Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti şərəfinə Türkiyə Cümhuriyyətinin Prezidenti tərəfindən təşkil edilmiş rəsmi qəbulda nitqi - Ankara, Çankaya köşkü, 12 mart 2001-ci il


Türkiyə Cümhuriyyətinin prezidenti, hörmətli dostum, qardaşım Əhməd Necdət Sezər!

Hörmətli dostlar, cənablar, xanımlar!

Mən sizi Azərbaycan xalqı adından səmimi-qəlbdən salamlayıram və millətimizin sizə olan ən xoş arzu və istəklərini çatdırmaqdan məmnuniyyət hissi duyuram.

Hörmətli Prezident, məni Türkiyəyə rəsmi səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. Bu səfərin Azərbaycan üçün, düşünürəm ki, eyni zamanda Türkiyə üçün, Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətli olduğunu yüksək qiymətləndirirəm. Bizə göstərilən bu qonaqpərvərliyə görə, dostluğa görə, mehribanlığa görə öz adımdan və mənimlə buraya gələn böyük heyət adından təşəkkür edirəm. Eyni zamanda onu da düşünürəm ki, Türkiyə sizin vətəniniz olduğu kimi, bizim də vətənimizdir. Ona görə də burada, güman edirəm ki, başqa bir qarşılanma ola bilməzdi. Biz Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına hədsiz məhəbbət hissi ilə yaşayırıq. Bu məhəbbət hisslərinin dərin kökləri var. Bu bizim tarixi keçmişimizdir. Bu bizim dilimizdir. Bu bizim milli-mənəvi dəyərlərimizdir. Bu bizim dinimizdir. Ən əsası isə, Azərbaycanın Türkiyəyə kesmişdə də, bu gün də olan məhəbbəti və sevgisidir. Biz Türkiyənin əldə etdiyi böyük nailiyyətləri iftixar hissi ilə izləyirik. Bu nailiyyətlər ilbəil yüksəlir, artır. Bunların əsasını təşkil edən isə Türkiyə Cümhuriyyətinin yaradıcısı, böyük öndər Mustafa Kamal Atatürkdür. Məhz buna görə də mən Türkiyəyə rəsmi səfərimi ilk öncə böyük Atatürkün qəbrini ziyarət etməklə başladım. Hər dəfə Atatürkün qəbrini ziyarət edərkən, o şəxsin bəşər tarixində nə qədər böyük rol oynadığını bir daha, bir daha xatırlayıram. Eyni zamanda düşünürəm ki, əgər Mustafa Kamal Atatürk vaxtilə, Osmanlı imperiyası dağılandan sonra cümhuriyyəti qurmasaydı və cümhuriyyətin gələcək yollarını müəyyən etməsəydi, güclü türk ordusu qurmasaydı, güclü türk əsgəri yaratmasaydı, Türkiyə rəqibləri, düşmənləri əhatəsində olduğu halda, bu qədər yüksək inkişaf edə bilməzdi. Bizdə məmnuniyyət hissi doğurur ki, sonrakı nəsillər böyük Atatürkün yolu ilə gedərək Türkiyəni inkişaf etdiriblər. Bu gün Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biridir. İqtisadi cəhətdən inkişaf etmiş, demokratiya prinsipləri, bazar iqtisadiyyatı prinsipləri ilə yaşayan bir dövlət, bir ölkədir. Bunlar hamısı bizim üçün, Azərbaycan xalqı üçün bir tərəfdən, iftixar hissi doğurur, ikinci tərəfdən də, təcrübə mənbəyidir.

Biz, Azərbaycan gənc, müstəqil ölkəyik. Bu ilin sonunda Azərbaycanın müstəqilliyinin, istiqlaliyyətinin 10-cu ili tamam olur. Tarixi nöqteyi-nəzərdən 10 il o qədər də böyük zaman deyildir. Amma dünyada gedən prosesləri nəzərə alsaq, bizim bölgədə baş vermiş hadisələri nəzərə alsaq, Azərbaycanın 10 il müstəqil yaşaması böyük hadisədir. Biz müstəqilliyimizi əldə edəndən Türkiyənin dəstəyini, dayağını hiss etmişik.

