Azərbaycan Prezidenti Heydər Əliyevin və Türkiyə Prezidenti Süleyman Dəmirəlin başçılıq etdikləri Azərbaycan-Türkiyə nümayəndə heyətləri arasında danışıqlarda çıxışından - 18 oktyabr 1999-cu il


Zati-aliləri Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının böyük dostu, əziz qardaşım Süleyman Dəmirəl!

Mən sizi Azərbaycan torpağında səmimi-qəlbdən salamlayıram. Mənim dəvətimi qəbul edib, vaxt sərf edərək qısa bir zaman içərisində işgüzar səfərə gəlməyinizə görə təşəkkür edirəm.

Mən sizinlə bərabər silahdaşlarınızın da Azərbaycana gəlməsindən çox məmnunam. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi hörmətli Hüseyn Kıvrıkoğlu, baş nazirin müavini, enerji naziri hörmətli Cümhur Ərsuməri salamlayıram və sizin bütün heyətin hamısına "xoş gəlmisiniz" deyirəm.

Sizin Azərbaycana hər gəlişiniz xalqımız, millətimiz, vətəndaşlarımız üçün bir sevincdir, mənim üçün xüsusi sevincdir. Sizin bugünkü səfərinizin ən böyük qiyməti ondan ibarətdir ki, bu gün Azərbaycanın dövlət müstəqilliyini elan etməsi, dövlət müstəqilliyini bərpa etməsi günündən 8 il keçir, bu böyük tarixi hadisənin 8-ci ildönümüdür. Bu gün Azərbaycanda bayram günüdür. Bu gün sizin aramızda, bizimlə bərabər olmağınız Azərbaycanın dövlət müstəqilliyinə, azadlığına nə qədər bağlı olduğunuzu bir daha nümayiş etdirir.

Biz bu gün sizinlə bir çox məsələləri müzakirə etdik. Bu müzakirə bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu, əməkdaşlığı günü-gündən inkişaf edir. Bizim üçün, müstəqil Azərbaycan, Azərbaycan dövləti üçün Türkiyə Cümhuriyyəti, hökuməti, dövləti ilə əlaqələrimiz bütün sahələrdə xüsusi əhəmiyyət kəsb edir. Allaha şükürlər olsun ki, - mən bunu məmnuniyyətlə qeyd edirəm, - Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bu əlaqələr tədricən inkişaf edibdir, son illərdə xüsusən inkişaf edibdir və inkişaf etməkdədir.

Biz bu gün sizinlə bu barədə ətraflı danışdıq və qarşıda duran məsələlərin həll olunması üçün öz fikirlərimizi bildirdik. Bizim fikirlərimiz eynidir. Azərbaycanın daxili və xarici siyasətini sizin dəstəkləməyiniz, Azərbaycanın Ermənistan təcavüzündən xilas edilməsi və bu münaqişənin sülh yolu ilə həll olunması üçün verdiyiniz dəstək, göstərdiyiniz dəyərli fəaliyyətləriniz, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində ölkəmizin gördüyü işlərdə sizin təcrübəniz, məsləhətləriniz, dəstəyiniz bizim üçün həmişə çox böyük dayaq olubdur. Biz bunu həmişə yüksək qiymətləndirmişik və qiymətləndiririk.

Güman edirəm ki, sizin bu səfəriniz zamanı da danışıqlarımız, apardığımız müzakirələr ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirəcək, yüksəldəcəkdir və dostluğumuzu, qardaşlığımızı daha da möhkəmləndirəcəkdir. Onlar onsuz da polad kimi möhkəmdir. Ancaq polad da gərək daim polad olsun.

Biz bir çox məsələlərə toxunduq, o cümlədən Bakı-Ceyhan boru xəttinin tikilməsi məsələsinə çox geniş yer verdik, onu müzakirə etdik. Bilirsiniz ki, 1994-cü ilin sentyabr ayında Azərbaycan ilk böyük neft müqaviləsini imzalayarkən bu müqavilənin şərtlərindən biri böyük neft kəməri - Bakı-Ceyhan neft kəmərinin tikilməsi idi.

