Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azad Avropa" "Azadlıq" radiostansiyası direktorunun müavini Pol Qobl ilə görüşdəki söhbətindən - Prezident sarayı, 3 mart 1998-ci il


Cənab Qobl! Sizin Azərbaycana gəlməyinizi salamlayıram.

Sizin haqqınızda çox eşitmişəm. Keçmiş Sovetlər İttifaqına mənsub olmuş ölkələrlə, o cümlədən Azərbaycanla çoxdan maraqlanmağınızdan xəbərdaram. Siz müəyyən mənada ABŞ-da bizim region üzrə mütəxəssissiniz. Ona görə də yenidən Azərbaycana gəlməyinizdən məmnunam. Respublikamıza gəlişinizin məqsədi qaçqınların yaşadıqları düşərgələrə getməyinizi, ölkəmizin həqiqətən ən ağır və vacib problemi - işğal edilmiş torpaqlardan zorla qovulub qaçqın, köçkün şəraitində yaşayan vətəndaşlarımızın vəziyyəti ilə tanış olduğunuzu razılıqla qeyd edirəm. Tamamilə doğru buyurursunuz ki, dünyanın bir çox ölkəsində, o cümlədən ABŞ-da Azərbaycanın real vəziyyətini, təəssüflər olsun, çox az adam bilir. Bunun səbəbi bir tərəfdən öz problemlərimizi dünyada təbliğ etməkdə bizim zəifiiyimizdirsə, ikinci tərəfdən isə ayrı-ayrı ölkələrdə erməni diasporunun hökuməti, ictimaiyyəti aldatmaq cəhdlərinin çox uğurlu olması ilə bağlıdır.

Bildirmək istəyirəm ki, Dağlıq Qarabağı Azərbaycandan qoparıb özünə birləşdirmək üçün Ermənistanın atdığı ilk addımların, yəni təcavüzün başlanmasının on ili tamam olur. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyon vətəndaşımız qaçqın vəziyyətində yaşayır. Onların yaşayış şəraiti ilə tanış olmağınızdan məmnun qaldığımı bildirirəm. Amerikada bu həqiqəti bilənlər də ədalətli qərar qəbul etmək istəmirlər. Buna misal olaraq 907-ci maddəni xatırlatmaq istəyirəm. Biz Azərbaycan həqiqətlərini dünyanın hər yerinə, o cümlədən ABŞ-a çatdırmağa çalışırıq. Bununla bağlı olaraq keçən il mənim ABŞ-a rəsmi səfərim zamanı görülmüş işləri xatırlatmaq və eyni zamanda bildirmək istəyirəm ki, bu, hələ yetərli deyildir. Biz hələ ki, dünyada ictimai rəyi düzgün formalaşdıra bilməmişik. Ona görə də sizin təşəbbüsünüzü yüksək qiymətləndirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, gələcəkdə də Azərbaycanın həqiqətlərini ABŞ ictimaiyyətinə və hakimiyyət dairələrinə çatdırmaq üçün fəaliyyətinizi əsirgəməyəcəksiniz. Siz Azərbaycanda çoxdan olmamısınız və güman edirəm ki, qaçqınların yaşayışı ilə yanaşı, ölkəmizin ümumi vəziyyəti ilə və burada baş vermiş dəyişikliklərlə də müəyyən qədər tanış ola bilmisiniz. 

Tarixi arayış

MEDİA