Əziz dostum, bəli, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir. Bizim müstəqilliyimizi başqa ölkələr də tanıyıblar, bəyanatlar veriblər. Amma Türkiyənin onlardan fərqi ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyini, istiqlaliyyətini tanıyaraq, eyni zamanda müstəqil dövlətin yaşaması üçün, inkişaf etməsi üçün ona həmişə qardaşlıq yardımı etmiş, qardaş kimi Azərbaycanın yanında olmuşdur. Bütün bunlar bizi keçmişdə olduğu kimi, bu gün də Türkiyə ilə sıx bağlayıbdır. Ona görə də hər dəfə Türkiyəni ziyarət etmək mənim üçün böyük bir xoşbəxtlikdir.

Mənimlə bərabər buraya böyük nümayəndə heyəti gəlibdir. Bir çox nazirlər, Milli Məclisin bir qrup deputatı buradadır. Onların hamısı Türkiyəyə böyük həvəslə gəliblər. Bəlkə də bu qədər böyük heyətin buraya gəlməsi bəzilərini təəccübləndirər. Ancaq bunun səbəbi ondan ibarətdir ki, biz istəyirik bütün sahələrdə əlaqələrimizin inkişaf etməsi üçün yeni addımlar ataq.

Mən böyük qürur hissi duyuram ki, XXI əsrin əvvəlində, üçüncü minilliyin əvvəlində Türkiyəyə rəsmi səfər etmək mənə nəsib olubdur. Bu gün burada hörmətli prezident ilə, hörmətli Baş nazir ilə apardığımız danışıqlar Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrini əhatə edibdir. Bu da bizim üçün, Azərbaycan üçün çox faydalıdır. Hər bir məsələ meydana çıxanda biz Türkiyə ilə məsləhətləşməyi vacib hesab edirik. Ona görə də bu gün danışıqlarımızın bir hissəsi Türkiyə-Azərbaycan iqtisadi, mədəni əlaqələrinin inkişaf etdirilməsinə, bir sözlə, bütün sahələrdə əlaqələrin inkişafına həsr olunubsa, digər hissəsi Azərbaycanın böyük dərdi olan Dağlıq Qarabağ probleminin, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məsələsinə həsr edilibdir. Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman Ermənistanın təcavüzünə məruz qalmışdı. Bilirsiniz ki, 1988-ci ildə Ermənistan Azərbaycan torpaqlarına, yəni Azərbaycanın ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağa torpaq iddiası ilə çıxış etmiş və sonra bu, hərbi münaqişəyə, müharibəyə çevrilmişdi. Müharibə böyük itkilərə gətirmişdi. Müxtəlif səbəblərdən, Ermənistana bəzi dövlətlərin etdiyi yardıma görə və Azərbaycanda da buraxılmış bəzi nöqsanlara görə bu savaşda, bu müharibədə Ermənistan Azərbaycan torpaqlarının bir qismini işğal edibdir. Öncə Dağlıq Qarabağı, ondan sonra isə onun ətrafında olan yeddi böyük rayonu işğal edibdir. Beləliklə, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Özü də bu gün yox, dünən yox, bir çox illərdir ki, bu torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıb və qaçqın vəziyyətdə çadırlarda yaşayırlar.

