Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Gənc Prezidentlər Təşkilatının nümayəndə heyəti ilə görüşdə söhbətindən - Prezident sarayı, 2 oktyabr 1999-cu il


Hörmətli qonaqlar, mən sizi səmimi-qəlbdən salamlayıram və sizin Azərbaycanla tanış olmaq təşəbbüsünüzü çox bəyənirəm. Şübhəsiz, arzu edirəm ki, Azərbaycan haqqında yaxşı təəssüratlar toplaya biləsiniz. Мən bu qədər böyük tərkibdə nümayəndə heyətini çoxdan görməmişdim. Sizin hamınızın bir уегə toplaşmağınız və birlikdə səyahət etməyiniz də çox maraqlı hadisədir.

Bildiyimə görə, siz gənc iş adamları, biznesmenlərsiniz. Azərbaycana, bölgənin başqa ölkələrinə səyahətiniz də, yəqin ki, müəyyən işlər görmək məqsədi daşıyır. Bu, sizin üçün nə qədər əhəmiyyətli olsa da, о qədər, bəlkə ondan da çox bizim üçün əhəmiyyətlidir. Çünki gənc, müstəqil ölkə, öz iqtisadiyyatını dünya iqtisadiyyatı ilə sıx bağlamaq siyasəti aparan bir ölkə kimi Azərbaycanın, şübhəsiz ki, belə görüşlərə çox ehtiyacı var. Güman edirəm ki, siz burada olduğunuz müddətdə bizim həyatımızı qısa da olsa hiss etmisiniz. Müşavirim Vəfa Quluzadə mənə bildirdi ki, о sizə bu barədə çox ətraflı məlumatlar veribdir. Ancaq hiss edirəm ki, siz mənim dilimdən də nə isə eşitmək istəyirsiniz.

Onu deyə bilərəm ki, Azərbaycan oktyabr ayının 18-də öz müstəqilliyinin səkkizinci ilini qeyd edəcəkdir. Yeni həyat quran, yeni yolla gedən xalq, ölkə üçün səkkiz il о qədər də böyük bir zaman deyildir. Adi şəraitdə yaşayan, müstəqillik yoluna adi şəraitdə düşən ölkələr səkkiz il müddətində çox iş görə bilməzlər. Əgər nəzərə alınsa ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra keçmiş Sovetlər İttifaqının respublikaları ilə müqayisədə bir çox xarici və daxili çətinliklərlə rastlaşıb, onda güman etmək olar ki, bizim üçün bu səkkiz il nə qədər çətin yol olubdur.

Güman edirəm, sizə artıq bu barədə məlumatlar veriblər. Ancaq sadəcə, onu qeyd etmək istəyirəm ki, müstəqillik dövründə həyatı yenidən qurmağımıza və tutduğumuz müstəqillik yolu ilə getməyimizə mane olan ən böyük amillərdən biri Ermənistan-Azərbaycan münaqişəsi və bunun nəticəsində Azərbaycan torpaqlarının 20 faizdən çoxunun işğal olunması, işğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlının zorla çıxarılması, didərgin düşməsi, köçkün vəziyyətində yaşamasıdır.

İkincisi, Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi zaman, yəni 1991-ci ilin sonunda daxili çətinliklər içərisində yaşayırdı. Bunlar təkcə iqtisadi çətinliklər deyildi. О vaxt, Ermənistan- Azərbaycan münaqişəsi, yəni Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanda döyüşlər, müharibə getdiyi zaman ölkənin daxilində müxtəlif qruplar, qüvvələr özlərinə silahlı dəstələr düzəldərək hakimiyyət uğrunda mübarizə aparırdılar. Bunların hamısı bir tərəfdən öz torpaqlarının qorunması sahəsində Azərbaycanı zəiflədirdi, ikinci tərəfdən də Azərbaycanın daxilində sabitliyin yaranmasına imkan vermirdi, insanlar böyük qorxu altında yaşayırdı, ölkədə hərc-mərclik, qanunsuzluq, özbaşınalıq hökm sürürdü. Bütün bunlara görə Azərbaycan öz müstəqilliyinin ilk illərində çox çətin bir dövr yaşayıbdır.

