Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin "Doğan Holding" qrupunun rəhbəri Aydın Doğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə söhbətindən - 6 sentyabr 2001-ci il


Heydər Əliyev: Hörmətli Aydın Doğan!

Hörmətli qonaqlar! Siz Azərbaycana xoş gəlmişsiniz.

Mən sizin bu səfərinizdən çox məmnunam.

Hörmətli dostum Aydın Doğan mən Sizi bir neçə dəfə Azərbaycana dəvət etmişdim. İmkanınız olmayıbdır. Amma indi imkan tapıb mənim bu dəvətimi yerinə yetirmək üçün Azərbaycana səfər etdiyinizə görə təşəkkür edirəm. Sizinlə bərabər Türkiyə mətbuatının görkəmli şəxsiyyətləri gəliblər. İndi demokratik ölkələrdə mətbuat çox böyük yer tutur. Mən bilirəm ki, mətbuatın görkəmli şəxsiyyətləri Türkiyədə nə qədər həm hörməti var, həm sözü var, həm də təsir imkanları var. Təbiidir ki, burada da "Doğan Holdinq" qrupunun öz yeri var.

Sizin holdinq son illərdə çox inkişaf edibdir, böyüyübdür. Təkcə mətbuat sahəsində yox, bir neçə başqa iqtisadi sahələrdə Ona görə indi Türkiyədə  bir çox  böyük yer tutan bir holdinqsiniz.

Mən hesab edirəm ki, sizin Azərbaycanla yaxından tanış olmağınız çox lazımdır. Çünki Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələri xüsusi əhəmiyyət daşıyır. Yəni onun xüsusi yeri vardır. Bizim ölkəmiz Türkiyəyə ən yaxın dost, qardaş ölkədir. Buna görə də bizim ölkəmizi görmək, ölkəmizin problemləri ilə tanış olmaq, sadəcə, görmək, təbiidir ki, sizin kimi böyük informasiya, yaxud təbliğat imkanlarına malik olan holdinq üçün Azərbaycan haqqında daha da doğru, düzgün ədalətli yazılar verməyə, yaxud da proqramlar hazırlamağa imkan verəcəkdir.

Biz bu il Azərbaycanın istiqlaliyyətinin , müstəqilliyinin 10-cu ilini qeyd edirik, bayram edirik. Bu, ilin sonunda olacaqdır. Ancaq bu il elə 10-cu il yubiley ilidir. Bu sırada sizin buraya gəlməyiniz də çox əhəmiyyətlidir. Təəssüflər olsun ki, şəxsən siz Azərbaycana birinci dəfədir gəlmisiniz. Azərbaycan beş-on il bundan öncə nə durumda olub, indi nə durumdadır, onu güman edirəm ki, Türkiyədən baxaraq müqayisə edə bilərsiniz. Amma burada olan dostlarımızdan yəqin əvvəllər Azərbaycanda olmuş şəxslər var, yoxsa elə hamınız birinci dəfədir gəlmisiniz?

İrfan Sapmaz ("Hüriyyəf qəzetinin Azərbaycandakı müxbiri): Cənab prezident, Ərtoğrul Özkök əvvəllər Bakıya gəlmişdir.

Heydər Əliyev: Mən dost sözlərimi deyirəm, indi sizin hamınızın gəlməyinizdən çox məmnunam. İmkan dairəsində bizim həyatımızı görəcəksiniz. Bizim on illik müstəqillik dövründə yaşadığımız dövrə və indi hansı vəziyyətə gəlib çatmağımıza fikir verə bilərsiniz. Bizim bu on ildə çox böyük problemlərimiz olubdur. Siz belə bir hadisəni ötən yüzilliyin 20-ci illərinın əvvəllərində yaşamısınız. Osmanlı imperatorluğu dağılandan sonra Türkiyə Cümhuriyyətinin yaranması və onun inkişaf etdirilməsi, Türkiyəni bugünkü günə, yəni dünyanın həm demokratik, həm hüquqi, həm də hər cəhətdən çox inkişaf etmiş ölkəsi səviyyəsinə gətirmək üçün böyük bir tarix yaşamısınız.

