Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin NATO-nun Baş katibi Con Robertson ilə görüşü - Prаqа, Kоnqrеs Mərkəzi, 21 nоyаbr 2002-ci il


NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Praqada keçirilən zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev NATO-nun Baş katibi lord Con Robertson ilə görüşmüşdür.

Dəvətini qəbul edərək, NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Praqaya gəldiyinə görə dövlətimizin başçısı Heydər Əliyevə təşəkkürünü bildirən cənab Robertson vaxtilə Bakıya etdiyi səfəri və ona göstərilən qonaqpərvərliyi həmişə məmnunluqla xatırladığını söylədi.

Azərbaycanın NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramına qoşulmasını və bu çərçivədə fəal əməkdaşlığını yüksək dəyərləndirən cənab Robertson respublikamız ilə NATO arasında əlaqələrin daha da möhkəmlənməsindən razılıqla söhbət açdı.

Dünyanın çox böyük əhəmiyyət daşıyan bölgələrindən biri olan Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik məsələsinə NATO-nun böyük maraq göstərdiyini vurğulayan lord Robertson terrorizmə qarşı beynəlxalq koalisiyada Azərbaycanın yaxından iştirakından razılıqla bəhs etdi.

«Sülh naminə tərəfdaşlıq proqramı» çərçivəsində NATO ilə əlaqələrin daha da genişləndirilməsinə Azərbaycanın xüsusi maraq göstərdiyini vurğulayan Prezident Heydər Əliyev bildirdi ki, 1994-cü ildən bu proqrama qoşulmuş Azərbaycan bölgədə sülhün, təhlükəsizliyin bərqərar edilməsini özü üçün əsas məqsəd seçmişdir.

NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Çexiyanın paytaxtında keçirilən zirvə görüşünün böyük əhəmiyyət daşıdığını nəzərə çatdıran Azərbaycan Prezidenti Heydər Əliyev əmin olduğunu bildirdi ki, Praqa sammiti dünyada sülhün, təhlükəsizliyin, sabitliyin bərqərar olunmasında, beynəlxalq terrorizmə və ekstremizmə qarşı mübarizədə Dünya Birliyinin səylərinin daha sıx birləşməsinə yeni güclü təkan verəcəkdir.

Prezident Heydər Əliyev vurğuladı ki, Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin maraqlarına uyğundur.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə NATO-Azərbaycan əlaqələrinin perspektivləri, beynəlxalq aləmdə və regionda vəziyyət, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparıldı. 

AzərTAc