Həm Ermənistan-Azərbaycan münaqişəsi, müharibəsi dövründə, həm də atəşkəs yaranandan sonra sülh danışıqlarının aparılmasında Türkiyə mühüm rol oynayıbdır. 1992-ci ildə ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün Minsk qrupu yaradıbdır. Türkiyə Minsk qrupunun üzvüdür və onun üzvü kimi, Azərbaycanın dostu kimi, bu illər çox faydalı işlər görmüşdür. Ancaq təəssüflər olsun ki, bizim gördüyümüz bütün işlər, o cümlədən Minsk qrupunun həmsədrləri olan ölkələrin - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın son illərdə həyata keçirdiyi tədbirlər heç bir nəticə verməyibdir. Ermənistan işğal etdiyi torpaqlardan çıxmır. Azərbaycanın qaçqınları çadırlarda yaşayır. Bunların hamısı bizim üçün həm maddi, həm də mənəvi zərbədir.

Hörmətli Prezident, mən Sizə minnətdaram. Siz burada bəyan etdiniz ki, hüquq normaları, beynəlxalq hüquq prinsipləri, təəssüflər olsun ki, çox dövlətlər tərəfindən pozulur. Dünyada ikili standartlar var və Azərbaycan bu ikili standartlardan çox əziyyətlər çəkir. Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyi halda, Amerika Birləşmiş Ştatlarının Konqresi hələ 1992-ci ildə Azərbaycana hər bir yardımın göstərilməsinə embarqo qoymuşdur. Eyni zamanda işğalçı Ermənistan hər il Amerika Birləşmiş Ştatlarından böyük yardım alır və xüsusən 100 milyon dollara qədər pul alır. Biz bu ədalətsizlikləri görürük və siz də görürsünüz. Məsələn, son vaxtlar Türkiyəyə qarşı edilən ədalətsizliklər bizi sarsıdır, bizi incidir. Erməni diasporunun gücünə görə bəzi ölkələrin parlamentlərində Türkiyənin vaxtilə guya ermənilərə qarşı soyqırımı etməsi haqqında qərarlar çıxarıblar. Biz belə qərarlara, belə fikirlərə daim öz etirazımızı bildirmişik.

Hələ 1998-ci ildə Amerikada bu məsələ Konqresdə qaldırılan kimi, Azərbaycanın Milli Məclisi,  Azərbaycan dövləti öz etirazını bildirdi. Son vaxtlar Fransa parlamentlərinin belə bir qərar çıxarması bizi hiddətləndirdi. Bizim parlament xüsusi bəyanat verdi. Dövlət başçısı kimi, mən bu hərəkəti pislədim və bu qədər ədalətsizliyə qarşı öz iradəmi göstərdim. Hətta yanvar ayında Parisdə olarkən, Fransanın prezidenti Jak Şirak ilə danışarkən ona dedim ki, siz nə üçün belə ədalətsizlik edirsiniz? Biz buna qarşı çıxırıq. Bu, Türkiyə kimi bir dövlətə, türk xalqına, o cümlədən bütün türkdilli xalqlara olan ədalətsizlikdir. Biz bu gün də öz iradəmizi göstəririk. Yəni bax, bu iki faktla nümayiş etdirmək olar ki, dünyada ikili standartlar mövcuddur və bunlar Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması üçün lazımi tədbirlərin görülməsinin qarşısını alır.

Hesab edirəm ki, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa kimi böyük dövlətlər Ermənistana təsir göstərə bilmədilər ki, o bu danışıqlarda konstruktiv mövqe tutsun və işğal olunmuş torpaqları azad etsin. Ondan sonra isə Dağlıq Qarabağın statusu haqqında danışıqlar aparmaq olar. Ancaq təəssüflər olsun ki, bunu etməyiblər. Biz bu barədə geniş fikir mübadiləsi apardıq və mən bundan çox məmnunam.

