Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Lissabon Zirvə görüşünün yekun iclasında nitqi - 3 dekabr 1996-cı il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

..."Lissabon Zirvə toplantısının bəyannaməsi" adlanan sənədin layihəsinə keçirik. Xahiş edirəm, nəzərə alasınız ki, bütün bu mətn kvadratşəkilli mötərizəyə alınmışdır. Bir sual vermək istərdim: Konsensus üçün həmişə tələb edildiyi kimi, qarşılıqlı anlaşmaya nail olmağa imkan varmı? Çünki konsensus Avropada sülh və sabitlik üçün yeganə zəmindir. Buna görə də xahiş edirəm ki, konsensusa gələsiniz. Soruşuram? İndi bu kvadratşəkilli mötərizələri götürmək üçün konsensus varmı? Azərbaycan.

Azərbaycan Prezidenti Heydər Əliyev: Cənab sədr, hörmətli dövlət və hökumət başçıları. Azərbaycan bu sənəd üçün konsensus vermir, ona görə ki, bu sənədin 20-ci maddəsi mötərizəyə alınmışdır, yəni Ermənistan Respublikası 20-ci maddə üçün konsensus vermir. Bildiyiniz kimi 20-ci maddə Dağlıq Qarabağ üstündə Ermənistan-Azərbaycan münaqişəsinə aiddir. ATƏT bu münaqişə ilə artıq bir çox illərdir məşğul olur. Budapeşt Zirvə toplantısından sonra iki il ərzində ardıcıl danışıqlar getmişdir. Odur ki, Lissabon Zirvə toplantısının bu yekun sənədində Dağlıq Qarabağ üstündə Ermənistan-Azərbaycan münaqişəsi barədə heç nə deyilməsə, bu, başa düşülməz. Buna görə də mən bütün sənədi mötərizəyə almışam. Belə hesab edirəm ki, bu məsələ barəsində mənim qərar qəbul edə bilməyim üçün Ermənistan Respublikası 20-ci maddədən mötərizələri götürməlidir. Əgər Ermənistan Respublikası 20-ci maddəyə konsensus verərsə, mən mötərizələrin götürülməsinə razılıq, yəni konsensus verə bilərdim.

Sədr:Xahiş edirəm, nəzərə alasınız ki, sənədin bu layihəsinin 20-ci maddəsi də kvadratşəkilli mötərizələrdədir. İndi 20-ci maddənin salındığı bu kvadratşəkilli mötərizələri götürmək üçün konsensus varmı? Ermənistan.

Ermənistan prezidenti Levon Ter-Petrosyan: Bütövlükdə aydındır ki, biz bu bəyannaməni alqışlayırıq, amma, təəssüf ki, Ermənistan 20-ci maddə barəsində öz etirazını geri götürə bilməz və onu dünənki çıxışımda şərh etdiyim mülahizələrə görə bəyannamənin ümumi mətnindən çıxarmağı təklif edirəm. Sağ olun.

Sədr: Nümayəndə heyətlərindən daha hər hansı birisi söz almaq istəyirmi? ABŞ.

ABŞ vitse-prezidenti Albert Qor: Təşəkkür edirəm, cənab sədr. Mən yaranmış vəziyyətdən belə başa düşürəm ki, sənədlərdən heç birisi barədə konsensus yoxdur. Azərbaycan bütün mətni əhatə edən öz kvadratşəkilli mötərizələrini götürmədi. Sual belədir: Biz sənəddə əksini tapmalı olan tarazlıq barəsində razılığa gələrək, 20-ci maddənin mahiyyətini götürə bilərikmi və 20-ci maddənin bu mahiyyətini sənədə deyil, ATƏT-in indiki sədrinin bəyanatına daxil olunmasını xahiş edə bilərikmi? Bu, yaranmış vəziyyətdə mümkün olarsa, bəlkə onda Azərbaycan bütün sənədin ətrafındakı öz kvadratşəkilli mötərizələrini götürməyə razılıq verərdi. Məsələ bax belədir. Sağ olun.

Sədr: Təşəkkür edirəm. Zənnimcə, çox yaxşı ideyadır. Təklif bundan ibarətdir. Sənəd 20-ci maddəsiz qəbul edilsin. 20-ci maddə onun barəsində şərtlər irəli sürmüş ölkə istisna olmaqla, ATƏT-in bütün üzvlərinin dəstəyi ilə sədrin bəyanatına daxil edilərdi. Azərbaycan belə halda öz şərtlərini və kvadratşəkilli mötərizələrini götürməyə razılıq verə bilərmi?

Prezident Heydər Əliyev: Bu şərtlə, Azərbaycan ATƏT-in fəaliyyətinə hörmətini, Lissabon Zirvə toplantısına hörmətini, buraya toplaşmış və iki gün ərzində Avropada təhlükəsizliyin və əməkdaşlığın şox mühüm məsələlərini müzakirə etmiş həmkarlarıma hörmətimi ifadə edərək, mötərizələrin çıxarılmasına, yəni bütün mətn barəsində öz etirazlarını geri götürməyə razılıq verərdi, o mənada ki, indiki sədrin adından, burada olan dövlət başçılarının adından bəyanat - haqqında iclasımızın sədrinin dediyi bəyanat veriləcəkdir.

Sədr: Cənab prezident, bizi başa düşdüyünüzə görə çox sağ olun. Biz bu sənədi indi olduğu kimi qəbul edə bilərikmi - bu iclasın gedişində irəli sürülmüş düzəlişlə "Lissabon Zirvə toplantısının bəyannaməsi" qəbul edilir. Söz ATƏT-in indiki sədrinə verilir.

ATƏT-in sədri Flavio Kotti: Cənab sədr, zati-aliləri, xanımlar və cənablar. Zənnimcə, siz razılaşarsınız ki, Lissabonda ATƏT-in bütün bu mərkəzi iclası ərzində hökm sürmüş mühit həqiqətən əla olmuşdur. Mən Azərbaycan nümayəndələrinə onların məsələyə çox ciddi yanaşdığına görə minnətdarlığımı bildirmək istərdim. Hamınız bilirsiniz ki, son iki ildə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsində tərəqqi əldə olunmayıbdır. Təəssüf edirəm ki, tərəflərin tənzimlənmənin prinsiplərinə dair fikirlərini bir-birinə yaxınlaşdırmaq üçün Minsk konfransı həmsədrlərinin səyləri uğursuz olub. Minsk qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını təşkil edəcək üç prinsip tövsiyə edilibdir. Həmin prinsiplər Minsk qrupunun üzvü olan bütün dövlətlər tərəfindən dəstəklənir. Onlar aşağıdakılardır. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü, Azərbaycan tərkibində Dağlıq Qarabağa ən yüksək dərəcəli özünüidarəetmə hüququ verən öz müqəddəratını təyin etmək əsasında Dağlıq Qarabağın sazişlə müəyyən edilmiş hüquqi statusu, tənzimləmə müddəalarına bütün tərəflərin əməl etməsini təmin edən qarşılıqlı öhdəliklər daxil olmaqla Dağlıq Qarabağın və onun bütün əhalisinin təminatlı təhlükəsizliyi.

Təəssüf edirəm ki, Ermənistan bunu qəbul edə bilmədi. Bu prinsiplər bütün digər iştirakçı dövlətlər tərəfindən dəstəklənir.

Bu bəyanat Lissabon Zirvə toplantısının sənədlərinə daxil ediləcəkdir. Sizə təşəkkür edirəm, cənab sədr.