Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Beynəlxalq Atatürk sülh mükafatının təqdim olunması mərasimində nitqi - 1 noyabr 1999-cu il


Zati-aliləri, Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostum, qardaşım hörmətli Süleyman Dəmirəl!

Zati-aliləri, Türkiyə Cümhuriyyətinin baş naziri hörmətli Bülənd Ecevit!

Zati-aliləri, Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisinin başqanı hörmətli Yıldırım Akbulut!

Zati-aliləri, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi hörmətli Hüseyn Kıvrıkoğlu!

Hörmətli nazirlər, millət vəkilləri, ictimai-siyasi xadimlər, elm xadimləri, mədəniyyət xadimləri, mətbuat nümayəndələri!

Hörmətli xanımlar və cənablar, bacılar və qardaşlar!

Əziz dostlar!

Mən sizi səmimi qəlbdən salamlayıram və bu gün Türkiyədə, Ankarada sizinlə bərabər, birlikdə olmağımdan böyük məmnuniyyət, qürur hissi duyuram.

Biz sizinlə birlikdə 17 avqust fəlakətini yaşadıq. Bu zəlzələ Türkiyə Cümhuriyyətinə böyük zərərlər gətirdi, zərbələr vurdu. Amma biz Azərbaycanda hesab edirik ki, bu, eynən Azərbaycana da zərərlər gətirdi, zərbələr vurdu. Çünki biz qardaşıq, dostuq. Bizi bir-birimizdən heç bir şey ayıra bilməz. Biz bu dərdi o gündən sizinlə birgə çəkirik və sizinlə də bərabər olacağıq. Fəlakətdən sonra biz əlimizdən gələn yardımı etdik və bundan sonra da edəcəyik.

Hörmətli prezident, əziz qardaşım Süleyman Dəmirəl ilə bərabər bu gün biz bu fəlakətin mərkəzi olan Kocaelidə, İzmitdə olduq, bir çox görüşlər keçirdik, fəlakətdən zərər çəkmiş insanlarla görüşdük. Kocaeli Universitetində olduq, orada dərs ilinin açılışında iştirak etdik. Bunlar hamısı Türkiyə-Azərbaycan dostluğunun və mənim qardaşlıq dostluğumun təzahürüdür.

Mən zəlzələ olan kimi Türkiyəyə gəlmək arzusunda idim. Ancaq o vaxt bu, məsləhət görülmədi. İndi isə Türkiyəyə gələrkən ilk növbədə bu yerləri ziyarət etməyim, fəlakətdən zərər çəkmiş insanlarla görüşməyim və Türkiyə Cümhuriyyətinin, dövlətinin, xalqının orada qısa müddətdə böyük işlər gördüyünün şahidi olmağım mənim üçün çox əzizdir.

Bu gün hər şeydən əvvəl, mən türk xalqına, Türkiyə Cümhuriyyətinə bir daha "keçmiş olsun" deyirəm, fəlakətdə həlak olmuş insanlara Allahdan rəhmət, yaralanmış insanlara şəfa diləyirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Türkiyə xalqı, cümhuriyyəti - əsrlər boyu böyük sınaqlardan, imtahanlardan çıxmış xalq və Atatürk tərəfindən yaranmış cümhuriyyət bu imtahandan, bu sınaqlardan da uğurla çıxacaqdır.

Aparılan işlər onu göstərir ki, dağılan, uçulan, pozulan hər şey qısa müddətdə bərpa olunacaq, bəlkə də bundan yaxşısı yaranacaqdır. Ancaq sizi də, bizi də incidən insanların şəhid, həlak olmasıdır.

Bu gün biz orada fəlakətdən zərər çəkmiş insanlarla görüşdük. Nə qədər böyük fəlakət, faciə içində olsalar da, onlar Türkiyə Cümhuriyyətinin prezidentini və məni böyük sevgi, məhəbbət hissi ilə qarşıladılar. Onların üzü gülürdü, bu insanlar bizimlə böyük nikbinliklə danışırdılar. Bu, onu göstərir ki, Türkiyə vətəndaşları, türk xalqı öz dövlətinə, hökumətinə inanır, etibar edir və ümidlə yaşayır ki, onların bütün problemləri həll olunacaq, onlar əvvəlkindən də yaxşı yaşayacaqlar.