Ancaq biz gördüyümüz işlərlə bu məsələlərdə müəyyən normal vəziyyət yaratmışıq. Birincisi, 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında gedən müharibə dayandırılıb və atəşkəs rejimi tətbiq etmək məqsədi ilə saziş imzalanıbdır. Beş ildir ki, biz atəşkəs rejimi şəraitində yaşayırıq, уəni döyüşlər, müharibə yoxdur. Eyni zamanda sülh də yoxdur. Çünki Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb və işğal edilmiş torpaqlar azad olunmayıbdır. Ancaq beş ildən artıq sürən atəşkəs rejimi Azərbaycanın daxilində rahatlıq yaradıb, ictimai-siyasi sabitliyin yaranmasına kömək edib və iqtisadiyyatla, sosial problemlərlə daha da ətraflı məşğul olmağımıza imkan veribdir.

Azərbaycanda daxili vəziyyəti normallaşdırmaq, yəni ictimai-siyasi sabitliyi təmin etmək də asan olmamışdır. 1993-cü ildə Azərbaycanda daxili vəziyyət о dərəcəyə gəlib çatmışdı ki, artıq vətəndaş müharibəsi başlanmışdı və Azərbaycan parçalanırdı. Gördüyümüz tədbirlər nəticəsində vətəndaş müharibəsinin qarşısını aldıq, Azərbaycanı parçalanmaqdan xilas etdik. Ancaq ondan sonra da daxildə hakimiyyət uğrunda qanunsuz mübarizə, silahlı mübarizə aparan dəstələr öz əməllərindən əl çəkmədilər. 1994-cü ilin oktyabrında, - sizinlə də bu gün, oktyabrın 2-də görüşürük, - oktyabrın 3-də Azərbaycanda silahlı dövlət çevrilişinə cəhd göstərildi. Biz bunun qarşısını aldıq, silahlı dəstələri zərərsizləşdirdik. Ancaq ondan altı ay sonra, 1995-ci ilin mart ayında böyük bir qanunsuz silahlı dəstə Azərbaycanda yenidən silahlı dövlət çevrilişinə cəhd göstərdi. Biz onun da qarşısını aldıq, günahkarların çoxunu zərərsizləşdirdik.

Bütün bu hallarda, yəni 93-cü ildə vətəndaş müharibəsinin qarşısının alınmasında, 94-cü ildə və 95-ci ildə silahlı dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında biz xalqın dəstəyindən istifadə etdik. Əgər bu işdə xalqın dəstəyi olmasaydı, Xalq bizi, hakimiyyəti müdafiə etməsəydi bunları edə bilməzdlk. Çünki о silahlı dəstələr çox böyük gücə malik idilər. Burada bir neçə terror aktları həyata keçirildi. Sonrakı illərdə - 95-ci, 96-cı illərdə də bir neçə terror aktına, hətta prezidentin təyyarəsinin raketlə vurulmasına cəhdlər göstərildi. Biz bunlardan da xilas olduq. Beləliklə, xalqın bizə dəstəyi və Azərbaycan dövlətinin özünü bir dövlət kimi qorumaq qüdrəti bizi bu ağır sınaqlardan, mərhələlərdən çıxardı.

Sonrakı illərdə Azərbaycanda daxili ictimai-siyasi vəziyyəti tədricən sabitləşdirməyə nail olduq. İndi sizi əmin edə bilərəm ki, Azərbaycanda vətəndaşlar rahat yaşayır, cinayətkarlarla mübarizə çox kəskindir, vaxtında onların qarşısı alınıb. Azərbaycanda ictimai-siyasi vəziyyət tam sabitdir. Güman edirəm ki, siz özünüz Bakı ilə tanış olarkən, bəlkə də onun küçələri ilə gəzərkən vətəndaşlarımızın nə qədər sərbəst, nə qədər rahat yaşadığını görə bilərsiniz.

