Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti - 24 fevral 2001-ci il


Əziz həmvətənlər!

Bu gün biz xalqımızın və bəşəriyyətin tarixinə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi daxil olmuş Xocalı faciəsinin qurbanlarının xatirəsini dərin hüzn və kədər hissi ilə yad edirik. 1992-ci il fevralın 26-da ən müasir silahlar və texnika ilə təchiz olunmuş Ermənistan hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etdilər, yüzlərlə günahsız mülki əhaliyə - qadınlara, qocalara, uşaqlara amansızcasına divan tutdular. Xüsusi qəddarlığı ilə seçilən bu təcavüz aktı təkcə Xocalı əhalisinə deyil, bütövlükdə insanlığa qarşı misli görünməmiş cinayət idi. Əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aksiyaları törədilmişdir. Amma Xocalı soyqırımı bunların ən dəhşətlisi olmuşdur.

Lakin bunu da ayrıca qeyd etmək lazımdır ki, Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa qədər silahlanmış, düşmən qarşısında titrəməmiş, özünü itirməmiş, qeyri-bərabər döyüşdə əsl qəhrəmanlıq və şücaət nümunələri göstərmişdilər.

Xocalı faciəsini xatırlayarkən faciənin törədilməsinə imkan yaradan, öz vəzifə borclarının yerinə yetirilməsinə cinayətkarcasına məsuliyyətsiz yanaşan Azərbaycanın o zamankı rəhbərliyinin miskinliyinin və cılızlığının da şahidi oluruq. Öz vətəndaşlarının təhlükəsizliyini və müdafiəsini təmin etməyə borclu olan hakimiyyət orqanları tam fəaliyyətsizlik və xalqın taleyinə biganəlik nümayiş etdirmiş, mühasirə vəziyyətində olan şəhəri və onun sakinlərini xilas etmək üçün heç bir iş görməmişlər.

Təəssüf ki, müasirlərimizin gözləri qarşısında baş verən bu ağır faciəyə, soyqırım aktına dünya ictimaiyyəti də biganə qalmış, ona prinsipial mənəvi-siyasi qiymət verməmişdir.

Bizim, bugünkü Azərbaycan rəhbərliyinin və ölkə vətəndaşlarının qarşısında dünya siyasi dairələri və beynəlxalq ictimaiyyət üçün Xocalı faciəsinin, Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ probleminin obyektiv mənzərəsini yaratmaq, xalqımıza qarşı törədilən cinayətlərin xarakterini və miqyaslarını bütün çılpaqlığı ilə açıb göstərmək, məzlum, əzabkeş cildinə girmiş erməni millətçilərinin əsl simasını ifşa etmək vəzifələri durur. Bu, həm soyqırımı qurbanlarının xatirəsi önündə müqəddəs borcumuzdur, həm də insanlığa belə zidd hərəkətlərin dünya təcrübəsindən götürülməsi üçün zəruridir.

Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edərkən onların qarşısında hər birimizin vicdan və vətəndaşlıq borcu haqqında düşünürük. Bu borcu ödəməyin ən yaxşı yolu Xocalı qəhrəmanlarının uğrunda öz həyatlarını qurban verdikləri idealları yaşatmaq, müstəqil Azərbaycan dövlətini qorumaq, onun sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməkdir.

Bu milli matəm günündə Xocalı şəhidlərinin məsum xatirəsi önündə bir daha baş əyir, onların haqq işinə sədaqətimizi bildirir, soyqırımı qurbanlarına Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına və bütün xalqımıza başsağlığı verirəm.

"Azərbaycan" qəzeti, 25 fevral 2001-ci il.