Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin NATO-dakı daimi nümayəndəsi səfir Onur Öyməni qəbul edərkən söhbətindən - Prezident sarayı, 25 aprel 2000-ci il


Heydər Əliyev: Sizinlə yenidən görüşməkdən çox məmnunam. Azərbaycana xoş gəlmisiniz. Bilirəm ki, siz bir neçə gündür buradasınız, bizim Xarici İşlər Nazirliyində, başqa nazirliklərdə də görüşlər keçirmisiniz, çox faydalı söhbətləriniz, danışıqlarınız olubdur.

Çox yaxşı ki, bu vaxt gəlmisiniz. Bizim dostumuz, sizin də dostunuz hörmətli İhsan Doğramacının 85 illik yubiley mərasimlərində bir yerdə olduq, iştirak etdik. Çox sağ olun.

Onur Öymən: Hörmətli cümhur başkanım, sağ olun. Bizi lütf edib qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Mən əslində özəl bir ziyarət üçün gəlmişdim. Hörmətli Doğramacının yubileyi münasibətilə təşkil etdiyiniz mərasimdə iştirak etmək imkanı tapdım. Ona görə də bundan xüsusi şərəf duyuram.

Hörmətli xarici işlər nazirinizlə, müdafiə nazirinizlə, Milli Məclis sədrinin müavini ilə, parlamentin Beynəlxalq münasibətlər üzrə daimi komissiyasının sədri ilə çox yararlı görüşlər keçirdik.

Bilirsiniz ki, mən Ankarada Xarici İşlər Nazirliyində işləyərkən çox yaxın təmaslarımız olurdu, iş birliyi qururduq. O dövrə nisbətən indi Bakıda, Azərbaycanda çox böyük inkişaf vardır. Həqiqətən çox sevindik. Hazırda NATO-da Türkiyənin təmsilçisi kimi çalışıram. Orada da çox dəyərli səfiriniz Mirhəmzə Əfəndiyevlə bərabər işləyirik. Azərbaycanın oradakı fəaliyyəti də çox yaxşı, çox fəal şəkildə gedir.

Bilirsiniz ki, NATO-nun 28 ölkə ilə tərəfdaşlıq əlaqələri vardır. Bu ölkələr içərisində Azərbaycan ən əhəmiyyətli olanlardan biridir. Biz bundan qürur duyuruq. Türkiyə olaraq hər bir fürsətdən yararlanaraq Azərbaycanı dəstəkləyirik. Hörmətli nazirlərlə, digər həmkarlarla bu mövzuda söhbətlər apardıq, daha yaxşı nə işlər görə biləcəyimizi müzakirə etdik. Türkiyə olaraq biz hər zaman yanınızdayıq. Bəlkə də bunu söyləmək gərəksizdir.

Mənim fikirlərim son dərəcə müsbətdir. Sizin liderliyinizlə Azərbaycan çox böyük inkişaf etmişdir. Mən Azərbaycana son dəfə 1996-cı ildə hörmətli cümhur başkanımızla gəlmişdim. Bu dörd il ərzində Azərbaycan tamam başqa bir ölkə olmuşdur. Çox sevindim.

Heydər Əliyev: Çox gözəl. Təşəkkür edirəm. Mən çox məmnunam və bunu dünən də söylədim ki, - burada İhsan Doğramacını və onunla gələn qonaqları qəbul edərkən bu söhbət meydana çıxdı ki, Azərbaycanda çox böyük inkişaf var, dəyişikliklər vardır. Mən dünən orada bir söz dedim. Dedim ki, Azərbaycanın bu günü ilə, gerçəkliyi ilə mümkün qədər tanış olun. Kim ilk dəfə gəlir, onun üçün çox maraqlıdır görsün ki, Azərbaycan nədir. Kim təkrar gəlirsə, yəni əvvəllər də gəlibsə, onun üçün də çox əhəmiyyətlidir - görəcəkdir o gördüyü zamandan bəri Azərbaycan geriyə gedibdir, yoxsa irəliyə gedibdir. Təbiidir ki, biz özümüz bilirik, hər il Azərbaycan nə qədər irəliyə gedir. Mən dünən də dedim, sonra orada, saraydakı nitqimdə də dedim, - Azərbaycanın çox problemləri vardır. Əgər Azərbaycanın ən böyük problemi, yəni Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi olmasaydı, indi Azərbaycanda inkişaf bundan neçə dəfə artıq olardı. Amma bu problem var. Bu problem nədir? Torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyondan çox soydaşımız zorla yerindən-yurdundan çıxarılıbdır, çadırlarda yaşayırlar. Sülh yaranmayıbdır, atəşkəsdir. Sülh yaratmaq istəyirik. Torpaqlarımızı yenidən Azərbaycana qaytarmaq istəyirik. Azərbaycanın torpaq bütünlüyünü təmin etmək istəyirik. Bu, bir tərəfdən bizə mənəvi, mənfi təsir edir, ikinci tərəfdən bizə maddi cəhətdən çox böyük çətinliklər yaradır. Bir də ki, məsələn, Azərbaycanın prezidenti kimi, mənim işimin demək olar ki, 30-40 faizini bu problem alır. İndi təsəvvür edin, əgər bu problem olmasa, sülh olsa, mən bu 30-40 faizi də bizim başqa lazım olan işlərə həsr etsəm, daha nələr olar. Amma təkcə mən yox, mənimlə bərabər çox insanlar bu işlə məşğuldurlar. Bu problemlər içərisində biz yenə də inkişaf edirik.