Mən sizə müstəqillik dövrümüzün birinci mərhələsindəki çətinliklərimiz və həyata keçirdiyimiz tədbirlər haqqında danışdım. Ancaq bu işləri görərək, biz eyni zamanda ölkəmizin başqa sahələrini də inkişaf etdirdik. Hesab edirəm ki, bu sahədə ən böyük nailiyyətimiz 1994-cü ilin sentyabr ayında Azərbaycanın Xəzər dənizindəki sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarındakı zəngin neft-qaz ehtiyatlarının müştərək işlənilməsi haqqında dünyanın bir neçə böyük neft şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin imzaladığı müqavilə oldu. Bu günlərdə həmin müqavilənin beş illiyini qeyd etdik, beş il müddətində xarici ölkələrin şirkətləri ilə gördüyümüz müştərək işlər və əldə etdiyimiz nailiyyətlər haqqında dünyaya bəyanatlar verdik.

Mən burada cənab Terri Adamsı görürəm. Sizi Burada görməkdən çox məmnunam. Mən bunu ona görə qeyd edirəm ki, cənab Terri Adams 1994-cü ildə bizimlə bərabər "Əsrin müqaviləsi"nin imzalanmasında və ondan sonra həyata keçirilməsində çox aparıcı fiqurlardan biridir. Müqaviləni imzalamaq ərəfəsindəki dövr çox çətin idi, çoxlu daxili və xarici təsirlərə məruz qalırdıq, çox çətinliklərlə rastlaşırdıq. Biz bunları ötüb keçdik, müqaviləni imzaladıq.

Ondan sonra da bir çox çətinliklərlə rastlaşdıq, müqavilənin icra olunması yolunda bir çox maneələr yarandı. Ancaq biz, yəni Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti, Azərbaycan hökuməti, Azərbaycan prezidenti və Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti cənab Terri Adams, başqa şəxslər, - hamımız birlikdə böyük işlər gördük və yaxşı nəticələr əldə etdik.

"Əsrin müqaviləsi"ndən başlayaraq Azərbaycana xarici investisiyanın cəlb olunması prosesi sürətləndi. Ötən beş ildə biz birinci müqavilədən savayı, 18 müqavilə də imzalamışıq. Bu müqavilələrin Azərbaycana ümumi sərmayəsi 60 milyard dollar təşkil edir. Beləliklə, biz gələcək 50 ilin, bəlkə də 100 ilin proqramını əldə etmişik.

Ancaq biz işimizi təkcə neft-qaz sahəsi ilə məhdudlaşdırmırıq, başqa sahələri də inkişaf etdiririk. Xarici investisiyanın başqa sahələrə də cəlb olunması məsələləri ilə məşğuluq. Məsələn, Azərbaycanda elektrik stansiyalarının tikilməsi, ölkəmizdə güclü elektrik enerjisi mənbələrinin yaradılması bizim qarşımızda duran vəzifələrdən biridir. Avropa Bankından və Dünya Bankından aldığımız kreditlərlə böyük su elektrik stansiyası tikilib, dekabr ayında o, işə başlayacaqdır. Yaponiya hökumətinin çox güzəştli, təxminən 320 milyon dollar həcmində kreditləri ilə biz keçmişdən mövcud olan "Şimal" elektrik stansiyasını yenidən tikib bərpa edəcəyik və bu da Azərbaycanda elektrik enerjisinin həm keyfiyyəti, həm də artması üçün çox böyük imkanlar yaradacaqdır.

İki gün bundan öncə biz Bakı hava limanının aerovağzal kompleksini istifadəyə verdik. Mən iftixar hissi ilə deyə bilərəm ki, bu gözəl kompleks dünyanın ən böyük şəhərlərində olan aerovağzal kompleksləri ilə müqayisə edilə bilər. Biz onu da xarici investisiya vasitəsilə və xarici ölkələrin, о cümlədən Türkiyənin və Böyük Britaniyanın şirkətləri ilə əməkdaşlıq Şəraitində tikib başa çatdırdıq.

