Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının baş naziri xanım Tansu Çillərin şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə nitqi - "Gülüstan" Sarayı, 10 iyul 1995-ci il


Hörmətli baş nazir, əziz bacımız xanım Tansu Çillər!

Türkiyə Cümhuriyyətindən gəlmiş hörmətli qonaqlar, hörmətli xanımlar və cənablar!

Bu gün Türkiyə Cümhuriyyətinin baş naziri, əziz bacımız Tansu Çillərin və onu müşayiət edən türkiyəli qonaqlarımızın şərəfinə ziyafət məclisinə toplaşmışıq. Bu, Azərbaycanın həyatında əlamətdar hadisədir.

Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı ilə Azərbaycan Respublikasını, Azərbaycan xalqını bağlayan qırılmaz tellər var. Bizim bu dostluq, qardaşlıq əlaqələrimizin qədim tarixi var. Ulu babalarımız, keçmiş nəsillər əsrlərdən əsrlərə bu dostluğu yaradıblar, qoruyub saxlayıblar və bugünkü günə gətirib çıxarıblar. Bir kökdən olan xalqlarımız öz tarixi dostluğuna, ənənələrinə həmişə sadiq olmuş və bu ənənələr xalqlarımızın dilini, dinini, mənəviyyatını yaşatmışdır. Məhz bunlara görə, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında olan dostluq əlaqələri xüsusi xarakter daşıyır. Məhz buna görə də Azərbaycanın hər bir guşəsində Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına xüsusi hörmət və məhəbbət hissləri yaşayır. Biz bu gün Türkiyədən gələn əziz bacımızı, qonaqlarımızı bu hisslərlə qarşılamışıq, bu hisslərlə də bu saraya toplaşmışıq.

Türkiyənin böyük tarixi var. Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin 75 illik yubileyini keçirdi. Son 75 ildə Türkiyə xalqı hürriyyət, azadlıq içində demokratiya şəraitində yaşayır, dünyəvi, sivilizasiyalı dövlət kimi dünya birliyinə daxil olmuşdur. Dünya birliyində Türkiyə Cümhuriyyətinin layiqli yeri var. Demokratiya tarixi, 75 illik azadlıq, hürriyyət tarixi, 75 illik insan haqlarına 75 illik hörmət və ehtiram dövrü, 75 illik inkişaf dövrü Türkiyə Cümhuriyyətini dünya birliyində layiqli dövlətlər sırasına çıxarmışdır. Dost ölkə, dost xalq kimi biz Türkiyə Cümhuriyyətinin bu nailiyyətlərinə sevinirik və onu ürəkdən alqışlayırıq.

Türkiyə xalqı keçdiyi bütün mərhələlərdə qəhrəmanlıq, rəşadət nümunələri göstəribdir, özünün mənliyini, dilini, tarixi ənənələrini qoruyubdur. Böyük məmnuniyyət hissi ilə qeyd etmək olar ki, Türkiyə Cümhuriyyəti, onun dövləti, hökuməti bu gün də həmin ənənələrin keşiyində durub, bunları inkişaf etdirir. Bu bizi sevindirir və bizdən ötrü böyük örnəkdir.

Son illər Türkiyənin həyatında mürəkkəb proseslər gedir, mürəkkəb hadisələr baş veribdir. Türkiyə Cümhuriyyəti, Türkiyə dövləti, hökuməti, türk xalqı bunların öhdəsindən gəlmişdir. Ona görə ki, türk xalqı azadlıq, hürriyyət içində, demokratiya şəraitində yaşayır. Məhz demokratik prinsiplər əsasında yaşayan dünyəvi, sivilizasiyalı dövlət bütün bu çətinliklərin öhdəsindən gələ bilir.