Bu günlərdə Dünya Bankı, Avropa Bankı, Beynəlxalq Valyuta Fondu buradadırlar, işləyirlər. Biz 1995-ci ilə qədər tənəzzüldəydik. Yəni bizim iqtisadiyyat aşağıya gedirdi, enirdi, geriyə gedirdi. 1995-ci ildə biz sabitlik yaratdıq. 1996-cı ildən inkişafa başladıq. Bu ilin üç ayı içərisində ümumi daxili məhsul yenə də altı faiz artıbdır. Bilirsiniz, inflyasiya yoxdur, üç-dörd ildir inflyasiya yoxdur. Bağışlayın, üzr ustəyirəm, Türkiyə çox böyük işlər görür, amma indiyə qədər inflyasiyanı boğa bilmir. Düzdür, son vaxtlar azaldıbdır, amma boğa bilmir. Yəni bununla demək istəmirəm ki, bizim işlərimiz Türkiyədən yaxşıdır. Yox. Amma bu sahəni biz cilovlaya bilmişik, əlimizə ala bilmişik. Başqa şeylər də çoxdur.

Ona görə də mən çox məmnunam ki, siz 1996-cı ildə son dəfə gələndən indiyə qədər, bu dörd il içərisində olan dəyişiklikləri görürsünüz. Yenə də deyirəm, görmək lazımdır. Bizim dostlarımız gərək görsün və arxayın olsunlar ki, Azərbaycanda işlər yaxşı gedir və günü-gündən də yaxşı olacaqdır.

NATO ilə əlaqələrimizə gəldikdə isə, bəli, biz "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak edirik, başqa proqramda da iştirak edirik və bu iştirakımızı, bu işimizi də çox əhəmiyyətli hesab edirik.

İndi Türkiyənin imkanları var NATO-da xüsusi bir səfir saxlasın, səfir orada fəaliyyət göstərsin. Türkiyə həm də NATO-nun tam üzvüdür. Biz isə "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak edirik. Ancaq təcrübədə belə olubdur: Azərbaycan öz dövlət müstəqilliyini alandan sonra hansı ölkədə bir diplomatik nümayəndəlik yaratmağa çalışırsa, səfirlik açmaq istəyirsə, birinci növbədə Türkiyənin səfirliyinə gəlibdir, Türkiyənin səfirliyində yerləşibdir. Ondan sonra özünə bir yer tapıbdır, ondan sonra öz işini qura bilibdir. İndi burada bizim səfirliyimiz vardır, ancaq eyni zamanda bizim gərək Brüsseldə üç səfirliyimiz olsun: biri diplomatik - Azərbaycan dövlətinin səfirliyi, biri Avropa Birliyində. Gərək bizim Avropa Birliyində səfirliyimiz olsun. Bu günlərdə mən onu təyin edəcəyəm. Artıq qərar qəbul etmişəm, sadəcə, ora insan axtarılır ki, kimi təyin edim. Onu təyin edəcəyəm. Amma NATO-da bizim işlərimizi yenə də sizdən xahiş edəcəyik ki, aparasınız. Bilirsiniz ki, bizim oraya vaxtaşırı nümayəndələrimiz də gəlirlər.

