi əmtəə dövriyyəsində 13,1% təşkil edərək əsas ticarət tərəfdaşları arasında RF-nin İtaliyadan sonra ikinci yerdə qərarlaşmasını təmin edib.(http://www.azstat.org/)

İki ölkə arasında investisiya qoyuluşlarında da artım tempi yüksələn xətt üzrə inkişaf etməkdədir. Məsələn 2001-2006-cı illər ərzində RF-dən Azərbaycan iqtisadiyyatına qoyulan investisiya qoyuluşlarının həcmi 4 dəfə artıb.

(Daha ətraflı məlumat üçün saytın "İqtisadiyyat" bölümünün "Azərbaycan-MDB iqtisadi münasibətləri" hissəsindəki materiallara bax.)

Tarixi arayış 30 yanvar 2008-ci ildə yeniləşdirilib.