Bilirsiniz ki, ötən beş ildə bu sahədə çox işlər görülüb. Hörmətli prezident, bu günlərdə sizin göndərdiyiniz yüksək səviyyəli nümayəndə heyəti ilə bərabər biz "Əsrin müqaviləsi"nin 5-ci ildönümünü bayram etdik. Biz bir daha bəyan etdik ki, bu barədə prinsiplərimiz, baxışlarımız dəyişilməzdir. Yəni Xəzər dənizinin böyük neft və qaz imkanları haqqında hər ay yeni məlumatlar gəlir. Xəzər dənizindəki yataqlardan hasil edilən bu neftin böyük bir hissəsi gərək mütləq böyük neft kəməri ilə getsin. Bu böyük neft kəməri isə Bakı-Ceyhan neft kəməridir.

Keçən ilin oktyabr ayında, Türkiyə Cümhuriyyətinin 75-ci ildönümündə biz böyük bir bəyannamə imzaladıq. Mən bəyan edirəm ki, biz bu bəyannaməyə bu gün də sadiqik. Türkiyə hökumətinin nümayəndələri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında aparılan işlər artıq onu göstərir ki, biz bu məsələnin tam başa çatmasına gəlib çıxmışıq. Mən hesab edirəm ki, buna çox az qalıbdır. Biz bu barədə danışmışdıq, siz də öz fikrinizi bildirəcəksiniz.

İqtisadi əlaqələrimiz genişdir. Türkiyənin iş adamları burada çalışırlar, çoxlu mənfəət verirlər. Bunların ən böyük bir nümunəsi bu gün sizinlə bərabər açdığımız Bakı hava limanındakı beynəlxalq standartlara cavab verən aerovağzal kompleksidir. Yaxud, keçən dəfə siz tarixi İpək yolunun bərpası ilə əlaqədar Bakıda keçirilən beynəlxalq konfransa gələrkən böyük bir otel kompleksini açdıq. O da yeni Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin nümunəsidir. Ancaq təkcə bunlar deyildir. Görülmüş belə işlər çoxdur və daha da çox olacaqdır.

Hesab edirəm ki, Türkiyənin iş adamları ilə Azərbaycanın iş adamları arasında işlər getdikcə daha da yaxşı olacaqdır. Bilirsiniz ki, biz iqtisadi islahatları, özəlləşdirmə proqramını həyata keçiririk. Bilirsiniz ki, biz bazar iqtisadiyyatını inkişaf etdiririk. Ona görə də ölkələrimizin iqtisadiyyatları bir-birinə uyğunlaşır və şübhəsiz ki, bu da əməkdaşlıq etməyə daha da böyük imkanlar yaradır.

Mən sizi bir daha salamlayıram. Sizə bir daha "xoş gəlmisiniz" deyirəm.

Süleyman Dəmirəl: Hörmətli cümhur başkanı, çox təşəkkür edirəm.

Hər zaman olduğu kimi, bu gün də qardaş, dost ölkənin gözəl torpağına ayaq basdığımız andan etibarən bizə göstərilən sevgi, qonaqpərvərlik və bu böyük qardaşlıq hissləri bizim hamımızı çox xoşbəxt etmişdir. Türkiyədəki 65 milyonluq qardaşlarınız bizə Azərbaycanda göstərilən isti münasibətdən çox məmnun qalacaqlar. Çünki bu, onların özlərinə göstərilən münasibətdir.

Azərbaycanın dövlət müstəqilliyinin, milli azadlığının, Anadolu türkcəsi ilə desək, baxımsızlığının bayram edildiyi gündə Sizinlə birgə olmaq bizim üçün çox xoşdur. Ötən 8 il ərzində Sizin rəhbərliyinizlə Azərbaycanda nə qədər çox böyük dəyişikliklər olduğunu ən yaxşı müşahidə edənlərdən biri də mənəm. Çünki mən 8 ildən bəri Azərbaycana tez-tez gəlib-gedirəm. Mən burada hər şeyin nə qədər gözəl dəyişdiyini, çox yaxşı olduğunu görürəm.