Biz 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illik yubileyi münasibətilə toplaşmışdıq. Siz bir formasiyadan, yəni bir ictimai-siyasi, yaxud iqtisadi formasiyadan digərinə keçməmisiniz. İmperiya dağılıb, Allaha şükürlər olsun ki, böyük öndər Mustafa Kamal Atatürkün və silahdaşlarının sayəsində, onun yerində cümhuriyyət yaranıbdır. Amma türk ordusu o vaxt da olubdur, sonra da olubdur. Yaxud Türkiyənin iqtisadiyyatı. Təbiidir, o vaxtlar Osmanlı imperatorluğu dünyanın yarısını götürmüşdü, ona görə də iqtisadiyyatı daha yüksək idi. Ondan sonra, bütün bunlar əldən gedəndən sonra yenidən inkişafa başladı. Ancaq siz dünyada artıq sübut olunmuş iqtisadiyyat yolu ilə, yəni bazar iqtisadiyyatı yolu ilə getmisiniz. Sizin quruluşunuz sosialist quruluşu, kommunist quruluşu olmayıbdır. Ona görə də siz bu dövrü şəxsən görməsəniz də, sizin ölkəniz biz yaşadığımız dövrü yaşamayıbdır.

Amma bizim ölkəmiz, məsələn, 200 il bundan öncə Rusiya imperatorluğuna daxil olubdur. Biz 120-130 il çar Rusiyasının, ondan sonra 70 il Sovetlər Birliyinin tərkibində olmuşuq. Doğrudur, biz o vaxt buna imperatorluq demirdik. İndi deyirik. Çünki o vaxt hesab olunurdu ki, sosialist sistemi dünyada ən mütərəqqi, ədalətli bir sistemdir. Ancaq eyni zamanda 15 müttəfiq cümhuriyyəti özündə birləşdirərək onların müstəqilliyini əllərindən almaq, böyük bir dövlət qurmaq bu da imperatorluğun bir formasıdır. Ona görə biz 1917, 1920, 1922-ci illərdə böyük sınaqlardan keçmişik. Ondan qabaq rus imperatorluğunun müstəmləkəsi olmuşuq. Ondan sonra sovet hakimiyyətinin qurulması çox böyük proses olubdur. Çünki insanın mülkiyyətini əlindən alıblar, torpağını əlindən alıblar, fabrikini, hər şeyini əlindən alıblar. Şəxsi mülkiyyət yasaq olubdur. Hamısı dövlət mülkiyyəti, ümumi mülkiyyət olubdur. Amma o da ağır bir dövr idi. Çünki insanlar onların əcdadlarının, babalarının bundan öncə topladıqları əmlakı, filanı əllərindən vermək istəmirdilər və bir yerə yığışıb kolxoz olmaq, sovxoz olmaq istəmirdilər. Hətta ondan sonra söhbət gedirdi, başqa ölkələrdə də belə deyirdilər ki, Sovetlər Birliyində hər şeyi toplayırlar, ümumiləşdirirlər. Demək, ailələr də ümumiləşdiriləcəkdir, qadınlar da ümumiləşdiriləcəkdir. O zaman belə söhbətlər var idi.

Biz 70 il bu dövrü yaşamışıq. Biz həmişə bu dövrə də ədalətli münasibət göstəririk. Onun faciələri də olubdur, qara səhifələri də olubdur. Çox itkilər də vermişik. Amma eyni zamanda, bu dövrdə bunlarla bərabər, Azərbaycan çox inkişaf edibdir. Artıq 1991-ci ildə, Sovetlər İttifaqı dağılandan sonra, son imperatorluq dağılandan sonra Azərbaycan müstəqilliyini elan edəndə onun böyük potensialı var idi. İqtisadi potensialı, elmi potensialı, milli potensialı var idi. Bunlar var idi. Ancaq bunlar hamısı köhnə, əski sistem üzərində qurulmuşdu. İndi bunu yeni sistem üzərində qurmaq lazımdır, bu dövr də çox çətin ağır dövrdür.