Özəl sektor çox böyük tikinti işləri aparır. Bunun üçün bütün şəraiti yaradırıq. Azərbaycana xarici investisiyanın bütün yollarla, xüsusən özəl sektor vasitəsilə gətirilməsi bizim əsas məqsədimizdir. Siz iş adamlarısınız. Ona görə sizə yaxşı məlumdur ki, hər bir ölkədə iş görmək üçün orada siyasi və mənəvi mühit lazımdır - bu, bizdə var. Ölkənin siyasi etibarı olmalıdır - bu da bizdə var. Xaricdən gələn iş adamlarının səmərəli iş görməsi üçün müvafiq qanunlar olmalıdır - bu da bizdə var. Ancaq nəsə çatışmır və bu çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Xalqımız çox mehriban, qonaqpərvər xalqdır, Azərbaycana gələn hər bir iş adamını, yaxud xarici vətəndaşı çox böyük hörmət-ehtiramla qəbul edir. Azərbaycanın prezidenti Heydər Əliyev isə bütün bu işlərin uğurlu getməsi, lazımi şərait yaradılması üçün çalışır və çalışacaqdır.

Biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı yolu ilə aparırıq. Dövlət mülkiyyətinin böyük bir qismi özəlləşdirilibdir. Özəlləşdirmə prosesi davam edir. Arzu edirik ki, xarici şirkətlər Azərbaycanda özəlləşdirmədə, xüsusən infrastrukturun, böyük sənaye müəssisələrinin, başqa sahələrin özəlləşdirilməsində fəal iştirak edə bilsinlər. Bunun üçün biz bütün imkanları yaradırıq. Bəlkə də 10 il bundan öncə Azərbaycanda bilmirdilər ki, "Coca-cola" nədir, "Pepsi-cola" nədir. Amma indi Azərbaycanda "Coka-cola" zavodu, mənə belə gəlir, iki ildir işləyir. Dünən də televiziyadan eşitdim ki, böyük bir "Pepsi-kola" zavodu istifadəyə verilibdir. Bunlar hamısı özəl sektorundur və burada çoxlu xarici investisiyadan istifadə olunur. Biz bunu alqışlayırıq və bundan sonra da şərait yaradacağıq ki, bu işlər daha da genişlənsin.

Bilirsiniz ki, Azərbaycan öz xarici siyasətində, iqtisadi siyasətində Qərb ölkələri - Amerika Birləşmiş Ştatları və Avropa ölkələri ilə daha geniş əməkdaşlıq etməyə çalışır və bu sahədə bizim yaxşı nailiyyətlərimiz var. Biz onu nəzərə alırıq ki, birincisi, bu ölkələrdə yüksək texnika və texnologiya var.

İkincisi, çoxlu vəsait var, deməli, investisiya qoymaq imkanları var. Üçüncüsü, yaxşı təcrübə var. Biz bunların hamısından istifadə etməyə çalışırıq. Şübhəsiz ki, biz qonşu dövlətlərlə də geniş mal mübadiləsi edir, ticarət aparırıq, əməkdaşlıq edirik. Biz ölkəmizi açmışıq, qapılarımız açıqdır. Kim xeyirxah niyyətlə gəlib bizimlə əməkdaşlıq etmək istəyirsə, o, həmişə bizdən dəstək alır.

Demokratik, hüquqi, dünyəvi dövlət kimi, bazar iqtisadiyyatı yolu ilə gedən, sərbəst iqtisadiyyatı inkişaf etdirən dövlət kimi Azərbaycan bu prinsipləri həyata keçirməyə çalışır. Mən çox məmnunam ki, siz Azərbaycana gəlmisiniz, xahiş edirəm уеnə də gələsiniz. Ancaq çox arzu edərdim ki, sizin bu ziyarətinizin konkret nəticələri olsun. Məncə, burada 50 nəfərə qədər adam var, heç olmasa onlardan beşi Azərbaycanda iş görməyə başlasın. Əgər istəyirsinizsə, 10-15-i də görsün, yaxud hamınız görün. Bu arzularla mən öz sözlərimi bitirirəm. Sizi dinləməyə hazıram.

Cerald Oşayrnessi (Nümayəndə heyətinin başçısi): Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab Əliyev!

