Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi ilə görüşü - Tehran, İran prezidentinin dövlət iqamətgahı, 20 may 2002-ci il


Cənab Seyid Məhəmməd Xatəmi onun dəvətini qəbul edib İran İslam Respublikasına rəsmi səfərə gəldiyinə görə Azərbaycan Prezidenti Heydər Əliyevə bir daha minnətdarlığını bildirdi, bu səfəri ölkələrimiz arasındakı münasibətlərdə yeni tarixi hadisə kimi səciyyələndirdi.

İranın qonşu, dost ölkə olan Azərbaycan ilə bütün sahələrdə əlaqələri genişləndirməyə həmişə hazır olduğunu nəzərə çatdıran cənab Seyid Məhəmməd Xatəmi görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi təcrübəsindən istifadə edib ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini bildirdi.

İrana rəsmi səfərə dəvətə, göstərilən qonaqpərvərliyə görə, cənab Seyid Məhəmməd Xatəmiyə minnətdarlıq edən Prezident Heydər Əliyev bu səfərinin Azərbaycan–İran münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox əhəmiyyətli olduğunu vurğuladı.

Tehranda keçirdiyi görüşləri, apardığı danışıqları yüksək qiymətləndirən Prezident Heydər Əliyev imzalanacaq sənədlərin Azərbaycan–İran əməkdaşlığının sürətli inkişafına təkan verəcəyinə əmin olduğunu bildirdi.

Prezidentlər Azərbaycan ilə İran arasında qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi barədə yekdil fikirdə olduqlarını nəzərə çatdırdılar.

Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə müzakirələr aparıldı.