Əgər nəzərə alsaq ki, bu dövrdə Azərbaycan Ermənistanla müharibə aparmaq məcburiyyətində olubdur, - çünki hələ sovetlər dövründə, 1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ torpağını əlinə keçirmək üçün iddia edibdir və sonra müharibə başlayıbdır, - onda təsəvvür edə bilərsiniz ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edən zaman nə qədər ağır bir durum içində idi. Ondan sonra, təbiidir ki, işləri daha da sürətlə aparmaq olardı. Bir tərəfdən Azərbaycan bu xaosdan, əsarətdən azad oldu, müstəqil oldu, ancaq ikinci tərəfdən, təəssüflər olsun bu vəziyyətdən, bu durumdan və Ermənistan-Azərbaycan savaşından istifadə edən ayrı-ayrı qruplar özlərinə silahlı dəstələr yaratdılar, burada hakimiyyət uğrunda mübarizə apardılar. Ona görə də biz müstəqilliyi əldə edəndən sonra bu problemlərlə rastlaşmasaydıq, bəlkə bu on il ərzində daha da çox irəliyə getmiş olardıq.

Müstəqillik əldə edəndən 1995-96-cı illərə qədər biz Azərbaycanda belə ağır problemlərlə üzləşmişik. Yəni biz bir tərəfdən Ermənistanla müharibə aparmışıq və təəssüflər olsun ki, torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur, şəhidlər vermişik, qan tökülübdür, ikinci tərəfdən də daxildə sabit birlik olmayıbdır. Nəinki sabitlik olmayıbdır, burada ayn-ayrı qruplar silahlı dəstələr düzəldib hakimiyyət uğrunda mübarizə aparıblar. Bunlar hamısı da 1992-ci ilin əvvəlində hakimiyyətin dəyişilməsinə gətirdi. 1992-ci ildən isə burada Xalq Cəbhəsi hakimiyyəti var idi, onlar bir il hakimiyyətdə olduqları zaman Azərbaycanı vətəndaş müharibəsi vəziyyətinə gətirib saldılar. Azərbaycan artıq parçalanırdı. Onun qarşısı alındı. Xalq onun qarşısını aldı. Xalq birləşdi.

Amma 1994-cü ildə yenə bir dəstə burada silahlı çevriliş cəhdi göstərdi. Bunun da qarşısını xalq aldı. 1995-ci ildə başqa bir silahlı dəstə hücum edirdi, bizim orduya hücum edirdi, bizim daxili işlər nazirliyinə hücum edirdi. Yenə də çevriliş cəhdi ilə. Təbiidir ki, biz onda da öz gücümüzü göstərdik, qan töküldü, amma dövləti qoruyub saxladıq. Sonra da terror, filan hadisələri olmuşdur. Ona görə də bizim bu on ildəki həyatımız Sovetlər Birliyi dağıldıqdan sonra müstəqillik əldə edən başqa cümhuriyyətlərin həyatından fərqlidir.

Məsələn, Orta Asiya ölkələrini götürün. Orada heç bir belə problem olmayıbdır. Onların bir problemi olubdur ki, sosialist sistemindən yeni sistemə necə keçsinlər. Onu da özləri nə cür istəyir, o cür də keçirlər. Amma bizim belə problemlərimiz olubdur. Bunlara görə də sizin Azərbaycanı görməyiniz, Azərbaycanın həqiqətlərini, reallığını bilməyiniz lazımdır. Çünki Türkiyədən Azərbaycana baxanda, ayrı-ayn adamlar onu müxtəlif cür görür. Tam əksəriyyəti Azərbaycanı olduğu kimi görür. Amma bəzilərinin də, onun gözlüyü qaradır, yaxud da nədirsə, onlar, aydın görə bilmir, açıq görə bilmirlər. Mən bu barədə çox deyə bilərəm. Ancaq qısaca olaraq bu sözləri sizə dedim ki, mən nə qədər məmnunam, siz gəlmisiniz.

Təbiidir ki, buraya iş adamları çox gəlir. Biz çox böyük işlər aparırıq. Bilirsiniz ki, bizim neft sahəsində çox böyük işlərimiz var. Biz Türkiyənin neft şirkətlərini də buraya qatdıq. Onların burada artıq bir neçə müqavilədə çox önəmli yerləri var. Biz yeddi ildir çalışırdıq ki, Bakı-Ceyhan boru xəttini həyata keçirək. Artıq bunu da etdik. Artıq Bakı - Ceyhan tikilir. Mən hər dəfə Türkiyəyə gələndə "Hürriyyət", "Milliyyət", "Sabah", nə bilim, o birisi, bu birisi qəzetlərin mənə birinci sualları bu olubdur: Bakı - Ceyhan nə vaxt olacaqdır? Olacaqdır, olmayacaqdır? Hər dəfə deyirdim, olacaq, olacaq, olacaqdır. Amma son dəfə gələndə gördüm, bunu soruşmurlar. Mən dedim, nə üçün soruşmursunuz ki, Bakı-Ceyhan nə vaxt olacaqdır?