Hörmətli Prezident, Siz burada Bakı-Ceyhan boru xətti haqqında bugünkü durumu bildirdiniz və Azərbaycanın “Şahdəniz” yatağından alınacaq qazın Türkiyəyə ixrac edilməsi haqqında anlaşmanın imzalanması barədə məlumat verdiniz. Mən çox məmnunam. Çünki biz 1994-cü ildən Azərbaycanın neft strategiyasını həyata keçirərək, Bakı-Ceyhan boru xəttinin yaranması üçün Türkiyə, Azərbaycan birlikdə çalışmışıq. İndi bunu daha da irəliyə aparmalıyıq və bu boru xəttini inşa edib, tikib istismara verməliyik. Xəzər dənizindəki “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından ildə 50-60 milyon ton neft ixrac etmək olar. Amma Azərbaycan dünyanın böyük neft şirkətləri ilə 20 müqavilə imzalayıbdır. Təsəvvür edin, oradan nə qədər neft hasilatı, qaz hasilatı gözlənilir. Ona görə də bəlkə gələcəkdə Bakı-Ceyhan yetərli olmayacaq, ikincisini də yaratmaq lazım olacaqdır. Bunu eyni zamanda qaz haqqında da deyə bilərəm. Biz 6 milyard kubmetr qazın Türkiyəyə satılması haqqında saziş imzaladıq. Ancaq gələcəkdə bunu 10 milyarda, 15 milyarda, 20 milyarda da çatdırmaq olar və Türkiyənin bu barədə ehtiyaclarını təmin etmək olar. Bu sahə Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin əsas sahəsidir. Ancaq bütün başqa sahələrdə də biz əlaqələrimizi inkişaf etdirmişik və bundan sonra da inkişaf etdirməyə çalışacağıq.

Müstəqil dövlət kimi, Azərbaycan on ildə ağır bir yol keçibdir. Bilirsiniz ki, bir tərəfdən, Ermənistanın təcavüzü, ikinci tərəfdən, Azərbaycanın daxilində ictimai-siyasi sabitliyin pozulması, ayrı-ayrı silahlı dəstələrin hakimiyyət uğrunda mübarizə aparması, hakimiyyətin bir neçə dəfə dəyişdirilməsi, nəhayət, 1993-cü ildə vətəndaş müharibəsinin başlanması görün Azərbaycana nə qədər böyük zərbələr vurubdur.

Mən sizə bildirmək istəyirəm ki, indi Azərbaycanda ictimai-siyasi sabitlik yaranıbdır. Ermənistanın təcavüzünə, bir milyon qaçqının ağır vəziyyətdə yaşamasına baxmayaraq, Azərbaycan iqtisadi cəhətdən ilbəil inkişaf etməkdədir. Azərbaycan demokratiya yolu ilə gedir. Biz hər şeydə gəncik. Müstəqil dövlət kimi də gəncik, demokratiya yolu ilə gedən dövlət kimi də, bazar iqtisadiyyatı yolu ilə gedən dövlət kimi də gəncik. Hər yerdə gəncik. Amma bizim qardaşımız var. Türkiyə bu yolu on illərlə keçibdir. Türkiyənin böyük təcrübəsi var. Biz bu təcrübədən də istifadə edirik. Dünya təcrübəsindən də istifadə edirik. Biz bu yol ilə gedirik. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedir və bundan sonra da gedəcəkdir. Mən çox məmnunam ki, Türkiyə bu yolu çoxdan tutubdur. Atatürkün vəsiyyətlərini yerinə yetiribdir və Türkiyə hüquqi dövlətdir, demokratik dövlətdir və dünyəvi dövlət kimi yaşayacaqdır. Çünki dünyəvilik Türkiyəni Avropa ilə, Azərbaycan ilə birləşdirən əsas amillərdən biridir.