Mən hər şeydən əvvəl öz qrupumuzun hisslərini sizə çatdırmaq istərdim. Bizim qrupumuzda 12 ölkənin nümayəndələri var. Burada olanların hamısı gənc prezidentlər təşkilatının üzvləridir. Ümumiyyətlə, bizim təşkilatımızda 7 mindən çox üzv var. Burada olan hər bir üzv öz şirkətinin prezidentidir. İndi burada olan 12 ölkənin nümayəndələri sənayenin müxtəlif sahələrini təmsil edirlər. Burada iştirak edən prezidentlər beynəlxalq şirkətləri təmsil edirlər, ona görə də bizim əsas fikrimiz beynəlxalq sahədə biznesə qoşulmaqdır. Bizim çoxumuz sizin ölkənizə ilk dəfə gəlmişik. Bəziləri isə artıq burada işə başlayırlar.

Leyla Akçağıllar (Nümayəndə heyətinin üzvü): - Mən Türkiyənin "Tekfen Holdinq" şirkətini təmsil edirəm. Biz boru kəmərlərinin çəkilməsi ilə məşğuluq. Çox şadam ki, Türkiyə şirkəti burada iş alıbdır.

Heydər Əliyev:  Bakı-Supsada işləmisiniz? Çox gözəl, məmnunam.

Cerald Oşauqnessi:  Xoşbəxtlikdən, qrupumuzda bu sahədə təcrübəsi olan adamlar var. Burada Qərbdə çox məşhur olan bir institutun nümayəndəsi iştirak edir. O, keçmiş sosialist ölkələrində keçid dövrünü öyrənməklə məşğuldur. Bir qədər əvvəl adını çəkdiyiniz Terri Adams da ölkəmizdə kifayət qədər təcrübə toplamışdır.

Heydər Əliyev:  Ən çox təcrübə Terri Adamsdadır.

Cerald Oşauqnessi:  Мən özüm Amerika Birləşmiş Ştatlarının Kanzas ştatından, Sem Braunbəkin olduğu ştatdanam. Məlum olduğu kimi, cənab senator Sem Braunbek sizin buradakı işlərinizə, fəaliyyətinizə çox böyük dəstək verir və işlərinizi çox bəyənir. Faktiki olaraq biz buraya onun məsləhəti, dəstəyi ilə gəlmişik ki, sizin ölkə ilə daha dərindən tanış olaq.

Deməliyəm ki, ilk təəssüratımız fantastikdir. Gözəl hava limanınız var - bu, ən birinci təəssürat idi. Həqiqətən beynəlxalq hava limanıdır. Dünən isə biz şampan şərabı və araq istehsal edən zavodda idik. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevlə görüşdükdən sonra neft haqqında daha çox məlumat əldə etdik. Vertolyotla dənizdə yerləşən iki platformaya - "İstiqlal" və "Çıraq" platformalarına da gedə bildik.

Heydər Əliyev: Çox sağ olun ki, oraya da getmisiniz. Çox məmnunam.

Cerald Oşauqnessi: Təəssüf edirəm ki, neftdən bir az üzümüzə sürtməyə imkan olmadı.

Heydər Əliyev: Orada neft boldur, mən ondan üzümə çox sürtmüşəm.

Cerald Oşauqnessi: Şəkillərinizi görmüşəm. Burada özəlləşdirmə proqramı haqqında da müəyyən məlumat əldə etmişik, çox maraqlıdır. İlk təəssüratlar çox yaxşı, çox müsbətdir. Xüsusilə də bütün səviyyələrdə gördüyümüz qonaqpərvərlik.

Çox xoşbəxtik ki, bir qədər bundan əvvəl Sizin xarici siyasət məsələləri üzrə müşaviriniz Vəfa Quluzadə ilə görüşə bildik. O, bizə valehedici məlumatlar verdi, Sizin qısaca adını çəkdiyiniz məsələlər barədə geniş informasiya verdi. Elə bilirəm ki, burada aldığımız təəssüratlar çox dərindir və uzun sürən təəssüratlar olacaqdır. Bütün nümayəndə heyətinin adından bir daha demək istəyirəm ki, təəssüratlarımız çox müsbətdir. Hesab edirəm ki, bu təəssüratlara əsaslanaraq çoxlarımız burada işə başlamaq üçün imkanlar axtaracağıq.