Əziz dostlar!

Mən bu gün böyük həyəcan içindəyəm. Çünki mən böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan beynəlxalq sülh, barış mükafatına layiq görülmüşəm. Bu mükafatı, ödülü belə təntənəli şəraitdə mənə Türkiyə Cümhuriyyətinin ən yüksək vəzifələrində olan şəxslərin iştirakı ilə Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostum, qardaşım Süleyman Dəmirəl təqdim etdi. Təbiidir, siz mənim bu həyəcanımı, duyğularımı hiss edirsiniz.

Mən həyatımda çox mükafatlar almışam. Mənim tərcümeyi-halım, bioqrafiyam burada sizə çatdırıldı. Mən 75 yaşımın 60 ili ərzində çalışmışam, işləmişəm. Keçmişdə Sovetlər Birliyinə xidmət etmişəm, son 8 ildə isə müstəqil Azərbaycana xidmət edirəm. Keçmişdə gördüyüm işlərə görə mən Sovetlər Birliyi kimi fövqəldövlətin ən yüksək mükafatlarını, nişanlarını almışam. Mən bir çox digər ölkələrin də mükafatlarını, nişanlarını almışam. Ancaq Türkiyə Cümhuriyyətinin mükafatını, Türkiyə Cümhuriyyətinin banisi, böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan mükafatı almaq və xüsusən sülh adını daşıyan mükafatı almaq mənim üçün böyük şərəfdir. Hesab edirəm ki, bu mükafat mənim indiyə qədər aldığım mükafatların hamısından yüksək, qiymətlidir.

Mustafa Kamal Atatürk Beynəlxalq Sülh Mükafatının yüksək qurumunun bu mükafatın mənə verilməsi haqqında qəbul etdiyi qərar - bu quruma hörmətli baş nazir rəhbərlik edir - böyuk tarixi əhəmiyyət kəsb edən bir qərardır. Ona görə mən bu qurumun üzvlərinin hamısına öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Mənim fəaliyyətimə və xüsusən sülh sahəsində fəaliyyətimə verilən belə yüksək qiymətə görə minnətdar olduğumu bildirirəm.

Çox sevinirəm, çox şadam ki, mən bu mükafatı əziz dostum, qardaşım, Türkiyə Cümhuriyyətinin prezidenti, hörmətli Süleyman Dəmirəlin əlindən aldım, bu qızıl nişanı o mənim döşümə taxdı, bu mükafatı o mənə təqdim etdi. Bunlar mənim həyatımda ən yuksək qiymətə malik olan, tarixi əhəmiyyət kəsb edən hadisədir.

Əziz qardaşım, dostum, hörmətli Süleyman Dəmirəl, bütün bunlara görə sizə, sizin hamınıza bir daha təşəkkür edirəm.

Mustafa Kamal Atatürk XX əsrin dünyada ən böyük şəxsiyyətlərindən biridir. Zaman keçdikcə onun şəxsiyyətinin nə qədər böyük olduğu daha da hiss ediləcəkdir, dərk olunacaqdır, bilinəcəkdir.

Mustafa Kamal Atatürkün türk xalqı, Türkiyə qarşısında və eyni zamanda türk dünyası qarşısında, beynəlxalq aləmdə çox böyük xidmətləri olubdur. Məhz bu xidmətlərə görə o, bu qədər yüksək hörmətə malik olubdur.

Mustafa Kamal Atatürk böyük istedadlı insan olmuş, onun istedadı gənc vaxtlarından özünü göstərmişdir. O hələ Türkiyə Cümhuriyyətini qurub-yaradana qədər də böyük qəhrəmanlıqlar göstərmiş, istiqlal savaşına başçılıq etmiş və Birinci Dünya müharibəsindən sonra Osmanlı imperatorluğu dağılan zaman Türkiyəni dağıtmaq, parçalamaq, məhv etmək istəyən ölkələrin, qüvvələrin hamısının qarşısının alınmasını təşkil etmiş və buna nail olmuşdu.

Mustafa Kamal Atatürkün ən böyük xidməti Türkiyə Cümhuriyyətini yaratmasıdır. Biz bəlkə bu gün bunu adi hadisə kimi qəbul edə bilərik, ancaq heç də yox. Bu, heç də adi hadisə deyildi. Türkiyənin Osmanlı imperatorluğunun 700 illik fəaliyyəti şəraitində, onun təsiri altında yaşamış insanları cümhuriyyət qurmağa sövq etmək, cəlb etmək və bu cümhuriyyətin qurulması fikrini ortaya atmaq, bu cümhuriyyəti qurmaq, yaratmaq və onu yaşatmaq Mustafa Kamal Atatürkün çox böyük xidmətidir, demək olar ki, tarixi xidmətidir. Zaman, əsrlər keçəcək türk xalqı, türk köklü, türkdilli xalqlar, türk dünyası bunu heç vaxt unutmayacaqdır.

1923-cü ildə böyük öndər Mustafa Kamal Atatürk tərəfindən yaranmış Türkiyə Cümhuriyyəti 76 ildir ki, yaşayır. Bəşər tarixi çox böyük insanları meydana çıxarıbdır. Onlar inqilablar edib, dövlətlər yaradıb və millətləri üçün böyük işlər görüblər. Ancaq onların çoxu sonra uğursuz olublar. Onların gördükləri işi davam etdirənlər olmayıbdır. Onların gördüyü iş yəqin ki, gələcək üçün o qədər dəyərli olmadığı üçün yaşamayıbdır. Ancaq Mustafa Kamal Atatürkün ən böyük nailiyyəti bir də ondan ibarətdir ki, onun qurduğu, yaratdığı və ömrünün sonuna qədər başçılıq etdiyi Türkiyə Cümhuriyyəti o, həyatdan gedəndən sonra 60 ildir yaşayır, inkişaf edir və onun vəsiyyətlərini həyata keçirir, işinə sadiqliyini göstərir, onun yolu ilə gedir.

Mən hesab edirəm ki, Mustafa Kamal Atatürkün bəşəriyyət üçün böyük irsi, mirası vardır. Onlar çoxdur. Amma bunlardan ən qiymətlisi, ən əzizi onun qurub-yaratdığı və bu günə qədər yaşayan Türkiyə Cumhuriyyətidir - Atatürk cümhuriyyəti, demokratik cümhuriyyət, layiq cümhuriyyət, dünyəvi cümhuriyyətdir.

Ötən 70 il ərzində türk xalqı böyük Atatürkün yolu ilə gedərək, onun vəsiyyətlərini yerinə yetirərək böyük nailiyyətlər əldə etmişdir. Birincisi, Türkiyə Cümhuriyyəti dünyanın qüdrətli, inkişaf etmiş dövlətlərindən biri olmuşdur. Türkiyə Cümhuriyyətinin həm iqtisadi, həm hərbi potensialı, həm elmi potensialı indi bu dövləti dünyanın ən qabaqcıl ölkələri ilə yan-yana qoymuşdur.

Türkiyə Cümhuriyyətinin əldə etdiyi ən böyük nailiyyət ondan ibarətdir ki, türk xalqı bilik almış, savadlanmış, təhsillənmiş, elmlənmişdir. Türkiyədə elm, mədəniyyət inkişaf etmişdir. Türkiyədə yaranmış cümhuriyyət bütün islam aləmində, dünyada, bütün tarixlər ərzində yaranan ilk demokratik, hüquqi, dünyəvi, yəni layiq cümhuriyyətdir. Bu cümhuriyyət bütün başqa xalqlar üçün öz dövlət quruluşu sistemi, siyasəti ilə örnək olmuşdur, təkcə müsəlman dünyasına yox, başqa ölkələrə - Avropaya da öz təsirini göstərmişdir.

Mustafa Kamal Atatürk bütün dünyaya sübut etmişdir ki, müsəlman ölkəsində, əsrlər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə cümhuriyyət, layiq cümhuriyyət qurmaq, demokratik yolla getmək olar. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mənəvi dəyərlərini bunlarla birləşdirərək öz xalqını daha da yüksəklərə qaldırmışdır.