Mən hər zaman olduğu kimi, bugünkü görüşümüzün də Azərbaycan-Türkiyə dostluğuna böyük təsir edəcəyinə, ölkələrimizin əlaqələrinin inkişafına yeni təkan verəcəyinə əminəm.

Biz istəyirik ki, Azərbaycanın məruz qaldığı böyük haqsızlıq aradan qaldırılsın, daim sülh əldə edilsin və Qafqazda hər şey yaxşı olsun. Daimi sülh hamımız, bölgədəki hər kəs üçün fövqəladə dərəcədə önəmlidir, amma Azərbaycan xalqı üçün daha çox vacibdir. Biz ötən bu 8 ildə Azərbaycanın hansı çətinliklərdən keçdiyini bilirik. Azərbaycanda müstəqillik əldə edildikdən sonra böyük uğurlar qazanılmışdır.

Türkiyə həmişə Azərbaycanın yanındadır, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir, onun daim inkişaf etməsi üçün əlindən gələn hər bir yardımı göstərmişdir və göstərməkdə də davam edəcəkdir. Əminəm ki, qarşımızdakı onillikdə Azərbaycan iqtisadi və sosial inkişaf sahəsində çox yüksək sürətlə irəliləyəcəkdir. Bölgədəki digər ölkələrlə bərabər Azərbaycanla əlaqələrimiz daha sürətlə irəli gedəcəkdir.

Azərbaycanın təbii sərvətlərinin üzə çıxarılaraq ölkənizdə əhalinin rifah halının yüksəldilməsinə kömək göstərməsində Bakı-Ceyhan boru xəttinin çox böyük rolu olacaqdır. Azərbaycan neftinin və qazının Türkiyə vasitəsilə dünya bazarlarına çıxarılması ən düzgün yoldur. Bu sahədə apardığımız danışıqlar müvəffəqiyyətlə nəticələnmişdir. Biz bu gün də bu barədə söhbət apardıq, Bakı-Ceyhan boru xəttinin yaxın vaxtlarda tikintisinə başlanması üçün görülən hazırlıq işlərini təsdiq etdik. Biz ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının İstanbul zirvə görüşü zamanı Bakı-Ceyhan boru xəttinin tikilməsi haqqında digər tərəflərin iştirakı ilə son sənədin imzalanacağı barədə razılığa gəldik. Bu, sevindirici bir haldır.

Beləliklə, uzun illərdən bəri üzərində işlədiyimiz bir layihə, azərbaycana desək, neft kəməri layihəsi meydana çıxacaqdır. Doğrudan da bu, bir kəmərdir. Yəni bu kəmər insanlarımızı, ölkələrimizi bir-birinə daha möhkəm yaxınlaşdıracaq, bağlayacaqdır.

Türkiyəli iş adamlarının Azərbaycan ilə bağlılığı gündən-günə artmaqdadır. Əminəm ki, ölkələrimizin iş adamlarının əlaqələri bundan sonra daha da möhkəmlənəcəkdir.

Möhtərəm prezident, məhz Sizin rəhbərliyiniz altında Azərbaycan bir dünya dövlətinə çevrilmişdir. Biz həmişə Sizin yanınızda olmuşuq və yenə də Sizin yanınızdayıq. Çox təşəkkür edirik.

Heydər Əliyev: Mən hesab edirəm ki, ayrı-ayrı danışıqlarda - Azərbaycanın baş naziri ilə Türkiyə baş nazirinin müavini, Türkiyə Silahlı Qüvvələri Baş qərargahının rəisi ilə Azərbaycanın müdafiə naziri görüşdülər, biz sizinlə təkbətək danışdıq, sonra birlikdə görüşürük - məsələlərin hamısını müzakirə etdik. Burada həll oluna bilməyən heç bir məsələ yoxdur. Ona görə də mən hesab edirəm ki, sizin bu ziyarətiniz çox uğurludur, xeyirlidir və Türkiyə-Azərbaycan dostluğunun, əməkdaşlığının daha da inkişaf etməsi üçün yeni bir mərhələdir. Bunlara görə sizə təşəkkür edirəm.

