"Yaponiyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Bakı, 7 aprel 1997-ci il) sənədinə tarixi arayış


Yaponiyanın "İtoçu" şirkətinin 1996-cı ildə Azərbaycanın yeni neft strategiyası çərçivəsində "Əsrin müqaviləsi"ndə 3,92% pay alması Azərbaycan-Yaponiya iqtisadi münasibətlərinin əsasını qoyub. Qeyd edək ki, hazırda Yaponiyanın "İNPEX" neft şirkəti də "Əsrin müqaviləsi"ndə 10% payla təmsil edilir. (http://www.bp.com/)

"İtoçu" şirkəti dəyəri beş milyard ABŞ dolları cıvarında olan Bakı-Tbilisi-Ceyhan kimi nəhəng ‎layihəni maliyyələşdirən sponsor qrupunda 3,4%, "İNPEX" isə 2,5% payla yer alıb. (http://www.socar.az/) 

Bu şirkətlərin Azərbaycanda müvəffəqiyyətlə fəaliyyət göstərməsi digər Yaponiya şirkətlərinin də ölkəmizə sərmayə qoymasına həvəs yaradıb. Bu ölkənin şirkətləri Azərbaycanla neft və qaz sənayesi ilə yanaşı energetika, kommunikasiya, infrastruktur, ekologiya üzrə əlaqələr qurmağa maraq göstərir və bu sahələrə investisiya qoyurlar. Hazırda Azərbaycanda Yaponiyanın "Mitsui", "Sumitoma", "Capeks", "Marubeni", "İNPEX" və digər iri şirkətləri öz fəaliyyətlərini davam etdirməkdədirlər. Bundan başqa Yaponiya ‎hökuməti Azərbaycana iqtisadiyyatın bəzi sahələrində yenidənqurma işlərində yardımlar edir, uzunmüddətli kreditlər və qrant vəsaitləri ayırır. (http://www.mfa.gov.az/)

7 aprel 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Bakıda öz iqamətgahında Yaponiyanın işgüzar dairələrinin nümayəndələrini qəbul edib. Yaponiyanın Azərbaycana yeni təyin edilən fövqəladə və səlahiyyətli səfirinin də iştirak etdiyi görüşdə iki ölkənin sahibkarları arasında müştərək iqtisadi layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Görüşdə iştirak edən Yaponiya işgüzar dairələrinin nümayəndələri neft və qaz sənayesi ilə yanaşı energetika, kommunikasiya, infrastruktur, ekologiya üzrə əlaqələr qurmağa maraq göstərən və bu sahələrə investisiya qoymaq imkanlarına malik sahibkarlardan ibarət olub. 

Görüşdə söhbət zamanı Azərbaycan Prezidenti Heydər Əliyev iki ölkə arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin qurulmasını müsbət qiymətləndirib. O, deyib: "Azərbaycan bu bölgədə, Qafqazda Yaponiyanın çox etibarlı və faydalı tərəfdaşı ola bilər. Ona görə də mən sizi Azərbaycanla sıx əməkdaşlığa dəvət edirəm." 

Azərbaycan Prezidenti Heydər Əliyevin 24-26 fevral 1998-ci ildə Yaponiyaya ilk rəsmi səfərindən sonra bu münasibətlər daha da inkişaf edib. Bu səfər iki ölkə arasında hərtərəfli münasibətlərin rəsmi əsaslar üzərində inkişaf etməsinə təkan verib və yapon sərmayələrinin milli iqtisadiyyata axını başlanıb.

7-10 mart 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyada rəsmi səfərdə olub. Səfər çərçivəsində Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 30-dək, Yaponiyadan isə 100-ə yaxın şirkətin nümayəndəsinin iştirak etdiyi forum keçirilib. Forum Yaponiya İnvestisiyalarının Təşviqi Agentliyinin (JETRO) təşəbbüsü ilə təşkil olunub. Tədbirdə çıxış edən İlham Əliyev deyib: "Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik, çox güclü siyasi münasibətlərimiz var. Ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıq münasibətlərimizin rəvan inkişafında mühüm rol oynayır". (http://www.president.az/) 

2007-ci ildə Yaponiyadan Azərbaycana 295 milyon ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da həmin dövrdə ümumi idxalın 5,17%-ni təşkil edib. 2007-ci ildə Yaponiya Azərbaycanın əsas idxal tərəfdaşları arasında altıncı yerdə qərarlaşıb. 2008-ci ilin birinci yarısında isə Yaponiyadan Azərbaycana 122 milyon ABŞ dolları məbləğində məhsul idxal edilib. (http://www.az-customs.net/)

Yaponiya ilə Azərbaycan arasında qazma boruları, taxılyığan kombaynlar, traktorlar, elektrik mühərrikləri və generatorların hissələri, tibb avadanlıqları və cihazlar, yük və minik avtomobilləri idxalda, ixracda isə alüminium, pambıq, qara kürü, meyvə və tərəvəz və s. xüsusi yer tutur. (http://www.mfa.gov.az/)

Hazırda Cənubi Qafqazda Yaponiyanın əsas tərəfdaşı olan Azərbaycan Respublikası bu ölkə ilə yeni texnologiyaların və müasir texnikanın milli iqtisadiyyata tətbiq edilməsi sahəsində və müştərək layihələrin həyata keçirilməsində fəal əməkdaşlığı davam etdirir.

Tarixi arayış 2 oktyabr 2008-ci ildə tərtib edilib.