Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə təbriki - Bakı şəhəri, 23 oktyabr 2001-ci il


Hörmətli cənab Prezident!

Əziz dostum, qardaşım!

Qardaş Türkiyə Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və dost Türkiyə xalqını ürəkdən təbrik edirəm.

Biz tarixi-milli kökləri eyni olan, zəngin mənəvi dəyərlərə malik xalqlarımızın dostluğunu, əməkdaşlığını hər şeydən uca tuturuq. Bir millətin iki dövləti olaraq ölkələrimizin daim bir-birinə göstərdiyi qarşılıqlı dəstəyi, inam və etimadi yüksək qiymətləndiririk. Böyük Atatürkün yolu ilə irəliləyən Türkiyə Cümhuriyyətinin uğurları bizi həmişə sevindirir. Bu gün qardaş Türkiyənin Dünya Birliyində layiqli yer tutması, beynəlxalq aləmdə qazandığı nüfuz və hörmət qəlbimizi iftixar hissi ilə bürüyür.

Dövlətçiliyin inkişafı və möhkəmləndirilməsi, demokratiyanın bərqərar olunması sahəsində ölkənizin son dövrlərdə qazandığı nailiyyətlərdə Sizin rolunuz böyükdür.

Əziz qardaşım!

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyəyə əmin-amanlıq və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti