Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər ilə təkbətək görüşdə söhbəti - Prezident sarayı, 11 iyul 2000-ci il


Heydər Əliyev: Hörmətli cənab Prezident! Qardaş və dost Türkiyədən Azərbaycana xoş gəlmisiniz. Sizi səmimi-qəlbdən salamlamaqdan məmnun olduğumu bildirmək istərdim. Mənim dəvətimi qəbul edərək respublikamıza rəsmi səfərə gəldiyinizə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Türkiyənin onuncu prezidenti olan Sizin xarici ölkələr arasında ilk dəfə Azərbaycana rəsmi səfərə gəlməyinizi çox əlamətdar hadisə kimi dəyərləndirirəm. Respublikalarımız arasında dostluq, qardaşlıq münasibətləri, qarşılıqlı əməkdaşlıq dərin köklərə malikdir. Bu əməkdaşlıq Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət siyasətinin əsasını təşkil edir.

Demokratik inkişaf, bazar münasibətləri yolunu seçmiş Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində mühüm işlər görülür. İslahatların müvəffəqiyyətlə aparılması nəticəsində uğurlar əldə olunur. Ölkəmiz üçün ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda ağır, dözülməz şəraitdə yaşayır. Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa aparılan danışıqlar. Türkiyənin bu sahədə respublikamıza göstərdiyi daimi dəstəyi məmnunluqla qeyd edirəm.

Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etməsi bizi çox sevindirir. 1999-cu ildə İstanbulda məşhur "Çırağan" sarayında bir sıra ölkələrin dövlət başçılarının iştirakı ilə Bakı-Ceyhan əsas ixrac boru kəməri barədə sazişin imzalanmasını çox böyük tarixi hadisə kimi dəyərləndirirəm.

Əhməd Necdət Sezər: Dost ölkədə mənə göstərdiyiniz iltifata və səmimi sözlərə görə, xalqınıza və əziz qardaşım, Sizə dərin minnətdarlığımı bildirirəm. İlk dəfə Azərbaycana rəsmi səfərə gəlməyimdən böyük qürur duyuram.

Sizin, cənab Prezident, düzgün siyasətiniz nəticəsində son illər Azərbaycanda yaranmış müsbət dəyişiklikləri yüksək qiymətləndirirəm. Bölgənin iki mühüm ölkəsi olan Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin böyük sürətlə inkişaf etməsindən, beynəlxalq təşkilatlarda qardaş ölkələrimizin eyni mövqedən çıxış etməsindən, bir-birini daim dəstəkləməsindən məmnunluq duyuram. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün prezident uzaqgörən siyasətiniz nəticəsində son vaxtlar göstərilən səylərdən razılıq hissi ilə danışmamaq mümkün deyil. Türkiyə bu münaqişənin aradan qaldırılmasında Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəkdir. Mən əminəm ki, Azərbaycan-Türkiyə əlaqələri daha da inkişaf edəcək, beynəlxalq aləmdə, bölgədə vəziyyət, hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə biz yenə də eyni fikirdə olacağıq.

İcazə verin Sizə bir daha təşəkkür edim və Sizi Türkiyəyə rəsmi səfərə dəvət edim.

Heydər Əliyev: Mən də Sizə minnətdarlığımı bildirirəm və dəvətinizi məmnunluqla qəbul edirəm.