Süleyman Dəmirəl: Hörmətli prezident, mən Sizi Türkiyəyə dəvət edirəm. Bilirsiniz ki, Sizdən və bizdən asılı olmayan bir sıra uyğunsuzluqlar baş verdi. Zəlzələ nəticəsində Türkiyə böyük açılara qərq oldu. Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün bizi göstərdiyiniz yardıma görə mətbuat nümayəndələri qarşısında Sizə bir daha təşəkkür etmək istəyirəm.

Türkiyənin çox önəmli mükafatlarından biri "Beynəlxalq Atatürk sülh mükafatı"dır. Bu bölgədə, Qafqazda sülhün bərqərar olunması sahəsində gördüyünüz işlərə görə Türkiyədə bu mükafatı Sizə vermək qərara alınmışdır. Bu mükafat Sizə Türkiyədə təqdim edilməlidir. Yəni mükafatınız məndədir. Nə zaman vaxtınız olsa, bu mükafatı Türkiyədə Sizə təqdim etmək istəyirəm. Ən qısa zamanda Sizi Türkiyədə təkrar görmək, qucaqlamaq və mükafatınızı təqdim etmək istəyirəm.

Heydər Əliyev: Sağ olun.

Hörmətli prezident, bilirsiniz ki, mən Sizi Azərbaycana geniş bir səfərə dəvət etmişdim. Siz də buna razılıq vermişdiniz. Bu səfər sentyabr ayında olmalı idi. Biz buna çox hazırlaşırdıq. Ancaq Türkiyədə baş vermiş zəlzələ bu səfərin həyata keçirilməsinə imkan vermədi. Çünki, məlumdur, mən bunu bir neçə dəfə demişəm ki, Türkiyənin prezidenti kimi siz bu zəlzələ ilə, böyük itkilərlə əlaqədar xarici ölkələrə bütün səfərlərinizi dayandırdınız və ancaq daxili məsələlərlə, xüsusən zəlzələnin vurduğu zərərləri aradan qaldırmaq məşğul oldunuz. Sizin kimi biz də bu zəlzələdən o günlərdə də bu günlərdə də dərd və kədər içindəyik. Sizə bu barədə bir daha "keçmiş olsun" deyirəm, hətta olanların hamısının ailələrinə və bütün ölkənizə, dövlətinizə başsağlığı verirəm.

Buna görə də siz o zaman Azərbaycana səfər etmədiniz. Amma mən məmnunam ki, siz qısa, bir günlük səfərinizə imkan tapdınız.

Bilirəm ki, zəlzələdən sonra siz heç bir yerə getmirsiniz. Amma imkan tapıb buraya gəlirsiniz. Bu, çox sevindirici haldır. Eyni zamanda, bizim əvvəlki danışığımız öz gücündə qalır. Yəni mən sizi Azərbaycana böyük bir səfərə dəvət etmişəm ki, təkcə Bakını yox, başqa bölgələrimizi də görəsiniz, bir çox məsələləri müzakirə edək. Mən bu dəvətimi bir də təkrar edirəm. Ümidvaram ki, siz bunu qəbul edəcəksiniz və uyğun bir zamanda biz bunu birlikdə həyata keçirəcəyik.

Böyük Atatürkün adını daşıyan mükafatın mənə verilməsi mənim üçün böyük iftixar hissi doğurur, mənim üçün böyük şərəfdir. Doğrusu, mən bundan çox məmnun oldum, hətta çox hissiyyatlandım. Bilirsiniz ki, sizdə bu mükafatı adətən aprel ayında verirlər. Siz məni oraya gəlməyə dəvət etmişdiniz. Ancaq məlumdur ki, həmin vaxt mən Amerikada xəstəxanada idim, sizin diqqətiniz, qayğınızla orada müalicə keçirdim. Güman edirəm ki, indi, uyğun bir vaxtda Türkiyəyə, Ankaraya mütləq gələcəyəm. Yəqin ki, onda bu məsələni da başa çatdırmaq olar. Təşəkkür edirəm.

Süleyman Dəmirəl: Türkiyədə görüşənədək.

"Azərbaycan" qəzeti, 20 oktyabr 1999-cu il.