Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ senatının nümayəndə heyətini qəbul edərkən söhbətindən - 30 oktyabr 2000-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, xoş gəlmisiniz. Amerika Birləşmiş Ştatları Senatının Beynəlxalq Əlaqələr Komitəsinin nümayəndələrinin Azərbaycana gəlməsini mən çox məmnuniyyətlə qarşılayıram. Güman edirəm ki, siz artıq burada müəyyən işlər görmüsünüz və müəyyən təəssüratlar toplamısınız. Ona görə də sizi dinləmək istəyirəm.

Ross Uilson: Cənab prezident, mən Maykl Vesfalı və Yan Bjezinskini böyük məmnuniyyət hissi ilə Sizə təqdim etmək istəyirəm. Bilirəm ki, cənab Bjezinskinin atası ilə Sizin çox uzunmüddətli əlaqələriniz vardır.

Heydər Əliyev: Bəli.

Ross Uilson: Onların Azərbaycana səfəri Amerika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsinin Azərbaycana olan marağını nümayiş etdirir, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinin təzahürüdür. İcazə verin, mən sözü cənab Bjezinskiyə və Vesfala verim.

Heydər Əliyev: Buyurun.

Jan Bjezinski: Cənab prezident, icazə verin, bildirim ki, bu gün burada Sizinlə görüşmək bizim üçün olduqca böyük şərəfdir. Sizə deyim ki, mənim atam Sizə özünün ən səmimi salamlarını, dərin hörmət və ehtiramını yetirməyi tapşırmışdır. O, heç özü bilmirdi ki, biz Sizinlə belə görüşə biləcəyik. Amma, mən bu səfərə hazırlaşarkən onunla söhbət etdikdə, çox böyük ruh yüksəkliyi ilə mənə Sizin barənizdə, Azərbaycan haqqında və ABŞ-Azərbaycan münasibətləri barədə söhbətlər etdi. Çox geniş söhbətimiz oldu.

Bildiyiniz kimi, cənab Vesfal Senator Helmsin baş müşaviridir və o, əsasən senatorun Azərbaycan, Qafqaz, bu region üçün fikirlərinin, siyasətinin formalaşmasında cavabdeh olan şəxsdir. Mən isə senator Helmsin Rusiya, MDB dövlətləri və NATO ilə münasibətlər sahəsinə cavabdehəm. Ona bununla bağlı yardımçılıq, müşavirlik edirəm.

Senator Helms məni və Vesfalı Azərbaycana göndərərək buradakı vəziyyətlə daha yaxından tanış olmağımızı, onun üçün məruzələr hazırlamağımızı tapşırdı. Çünki o, Azərbaycana, dünyanın bu bölgəsinə çox böyük maraq göstərir, ABŞ-ın burada çox böyük marağı olduğunu anlayır.

Bilirsiniz ki, noyabr ayındakı seçkilərdən sonra Vaşinqtonda yeni hökumət fəaliyyətə başlayacaqdır. Ona görə də həm Amerika Konqresində, həm də Ağ evdə bizim xarici siyasətimizin yenidən qiymətləndirilməsi və müəyyənləşdirilməsi prosesi başlayacaqdır.

Cənab senator Helms belə bir fikirdədir ki, xarici siyasətin formalaşdırılmasında Azərbaycan ilə ABŞ arasındakı münasibətlərə müvafiq reaksiya göstərilsin, bu əlaqələrə yüksək önəm verilsin.

Heydər Əliyev: Sağ olun. Mən sizə təşəkkür edirəm. Birincisi, mənim dostum Zbiqnev Bjezinskidən gətirdiyiniz salama görə çox təşəkkür edirəm. Cənab Bjezinski həqiqətən mənim çox yaxın dostumdur və sevdiyim bir insandır.

Mən onu qiyabi olaraq çoxdan tanıyıram. Cənab Bjezinski ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi olanda Sovetlər İttifaqının ən çox qorxduğu adam o idi. Çünki o vaxtkı hakimiyyət dövründə Ağ evdə o, çox böyük rol oynayırdı. Ona görə də onunla şəxsən tanış olmaq mənim üçün çox vacib idi. Bu, Azərbaycan artıq dövlət müstəqilliyini əldə etdikdən, mən Azərbaycanın prezidenti olduqdan sonra mümkün oldu. Dəfələrlə görüşlərimizdə mən həmişə daha çox dərk etmişəm ki, o, nə qədər ağıllı, bilikli, dünya siyasətinə düzgün, ədalətli münasibət göstərən həm alimdir, həm siyasətçidir, həm də böyük şəxsiyyətdir.