Xüsusilə bizə ayırdığınız vaxta görə Sizə minnətdarlığımızı bildirmək istəyirəm. Biz bilirik ki, Bakı İpək yolunun çox vacib hissəsidir. Ümid edirik ki, qarşıdakı minillikdə Bakı özünün əsrimizin əvvəlindəki şöhrətini, layiqli yerini geri qaytaracaq və təzə minillikdə yenidən neft paytaxtı olacaqdır.

Sözümün sonunda demək istəyirəm ki, biz çox ləzzətli Xəzər kürüsünün dadına da baxmışıq. Buradan Xəzər dənizinin gözəl mənzərəsini də görürük və bu, təəssüratlarımızı daha da artırır. Cənab prezident, bütün nümayəndə heyəti adından Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizə ən xoş arzularımı yetirirəm. İstərdim bu görüşdən xatirə olaraq Sizə nümayəndə heyətimizin adından bir hədiyyə təqdim edim. Sağ olun.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Xoş sözlərinizə görə təşəkkürümü bildirirəm. Senator cənab Sem Braunbek bizim böyük dostumuzdur. Bizi çox sevindirən məsələ ondan ibarətdir ki, o, Qafqazla, xüsusən Azərbaycanla çox yaxından maraqlanır, qədim, tarixi İpək yolunun bərpası ilə əlaqədar problemlərlə çox ciddi məşğul olur. Siz bilirsiniz ki, qədim İpək yolunun bərpası barədə aparılan tədbirlərin təşəbbüskarlarından biri də Azərbaycandır. Çünki Azərbaycan qədim İpək yolunun ən vacib bir nöqtəsində yerləşibdir. Məhz buna görə də keçən ilin sentyabr ayında qədim İpək yolunun bərpası, TRASEKA proqramının həyata keçirilməsi ilə əlaqədar Bakıda beynəlxalq konfrans keçirildi. Bu konfransda 35 dövlət, yəni İpək yolu üzərində olan dövlətlər təmsil edilmişdi. О cümlədən, gələn nümayəndə heyətlərinin 9- nun başında ölkə prezidentləri dururdu.

Bizi çox sevindirən о oldu ki, cənab Sem Braunbek bu barədə Amerika Parlamentinə, Konqresinə gözəl bir qanun layihəsi hazırlayıb təqdim etdi. Bu ilin aprel ayında biz Vaşinqtonda, NATO-nun 50 illik yubileyində olduğumuz zaman Konqresdə hamımız birlikdə müzakirə etdik. Orada bir çox ölkələrin prezidentləri iştirak edirdi. О cümlədən, mən də orada idim. Çox gözəl müzakirə keçdi. Müzakirədə Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi cənab Beyker çox gözəl nitq söylədi. Amerika prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi cənab Sem Braunbek çox gözəl nitq söylədi. Amerika Birləşmiş Ştatlarının keçmiş prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi cənab Bjezinski çox gözəl nitq söylədi. Başqa şəxslər və bütün prezidentlər də nitq söylədilər.

Bizi çox sevindirir ki, bu iş bu gün də davam edir. İnanırıq ki, Amerika Konqresi bu barədə çox tutarlı qanun qəbul edəcək və qədim İpək yolunun bərpasında hamımız öz səylərimizi göstərəcəyik.

Мən minnətdaram ki, cənab Sem Braunbek sizin kimi hörmətli insanlara bizim bölgəyə, о cümlədən Azərbaycana gəlməyi tövsiyə edibdir. Rica edirəm, mənim təşəkkürümü, minnətdarlığımı ona çatdırasınız. Sizin hamınıza gələcək işlərinizdə uğurlar arzulayıram. Ən çox istəyirəm ki, siz Azərbaycanda iş görəsiniz. Burada kürü də var, şampan şərabı da, araq da var, neft də var. Hər şey var! Sağ olun, hədiyyəyə görə də sizə çox təşəkkür edirəm.