Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasi Silahli Qüvvələri Baş Qərargahinin rəisi, ordu generalı Hüseyn Kıvrıkoğlu ilə görüşdə söhbəti - Ankara, "Çankaya" köşkü, 10 yanvar 2000-ci il


Hüseyn Kıvrıkoğlu:  Sizi gördüyümə çox şadam.

Heydər Əliyev:  Mən mətbuat nümayəndələrinin yanında sizi və sizin şəxsinizdə qəhrəman türk ordusunu, Türkiyə xalqını Ramazan bayramı, Yeni il münasibətile bir daha təbrik edirəm. Sizə cansağlığı, səadət, türk ordusuna böyük uğurlar arzulayıram. 2000-ci il əsrimizin sonuncu ilidir, biz XXI əsrə, üçüncü minilliyə doğru gedirik. Arzu edirəm ki, bu il də, gələcəkdə də Türkiyə daha da güclü, qüdrətli bir dövlət olsun. Türk ordusu indiyə qədər olduğu kimi, böyük öndər Atatürkün yolu ilə gedərək daha da güclənsin və Türkiyənin təhlükəsizliyinin, bölgədə sülhün, əmin-amanlığın təmin edilməsində öz xidmətlərini göstərsin.

Hüseyn Kıvrıkoğlu: Cənab prezident, səmimi sözlərinizə görə təşəkkür edirəm. Əziz dost və qardaş cümhur başkanı hörmətli cənab Heydər Əliyev, mən Sizi Türkiyədə yenidən görməyimdən çox məmnunam. Mən də Sizi və Sizin şəxsinizdə Azərbaycan xalqını və silahlı qüvvələrini Ramazan bayramı, Yeni il - 2000-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm, ölkənizə sülh arzulayıram.

Heydər Əliyev: Yeni üçüncü minillikdə bütün dünyada, eləcə də Qafqazda sülhün bərqərar olması öz müstəqil dövlətini yaratmış biz azərbaycanlılar üçün də çox mühümdür. Biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasını, Azərbaycan ilə Türkiyə arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsini istəyirik. Siyasətimiz də bu istiqamətdədir.

Hüseyn Kıvrıkoğlu: Cənab prezident, Türkiyə ordusu həmişə Vətənin, sülhün keşiyində durub və duracaqdır.

Heydər Əliyev: Mən buna əminəm. Sizinlə görüşümdən çox məmnunam və Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Hüseyn Kıvrıkoğlu: Təşəkkür edirəm, cənab prezident. Sizin dəvətinizi məmnunluqla qəbul edirəm.