Mustafa Kamal Atatürkün ən böyük xidmətlərindən biri də odur ki, o, Türkiyədə güclü ordu yaratmışdır. Türkiyə ordusu güclü ordudur. Siz özünüz bilirsiniz ki, o nə qədər güclüdür. Bu, bizim üçün də böyük iftixar hissi doğurur. Çünki bizim dost, qardaş Türkiyə Cümhuriyyəti - iqtisadi cəhətdən inkişaf etmiş, dünya miqyasında özünə layiq yer tutmuş, elm və mədəniyyətdə böyük zirvələrə çatmış bir cümhuriyyət gərək özünü qorumağa və saxlamağa qadir olsun. Belə bir ordu yaranıbdır. Bunu Mustafa Kamal Atatürk yaradıbdır. Mən bu gün böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, türk ordusu, türk əsgəri Mustafa Kamal Atatürkün ideyalarına, onun vəsiyyətinə, yoluna daim sadiq olmuşdur.

Mustafa Kamal Atatürk təkcə Türkiyə üçün yox, bütün dünya türkləri üçün, türk dünyası üçün də çox düşünmüşdür.

Onun bu barədə çox məşhur kəlamları, sözləri var. O, 30-cu illərdə söyləyirdi ki, Azərbaycanda və Orta Asiyada yaşayan türklər indi çətin problemlər içərisindədirlər. Amma zaman gələcəkdir ki, onlar bu əsarətdən çıxacaqlar. O, bunu 30-cu illərdə demişdir, belə də oldu. Azərbaycan 1918-ci ildə əldə etdiyi müstəqilliyini cəmisi 23 ay saxlaya bildi. Ondan sonra Sovet hakimiyyəti quruldu. Azərbaycanda Sovet hakimiyyəti, kommunist ideologiyası 70 ildən çox hökm sürdü. Ancaq bu, sona çatdı. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi, onu bərpa etdi. Yəni Mustafa Kamal Atatürkün uzaqgörənliyi bununla da sübut olunur. O, hələ o vaxt görürdü ki, Azərbaycan və türkdilli digər xalqlar - Orta Asiya xalqları daim əsarətdə qalmayacaqlar, öz müstəqilliyinə, öz azadlıqlarına nail olacaqlar. Biz buna nail olduq.

Biz müstəqilliyimizi əldə edən kimi öz dövlətimizi "İnsanlara hürriyyət, dövlətlərə istiqlal!" prinsipləri əsasında qururuq.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkəmizdə hüquqi, demokratik, dünyəvi, yəni layiq dövlət qurmaq yolunu tutubdur. Biz 8 ildir ki, bu yolla gedirik.

Doğrudur, bu yol bizim üçün asan olmayıbdır. Bilirsiniz ki, biz müstəqilliyimizi əldə edəndə artıq 4 il idi ki, Ermənistan Dağlıq Qarabağı ələ keçirmək üçün Azərbaycana təcavüz etmişdi, müharibə gedirdi, qan tökülürdü, şəhidlər verirdik. Bundan sonra isə Azərbaycanın daxilində sabitlik olmadı və bunun nəticəsində də respublikamızda hakimiyyət dəyişikliyi oldu. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başladı. Azərbaycan parçalanmaq təhlükəsi qarşısında qaldı. Ancaq xalqımız öz iradəsi ilə bütün bu ağır dövrləri keçdi və 1996-cı ildən Azərbaycanda daxili istiqrar, yəni ictimai-siyasi sabitlik, rahatlıq təmin olunubdur və Azərbaycan öz inkişaf yolu ilə gedir.

Azərbaycanın ən böyük problemi - Ermənistan təcavüzü, Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağın Ermənistanın əlinə keçməsi ilə əlaqədar başlanan müharibədir. Bu müharibədə çox qanlar töküldü, Azərbaycan çox şəhidlər verdi, müxtəlif səbəblərdən torpaqlarımızın 20 faizi işğal olundu. İşğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan zorla çıxarıldı və indi onlar ölkəmizin başqa regionlarında yaşayırlar. Təsəvvür edin, 5, 6, 7 il çadırda yaşamaq nə deməkdir? Onlar yaşayırlar, dözürlər. Ona görə dözürlər ki, öz torpaqlarına, evlərinə qayıdacaqlarına inanırlar.

