Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliya deputatlar palatasının sədri Lüçiano Violante ilə görüşdə söhbətindən - Roma, Parlament sarayı, 25 sentyabr 1997-ci il


Hörmətli cənab Violante!

İlk öncə Azərbaycan - İtaliya münasibətləri haqqında fikir mübadiləsi aparmağa imkan yaradan bu görüş üçün Sizə təşəkkürümü bildirirəm.

Nəzərinizə çatdırmaq istəyirəm ki, 1995-ci ildə ölkəmizdə ilk demokratik konstitusiya qəbul olunmuş, elə həmin ildə də Azərbaycan parlamentinə seçkilər keçirilmişdir. Şübhə etmirəm ki, demokratik yolla seçilmiş Azərbaycan parlamenti İtaliya parlamenti ilə münasibətlər yaradılmasına çox şad olacaqdır. Bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin və Avropa Şurası, habelə Avropa Birliyi çərçivəsində əməkdaşlığın da inkişafı üçün zəruridir.

Qeyd edim ki, Azərbaycan Avropa Şurasına qonaq kimi qəbul olunmuşdur və tam hüquqlu üzv statusu almaq ümidindədir. Bundan əlavə, 1996-ci ilin aprelində Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq haqqında saziş imzalamışdır. Azərbaycan birliyin strukturlarına daxil olmaq istəyir. Bununla əlaqədar Azərbaycan sizinlə əməkdaşlığa və sizin köməyinizə ehtiyac duyur.

Azərbaycanda vəziyyət barəsində danışsaq deyə bilərəm ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra demokratik, hüquqi dövlət qurur, siyasi, habelə iqtisadi islahatlar, o cümlədən aqrar islahatlar aparır, bundan ötrü qanun qəbul etmişdir. Bu qanun uğurla həyata keçirilir. Heyvandarlıq sektoru tamamilə özəlləşdirilmiş, torpağın bir hissəsi xüsusi mülkiyyətə verilmişdir. Əlavə edim ki, iki-üç il ərzində torpaq islahatı tamamilə başa çatdırılacaqdır. Azərbaycanda bütün dövlət mülkiyyətini özəlləşdirmək, bütövlükdə iqtisadiyyatı liberallaşdırmaq proqramı da həyata keçirilir, xarici sərmayələr üçünş əlverişli şərait yaradan qanun qəbul edilmişdir.

Xəzərin Azərbaycan sektorundakı yataqların birlikdə işlənməsi haqqında dünyanın neft şirkətləri ilə 9 müqavilə, habelə İtaliyada "ACIP" şirkəti ilə 10-cu belə müqavilə imzalanmışdır.

Qeyd edim ki, bütün bunlar ölkəmizdə tamamilə yeni iqtisadi, sosial və siyasi şərait yaradır və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi ilə bağlıdır. Bununla bərabər, Azərbaycanda hələ də bir çox çətinliklər və problemlər var. Onlardan başlıcası və ən ağrılısı Dağlıq Qarabağ üstündə Ermənistan - Azərbaycan münaqişəsidir, erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinın işğal edilməsidir. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın vəziyyətinə düşmüş və çox ağır şəraitdə çadırlarda yaşayır. Azərbaycan torpaqlarının qəsb olunmasının səbəbini bir sıra ölkələr tərəfindən Ermənistana yardım göstərilməsi ilə də izah etmək olar.

Münaqişənin dincliklə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır. ATƏT-in 1996-ci ilin dekabrında Lissabon Zirvə toplantısında qəbul edilmiş prinsiplər əsasında bu qrup böyük iş görür. Qrupun, dünyanın üç böyük dövlətini - ABŞ-i, Rusiyani, Fransani təmsil edən həmsədrlərinin son təklifləri Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli baxımından maraqlıdır və Azərbaycan bu təkliflərlə razılaşmışdır. Nəzərə çartdırıram ki, Azərbaycan Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusu verməyə hazırdır, lakin ona, Ermənistanın can atdığı kimi, dövlət müstəqilliyi statusu verilməsi ilə heç vaxt razılaşmayacaqdır. Ermənistanın iddiaları BMT-nin, ATƏT-in prinsiplərinə, beynəlxalq hüquq normalarına ziddir.

