Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyənin Xarici İşlər naziri İsmayıl Cəmi qəbul etmişdir- 24 iyun 2002-ci il


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının on illiyi münasibətilə QİƏT-in üzvü olan və hökumət başçılarının sammitində iştirak edən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev iyunun 24-də İstanbulda, onun üçün ayrılmış iqamətgahda Türkiyənin xarici işlər naziri İsmayıl Cəmi qəbul etmişdir.

Cənab İsmayıl Cəm onu qəbul etdiyinə görə dərin təşəkkürünü bildirərək, ölkəmizin başçısı ilə hər bir görüşünü özü üçün şərəf saydığını söylədi.

Dost, qardaş ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə daim inkişaf etməsindən razılıqla söhbət açan İsmayıl Cəm ikitərəfli münasibətlərimizin strateji xarakter daşıdığını və dönməzliyini vurğuladı.

Söhbət zamanı Xəzərin Azərbaycandakı sektorundakı karbohidrogen ehtiyatlarının işlənilməsində Türkiyənin iştirakı, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin gerçəkləşdirilməsinin ölkələrimizin iqtisadi yüksəlişi, regionda sabitik əldə edilməsi üçün mühüm amil olduğu bildirildi.

Ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazimizin 20 faizinin işğal olunmasından, bir milyondan çox soydaşımızın doğma yurd-yuvasından qovularaq qaçqın vəziyyətinə düşməsindən bəhs edən prezident Heydər Əliyev münaqişənin həlli sahəsində ATƏT-in Minsk qrupunun fəaliyyətindən, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa danışıqlarından söhbət açdı.

İsmayıl Cəm münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılması üçünAzərbaycanın səylərinin Türkiyə tərəfindən dəstəkləndiyini bir daha nəzərə çarpdırdı. Görüş zamanı hər iki ölkə üçün qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Sonra Azərbaycan prezidenti Heydər Əliyev və Türkiyənin xarici işlər naziri İsmayıl Cəm jurnalistlərin suallarına cavab verdilər.

Sual: Cənab prezident, keçirdiyiniz görüş barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi ilə əlaqədar danışıqlar aparıldı. Bizim danışıqlarımız, həmişə olduğu kimi, dostluq-qardaşlıq danışıqlarıdır, fikrimiz eynidir.

Yenə bunu təsdiq etdik ki, Türkiyə-Azərbaycan dostluğu-qardaşlığı əbədi, sarsılmazdır və biz strateji əməkdaşlığımızı davam etdiririk və bundan sonra da davam etdirəcəyik.

Bizim üçün ən vacib məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Bu barədə biz Türkiyə ilə daim məsləhətləşmələr aparırıq, Türkiyə də bizə bu barədə yardım edir. İndi yenə də məsləhətləşmə oldu, söhbət etdik, danışdıq. Ümidvaram, hörmətli nazir İsmayıl Cəm də belə fikirdə olmalıdır ki, biz bu məsələləri sülh yolu ilə çözəcəyik, buna nail olacağıq.

Sual: Cənab prezident, üç dövlətin - Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü necə qiymətləndirirsmiz?

Heydər Əliyev: Bunu hörmətli İsmayıl Cəmdən soruşun.

İsmayıl Cəm: Əvvəlcə, hörmətli cümhur başqanıma təşəkkür edirəm. Türkiyə-Azərbaycan əlaqələrində, Azərbaycan-Türkiyə qardaşlığında hörmətli cümhur başqanım ən böyük rola sahibdir və bu dostluğun təməlində, bu dostluğun gələcəyində hörmətli cümhur başqanı hamımıza örnək olmuşdur və örnək olmağa da davam etməkdədir.

