Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Məsud Yılmaza - Bakı şəhəri, 28 oktyabr 1998-ci il


Hörmətli cənab Baş nazir!

Türkiyə Respublikasının Milli bayramı - Cümhuriyyət gününün 75-ci ildönümü münasibətilə sizə, Türkiyə hökumətinə və bütün qardaş türk xalqına ən səmimi təbriklərimi yetirirəm.

Türkiyə Cümhuriyyətinin keçən 75 ildə iqtisadi inkişaf və ümumi tərəqqi yolunda əldə etdiyi böyük nailiyyətlər, Qərbin qabaqcıl texnologiyalarına yiyələnərək dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilməsi bütün Azərbaycan xalqında və şəxsən məndə böyük iftixar hissi doğurur. Bu gün böyük Atatürkün yolu ilə gedən Türkiyə Respublikası bizim üçün nümunə olmaqla bərabər, həm də Qafqazın və Azərbaycanın iqtisadi inkişafına, regionda əmin-amanlığın və ümumi tərəqqinin əldə edilməsinə önəmli töhfələr bəxş edir.

Bütün bunlar qardaş türk xalqı kimi, bizi də ürəkdən sevindirir. Türkiyə Cümhuriyyəti ilə Azərbaycanın ənənəvi dostluğu və qardaşlığınım qədim və möhkəm kökləri var. Müştərək mədəniyyətimiz, mənəviyyatımız, qarşılıqlı hörmət və sevgimiz iki qardaş xalq, onları təmsil edən hökumət və dövlət arasında sarsılmaz əlaqələrin əsasını qoymuşdur. Mən Türkiyə ilə çoxtərəfli və möhkəm əməkdaşlığımızın bütün sahələrdə inkişaf etməsindən, xüsusilə son illərdə sürətlə inkişaf edən iqtisadi əlaqələrdən məmnunluq duyuram.

Əminəm ki, birgə səylərimiz sayəsində qardaş xaqlarımız arasında uğurla inkişaf edən iqtisadi əlaqələr və işbirliyi bundan sonra daha da genişlənəcək və dərinləşəcək, qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın ümumi rifahına və əmin-amanlığına, regionda iqtisadi yüksəlişin, sabitliyin möhkəmlənməsi işinə xidmət edəcəkdir.

Hörmətli cənab Baş nazir!

Bu əziz bayram günündə qardaş Türkiyə xalqına, Türkiyə Cümhuriyyətinə səadət, tərəqqi və daim çiçəklənmə arzulayıram. 

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.