Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Ukrayna Prezidenti Leonid Kuçmanın təkbətək görüşü başa çatdıqdan sonra hər iki ölkənin nümayəndə heyətiarasında Azərbaycan–Ukrayna danışıqlarında çıxışı - Prezident sarayı, 16 mart 2000-ci il


Heydər Əliyev: Cənab Prezident, çox hörmətli Leonid Daniloviç!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda ürəkdən salamlayıram və Sizə, Leonid Daniloviç, dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəldiyinizə görə təşəkkür edirəm.

Son illər ölkələrimiz arasında təşəkkül tapmış münasibətlər yüksələn xətlə inkişaf edir. Bu, təbii ki, şəxsi əlaqələr, görüşlər, fikir mübadiləsi, dövlətlərarası münasibətlər məsələlərinin və digər məsələlərin müzakirəsi üçün zərurət və şərait yaradır.

Fikir mübadiləsinə keçməzdən əvvəl, faciəli hadisə və insan tələfatı ilə əlaqədar sizə bir daha başsağlığı vermək istərdim. Mən sizə başsağlığı teleqramı göndərmişdim və bu başsağlığını həlak olanların ailələrinə çatdırmaq xahişi ilə bunu bir daha şəxsən deyirəm.

Bu gün Azərbaycanda bayram günüdür. Bu, Azərbaycanın milli bayramıdır. Siz bizə bu bayram günündə gəlmisiniz və bu, çox xoşdur, çünki bayram bayramdır, biz bayram əhval-ruhiyyəsindəyik və deməli, sizin gəlişiniz bizim üçün sevinc və bayram olmaqla yanaşı, görüşümüz ikiqat bayram şəraitində keçəcəkdir.

Leonid Daniloviç, Sizin 1995-ci ildə Azərbaycana ilk rəsmi səfərinizdən sonra Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq münasibətləri, bizim zənnimizcə, çox intensiv inkişaf etmişdir. Bu müddət ərzində bizim aramızda – prezidentlər arasında çox görüşlər, o cümlədən mənim 1997-ci ildə Ukraynaya rəsmi səfərim olubdur. Bundan əlavə, Yaltada, Kiyevdə, Moskvada, digər ölkələrdə çox görüşlər olubdur. Biz müxtəlif beynəlxalq konfrans və simpoziumlarda, dövlət başçılarının beynəlxalq görüşlərində birlikdə iştirak etmişik. Müxtəlif məsələlərin müzakirəsi üçün Azərbaycandan Ukraynaya və Ukraynadan Azərbaycana çox nümayəndə heyətləri gedib-gəlmişdir.

Bu gün məmnunluq hissi ilə demək olar ki, bu qısa müddətdə, təxminən beş ildə 60-dək dövlətlərarası, hökumətlərarası sənəd imzalanmışdır və bunlar da münasibətlərimizin gələcək inkişafının xarakterini müəyyənləşdirir.

Ukrayna Azərbaycan üçün dost ölkədir. Bizim fikrimizcə, bu illər ərzində münasibətlərimiz o dərəcədə inkişaf etmişdir ki, indi onlar dostluq, strateji tərəfdaşlıq, sıx əməkdaşlıq xarakteri daşıyır.

Bəyan edirəm ki, əvvəllər olduğu kimi, bu gün də biz dövlətlərimiz və xalqlarımız arasında bütün sahələrdə – siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, elm və digər sahələrdə əməkdaşlığı çox yüksək qiymətləndiririk.

Məmnunluq hissi ilə deyə bilərəm ki, beynəlxalq həyatın bir çox məsələlərində, Ukraynada və Azərbaycanda həyata keçirilən tədbirlərdə Ukrayna ilə Azərbaycanın mövqeləri ya eynidir, ya da bir-birinə yaxındır.

Başlıcası isə, məncə, bundan ibarətdir ki, Azərbaycan və Ukrayna öz ölkələrinin milli, dövlət müstəqilliyinin, suverenliyinin müdafiəsi və möhkəmlənməsi mövqelərində qətiyyətlə dayanmışlar, Ukrayna və Azərbaycan demokratikləşdirmə, bazar iqtisadiyyatı yolu ilə əzmlə gedirlər. Təbii ki, bu, əməkdaşlığımız üçün əlverişli şərait yaradır. Düşünürəm ki, bu əməkdaşlığın daha da inkişaf etməsi, dərinləşməsi və genişlənməsi üçün hələ böyük ehtiyat mənbələri, imkanlar var. Sizin Azərbaycana səfəriniz bizə bu istiqamətdə yeni addımlar atmağa imkan verir.

Sizi bir daha salamlayıram.

Heydər Əliyev: Leonid Daniloviç, biz həm Ukrayna, həm də Azərbaycan nümayəndə heyətləri üzvlərinin məlumatını dinlədik. Hesab edirəm, onların verdikləri bütün məlumatlar təsdiqləyir ki, əməkdaşlığımız irəliləyir və yüksələn xətlə gedir.

Şübhəsiz ki, biz iqtisadi əməkdaşlığın inkişafı üçün tədbirlər görəcəyik. Sizin xahişinizlə neft məhsulları göndərilməsi haqqında öz öhdəliklərimizi yerinə yetirəcəyik, buna əmin ola bilərsiniz, heç bir problem olmayacaqdır.

Siz bilirsiniz ki, Azərbaycan neft, qaz hasilatında, neft məhsulları istehsalında böyük perspektivlərə malikdir.