Bir də deyirəm, NATO ilə iş birliyinə biz xüsusi əhəmiyyət veririk və mən sizə çox təşəkkür edirəm ki, bu günlərdə həm Xarici İşlər Nazirliyində, həm Müdafiə Nazirliyində, həm Milli Məclisdə siz oradakı vəziyyət, problemlər haqqında yaxşı məlumatlar vermisiniz. Bunu mənə dərhal çatdırdılar, bildirdilər. Güman edirəm ki, Türkiyə bizimlə bərabər olan yerdə biz həmişə uğurla irəliyə gedəcəyik.

Onur Öymən: Hörmətli cümhur başkanım, təbii. Mən Almaniyada səfir olan zaman Azərbaycanın səfirliyi açılırdı. Bizim səfirlikdə bir yer təsis etdik, hörmətli səfir Hüseynağa Sadıqov ilə bərabər çalışdıq. Onunla bərabər bir-iki il eyni binada işlədik. Sonra öz binalarına köçdülər. Amma qardaş kimi çalışdıq.

Heydər Əliyev: Elədir.

Onur Öymən: Azərbaycan ilə bu qədər yaxın iş birliyi qurmaqdan çox məmnun olduq. Dediyiniz doğrudur, Türkiyə NATO-nun daimi üzvüdür. Orada daimi üzv olaraq Türkiyə, təbii ki, NATO ilə bağlı bütün məsələlərdə söz sahibidir.

Bizim ən önəmli işlərimizdən biri də Azərbaycan kimi ölkələrlə yaxın iş birliyi, sülh üçün bu ölkələrin güclərinin artırılması, istədikləri formada NATO ilə nəzəri iş birliyi qurmaları məsələləridir. Bu işlərdə Azərbaycan son dərəcə uğurla çalışır. Biz də Türkiyə olaraq əlimizdən gələn hər cür köməyi göstəririk.

Azərbaycanın bugünkü vəziyyəti bir çox tərəfdaş ölkədən daha yaxşıdır. O, daha çox fəaliyyətə qatılır, təhsil proqramlarında daha yaxından iştirak edir. Ankarada "Sülh üçün ortaqlıq" adlı bir təhsil mərkəzimiz vardır. Azərbaycan orada da çox fəal iştirak edir. Yəni biz Azərbaycanın bu işlərinə çox məmnunuq.

Buyurduğunuz kimi, qaçqınlar məsələsi böyük bir ağrıdır. Yalnız Azərbaycan üçün deyil, dünya üçün ağrılıdır. Başqa bir ölkədə bu qədər qaçqın olsa, bütün dünya - dünya mətbuatı, siyasətçilər, qəzetlər ayağa qalxar. Azərbaycandakı bu böyük faciəni də dünyanın hər gün xatırlaması lazımdır. Yəni xalqın hər səkkiz nəfərindən biri qaçqın olan başqa ölkə yoxdur. Sizin bu qədər böyük bir yük altında bu hadisəni yaşamağınız həqiqətən tarixi bir olaydır. Bunu da davamlı olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırmağımız lazımdır. Dünyanın bütün dövlətlərinin, millətlərarası təşkilatların Azərbaycana yardımçı olması lazımdır. Necə ki, Birləşmiş Millətlər Təşkilatı, digər təşkilatlar başqa ölkələrə yardımçı olurlar. Onlar burada da olurlar, amma bəlkə daha çox işlər görmələri lazımdır.

Əsas məsələ qaçqınların öz evlərinə qayıtmasıdır. Biz istəyirik ki, bir an öncə Sizin də buyurduğunuz kimi, bu məsələnin sülh yolu ilə həlli yolu tapılsın və işğal altında olan bütün torpaqlar boşaldılsın, Azərbaycanın bu məsələdə haqlı olduğu təsdiqlənsin, ölkəniz beynəlxalq aləmdə tanınmış sərhədlərinə yenidən qovuşsun və bütün bu insanlar evlərinə dönsünlər. Həm bu böyük insani məsələ həll edilsin, həm də Azərbaycan hökumətinin çiynindəki bu böyük yük aradan qalxsın və ondan sonra Azərbaycan daha da çox inkişaf etsin.

Hörmətli cümhur başkanım, bu, bizim diləyimizdir. Həqiqətən, bu məsələlərdə Türkiyə həmişə Sizi dəstəkləyir və NATO daxilində də əlimizdən gələn hər cür kömək göstərməyə hazırıq. Bunu bir daha ərz edirəm.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 26 aprel 2000-ci il.