O vaxtlar Türkiyədə qəribə bir durum var idi. Uşaq da Bakı-Ceyhan deyirdi, qadın da Bakı-Ceyhan deyirdi, yaxud, bir siyasət adamı da Bakı-Ceyhan deyirdi. Biz bunu çözəndən sonra artıq bu proseslər dayanıbdır. Çox gözəl. Yəni biz bunu etdik. Sübut etdik ki, biz bunu edə bilərik.

İndi biz buradan Türkiyəyə qaz vermək istəyirik. Çünki bizim böyük təbii qaz yataqlarımız açılıbdır. Mən mart ayında Ankarada olarkən Azərbaycan ilə Türkiyə arasında bu barədə anlaşma imzaladıq. İndi Gürcüstan ilə də imzalamalıyıq. Çünki qaz boru xətti gərək Gürcüstandan keçsin. Bakı-Ceyhan da oradan keçir. Onu da bu yaxınlarda edəcəyik, qaz da verəcəyik.

Yəni iqtisadi əlaqələrimiz genişdir. Amma təbiidir ki, burada iş adamları Azərbaycanı görür. Amma mətbuat adamlarının görməsi daha önəmlidir. Bax, bunlara görə mən sizə təşəkkür edirəm. Güman edirəm ki, burada olduğunuz zaman Azərbaycanın bugünkü varlığını görəcəksiniz. Sizə yardımçılıq edərlər ki, mənim bu qısa sözlərimin əsasında daha da geniş bilgilər versinlər ki, Azərbaycan bu on ildə hansı yolu keçibdir. Təşəkkür edirəm.

Aydın Doğan: Möhtərəm cümhur başqanımız!

Sizə cümhur başqanımız deyirəm. Çünki Sizin hər zaman dediyiniz kimi, biz iki ayrı dövlət olsaq da, bir millətik. Bu mənada Türkiyə türklərinin də cümhur başqanısınız.

İlk və yeganə türk olaraq Sizin keçmiş Sovetlər Birliyində Siyasi Büroya qədər yüksəlmənizi, rəhbərlikdə üçüncü adam hesab olunan səviyyəyə qalxmağınızı bizlər çox böyük sevinc hissi ilə izləyirdik və qürur duyurduq. Çox çətin olsa da, o vaxtlar Azərbaycana və türkdilli cümhuriyyətlərə etdiyiniz böyük xidmətləri bilir və Sizin o işlərinizi diqqətlə izləyirdik.

1993-cü ildə çox çətin bir vaxtda, Azərbaycanın parçalanaraq məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda Azərbaycana rəhbərlik etməyə başladınız. Sizin rəhbərliyinizlə keçid dövrünü yaşayan Azərbaycan üçün ən vacib olan sabitliyi, əmin-amanlığı ölkənizə bəxş etdiniz.

1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalamaqla Bakı-Ceyhan layihəsinin həyata keçirilməsi üçün ilk əzmkar addımlar atdınız. Siz bu işlərdə Türkiyəyə çox böyük önəm verərək, Türkiyəyə və türklüyə olan sevginizi bir daha bəyan etdiniz, Türkiyə - Azərbaycan strateji əməkdaşlığının inkişafına daim diqqət yetirdiniz.

Möhtərəm cümhur başqanımız!

Sizin Türkiyə-Azərbaycan dostluq əlaqələrinin inkişafına verdiyiniz töhfə çox böyükdür. Mənim bu qısa çıxışımda Sizin böyük işləriniz haqqında məlumat verməyim çox çətindir.

Sizin Azərbaycanda latın əlifbasının tətbiq edilməsi ilə bağlı fərmanınız və bu istiqamətdə apardığınız işlər ən yüksək qiymətə layiqdir.

