Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiyanın energetika naziri İqor Yusufovu qəbul edərkən söhbətindən - Prezident sarayı, 29 noyabr 2002-ci il


Azərbaycan prezidenti Heydər Əliyev noyabrın 29-da Prezident sarayında Rusiyanın energetika naziri İqor Yusufovu qəbul etmişdir.

Dövlətimizin başçısı Heydər Əliyev qonağı salamlayaraq dedi ki, energetika sahəsi də daxil olmaqla, Azərbaycan ilə Rusiya arasında münasibətlər fəal surətdə inkişaf edir və Rusiya Federasiyasının energetika nazirinin səfəri ikitərəfli iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayacaqdır.

Nazir İqor Yusufov səmimi qəbula görə Azərbaycan prezidentinə təşəkkür edərək vurğuladı ki, iki ölkənin dövlət başçıları arasında fəal siyasi dialoq, onların müdrik mövqeləri sayəsində bir çox sahələrdə böyük uğurlar əldə olunmuş, Xəzərin statusu məsələsinin həlli yolu tapılmışdır. O dedi ki, imzalanmış ikitərəfli saziş Azərbaycan və Rusiya rəhbərlərinin gəldikləri razılaşmaların intensiv surətdə həyata keçirilməsini energetika nazirlərinin üzərinə bir vəzifə kimi qoyur.

İqor Yusufov Bakıda aparılmış danışıqlar barədə məlumat verərək bildirdi ki, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmiş, Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqli sahəsində səmərəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi haqqında razılaşma əldə olunmuşdur. Nazir dedi ki, “Rusiya bu məsələdə çox maraqlıdır və arzu olarsa, keyfiyyət və tariflərə dair şərtlər razılaşdırılarsa, neftin həcmini artırmaq mümkündür. Bu isə öz neftinin ixracında Azərbaycan üçün alternativ yoldur”. Rusiya tərəfi Azərbaycan iqtisadiyyatının qaza olan tələbatını tam həcmdə ödəmək barədə öz öhdəliklərini təsdiqlədi. Danışıqlar nəticəsində müəyyən edildi ki, Azərbaycanın əlavə həcmdə qaza ehtiyacı var. Bundan ötrü yalnız müqavilənin müddətini, şərtlərini, qiymətqoymanı və bir sıra digər məqamları razılaşdırmaq lazımdır.

İqor Yusufov Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının işlənilməsində Rusiya şirkətlərinin yaxından iştirakına imkan verildiyinə görə dövlətimizin başçısına təşəkkür edərək dedi: Rusiyanın əməkdaşlıq etdiyi ölkələrin heç də hamısında belə səmimi mühit, əməkdaşlıq üçün belə şərait yoxdur və elə hallar da olur ki, Rusiya şirkətlərinə deyil, Qərb sərmayəçilərinə üstünlük verirlər. Azərbaycanda isə Rusiyanın neft və qaz şirkətləri üstün mövqeyə və imkanlara malikdirlər.

Elektroenergetika sahəsində əməkdaşlıq məsələləri ilə bağlı qeyd olundu ki, Rusiyadan elektrik enerjisinin Azərbaycana ixracının həcmini artırmaq imkanı var, bir şərtlə ki, Rusiya infrastrukturunun inkişafında, o cümlədən Dərbənddən Azərbaycan istiqamətində 330 kilovoltluq elektrikötürmə xəttinin ikinci qolunun çəkilişində iştirak etsin. Bu, alınan elektrik enerjisinin həcmini artırmağa imkan verəcəkdir. Eyni zamanda Rusiya tərəfi onun həcmini 1 milyon kilovat-saatdan çox artıra və beləliklə əlavə enerjini üçüncü ölkələrə, o cümlədən Türkiyəyə göndərə bilər. Bu isə əlavə gəlir gətirəcək və region ölkələri ilə münasibətləri inkişaf etdirməyə imkan verəcəkdir.

İqor Yusufov İranda, İraqda və həmin regionun başqa dövlətlərində ölkələrimizin uğurla həyata keçirə biləcəyi neft-qaz layihələrini nəzərdə tutaraq dedi ki, Rusiya ilə Azərbaycanıi birlikdə üçüncü ölkələrdə daha fəal işləməsinin vaxtı gəlib çatmışdır. Nazir xatırlatdı ki, Rusiyanın Energetika Nazirliyi İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Fars körfəzinin digər ölkələri ilə energetika məsələləri üzrə bir sıra hökumətlərarası komissiyalara başçılıq edir. Müəyyən layihələrin həyata keçirilməsində Azərbaycan şirkətlərinin, xüsusən ARDNŞ-in potensialından istifadə etmək olardı.

Azərbaycanla Rusiya arasında neft sahəsində əməkdaşlıq 1993-cü ildən başlayaraq genişlənir. Prezident Heydər Əliyev bu barədə danışaraq dedi ki, Rusiyanın “LUKoyl” şirkəti Xəzərin Azərbaycan sektoruna dair bir çox müqavilələrdə iştirak edir, halbuki Rusiyanın digər şirkətləri də dəvət olunmuşdu. Bu sahədə Rusiya-Azərbaycan əməkdaşlığı davam etdiriləcəkdir. Bakı-Novorossiysk boru kəməri ölkəmiz üçün çox önəmlidir və Azərbaycan tərəfi onunla bağlı öz öhdəliklərini yerinə yetirir.

Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında ikitərəfli sazişlər imzalanmışdır. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Xəzərin orta xətt prinsipi üzrə bölünməsinə dair mövcud beynəlxalq prinsipi Türkmənistan və İran da dəstəkləyəcəklər.

Prezident Heydər Əliyev ölkəmizə göndərilən elektrik enerjisinin həcminin artırılması təşəbbüsünü dəstəklədi. Dövlətimizin başçısı həmçinin bildirdi ki, biz Rusiya şirkətlərinin Xəzərin Azərbaycan sektorunda işləməsinə imkan yaratmağa hazırıq, çünki hələ istifadə edilməyən strukturlar vardır. Prezident Heydər Əliyev üçüncü ölkələrdə Rusiya-Azərbaycan əməkdaşlığından söz açaraq, bunu maraqlı təşəbbüs adlandırdı və dedi ki, Yanacaq və Energetika Nazirliyi, ARDNŞ bu məsələni hərtərəfli öyrənməlidirlər.

Dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycan ilə Rusiya arasında istər energetika sahəsində, istərsə də başqa sahələrdə daha geniş əməkdaşlıq üçün heç bir maneə və problem yoxdur.

Qəbulda yanacaq və energetika naziri Məcid Kərimov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov iştirak edirdilər.

"Azərbaycan" qəzeti, 30 noyabr 2002-ci il.