Sentyabr ayının əvvəlində mən Vaşinqtonda olarkən ABŞ-Azərbaycan Ticarət Palatasının böyük toplantısında hörmətli dostum Bjezinski çox böyük bir nitq söylədi və yenə də Azərbaycanın Amerika Birləşmiş Ştatları üçün bu regionda nə qədər gərəkli və vacib bir ölkə olduğunu bütün toplaşanlara sübut etdi. Onun Azərbaycana səfərləri bizim üçün çox əhəmiyyətli olubdur. Xüsusən, Azərbaycanda olarkən Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində ölkəmizin torpaqlarının 20 faizinin işğal olunması ilə öz yerindən-yurdundan didərgin düşmüş, çadırlarda yaşayan qaçqınların yanına gedib, onlarla görüşüb, öz təəssüratlarını danışmaq - bunlar bizim üçün çox qiymətlidir.

Xatirimdədir, o, çadır şəhərciklərində qaçqınlarla görüşəndən sonra çox böyük həyəcan hissi ilə mənə danışırdı ki, dünyada münaqişələr baş verən bir çox ölkələrdə - Əfqanıstanda, Afrikada, Hindistanda, Pakistanda və başqa yerlərdə olmuşam, amma hələ bu qədər ağır vəziyyətdə yaşayan insanları görməmişəm. Təbiidir ki, bu, bizim üçün çox əhəmiyyətlidir. Cənab Bjezinski gördüyü şeyləri harada lazımdırsa, orada bildirir və ona görə çox əhəmiyyətlidir ki, ölkəmiz haqqında, torpaqlarımızın işğal edilməsi, bir milyon qaçqınımız olması haqqında Amerika Birləşmiş Ştatlarının bəzi dairələrində ya düzgün məlumat yoxdur, qərəzli münasibət var və belə bir vəziyyətə lazımi reaksiya verilmir.

Xatirimdədir, mən 1997-ci ildə ABŞ-da rəsmi səfərdə olarkən biz birlikdə Corctaun Universitetinə getdik və orada o, böyük mərasimi mənim dostum Bjezinski aparırdı. O, çox realist fikirli adamdır. Orada da demokratiya haqqında, yeni demokratik yola düşmüş ölkələr haqqında çox realist fikirlər irəli sürmüşdü. Bu fikirləri daha da dəqiq şəkildə cənab Bjezinski sentyabr ayının 8-də ABŞ-Azərbaycan Ticarət Palatasının böyük toplantısında bir daha bildirdi. Gərək ki, cənab səfir orada var idi və bunları dinləyirdi. Bunlar ona görə qiymətlidir ki, bu insan hər şeyə realist nöqteyi-nəzərdən baxır. Bir var nəzəriyyə, bir var mücərrəd fikir, biri də var reallıq və real vəziyyət. Cənab Bjezinski onunla fərqlənir ki, çox realist bir siyasətçidir.

Mən Vaşinqtonda sizin evinizdə qonaq da oldum. Ailənizlə birlikdə biz yemək yedik. O vaxt təəssüf etdik ki, siz yox idiniz, siz də orada olmalıydınız. Sizin çox gözəl ananız var. O mənada ki, çox ağıllıdır, gözəl heykəltəraşdır, çox gözəl insandır. Ona görə də sizin ailənizə mənim xüsusi münasibətim var. Mən çox məmnunam ki, siz bu gün Azərbaycandasınız.

Senator Helmsin bizim bölgəyə olan münasibəti də, təbiidir ki, bizim üçün çox maraqlıdır. Biz həmişə istəmişik ki, ABŞ-ın rəsmi dairələrində, o cümlədən Konqresdə, Senatda Azərbaycanın reallığı, bugünkü vəziyyəti haqqında doğru-düzgün, ədalətli təsəvvür olsun. Təəssüf ki, bir çox hallarda biz bunu görə bilmirik. Ona görə də sizin bu səfərinz, hesab edirəm ki, sizin obyektiv təəssüratınız və senator Helmsə verəcəyiniz məruzə Azərbaycanın reallığı haqqında daha da geniş təsəvvür yarada bilər. Mən güman edirəm ki, sizdə qarşıdakı prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, Azərbaycanla ABŞ arasındakı əlaqələr davam edəcəkdir. Biz istəyirik ki, bu əlaqələr daim geniş olsun. Daha da geniş, mehriban olsun və biz Amerika Birləşmiş Ştatlarının daha çox dəstəyini ala bilək. Güman edirəm ki, siz öz işlərinizlə bu sahədə bizə yardım edəcəksiniz. Atanıza, ananıza mənim səmimi salamlarımı, hədsiz hörmət və ehtiramımı çatdırın.