Azərbaycan Avropa Şurasına qəbul olundu. Bu bizim üçün tarixi hadisədir. Siz bilirsiniz ki, bizim oraya qəbul olunmağımıza çox böyük maneələr törədirdilər. Amma yenə də bizim dörd il daimi mübarizəmizdə yanımızda Türkiyə olubdur. Türkiyənin dövləti, hökuməti, Türkiyənin Avropa Şurasındakı təmsilçiləri olub, biz həmişə onların dəstəyini, yardımını hiss etmişik və bunlar da Azərbaycanın Avropa Şurasına qəbul olunmasına kömək edibdir və nəhayət, biz buna nail olmuşuq. İndi biz yeni təşkilatda bir yerdəyik. Demək, biz öz işlərimizi daha da bərabər apara bilərik. Təsadüfi deyil ki, Azərbaycanın Avropa Şurasında olan təmsilçiləri, Milli Məclisin deputatları da bu gün buradadırlar. Onlar gəlib Böyük Millət Məclisində görüşlər keçiriblər. Türkiyənin təmsilçiləri ilə danışıblar və birgə fəaliyyət göstərmək haqqında razılıq əldə ediblər.

Beləliklə, bizim indiyə qədər, on il müddətində keçdiyimiz yol çox uğurludur. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı inkişaf edibdir. Ancaq bu, son mərhələ deyildir. Dünya inkişaf edir. Biz dünya ilə ayaqlaşmalıyıq. Onun üçün də Türkiyənin qazandığı nailiyyətlərdən faydalanaraq, Türkiyənin təcrübəsindən istifadə edərək, Azərbaycanın müstəqil dövlətini yaşadacaq və inkişaf etdirəcəyik.

Keçmiş Sovetlər Birliyinə mənsub olan ölkələr üçün müstəqilliyi əldə etmək çətinlik törətmədi. Çünki Sovetlər İttifaqı dağıldı. Onun dağılmasının səbəbləri də məlumdur. Təbiidir ki, 15 müttəfiq respublika öz müstəqilliyini elan etdi. Bu bizim üçün tarixi hadisədir ki, 70 illik arzumuza çatdıq. Ancaq müstəqilliyi qorumaq, saxlamaq və əbədi etmək müstəqilliyi o şəkildə qazanmaqdan daha da çətindir. Siz Azərbaycanın çətinliklərini bilirsiniz. Mən bu barədə bir daha, bir daha sizə məlumat verdim. Əmin ola bilərsiniz ki, Azərbaycanın müstəqilliyi bizim həyatımızın mənasıdır. Azərbaycan prezidenti kimi, mənim həyatımın mənasıdır. Azərbaycanın müstəqilliyi bundan sonra daha da möhkəmlənəcək, yaşayacaq və müstəqil dövlət bir daha keçmişdəki vəziyyətə düşməyəcəkdir. Biz bu yolda Türkiyə ilə həmişə bir yerdə olmuşuq, bir yerdə olacağıq. Türkiyə-Azərbaycan dostluğu əbədidir, sarsılmazdır. Biz bu dostluğa sadiqik və sadiq olacağıq. Bu dostluğu inkişaf etdirmək üçün bütün sahələrdə əməkdaşlığımızı, işbirliyimizi daha da inkişaf etdirəcəyik. Güman edirəm ki, mənim buraya rəsmi səfərim zamanı bu məsələlərin gələcəyi haqqında işlər görürük və görəcəyik. Beləliklə də, XXI əsrin başlanğıcında əsrin gələcəyi üçün, gələcək nəsillər üçün faydalı işləri bir yerdə görəcəyik. Mən Türkiyədə olmağımdan bir daha məmnun olduğumu bildirmək istəyirəm. Bu həmişə mənim üçün sevinc gətirir.

Hörmətli Prezident, məni dəvət etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Azərbaycanın buraya gəlmiş bütün heyətinə göstərilən qayğıya, diqqətə və qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Rica edirəm, badələrimizi Türkiyənin şərəfinə qaldıraq!

Atatürk Türkiyəsinin şərəfinə qaldıraq!

Türkiyə-Azərbaycan dostluğunun şərəfinə qaldıraq!

Bu dostluğun sarsılmazlığının, əbədiliyinin şərəfinə qaldıraq!

Əziz dostlar, sizin şərəfinizə qaldıraq!

Hörmətli Prezident, bu badəni Sizin şərəfinizə qaldırıram!