"Türk ulduzlan"nın Bakıdakı uçuşlarını Azadlıq meydanında bir milyondan çox insanın sevgi ilə seyr etməsi xatirələrdən uzun müddət silinməyəcəkdir. Bu tədbiriər nəticəsində Türkiyə xalqında və Azərbaycan xalqında oyanmış ülvi hisslər Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əyani təzahürüdür.

Sahibi olduğumuz kütləvi informasiya vasitələri daim Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi istiqamətində çalışmışdır. Lakin bundan sonra bu qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə daha çox işlərin görülməsinin zəruriliyini hiss edir və bu istiqamətdə işlərimizin daha da gücləndirilməsinin vacibliyini ifadə etmək istəyirəm.

Möhtərəm cümhur başqanımız!

Çıxışımın sonunda bizi bura dəvət etdiyiniz üçün, gərgin iş rejiminizə baxmayaraq, bizə vaxt ayırdığınız üçün Sizə öz təşəkkürümü bildirir, Azərbaycan naminə, bütün türk dünyası naminə görəcəyiniz o böyük işlərdə Sizə müvəffəqiyyətlər və cansağlığı arzu edirəm. Çox sağ olun.

Heydər Əliyev: Əziz dostum, çox sağ ol. Sizin dediyiniz çox önəmli sözlərə görə təşəkkür edirəm. Ancaq bir şeyi də qeyd etmək istəyirəm. Təbiidir ki, biz bir kökdən olan millətik. Türk dili həm bizim dilimizdir, həm Anadolu türklərinin dilidir, həm də Özbəkistanın, Qazaxıstanın, Türkmənistanın, Qırğızıstanın, başqalarının dilidir.

Ancaq bizim bu köklərdən ayrılan ayrı -ayrı budaqlar o dilləri müəyyən qədər özünəməxsus şəkildə formalaşdırmışdır. Amma siz burada sırf Azərbaycan dilində danışdınız. Bu, mənim üçün çox əhəmiyyətlidir. Çünki yenə də deyirəm, onsuz da biz bir-birimizi anlayırıq. Mənim üçün Türkiyədə kiminləsə danışmaq problem deyildir. Mən Böyük Millət Məclisində bir saat yarım çıxış etdim. Güman edirəm ki, orada olan millət vəkillərinin 99 faizi mənim dediklərimi 99 faiz anladı.

Eləcə də buraya Türkiyədən cümhur başqanları gəlir, başqaları gəlir, baş nazirlər gəlir. Onlar Anadolu türkcəsində danışır və hamı da anlayır. Amma onlardan fərqli olaraq, Siz tamamilə Azərbaycan dilində danışdınız. Bu da çox sevindirici haldır. Doğrudan da bu, Sizin Azərbaycana olan qardaşlıq, dostluq münasibətini göstərir.

Mən latın əlifbasına keçilməsinə çoxdan çalışırdım. Ancaq istəyirdim əvvəlcə insanlar buna alışsınlar. Gördüm ki, bu proses bir az uzanır. Onda mən iyun ayında fərman verdim ki, avqustun 1-dən bütün Azərbaycanda qəzetlər, kitablar latın əlifbasında çıxsın və dövlət orqanlarında bütün yazı isləri latın əlifbası ilə getməlidir. Çoxları dedi ki, bu, mümkün deyildir. Çünki insanların çoxu bunu öyrənməyiblər, bilmirlər.

Bizim müxalifət qəzetlərimiz çoxdur. Sizdə də qəzetlər elə müxalifət kimi bir şeydir. Ancaq sizin müxalifətçiliyiniz burada olsaydı, mən Allaha çox şükür edərdim. Mən istərdim ki, sizin qəzetlərin müxalifətçiliyi bizim qəzetlərdə olsun. Onda Allaha çox şükür edərdim. Ancaq onlar özlərini daha çox türk, yaxud Türkiyəyə yaxın hesab edərək,- bizdə deyirlər ki, Roma papasından da çox katolik olmaq istəyirlər, belələri var,-qəzetlərdə məni tənqid etməyə başladılar ki, Heydər Əliyev bunu ona görə etdi ki, o, bizim qəzetləri diz çökdürmək, yəni bağlatmaq istəyir. Çünki xalq bu əlifbanı bilmir, bizim qəzetləri oxuya bilməyəcəklər. Onların da qəzetdən başqa heç bir şeyləri yoxdur. Elə qəzetlə yaşayırlar, qəzetlə müxalifətliklərini həyata keçirirlər. Belə şeylər çox yazıldı. Ancaq mən düşündüm ki, başqa hallarda olduğu kimi, bu yazıqlar, bu zavallılar burada da özlərini nə qədər ağılsız göstərdilər.

