Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB-nin üzvü olan ölkələrin Daxili İşlər Nazirləri şurasının Bakıda keçirilən 23-cü iclasının iştirakçıları ilə görüşdə çıxışı – Prezident sarayı, 6 sentyabr 2002-ci il


Hörmətli qonaqlar, mən sizi salamlayıram!

MDB ölkələri daxili işlər nazirlərinin növbəti görüşünün Bakıda keçirilməsinə şadam və ümidvaram ki, bu görüş uğurla keçir. İndi bu görüşlər bütün respublikalarda keçirilir.

Siz çox mühüm məsələləri müzakirə edirsiniz. İndiki halda, mən Azərbaycandakı iclasınızın gündəliyinə baxdım, siz çox aktual məsələləri müzakirə edirsiniz. Hamını eyni dərəcədə maraqlandıran bu məsələlər hamıya eyni dərəcədə aiddir. Ona görə də beynəlxalq terrorizmlə, mütəşəkkil cinayətkarlıqla, narkotiklərin yayılması ilə və təəssüf ki, dünyanın bəzi regionlarında, o cümlədən də sizinlə birgə yaşadığımız regionda yayılmış digər çox ciddi cinayətlərlə mübarizədə səylərin birləşdirilməsi – bütün bunlar çox mühüm məsələlərdir. Demək istəyirəm ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyanın, MDB-nin bəzi digər respublikalarının daxili işlər nazirlikləri ilə əlaqələri timsalında bu əməkdaşlıq uğurla həyata keçirilir. Məsələn, bildiyiniz kimi, 1993-cü ildən etibarən burada baş vermiş bəzi hadisələrlə əlaqədar biz dövlət çevrilişi cəhdlərinin, terror cəhdlərinin qarşısını almalı olmuşuq və sair. Daxili İşlər Nazirliyi bu vəzifələrin öhdəsindən uğurla gəlmişdir. Bununla belə, xeyli cinayətkar müxtəlif vaxtlarda müxtəlif regionlarda, ən çox da Rusiya ərazisində, eləcə də digər respublikaların ərazisində gizlənmişdir. Bu baxımdan, daxili işlər nazirliklərinin əməkdaşlığı bizə çox böyük fayda vermişdir. Biz Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan və bir çox digər dövlətlərin daxili işlər orqanlarından – mən indi onların hamısının adını çəkə bilmirəm – olan həmkarlarımızın köməyi ilə bir çox gizlənmiş cinayətkarı yaxalaya bilmişik. Bunu da bildirmək xoşdur ki, onları nəinki yaxalamaq, hətta qısa müddət ərzində müvafiq prosessual sənədlər hazırlayıb bizə, Azərbaycana təhvil verək mümkün olmuşdur. Bu çox böyük fayda vermişdir. Əlbəttə, bizim məqsədimiz heç də həmin adamları mütləq məsuliyyətə cəlb etmək deyildir, hərçənd onlar buna layiqdirlər, lakin məsələ həm də ondadır ki, gərək bu adamlar hər hansı bir respublikanın ərazisində gizlənməyin artıq mümkün olmaığını hiss etsinlər. Bu isə gələcəkdə törədilə biləcək cinayətərin qarşısının alınması üçün də profilaktika olacaqdır. Buna görə də mən ümumən MDB-nin üzvü olan ölkələrin daxili işlər orqanlarının sıx əməkdaşlığından, indiki halda isə beynəlxalq terrorizmlə mübarizədən böyük məmnuniyyətlə danışmaq istəyirəm.

Beynəlxalq terrorizm ölkənin tutduğu yoldan, dünyanın hansı hissəsində – Avropada, yaxud Asiyada, Amerikada yerləşməsindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. Ona görə də biz terrorizmlə mübarizə aparmalıyıq, özü də fəal mübarizə aparmalıyıq. Bu mübarizə kifayət qədər səmərəli gedir, belə cinayətkarların çoxu, o cümlədən bizdə yaxalanıb məsuliyyətə cəlb edilir. Son illər «Əl-Qaidə» Terror Təşkilatından olan çox böyük cinayətkarları yaxalamağa nail olmuşuq. Bununla belə, təəssüf ki, beynəlxalq terrorizm hələ də mövcuddur, fəaliyyətdədir. Onları burada yaxalayırlar, başqa yerdə fəaliyyətə başlayırlar. Ona görə də mübarizə daimi, məqsədyönlü, fəal olmalıdır. Sözsüz ki, bu işdə MDB ölkələri daxili işlər orqanlarının səylərinin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir. Mən sizin iclasın gündəliyi ilə tanış oldum. Bütün məsələlər bununla və mütəşəkkil cinayətkarlıqla, narkotik maddələrin istehsalı və qeyri-qanuni yayılması ilə mübarizə ilə əlaqədardır. Siz səhərdən işə başlamısınız və ümidvaram ki, bir çox məsələləri müzakirə etmisiniz. Yəqin ki, müəyyən qərarlar qəbul etmisiniz və bu gün də, sabah da işinizi davam etdirəcəksiniz, sənədlər imzalayacaqsınız. Sizə uğurlar arzulayıram.

Son vaxtlar Müstəqil Dövlətlər Birliyi daha səmərəli fəaliyyət göstərir. Azərbaycan Birliyə bir qədər gec, 1993-cü ilin axırlarında daxil olmuşdur, lakin bu müddət müəyyən nəticələrə gəlmək üçün kifayətdir.