Jan Bjezinski: Cənab prezident, mən atam haqqında Sizdən belə yüksək və xoş sözləri eşitməkdən olduqca məmnunam, böyük şərəf duyuram. Deyim ki, söylədiyiniz sözlərlə razılaşmamaq olmur.

Cənab prezident, Siz evimizdə olduğunuz zaman həmin şam yeməyində olmamağımdan bir tərəfdən utanıram, digər tərəfdən qürur duyuram. Utanıram ona görə ki, belə gözəl bir imkanı əldən verdim, Sizin oradakı dəyərli sözlərinizi dinləməkdən məhrum olmuşdum. Amma qürur da duyuram, yəni sevinirəm ona görə ki, mənim oğlum dünyaya təzəcə gəlmişdi və çətin anda həyat yoldaşımı qoyub ziyafətə getmiş olsaydım, o, məni düzgün anlamazdı.

Heydər Əliyev: Təbiidir, tamamilə doğrudur.

Jan Bjezinski: Cənab prezident, icazə versəydiniz, mən senator Helmsin Azərbaycan və region barədə düşüncələrini xarakterizə edən üç kateqoriyanı Sizin diqqətinizə çatdırardım. Birincisi, senator Helms Azərbaycanı və bu bölgədə olan dövlətləri də Rusiyanın təsiri altında qalmağa məcbur olmuş ölkələr kateqoriyasına salır. Əvvəllər ABŞ-da belə bir məfhum yalnız Şərqi Avropa ölkələrinə aid edilirdisə, senator Helms hesab edir ki, Azərbaycan kimi dövlətlər də uzun illər milli qürura mənsub olan, bu hissi daşıyıb yaşatmış xalqlardandır ki, onların Rusiyadan qurtulmasına kömək etmək lazımdır.

İkincisi, senator Helms Azərbaycana baxışlarında təhlükəsizlik məsələlərini önə çəkir. O, hesab edir ki, Azərbaycanın təhlükəsizliyi bütün regionun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Bu, Azərbaycanda, bölgədə olan enerji ehtiyatlarının və zəngin təbii ehtiyatların dünya bazarlarına çatdırılması üçün ölkənin sabit və təhlükəsiz yaşamasının təmin olunmasına yardım etmək deməkdir.

Üçüncüsü isə, senator Helms Azərbaycanda demokratiyanın inkişafını bütün regiona demokratiyanın yayılması kimi görür. O, hesab edir ki, gələcək təhlükəsizliyin təmin olunmasının əsasını da məhz Azərbaycanda demokratiyanın kök atması, əsl demokratik, inkişaf edən bir dövlətə çevrilməsi təşkil edir.

Heydər Əliyev: Yaxşı. Buyurun, siz də bir söz demək istəyirsinizmi?

Maykl Vesfal: Cənab prezident, düzdür, mənim cənab Bjezinskinin olduğu kimi, Sizi tanıya biləcək atam yoxdur. Amma mən də çox məmnunam və şərəf duyuram ki, Siz vaxt tapıb bu gün bizi qəbul etdiniz.

Cənab prezident, həmkarım Yan Bjezinski ilə tamamilə razıyam ki, Azərbaycan ABŞ üçün olduqca böyük əhəmiyyətə malik bir dövlətdir. Cənab Helms Azərbaycana xüsusi maraq və diqqət göstərir. Bizi buraya göndərməsi, buradakı vəziyyəti düzgün dəyərləndirib, onun üçün hesabat hazırlamağımızı istəməsi də elə buraya olan marağının bir təzahürüdür. Mən hesab edirəm ki, biz geriyə dönüb öz hesabatımızı hazırlayarkən ölkənin prezidenti ilə də görüşmək imkanımız olduğunu yazarıq. Bu görüş hazırlayacağımız o hesabatın daha təfərrüatlı olmasına, ABŞ-Azərbaycan münasibətlərinin bütün cəhətlərini əhatə etməsinə təminat verəcəkdir və ona görə də Sizə təşəkkür edirik.

Heydər Əliyev: Mən hesab edirəm, sizin sözlərinizdən belə nəticə çıxarıram ki, senator cənab Helmsin düşüncələri ilə razılaşmaq olar. Amma biri var ki, bu məlumatları almaq, bir də var ki, bu problemlərin həll olunmasına əməli kömək etmək. Azərbaycanın buna ehtiyacı var. Mən güman edirəm ki, sizin bu səfəriniz müsbət nəticə verəcəkdir və Azərbaycan sizin dediyiniz prinsiplər əsasında inkişaf etmək üçün ABŞ-ın daha çox dəstəyini alacaqdır. Sağ olun.

"Azərbaycan" qəzeti, 31 oktyabr 2000-ci il.