Mən xalqı irəliyə aparmaq istəyirəm. Mən istəyirəm xalq kiril əlifbasından qurtarsın. Amma onlar məni günahlandırırlar ki, sən bunu niyə edirsən. O biri tərəfdən də deyirlər ki, biz daha çox türkük, nəinki sən. Amma mən onlara, xalqa izahatlar verdim.

Mən 1929-cu ildə ilk dəfə məktəbə getmişəm. Onda Azərbaycanda latın əlifbası idi. Azərbaycanın latın əlifbasına keçməsi Türkiyədən bir neçə il öncə olubdur. Hətta mən sizə deyə bilərəm, Azərbaycanın böyük bir yazarı var, Mirzə Fətəli Axundov. O, Azərbaycanda demək olar ki, müasir ədəbiyyatın əsasını qoyanlardandır. Yəni dünyəvi teatrın əsasını qoyanlardandır. O, 1860-cı illərdə Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçmək haqqında təkliflər irəli sürmüşdü. Burada bir neçə adamlarla bu barədə danışıq aparmışdı. O vaxtlar bizdə hər şey İstanbuldakı təcrübə ilə ölçülürdü. Sonra o İstanbula gedir. Orada nitq söyləyib və sübut edibdir ki, latın əlifbasına keçmək lazımdır. Gərək bizim xalqlarımız, yəni türk xalqları ərəb əlifbasından azad olsun. Həmin vaxt orada mollalar, ülamələr, filanlar hamısı toplaşıblar və onu oradan qovublar. Bu, tarixi bir hadisədir. Bu, 1863-cü il-də olubdur.

Sonra, burada sovet hakimiyyəti olan zaman, hələ 1922-ci ildə Azərbaycanın ərəb əlifbasından latın əlifbasına keçməsi üçün komissiya yaradılmışdı.

Onlar çalışıblar və 1924-cü ildən Azərbaycanda tədricən latın əlifbasına keçilirdi. 1926-cı ildə burada ilk türkoloji qurultay olubdur. Sizdə məşhur bir Köprülüzadə vardı. O, İkinci dünya müharibəsindən sonra xarici işlər naziri də olmuşdur.

Aydın Doğan: Fuad Köprülü.

Heydər Əliyev: Biz burada Köprülüzadə deyirdik. O da dilçi idi və 1926-cı ildə burada türkoloji qurultayda iştirak edibdir. Türkiyə latın əlifbasına hamıdan sonra keçibdir. Ona görə deyirəm ki, mən 1929-cu ildə ilk dəfə məktəbə gedəndə latın əlifbası idi. Mən onda ərəb əlifbasını görmədim. Yəni cəmi 4-5 il içində latın əlifbası tamamilə öz yerini tutdu.

Mən on il məktəbdə oxudum, məktəbi latın əlifbası ilə bitirdim. Mən 1939-cu ildə məktəbi latın əlifbası ilə bitirdim, 1940-cı ildə Azərbaycan kiril əlifbasına keçdi. Mənim üçün bu da problem olmadı. Çünki mən o vaxt rus dilini çox yaxşı bilirdim.

Ona görə bu, mənim üçün problem olmadı. Ancaq deyə bilmərəm ki, insanlar üçün problem oldu. 1920-ci illərdə latın əlifbasına keçəndə də belə problem olmamışdı, 1940-cı ildə kiril əlifbasına keçəndə də o qədər problem olmamışdı. Ona görə mən bunu həyatımın təcrübəsindən, Azərbaycan xalqının tarixindən bilirdim ki, sadəcə, fərman vermək lazımdır, məcburiyyət qoymaq lazımdır. Kimsə bir az gecikər, bu, böyük şey deyildir. Əsas odur ki, məsələni həll edəsən. Həll elədik və təbiidir ki, bu da bizi daha da yaxınlaşdırır. İndi bizim adamlar sizin qəzetləri daha da yaxşı oxuyacaqlar.

