Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kioto Əl Sənəti Mərkəzindəki söhbətindən - 28 fevral 1998-ci il


Biz bu gün burada yapon xalqının incəsənətinin belə gözəl nümunələri - nadir sənət əsərləri ilə tanış olduq. Gözəl bədii tərtibatla hazırlanmış miniatür ölçülü əl işləri, böyük ustalıqla, zövqlə işlənmiş müxtəlif töhfələr, hədiyyələr, yapon xalqının qədim həyat tərzini, adət-ənənələrini əks etdirən əşyalar, bəzək şeyləri nəfisliyi, ecazkarlığı ilə seçilir. Zərif, rəngarəng, milli naxışlarla bəzədilmiş əl işlərində onları yaradan el sənətkarlarının hərarəti duyulur. Hər bir sənət əsəri yaponların həyat tərzinin mədəniyyətini, zövqünü, intellektual səviyyəsini gözlərimiz önünə gətirir. Eləcə də bütün bunlar yaponların qədim xalq yaradıcılığına olan məhəbbətini və ehtiramını bir daha sübut edir.

Bu gün burada olmaq, əl sənəti mərkəzi ilə tanışlıq çox xoş idi. Mən çox şadam və sizə təşəkkür edirəm. Hamınıza işlərinizdə uğurlar arzulayıram.