Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü - İstanbul, Azərbaycan prezidentinin iqamətgahı – «Çırağan» hoteli, 24 iyun 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İstanbulda, onun üçün ayrılmış iqamətgahda ATƏT-in Minsk qrupunun həmsədrləri Nikolay Qribkovu (Rusiya), Rudolf Perinanı (ABŞ) və Üq Perneni (Fransa) qəbul etmişdir.

Azərbaycan prezidentini səmimiyyətlə salamlayan həmsədrlər ölkəmizin başçısı ilə hər bir görüşün çox əhəmiyyətli və səmərəli olduğunu vurğuladılar.

Söhbət zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi barədə geniş fikir mübadiləsi aparıldı.

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlanmış bu münaqişə nəticəsində ərazimizin 20 faizinin hələ də işğal altında qaldığını, bir milyondan çox vətəndaşımızın doğma ev-eşiyindən didərgin düşərək illərdən bəri çadırlarda, çox ağır və dözülməz şəraitdə yaşadığını bir daha nəzərə çatdıran prеzidеnt Heydər Əliyev münaqişənin sülh yolu ilə tezliklə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində səylərin daha da artırılmasının vacibliyini bildirdi.

Görüş zamanı Minsk qrupu həmsədrlərinin apardıqları danışıqların, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa görüşlərinin davam etdirilməsi lüzumu bir daha vurğulanaraq qeyd olundu ki, tezliklə sülh əldə edilməsi üçün bütün səylər səfərbər edilməlidir.

 

AzərTAc