Mən Birliyimizin əvvəlki illərdəki işindən məmnunluqla danışa bilmərəm. Son illər vəziyyət dəyişmişdir. Birliyin – mən təşkilatın özünü nəzərdə tuturam – fəaliyyətində konkretlik və dəqiqlik, konkret planlılıq yaranmışdır. Keçmişdə şahidi olduğumuz hansısa anlaşılmaz, təsadüfi hadisələr baş vermir, təşkilatımızın nüfuzu yüksəlmişdir. Bunda bütün ölkələrin səylərini qeyd etmək lazımdır. Bilirəm, Birliyə daxil olan ölkələrin əksəriyyəti ürəkdən istəyir ki, onun fəaliyyəti daha səmərəli olsun. Bir sözlə, belə yaxşılaşmanı bir çox ölkələrin səyləri təmin edir. Lakin burada əsas rol Rusiyaya məxsusdur. Rusiya əvvəlkitək Birliyimizin sədridir, yəni Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin MDB Dövlət Başçıları şurasının sədridir. Keçmişdə də belə olmuşdur. Bu baxımdan biz heç bir dəyişiklik etməmişik. Boris Nikolayeviç Yeltsinin dövründə də belə idi. Ancaq Rusiyada rəhbərlik dəyişəndən bəri, məsələn, şəxsən mən MDB-nin və onun orqanlarının fəaliyyətinin ardıcıl surətdə yaxşılaşdığını hiss edirəm. Bu görüşlər daha səmərəli, qeyri-formal, konkret, müntəzəm olmuşdur. Odur ki, MDB-nin həyatındakı bu müsbət inkişafı biz hamımız dəstəkləməli və Birliyin daha mürəkkəb məsələləri həll edə bilməsi üçün əlavə səylər göstərməliyik.

Çox məsələləri həll etmək lazımdır. Birlik özünün daxilindəki münaqişə məsələlərini həll edə bilmir, münaqişələr isə var. Mən MDB-yə daxil olan ölkələr arasındakı silahlı münaqişələri nəzərdə tuturam. Əgər Birliyimiz MDB zonasında heç bir münaqişənin olmaması məsələsini həll edə bilsəydi, biz MDB məkanında sabit sülhdən çox böyük təminatla danışa bilərdik. Bu isə çox vacibdir, biz Yer kürəsinin böyük bir hissəsini təşkil edirik. Coğrafi mövqeyimizə görə biz dünyanın coğrafi-strateji sistemində çox ciddi yer tuturuq. Ona görə də biz bu məsələni həll edə bilsəydik, bu, MDB dövlətlərini daha sıx birləşdirərdi, onları daha çox yaxınlaşdırardı və hələ də mövcud olan digər ziddiyyətləri aradan qaldırardı.

Mən bunu dəfələrlə demişəm və bu gün də deyirəm. Ümid edirəm ki, biz buna nə vaxtsa nail ola biləcəyik. Sizin Bakıda, Azərbaycanda toplaşmağınızdan məmnunluq duyduğumu bildirirəm. Ümidvaram ki, siz yaxşı işləmisiniz.

Boris Qrızlov (Rusiyanın Daxılı İşlər naziri): Cənab Prezident, keçirilən iclasların sayına, MDB Dövlət Başçıları şurasının iclasına çıxarılan məsələlərin sayına görə məhz Daxili İşlər Nazirləri şurası daha böyük fəallıq göstərir. Bakıda görülmüş iş haqqında məlumat verərək bildirim ki, gündəlikdəki əsas məsələlər terrorizmlə və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məsələləri olmuşdur.

Bu problemləri həll etmədən bütövlükdə cinayətkarlıqla səmərəli mübarizə apara bilmərik. Bunun üçün informasiya banklarını birləşdirmək lazımdır, çünki vaxtında alınmış informasiya cinayətkarın aşkara çıxarılmasına, istintaq aparılmasına zəmin yaradır. İclasda terror aktlarının aşkar edilməsində və aradan qaldırılmasında, terrorçu qrupların iştirakçılarının üzə çıxarılmasında qarşılıqlı fəaliyyət prinsipi razılaşdırılmış, mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə əlaqələndirmə qrupu çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə bölməsi yaratmaq barədə qərar qəbul edilmişdir.

Biz Rusiya nümayəndə heyəti Rusiya DİN-in qarşıdakı 200 illiyi ilə əlaqədar DİN rəhbərlərinin hamısını elmi-praktiki konfransda iştirak üçün Sankt-Peterburqa dəvət edirik.

Sonda qeyd etmək istəyirəm ki, bu görüşün yaxşı təşkilinə görə, Azərbaycan DİN-in başçısına və hüquq mühafizə idarələrinin əməkdaşlığına xüsusi diqqət yetirdiyinizə görə sizə, cənab Prezident, minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Görüşə yekun vuraraq, hüquq mühafizə orqanlarının işini yüksək qiymətləndirirəm. Müasir dünyada daxili işlər orqanlarının səmərəli fəaliyyəti olmadan cinayətkarlıqla mübarizə aparmaq mümkün deyildir. Sizə işlərinizdə uğurlar arzulayıram və öz dövlətlərinizin başçılarına mənim salamımı yetirməyi xahiş edirəm.