Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin televiziya və mətbuat işçiləri qarşısında bəyanatı - Antalya, 25 may 1999-cu il


Hörmətli mətbuat işçiləri, dostlar!

Mən sizin hamınızı salamlayıram. Siz bilirsiniz ki, mən Amerikada cərrahiyyə əməliyyatı keçirmişəm. Orada müalicəm başa çatandan sonra Türkiyənin cümhur başqanı, əziz dostum, qardaşım, hörmətli Süleyman Dəmirəl məni Türkiyəyə istirahətə dəvət edibdir. Mən bu dəvəti çox məmnuniyyətlə qəbul etmişəm və mayın 20-də Ankaraya gəlmişəm. Bu günə qədər Ankarada oldum, bir neçə görüşlər keçirdik. Birincisi, mənim dostum, qardaşım, hörmətli Süleyman Dəmirəl ilə çox söhbətlər etdik.

Mən sizin qarşınızda bir daha bildirmək istəyirəm ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bizim xalqımız Azərbaycan xalqı üçün çox önəmlidir, çox əhəmiyyət kəsb edir.

Ölkəmiz öz istiqlaliyyətini, müstəqilliyini əldə edəndən sonra Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq əlaqələri, ilişkiləri gündən-günə inkişaf edir. Biz bunu yüksək qiymətləndiririk. Mən dəfələrlə demişəm, bu gün də sizə bəyan edirəm ki, biz bu dostluğa, qardaşlığa daim sadiqik. Bu dostluğumuz, qardaşlığımız çox yüksək dərəcələrə çatıbdır və əbədidir, sarsılmazdır.

Mən dostum, qardaşım, cümhur başqanı hörmətli Süleyman Dəmirəlin Türkiyə-Azərbaycan dostluğunun yaranmasında və inkişaf etməsində xüsusi xidmətlərini məmnuniyyətlə qeyd edirəm.

Hörmətli Süleyman Dəmirəl mənə çox böyük qayğı, diqqət göstərir. Bilirsiniz ki, bu ilin yanvar ayında mən xəstələnmişdim, rahatsız olmuşdum. O, məni dərhal Türkiyəyə dəvət etdi. Mən iki həftə Türkiyədə müalicə olundum və vətənə döndüm. Prezident Süleyman Dəmirəl mənə çox qayğı, dostluq, mehribanlıq münasibəti göstərdi. İndi məni yenidən Türkiyəyə dəvət edibdir. Amma buna qədər mən Amerikada, Klivlenddə olarkən o, bizimlə hər gün əlaqə saxlayıbdır, mənim həkimlərimlə danışıbdır, səhhətimi, sağlamlığımı daim izləyibdir.

Hörmətli cümhur başqanı ilə bizim bu günlər çox gözəl danışıqlarımız, söhbətlərimiz oldu. Bu söhbətlər Türkiyə-Azərbaycan dostluğunu, qardaşlığını, bizim əlaqələrimizi inkişaf etdirməkdən ibarətdir. Mən bütün bu söhbətlərdən, danışıqlardan çox məmnunam.

Ankarada bir neçə başqa görüşlərim də oldu. Baş nazir hörmətli Bülənd Ecevitlə, Türkiyə Böyük Millət Məclisinin başqanı hörmətli Yıldırım Akbulutla, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi hörmətli Hüseyn Kıvrıkoğlu ilə, Ana Vətən Partiyasının sədri hörmətli Məsud Yılmazla və digər şəxslərlə mənim görüşlərim oldu. Mən Türkiyə televiziyası vasitəsilə də bir çox məsələləri söylədim. Güman edirəm ki, siz onları dinləmisiniz, eşitmisiniz.

Mən çox məmnunam ki, Amerikada keçirdiyim rahatsızlıqdan sonra Türkiyədəyəm, öz məmləkətimdəyəm, öz ölkəmdəyəm. Türkiyə bizim üçün nəinki dost, qardaş, doğma bir yerdir, mənim üçün müqəddəs bir yerdir. Ona görə Türkiyəyə gələndən sonra mənim durumum daha da yaxşılaşıbdır.

Bu gün də Antalyaya gəlmişəm. Mən burada heç vaxt olmamışam. Buranı çox gözəl bir yer deyirlər. Dünyanın hər yerindən buraya turistlər gəlir. İnsanlar buranı çox sevirlər. Azərbaycanda da buranı sevirlər. Ancaq indiyə qədər buraya gəlməyə imkanım olmayıbdır. Cümhur başqanı, hörmətli Süleyman Dəmirəl məni buraya hər il dincəlməyə, istirahət etməyə dəvət edir. Ancaq imkanım olmayıbdır. İndi isə dincəlməyə, istirahət etməyə müəyyən qədər məcburən gəlmişəm. Buraya gəlməyimdən çox məmnunam. Güman edirəm, burada bir neçə gün istirahət edəndən sonra Vətənə - Bakıya, Azərbaycana dönəcəyəm.

Mən sizi və sizin şəxsinizdə Antalyanın, Türkiyə Cümhuriyyətinin bütün vətəndaşlarını bir daha salamlayıram, öz hörmət və ehtiramımı bildirirəm. Türkiyə Cümhuriyyətinə uğurlar arzulayıram. Türkiyə vətəndaşlarının hər birinə cansağlığı, səadət, həyatlarında, işlərində uğurlar arzulayıram. Sağ olun.

Mətbuat işçiləri də hər yerdə - Ankarada da, digər yerlərdə də həmişə mənə çox diqqət göstərirlər. Mən sizə təşəkkür edirəm ki, bu gün buraya, mənimlə görüşməyə gəlmisiniz. Təşəkkür edirəm. Çox sağ olun.

"Azərbaycan" qəzeti, 27 may 1999-cu il.