1994-cü ilin may ayında bu müharibənin əhəmiyyətsiz olduğunu dərk edərkən biz Ermənistan ilə atəşkəs sazişi əldə etdik. Biz 5 ildən artıqdır ki, atəşkəs şəraitində yaşayırıq. Müharibə, döyüş yoxdur, ancaq sülh də yoxdur. Ötən illər ərzində biz bu problemi sülh yolu ilə həll etməyə çalışırıq. Bu sahədə çox fəaliyyətlər göstərmişik. Biz xüsusən, ATƏT-in Minsk qrupu vasitəsilə, beynəlxalq təşkilatlarda və böyük ölkələrin iştirakı ilə keçirilən görüşlərdə bu məsələləri müzakirə etmişik. Bildirmişik ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir, o yerlərdən didərgin düşmüş insanlar öz yurdlarına qayıtmalıdırlar, Ermənistan ilə Azərbaycan arasında ədalətli sülh yaranmalıdır. Biz buna nail olmağa çalışırıq. Sülh yolu indi bizim tutduğumuz əsas yoldur. Mən məmnunam ki, elə siz də - Türkiyə də bizim bu sülhsevər siyasətimizi dəstəkləyirsiniz və bizə hər zaman olduğu kimi, indi də dayaq durursunuz.

Azərbaycan müstəqil dövlət olaraq bazar iqtisadiyyatı yolu ilə gedir. Biz qapılarımızı xarici ölkələrin investisiya gətirməsi üçün açmışıq. 1994-cü ildə imzalanmış neft müqaviləsi - "Əsrin müqaviləsi" adlanan müqavilə artıq öz böyük nəticələrini verir. Bilirsiniz ki, bu müqavilədə ilk dəfə Türkiyə də iştirak edir, Türkiyənin 1,75 faiz payı var idi. Ancaq müqavilə imzalanandan sonra mən xüsusi qərarımla Azərbaycanın hissəsindən ona 5 faiz əlavə etdim. Ondan sonrakı müqavilələrdə Türkiyə 5 faiz, 10 faiz yer alıbdır. İndi artıq Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının müştərək işlənilməsində bir neft ölkəsi kimi Türkiyə, yəni "Türk petrolları" şirkəti digər xarici ölkələrin şirkətləri ilə yan-yana çalışır. İnanıram ki, bunlar Türkiyə üçün, həm də Azərbaycana çox fayda verəcəkdir.

Bu müqavilə imzalanandan böyük bir məsələ müzakirə olunur. Bu məsələ də neftin dünya bazarına çıxarılmasıdır. O vaxt həm konsorsiumun üzvləri, həm də biz belə hesab edirdik ki, ilkin nefti Bakı-Novorossiysk neft boru xətti vasitəsilə ixrac etmək olar. Ancaq böyük neftin - biz bu böyük nefti iki ilə gözləyirik - ixracı üçün böyük bir neft borusu lazımdır.

Mən bildirmək istəyirəm ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanan zaman biz böyük neft borusunun yaranmasını həmin müqavilədə əks etdirmişik və orada nəzərdə tutmuşuq ki, bu, Bakı-Ceyhan neft kəməri olacaqdır. Bu barədə 5 ildir ki, danışıqlar gedir, müzakirələr aparılır.

Bir çox dövlətlər bizə bu məsələdə təzyiq göstərməyə başladılar. Onlar bu müqavilənin həyata keçirilməsinin qarşısını almağa çalışdılar. "Xəzər dənizinin statusu müəyyən deyil", - deyən Xəzəryanı bir çox ölkələr bizim bu müqavilənin qarşısını almağa çalışdılar. Onların ən böyük məqsədi ondan ibarət idi ki, bu böyük neft boru kəməri Bakı-Ceyhan marşrutu ilə, yəni Türkiyədən yox, Rusiyadan keçsin. Ancaq biz bütün bu təzyiqlərin qarşısını aldıq, buna dözdük, Bakı-Ceyhan boru kəmərinin yaranması üçün hər il irəliyə doğru bir addım atdıq. Bir il bundan öncə Ankarada çox əhəmiyyətli bəyannamə imzaladıq. Bu bəyannaməni Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan dövlət başçıları imzaladılar. Sənədi Amerika Birləşmiş Ştatlarının enerji naziri cənab Riçardson da imzaladı.