Siz də bizim qəzetlərimizi daha da yaxşı oxuya biləcəksiniz. Sizin bu sözlərinizə görə bir daha təşəkkür edirəm. Amma latın əlifbası haqqında bəzi əlavə məlumatlan sizə söyləməyi borc hesab edirəm.

Sizin təcrübəniz böyükdür. Çünki keçmişdə Sovetlər Birliyində Azərbaycanda belə açıq mətbuat olmayıbdır. Dövlət televiziyası, dövlət qəzeti, müxalifət yox, başqa fikirli adam yox, insanlar belə yaşayıblar. İndi Azərbaycan müstəqil olandan sonra, demokratiya yolu ilə gedəndən sonra söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı bütün azadlıqlar verilibdir. 1995-ci ildə biz Konstitusiyanı qəbul etdik və bunların hamısını yazdıq. Amma gərək bundan da ağıllı istifadə edəsən.

Bilirsiniz, hərdən olur, insanı bir şeyə məcbur edirsən ki, sən bunu yemə, olmaz. O da fikirləşir ki, bu nədir, mən bunu yeməyim. Amma ona icazə verirsən ki, gəlsin yesin, birdən elə yeyir ki, qarnı partlayır. Bu, həyatda da belədir. İndi bizdə mətbuat, yəni müstəqil mətbuat formalaşır. Bundan sonra da formalaşacaqdır. Ancaq siz bu yolu keçmisiniz və sizin təcrübəniz əlbəttə ki, bizim üçün önəmlidir. Birincisi, ona görə ki, siz böyük təcrübəyə maliksiniz. İkincisi də ona görə ki, siz sərbəst qəzet, sərbəst televiziya nə cür olmalıdır, bunu nümayiş etdirirsiniz, yaxşı göstərirsiniz. Amma təəssüflər olsun ki, bizdə hələ bəziləri o qədər yeyirlər ki, qarınları partlayır. Bu barədə bizim sizin təcrübənizdən istifadə etməyə ehtiyacımız var. İndi nə mümkündür, siz burada söyləyərsiniz.

Bundan sonra bizim əlaqələrimiz daha da genişlənəcəkdir. Biz "Hürriyyət" qəzeti ilə güclü ittifaq qurduq. Yadımdadır, mən Türkiyəyə gedəndə İstanbulda böyük toplantı keçirdik. Bütün qəzetçilərlə görüşdüm. Baxmayaraq ki, hər dəfə gələndə məni hava limanında 40-50 qəzetçi qarşılayır, suallar verirdilər, amma biz böyük toplantı keçirdik ki, orada sərbəst söhbət aparaq. Onlar nə istəyirlər soruşsunlar mən nə istəyirəm, onlara deyim. Ancaq bu, azdır. Bunları daha da çox etmək lazımdır. Ona görə də sizin bu ziyarətiniz önəmlidir.

Aydın Doğan: Möhtərəm cümhur başqanım, sağ olun. Təşəkkür edirəm.

Hörmətli cümhur başqanım biz də burada mətbuat haqqındakı qənaətlərimizi Sizə ayrıca söyləyəcəyik.

Heydər Əliyev: Sağ olun. Bizim Azərbaycanın ilk universiteti var, Bakı Dövlət Universiteti. O, 1919-cu ildə yaranıbdır, böyük tarixi var və çox da yüksək təhsil verən universitetdir. Universitetin elmi şurası qərar qəbul edibdir ki, Sizə, hörmətli Aydın Doğana Bakı Dövlət Universitetinin fəxri doktoru adını versinlər. Nəyə görə? Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişaf etməsində göstərdiyi böyük xidmətlərə görə və bütün başqa sahələrdə də Azərbaycan-Türkiyə əlaqələrinə göstərdiyi böyük xidmətlərə görə. Saat dörddə orada da, universitetdə bütün professorlar, müəllim heyəti toplaşacaqlar və Sizə fəxri doktor adını verəcəklər. Güman edirəm Siz də bunu qəbul edəcəksiniz.

Aydın Doğan: Möhtərəm Cümhur Başqanım, mən məmnuniyyət və şərəflə qəbul edərəm.