Mən belə bir durumdan məmnun qaldığımı bildirirəm ki, İtaliya Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu, Lissabon Zirvə toplantısında bəyan edilmiş, habelə mənim indiki rəsmi səfərim gedişində İtaliya prezidenti, baş naziri ilə, ölkə Senatının prezidenti ilə görüşlərim zamanı təsdiqlənmişdi. Ümidvaram ki, İtaliya özünün bu mövqeyini saxlayacaqdır.

İtaliyaya rəsmi səfərim zamanı ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi haqqında ölkənizin onun rəhbərləri ilə ətraflı danışıqlar aparılmışdır. Artıq bu danışıqların ilk müsbət nəticələri barədə danışmaq olar. Məsələn, zəngin və çox perspektivli bir yatağın ARDNŞ və "Acip" şirkəti tərəfindən birgə işlənməsi haqqında müqavilə imzalanması bu istiqamətdə olduqca mühüm addımdır. Mən belə hesab edirəm ki, bu, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaxşı əsas olacaqdır.

... Mən vəzifəsi, Azərbaycan ilə Avropa Birliyinin üzvü olan dövlətlər və ona yaxın, yaxud uzaq vaxtlarda daxil olacaq namizəd ölkələr arasında qarşılıqlı fəaliyyətə kömək etməkdən ibarət olan, Avropa təşəbbüs mərkəzi arasında əməkdaşlıq təşkil etmək barədə sizin fikrinizi yüksək qiymətləndirirəm və bildirirəm ki, Azərbaycanın həmin mərkəzin bu il oktyabrın 25-də Triyestdə Avropa ölkələrinin iştiraki ilə keçiriləcək konfransında iştirakı üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Mən, həmçinin, təcrübə mübadiləsi, parlament komissiyaları arasında görüş keçirmək və danışıqlar aparmaq üçün hər ölkənin parlamentlərinin vəzifəli şəxsləri arasında müntəzəm münasibətlər yaradılması barədə sizin təklifinizlə razıyam və işi təxirə salmamaq üçün Sizi Bakıya dəvət edirəm.

Mən İtaliya parlamentinin Qafqaz qrupu ilə əməkdaşlığa bu qrup nəzdində Azərbaycan üzrə məsul bir şəxs təyin edilməsinə tərəfdar olduğumu bildirirəm.

Görüşdən sonra jurnalistlər qarşısında bəyanat və suallara cavablar:

Bizə çox yaxşı münasibət göstərirlər. Azərbaycanla dostluq etmək istəyir, əlaqələri genişləndirib inkişaf etdirməyə çalışırlar. Çox yaxşı da sənədlər imzalamışıq. Həm siyasi, həm də iqtisadi əlaqələr haqqında bəyannamələr, bir neçə müqavilə imzaladıq. "Kürdaşı" yatağında İtaliyanın "Acip" Neft Şirkətinin bizim Dövlət Neft Şirkəti ilə müştərək işləməsi haqqında da müqavilə imzaladıq. Orada başqa şirkətlər da olacaq, amma bir hissəsini ona verməyə razılıq verdik. Danışıqlar çox yaxşı gedir və mən çox razıyam.

Sual: Cənab prezident, Ermənistan-Azərbaycan münaqişəsi barədə söhbət getdimi və İtaliyanın mövqeyi necədir?

Cavab: Bəli, münaqişə barədə onların mövqeyi bizim mövqeyimizlə tamamilə üst-üstə düşür. Yəni Azərbaycanın ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsi, işğal olunmuş torpaqların azad edilməsi və qaçqınların öz yerlərinə qayıtması. Dağlıq Qarabağa müstəqillik verilməsi barədə heç bir söhbət gedə bilməz. Bu barədə İtaliyanın mövqeyi həmişə yaxşı olub və bu gün də onu təsdiq etdilər.

Sual: İtaliya Minsk qrupunun üzvüdür. Bu sahədə o, hansısa fəaliyyət göstərəcəkmi?

Cavab: Bəli, çalışacaqlar. Bizim danışıqlarımızın əlli faizi Qarabağ məsələsinə həsr olunubdur.