Ancaq bilirsiniz ki, ötən bir ildə də bu məsələ hələ tamam həll olunmamışdı. Çünki qiymətlərdə müəyyən fərq var idi. Mən sizə açıq demək istəyirəm, konsorsium bu işi ləngidirdi. Çünki hesab edirdi ki, Bakı-Supsa neft kəməri tikiləndən sonra onların xam nefti ixrac etməyə imkanları hələ var. Onların fikrincə, böyük neft hasil edilənə qədər bir neçə il də gözləmək lazımdır və sonra biz Bakı-Ceyhan boru kəmərini tikməliyik. Onlar bəlkə də başqa marşrut seçmək istəyirdilər. Ancaq biz Bakı-Ceyhan boru kəməri layihəsini israrlı olaraq həyata keçirməyə çalışdıq. Ötən bir il içərisində Türkiyənin və Azərbaycanın nümayəndələri konsorsium üzvləri ilə birlikdə həm İstanbulda, Ankarada, Vaşinqtonda, Hyustonda, həm də Bakıda görüşlər keçirdilər və nəhayət, bu məsələ həll edildi.

Hörmətli prezident Süleyman Dəmirəl oktyabrın 18-də Bakıda olarkən məndən son vəziyyəti soruşdu. Dedim, son durum belədir, - konsorsium tələb edir ki, Türkiyə ərazisindən keçən borunun riskini Türkiyə öz üzərinə götürsün. Türkiyə isə tələb edir ki, Türkiyə ərazisindən keçən borunun riskini öz üzərinə götürsün, Azərbaycan və Gürcüstan ərazisindən keçən borunun riskini isə konsorsium öz üzərinə götürsün. Onlar buna razı olmurdular. Mən konsorsiumun üzvləri ilə əlavə danışıqlar apardım. Şübhəsiz ki, Amerika Birləşmiş Ştatları da onlara çox təsir etdi. Bunun nəticəsində konsorsiumun üzvləri buna razı oldular. Hesab edirəm ki, noyabr ayında İstanbulda ATƏT-in zirvə görüşündə Bakı-Ceyhan boru xətti haqqında anlaşma tamamilə imzalanacaqdır.

Türkiyə - Azərbaycan dostluğunun, qardaşlığının böyük tarixi vardır. Ancaq bizim tariximiz Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra başlayıbdır. Türkiyə həmişə Azərbaycana qayğı göstərib, daim dostluq, qardaşlıq əlini uzadıbdır. Hələ Azərbaycan Sovetlər Birliyi içərisində olan zaman, Ermənistan Azərbaycana təcavüzə başlayan zaman Türkiyə öz səsini qaldırdı, öz etirazını bildirdi, azərbaycanlıları dəstəklədi, təcavüzkarları qınadı, pislədi.

Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən indiyə qədər bizim bu sahədəki bütün işlərimiz Türkiyə Cümhuriyyəti ilə bərabərdir. Yəni birincisi, Türkiyə Cümhuriyyəti ATƏT-in Minsk qrupunun üzvü, digər tərəfdən bizim üçün ən yaxın dost, qardaş ölkə olduğu üçün bu işlərdə həm bilavasitə iştirak edir, həm də ki, biz məsləhətləşirik, Türkiyənin təcrübəsindən istifadə edirik.

