Azərbaycan Prezidenti Heydər Əliyevin professor Elizabet Şervud ilə görüşdə söhbətindən - Hyüston, 2 avqust 1997-ci il


Hörmətli xanım Şervud!

Sizi səmimi qəlbdən salamlayır, ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə görə minnətdarlığımı bildirirəm. Mən dünyanın ən qüdrətli dövləti olan ABŞ-a ilk rəsmi səfərimi tarixi hadisə kimi qiymətləndirir və inanıram ki, bu səfər Azərbaycan-ABŞ münasibətlərinin daha da genişlənməsinə güclü təkan verəcəkdir.

Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətdən və demokratik islahatların həyata keçirilməsi sahəsində əldə olunmuş nailiyyətlərdən danışarkən xüsusilə vurğulamaq olar ki, qazandığımız uğurlar olduqca böyükdür. Biz demokratiya və bazar iqtisadiyyatı yolu ilə bundan sonra da inamla irəliləmək və ümumbəşəri dəyərləri mənimsəmək, həyata keçirmək fikrindəyik. Lakin qarşılaşdığımız problemlər, maneələr də az deyildir. Təkcə bir faktı göstərmək kifayətdir ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovulmuş və çadırlarda ağır vəziyyətdə yaşamaqda davam edirlər. Bizim milyardlarla dollar dəyərində maddi və mədəni sərvətlərimiz məhv edilmişdir. Bütün bunlara baxmayaraq Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasının tərəfdarıdır. Buna görə də atəşkəsə razı olmuş və sülh danışıqlarına başlamağa razılıq vermişdir. Biz Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda fəal iştirak edirik, daim konstruktiv yollar axtarırıq.

Nəzərə çatdırıram ki, hazırda Minsk qrupuna üç böyük dövlətin - ABŞ, Rusiya və Fransanın nümayəndələri həmsədrlik edirlər. Biz onların fəaliyyətindən çox şey gözləyirik və ümid edirik ki, BMT-nin Təhlükəsizlik Şurasının üç daimi üzvünün əlbir səyləri ilə münaqişəyə son qoya biləcəyik. Bu baxımdan prezidentlər Bill Klintonun, Boris Yeltsinin, Jak Şirakın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması barədə Denverdə imzaladıqları birgə bəyanatı bir daha yüksək qiymətləndirirəm.

Biz müharibə yox, sülh istəyirik. İstəyirik ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun, qaçqınlar öz doğma yurdlarına qayıtsınlar. Biz bu münaqişənin ATƏT-in Lissabon Zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında həllinin tərəfdarıyıq. Buna görə də Ermənistan silahlı qüvvələri tərəfindən hüquqları tapdanmış bir milyondan çox azərbaycanlının hüquqlarının qorunmasına dünya ictimaiyyətinin əməli kömək göstərməsinin vacibliyi xüsusilə vurğulanmalıdır və bütün dünya münaqişənin tezliklə həll olunmasına yardım əlini uzatmalı və təcavüzkarı öz bədxah niyyətindən əl çəkməyə məcbur etməlidir.