Hörmətli Heydər Əliyev ilə görüşümüz mənim üçün yol göstəricidir. Əlbəttə, hörmətli cümhur başqanımızın dediyi kimi, biz hamımız gerçəkdən sülh istəyirik. Qafqazda sülhün təmin olunmasının Azərbaycan, Ermənistan, Türkiyə və bütün bölgə üçün çox böyük əhəmiyyəti vardır. Azərbaycan və onun hörmətli cümhur başqanı bu sülhün əldə olunmasına öncüllük edir. Hər zaman belə addımlar atılmışdır. Biz Türkiyə olaraq sülh yolunda bu öncüllüyün ən böyük dəstəkçisiyik və belə də davam edəcəyik.

Sizin suala gəlincə, deyə bilərəm ki, üç ölkənin xarici işlər nazirlərinin görüşü, sadəcə, bir məsələ ilə bağlıdır. Bunu qarışdırmamaq lazımdır. Başqa məsələlər müzakirə edilir, edilmir kimi yanlışlıq olmamalıdır. Bu da Cənubi Qafqazda münaqişələrin həllinin asanlaşdırılmasına kömək etmək olarmı, ya olmazmı məsələsidir. Bu görüşün əsas məqsədi budur, bununla bağlıdır. Bu, Türkiyənin təşəbbüsüdür. Buna Azərbaycan ilk gündən dəstəyini vermişdir. Ermənistan tərəddüddən sonra - hər kəsin öz dəyərləndirməsi də ayrı mövzudur - bunun faydasını, nəhayət, anlamışdır.

Belə bir görüş keçirildi, danışıqlar fikir mübadiləsi çərçivəsində keçdi. Hər halda, bu görüş bundan sonra da,- yəni, görüş iki tərəfli də ola bilər, birlikdə də ola bilər, - davam edəcəkdir. Biz Türkiyə olaraq münaqişələrin həllində bir asanlaşdırıcı rol oynaya bilsək, onu da edəcəyik.

Sual: Siz Ermənistanın xarici işlər naziri ilə görüşdünüz, danışıqlar apardınız. Ermənistan mövqelərində bir yumşalma hiss etdinizmi?

İsmayıl Cəm: Mən bu barədə bir söz deyə bilmərəm. Amma mənim keçirdiyim görüş sadəcə mövcud olan bu münaqişənin həllinin asanlaşdırılmasına yardım məqsədi daşıyırdı. Yəni Azərbaycan da məsələyə eyni şəkildə baxmaqdadır, bu işə Türkiyə ilə eyni münasibətdə yanaşır.

Ermənistanla belə bir şey yoxdur. Üçtərəfli görüşün, məsələlərə baxışların məqsədi münaqişənin həllinin asanlaşdırılmasına kömək etməkdən ibarət olmuşdur. Hamısı bundan ibarətdir.

Sual: Sentyabrın 11 də baş vermiş hadisələrdən sonra Amerika Birləşmiş Ştatları Qarabağ və Qafqazdakı gerçəkliyi dərk etməyə başladı. Bu sahədə Türkiyə də Qafqazda, xüsusilə Qarabağda ədalətin bərpasını arzu edir. Bundan sonra Türkiyənin Qarabağ olayına münasibəti necə olacaqdır.

İsmayıl Cəm: Doğrusu, biz Amerikadan dəstək alıb, nəsə etmirik. Türkiyə bölgə ölkəsidir. Bu məsələnin çözülməsində, sadəcə, iki dövlətin deyil, Türkiyənin də, bütün bölgənin də ciddi marağı var. Bizim asanlaşdırıcı köməyimiz alınarsa, bunu etməyə hazır olduğumuzu ortaya qoyduq. Bizim görüşümüz üçlü çərçivədədir.

Mən Vilayət bəylə görüşəndə bu məsələ ilə bağlı üçtərəfli görüşlə bağlı bir razılığa gəldikdə, bu üçtərəfli görüş olacaqdır. Yaxud mən Ermənistanın xarici işlər naziri ilə görüşsəm, bu, Türkiyə ilə Ermənistan arasında ola bilməz, üçtərəfli olacaqdır. Bu, Qarabağ məsələsidir, Cənubi Qafqazın təhlükəsizlik məsələsidir, bunlar müzakirə ediləcək. Yəni çərçivə, məqsəd məlumdur, görüşlərdə razılıq olunacaq.