Bunların hamısında Türkiyənin dövlət başçılarının, Türkiyə hökumətinin, xüsusən baş nazir, hörmətli xanım Tansu Çillərin böyük rolu var. Biz bu gün Türkiyənin baş nazirini dost, qardaş ölkənin hökumət başçısı kimi qarşılayırıq. Eyni zamanda onu Türkiyənin həyatında böyük bir yol keçmiş, böyük rol oynayan ictimai-siyasi, dövlət xadimi kimi, böyük alim, iqtisadçı kimi qarşılayırıq. Məhz bunlara görə də Tansu Çillər Türkiyə hökumətinə çox ləyaqətlə başçılıq edir və qarşıda duran bütün problemlərin müvəffəqiyyətlə həllinə nail olur.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr son dövrdə daha yüksək səviyyəyə qalxmışdır. Bu gün dərin minnətdarlıq hissi ilə qeyd edə bilərik ki, tarixin bütün mərhələlərində Türkiyə Azərbaycana böyük diqqət göstərib, kömək edibdir. 1918-ci ildə Azərbaycanda ilk demokratik hökumət yarananda onu birinci tanıyan Türkiyə olmuşdur. 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edəndə də dünya dövlətləri içərisində ilk dəfə olaraq Türkiyə Azərbaycanın müstəqilliyini tanımış, ona böyük dəstək vermiş, kömək etmiş, Azərbaycanın dünya miqyasında tanınması üçün öz xidmətlərini göstərmişdir.

1988-ci ildən başlayaraq Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdır. O zaman Azərbaycan müstəqil dövlət deyildi, Sovetlər İttifaqının tərkibində idi. Şübhəsiz ki, Türkiyə böyük bir dövlətin işinə müdaxilə edə bilməzdi. Buna baxmayaraq, siyasi xadimləri elm, mədəniyyət xadimləri Azərbaycanın bu vəziyyətinə biganə qalmamışlar, onun müdafiəsi üçün öz səslərini dünya miqyasında ucaltmışlar, Azərbaycana mənəvi yardım göstərmişlər.

Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşdur və bunlar dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslanır. Müstəqillik yolu ilə getdiyi bir dövrdə bu əlaqələr Azərbaycan xalqına çox kömək edir və bizim üçün çox əhəmiyyətlidir.

Azərbaycanın problemləri çoxdur, ölkəmiz ağır iqtisadi, sosial böhran içindədir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizi işğal olunubdur. Oradan qovulmuş vətəndaşlar qaçqın vəziyyətində, ağır şəraitdə yaşayırlar. Azərbaycan bu vəziyyətdən sülh yolu ilə çıxmaq istəyir. Atəşkəs haqqında saziş əldə olunmuşdur. On üç aydan çoxdur ki, biz bu sazişə riayət edirik. Yaranmış vəziyyətdən sülh yolu ilə, beynəlxalq təşkilatların vasitəçiliyi ilə çıxmaq istəyirik. Bütün bu dövrdə Türkiyə Cümhuriyyəti, onun dövləti, hökuməti bizim yanımızda olub, bizə əlindən gələn yardımı edib, mənəvi dayaq olubdur. Qaçqınlarımıza edilən yardımlar da əvəzsizdir. Ancaq ən ümdəsi, ən yüksək qiymətə layiq olan Türkiyənin beynəlxalq aləmdə Azərbaycanı bir müstəqil dövlət kimi müdafiə etməsi, Ermənistan-Azərbaycan münaqişəsi haqqında beynəlxalq təşkilatların ədalətli qərarlar çıxarması sahəsində fəaliyyət göstərməsidir. Azərbaycan ictimaiyyəti bütün bunları yüksək qiymətləndirir.

Təkcə bunlar yox, ümumiyyətlə Türkiyə ilə Azərbaycan arasında olan tarixi əlaqələr, bugünkü əlaqələr, bizim qardaşlıq münasibətlərimiz Azərbaycanda Türkiyə xalqına, Türkiyə Cümhuriyyətinə, bu ölkənin hər bir vətəndaşına böyük hörmət və ehtiram hissi oyadıbdır. Bu hissləri biz bu gün Türkiyənin baş naziri hörmətli xanım Tansu Çillərə bildiririk. Hörmətli bacımız, əziz bacımız! Sizin bütün fəaliyyətinizi yüksək qiymətləndiririk və sizin rəsmi səfərinizi böyük hadisə hesab edirik, Azərbaycana olan diqqətinizə və qardaşlıq münasibətinizə görə sizə təşəkkür edirik.

"Azərbaycan" qəzeti, 11 iyul 1995-ci il.