Bu mövzuda əvvəllər keçirilmiş söhbətlərimiz də qüvvədə qalır. Yəni Bakı–Supsa neft kəməri çəkməyimizin, - beynəlxalq konsorsium tərəfindən «Çıraq» platformasından çıxarılan neft indi bu kəmərlə faktiki olaraq ixrac edilir, - birlikdə xeyir-dua verdiyimiz və yaratdığımız Poti-İliçovsk bərə keçidinin, şübhəsiz, böyük perspektivi olacaq və bunlar birgə həyata keçirdiyimiz böyük proqramın – TRASEKA-nın, İpək yolunun bərpasının bir hissəsidir.

1998-ci ilin sentyabrında keçirilmiş və Sizin, Leonid Daniloviç, fəal iştirak etdiyiniz beynəlxalq konfransı böyük məmnunluqla xatırlayıram. Biz sizinlə bu məsələ barəsində sənədlər imzaladıq. Bu, Azərbaycan ilə Ukrayna arasında və Xəzəryanı ölkələr, yəni Mərkəzi Asiya ölkələri, Gürcüstan, Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin strateji istiqamətlərindən biridir. Hesab edirəm ki, biz bu xətti, bu oxu möhkəmlətməli və inkişaf etdirməliyik, bunun nə dərəcədə səmərəli olacağını, mənə elə gəlir ki, gələcək göstərəcəkdir.

O ki qaldı siyasi sahədə əməkdaşlığa, bəli, 1997-ci ilin oktyabrında Strasburqda biz sizinlə GUÖAM-ın yaradılması haqqında təşəbbüs göstərdik. O vaxtlar bunun nə demək olduğu, niyə, necə yaradılması və sair bəzilərinə aydın deyildi. Bu, həmin ölkələrin dövlət başçılarının iradəsinin ifadəsi idi. İndi göründüyü kimi, əslində, qısa müddətdən sonra bizim bu təşkilat ölkələrimiz üçün çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə, hər şeydən öncə bu təşkilatın iqtisadi tərəfi. Lakin siyasi tərəfi də böyük əhəmiyyətə malikdir.

Təbii ki, Qərbi Avropa strukturlarına inteqrasiya sahəsində Ukraynanın böyük təcrübəsi var. Biz bu yolla gedirik və «Sülh naminə tərəfdaşlıq» proqramında əməkdaşlıqda da, Şimali Atlantika Assambleyasının proqramında əməkdaşlıqda da sizin təcrübənizə və dəstəyinizə ehtiyac duyuruq. Bu yolla getmiş ölkələrin təcrübəsindən, GUÖAM üçün bir model kimi, istifadə etmək barədə onların təklifini yaxşı təklif hesab edirəm.

Biz bu təcrübədən nəyi götürə biləcəyimizi müəyyənləşdirmək üçün birgə işləməliyik.

Təkrar edirəm, biz bir çox siyasi məsələlərdə də sizin dəstəyinizə ehtiyac duyuruq. Mən şadam ki, bu gün Siz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə öz ölkənizin mövqeyini bir daha bəyan etdiniz. Bu gün bəyan edirəm ki, əlbəttə, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzü ilə əlaqədar çox itkilərimiz olmuşdur, neçə illərdir ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, oradan zorla qovulmuş bir milyondan artıq adam çox ağır şəraitdə, əksəriyyəti çadırlarda yaşayır. Buna baxmayaraq, belə bir şəraitdə biz məsələnin sülh yolu ilə nizama salınması üçün tədbirlər görürük. Bu baxımdan Ukrayna bizi həmişə fəal dəstəkləmişdir. Bizi dəstəkləməyiniz barədə bugünkü bəyanatınız da bizim üçün böyük əhəmiyyətə malikdir. Ümidvarıq ki, gələcəkdə Ukrayna Ermənistan–Azərbaycan münaqişəsinin dincliklə nizama salınması prosesinə öz töhfəsini verəcəkdir.

Biz Avropa Şurasına üzvlüyə namizədik və indi bu təşkilata daxil olmaq prosesi gedir. Siz bu yolu keçmisiniz, Ukrayna Avropa Şurasının üzvüdür. Biz bu yolla gedirik və burada da sizin dəstəyinizə ümid bəsləyirik.

Təkcə bunda deyil, həm də Azərbaycanın Avropa, Qərb Birliyinə inteqrasiyası ilə bağlı bütün digər işlərdə də biz sizin təcrübənizə də, dəstəyinizə də ehtiyac duyuruq. Ümidvaram ki, bütün bu məsələlərdə əməkdaşlığımız gələcəkdə daha səmərəli, daha bəhrəli olacaqdır.

Hazırlanmış sənədlər, xüsusən dostluq, əməkdaşlıq və tərəfdaşlıq aqqında müqavilə çox mühümdür. Bu, 1995-ci ildən sonra fəal əməkdaşlığımızın əslində yekunudur. Bu dövr ərzində biz bir sıra birgə sənədlər qəbul etmişik və beləliklə, addımbaaddım irəliləmişik. Elə bu gün imzalayacağımız sənədin də, şübhəsiz, gələcək əməkdaşlığımız üçün çox böyük əhəmiyyəti olacaqdır.

Digər sənəd – 2009-cu ilədək əməkdaşlığımız haqqında müqavilə də çox mühüm məzmuna malikdir və burada çox konkret tədbirlər nəzərdə tutur. Qalan bütün sənədlər də mühümdür. Buna görə də hesab edirəm ki, bu gün biz indiyədək görülmüş işlərdən razı qala bilərik və gələcəyə böyük nikbinliklə baxa bilərik, mən bunu nəzərdə tuturam ki, biz, demək olar, bütün məsələlərdə baxışların oxşarlığını görərək, əslində bütün məsələlərdə bir-birimizi başa düşürük.