Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İordaniya şahzadəsi Həsən bin Təlal ilə görüşdə söhbəti - Prezident sarayı, 7 iyun 2000-ci il


 Heydər Əliyev: Əlahəzrat hörmətli Şahzadə! Azərbaycana xos gəlmisiniz, səfa gətirmisiniz! Mən sizi səmimi-qəlbdən salamlayıram.

Sizin mərhum qardaşınızla mənim çox Yaxın dostluq əlaqəm var idi. Mən kral Abdulla ilə də həm Azərbaycanda, həm də bu il Davosda görüşmüşəm. İndi Sizin Azərbaycana gəlməyiniz də mənim üçün çox xoşdur. İordaniya ilə Azərbaycan arasında həmisə dostluq, qardaşlıq əlaqələri olubdur. Biz bu əlaqələri davam etdirməliyik, inkişaf etdirməliyik. Mən Sizin bu səfərinizi məhz bu münasibətlə çox yüksək qiymətləndirirəm.

Həsən Bin Təlal: Cənab Prezident, hər şeydən əvvəl, minnətdarlığımı bildirirəm ki, Siz mənim mərhum qardaşım kral Hüseyn ilə yaxşı dostluq əlaqələriniz barədə dediniz. Bilirəm ki, mənim qardaşım bu regionun inkişafi üçün çox İşlər görmüşdür və elə düşünürəm ki, biz bundan sonra da bir-birimizlə həmrəy olacağıq.

Bu gün Bakıda Baş nazirin müavini ilə, eləcə də Xarici İşlər naziri ilə görüşmək imkanım olmuşdur. Qarşılığlı maraq doğuran bir sıra məsələləri müzakirə etmişik. Biz qaçqınlar düşərgəsinə də getmişik. Ümumiyyətlə, sülh dünyanın hər tərəfinə gəlməlidir və sülh dünyanın bütün insanlarına aid olmalıdır. Biz bu çətin vaxtda Sizin ölkədə şəxsi liderliyinizə valeh olmuşuq. Çox sag olun.

 Heydər Əliyev: Çox sag olun. Təşəkkür edirəm. Bəli, sülh hər yerdə, olmalıdır. Tamamilə doğru deyirsiniz. Mən yaxşı bilirəm, mərhum kral Hüseyn Yaxın Şərqdə müharibənin dayandırılmasında və sülhün əldə edilməsində nə qədər böyük xidmətlər göstərmişdir. Siz bizim vəziyyətimizlə yaxşı tanışsınız. Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunubdur və bir milyondan artiq Azərbaycan vətəndaşı, azərbaycanlı, müsəlman öz yerindən-yurdundan didərgin düşübdür. Onların əksəriyyəti çadırlarda yaşayır. Mən çox məmnunam ki, bu gün Siz onların yaşadığı yerə gedib baxmısınız və öz gözünüzlə görmüsünüz. İnsanlar neçə ildir ki, belə ağır şəraitdə yaşayırlar. Hesab edirəm ki, bizim Baş nazirin bu işlə məşğul olan müavini Əli Həsənov Sizə bu barədə geniş məlumat veribdir. Ona görə biz də sülh tərəfdarıyıq. Müharibəni dayandırmışıq və məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq Ermənistan tərəfi bu məsələnin həll olunmasına hələ ki, lazımi imkanlar yaratmır və bir milyon azərbaycanlı da qaçqın vəziyyətində yasayaraq, təbiidır ki, Azərbaycanda həm sosial vəziyyəti ağırlaşdırır, həm də ölkənin iqtisadiyyatina çox təsir edir. Əsas isə odur ki, insanlar öz yerlərindən, yurdlarından didərgin düşüblər, var-yoxlarını itiriblər, öz torpaqlarına dönmək arzusu ilə yaşayırlar.

Həsən Bin Təlal: Cənab Prezident, çox sag olun ki, qaçqınlar haqqında məlumat verdiniz. Bizi narahat edən ancaq Azərbaycanda qaçqınların olması problemi deyil, bizi narahat edən problemə eyni zamanda ölkədaxili qaçqınların olmasıdır. Məlumdur ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə məcburən köçürülmüş insanlar vardır.

 Heydər Əliyev: Azərbaycanın əsas qaçqınları elə ölkədaxili qaçqınlardır.

Həsən Bin Təlal: Bu yaxınlarda, lap tezliklə insan hüquqları normativlərinə yenidən baxılacaqdır ki, bu insanları bir-birindən tam ayıraraq, onların arasında tam sərhəd çəkəcək. Yəni qaçqınlar ayrı, ölkədaxili köçkünlər isə ayrı. Bunların arasında sərhəd çəkmək üçün insan hüquqları normativlərinə yenidən baxacağıq. Elə bilirəm ki, burada biz ərazi, dərketmə baxımından və Sizin dəstəyinizlə həm bu regionda, həm də Mərkəzi Asiya regionunda bu sərhədi çəkə biləcəyik, bu işə yardımçı olacağıq.

Bizim hesablamalarımıza görə, yəni BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesablamalarına görə Qafqazda 2,8 milyon qaçqın vardır. Bu qaçqınların əsas hissəsi Azərbaycanın payına düşür. Sizə məlum olsun ki, mən qeyri-rəsmi məsləhətçi kimi ali Komissarlıqda fəaliyyət göstərirəm. 1988-ci ildə Yaponiya parlamentində belə bir fikir söylənilmişdir ki, bu regionda, Yaxın Şərq regionunda və ümumiyyətlə, neft istehsal edilən ərazilərdə demoqratik sabitlik əldə olunana qədər tam sabitlik olmayacaqdır. Bilirəm ki, bu regionda boru kəmərlərinin tikilməsi məsələsi gündəlikdədir. Biz bu problemlərin hamısını birlikdə əhatə etməliyik. Yəni su, enerji, insan problemləri. Biz bütün bu problemlərin hamısına birlikdə baxmalıyıq.

Məlum oldugu kimi, biz elə bir ərazidə yaşayırıq ki, bu ərazi Mərakeşdən, Atlantik okeanı sahillərindən cənuba qədər, yəni Konqoya, Sudana qədər uzanıb gedır. Buradan isə Qafqaza, Simali Qafqaza qədər gedən narahat bir regionda yaşayırıq. Ötən şənbə günü Əlcəzairda ərəb ölkələrinin bir forumu açılmışdır. Əlcəzair Prezidentinin rəhbərliyi altında keçirilmiş bu forumda ümumiyyətlə, regionda xaosa qarşı mübarizənin perspektivləri və s. məsələlər müzakirə olunmuşdur. Biz Lomonosov adına Universitetdəki görüşlər zamanı da bu mövzuları müzakirə etmişik. Eyni zamanda Çinin Xarici İşlər Nazirliyinin bu işlərlə məşğul olan universiteti vardır. Biz orada da bu məsələləri müzakirə etmişik. Kalininqradda olarkən bu barədə danışmışıq. Ümumiyyətlə, fərqi yoxdur bu problemlər Böyük Göllər ərazisindədir, yaxud Qafqaz ərazisindədir regional ehtiyatların öyrənilməsi, araşdırılması və idarə edilməsi ilə sıx məşğul olmalıyıq.

İkitərəfli münasibətlərə gəlincə isə, biz Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevi öz ölkəmizdə gözləyirik. O bizim ölkəyə gələcəkdir və keçiriləcək görüşlər elə bilirəm ki, Azərbaycanın reallığı barədə kifayət qədər məlumat verəcəkdir. Biz bütün bu məlumatları öyrəndikdən sonra regional ehtiyatların idarə olunması üzrə tədbirləri daha çevik həyata keçirə biləcəyik.

Cənab Prezident, hiss edirəm ki, azərbaycanlılar ərəb dünyasına mənsub olan ölkələri qınaya bilərlər ki, onlar Azərbaycana kifayət qədər fikir vermirlər, diqqət yetirmirlər. Lakin eyni zamanda bizim öz problemlərimiz o qədərdir ki, onların öhdəsindən gəlməkdə çətinlik çəkirik. Amma ümid edirəm ki, gələcəkdə vəziyyət yaxşı istiqamətə doğru dəyişəcəkdir. Çox tezliklə elə bir vaxt gəlib çatacaqdır ki, biz real iştiraka keçəcəyik və humanitar məsələlərdə əsl iştirakçı olacağıq.

Bizim ölkəmizdə də yerli inteqrasiya, humanitar qanun məsələləri ön plandadır. Ona görə də elə bilirik ki, insanların özləri-özlərini dəyərləndirə qiymətləndirə bilməsi olmadan cəmiyyətin inkişafi mümkün deyil.

Cənab Prezident, qonaqpərvərliyinizə görə Sizə minnətdarlığım bildirmək istəyirəm. Baxmayaraq ki, iş cədvəliniz çox gərgindir, vaxt tapıb bizimlə görüşürsünüz. Hesab edirəm ki, bundan sonra biz 1997-ci ildə islam ölkələrinin iştirakı ilə keçirilmiş konfransın qəbul etdiyi qərarlar əsasında, yəni insan dəyərlərinin qiymətləndirilməsi, islam ölkələrinin Zəkat fondunun yaradılması əsasında irəliyə gedəcəyik.

İordaniyanin Kral həzrətləri Sizə ən səmimi salamlarını yetirir. Biz elə bilirik kə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bundan sonra da Azərbaycana yardım edəcəkdir, insanların dəyərinin qiymətləndirilməsi amilinə xüsusi fikir verəcəkdir. Çox sag olun.

 Heydər Əliyev: Sag olun, Təşəkkür edirəm. Mən Sizin fikirlərinizlə tamamilə raziyam. Ancaq bütün bu çətinliklərə baxmayaraq, biz bir-birimizə daha da çox yardım etməliyik, bir-birimizə dayaq durmalıyıq. Azərbaycana etdiyiniz səfərə görə sizə Təşəkkür edirəm. İlham Əliyev mütləq sizin ölkəyə gələcəkdir. Çünki Kral Abdulla onu dəvət edibdir və biz bütün imkanlarımizi təhlil edə biləcəyik. Kral həzrətlərinə mənim çox səmimi qardaş salamımı çatdırın.

Sizin ölkənizə sülh, əmin-amanlıq arzulayıram. Birləşmiş Millətlər Təskilatının Qaçqınlar üzrə Ali Komissarlığında apardığınız işi də çox yüksək qiymətləndirirəm. Bu, XXI əsrin ən böyük problemlərindən biri olaraq qalacaqdır. Sizə bu işdə uğurlar arzulayıram. Sag olun.

Həsən Bin Təlal: Cənab Prezident, biz dəstəyimizi əsirgəməyəciyik.