Ötən 8 ildə bizim əməkdaşlığımız, dostluğumuz, qardaşlığımız çox yüksək zirvəyə qalxıbdır. Biz iqtisadi sahədə, elm, mədəniyyət sahəsində çox geniş əməkdaşlıq edirik. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsində də biz əməkdaşlıq edirik. Mən bu gün sizin qarşınızda, hüzurunuzda bütün bu dostluq, qardaşlıq münasibətinə, Azərbaycana göstərilən hər cür yardıma görə Türkiyə Cümhuriyyətinə, türk xalqına, Türkiyənin vətəndaşlarına, Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirələ, Türkiyə hökumətinə, Böyük Millət Məclisinə təşəkkürümü bildirirəm.

Əziz dostlar!

Türkiyə - Azərbaycan dostluğu həqiqətən əbədidir, dönməzdir, sarsılmazdır. Mən bu gün burada, Ankarada sizi bir daha əmin edirəm ki, Azərbaycan xalqı bu yolla, müstəqillik yolu ilə gedir və gedəcək, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı günü-gündən inkişaf edəcək və möhkəmlənəcəkdir.

Əziz dostlar, bu gün mənə bu yüksək Atatürk Mükafatını verməklə üzərimə böyük məsuliyyət qoydunuz və mənim qarşımda böyük vəzifələr durur. Mən bunu hiss edirəm. Mən həm məsuliyyətimi hiss edirəm, həm də vəzifələrimi bilirəm. Vəzifələrim bundan ibarətdir: Azərbaycanın prezidenti kimi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq və inkişaf etdirmək. Azərbaycanda hüquqi, demokratik, layiq, dünyəvi dövlət quruculuğu prosesini inkişaf etdirmək və Azərbaycanda demokratiyanı, hürriyyəti, insan haqlarının təmin olunmasını bərqərar etmək. Azərbaycanda bazar iqtisadiyyatını, sərbəst iqtisadiyyatı inkişaf etdirmək, ölkəmizin iqtisadiyyatını dünya iqtisadiyyatı ilə inteqrasiya etmək. Türkiyə - Azərbaycan dostluğunu bundan sonra daha da möhkəmləndirmək və yüksəltmək. Sülh uğrunda mübarizə aparmaq.

Böyük Atatürkün "Yurdda sülh, cahanda sülh" sözləri ilə desək, bu mükafat da məhz bu prinsipi daşıyır və bizim üçün müqəddəsdir. Ona görə də biz yurdda, Azərbaycanda da sülhü təmin etmək istəyirik və daxili istiqrarın saxlanması üçün lazımi tədbirlər görürük. Həm Qafqazda və həm də cahanda, dünyada sülhün tamamilə yaranması üçün çalışırıq.

Biz belə hesab edirik ki, XXI əsr barış əsri, sülh əsri olmalıdır. Bütün bu münaqişələr, müharibələr aradan götürülməlidir. Artıq dünya tərəqqi yolu ilə getməlidir, inkişaf etməlidir. Türkiyə Cümhuriyyəti bu barədə böyük örnəkdir. Biz bu təcrübədən də istifadə edirik.

Mustafa Kamal Atatürkün həyatı, yaradıcılığı, onun qoyduğu irs sizin üçün örnəkdir və bizim üçün, Azərbaycan üçün də böyük örnəkdir. Biz özümüzü sizdən ayırmırıq. Türkiyə Cümhuriyyətinin 76 il müddətində keçdiyi yol, əldə etdiyi nailiyyətlər və böyük təcrübə Azərbaycan üçün örnəkdir. Biz bu təcrübədən istifadə edirik və bundan sonra da istifadə edəcəyik. Çünki siz artıq bu yolu 76 il müddətində keçmisiniz, çox böyük nailiyyətlər əldə etmisiniz. Biz bu yolun başlanğıcındayıq. Ancaq, əziz dostlar, əmin ola bilərsiniz ki, biz bu yolla əzmlə gedəcəyik. Bizi bu yoldan heç kəs döndərə bilməyəcəkdir. Azərbaycan müstəqil, demokratik dövlət kimi inkişaf edəcəkdir.

Əziz dostlar, bu gün mənim üçün tarixi bir gündür. Çünki birincisi, bu qədər yüksək mükafatı - Mustafa Kamal Atatürkün adını daşıyan mükafatı aldım. İkincisi, Türkiyənin ən yüksək vəzifəli şəxslərinin qarşısında nitq söyləyirəm. Bu gün bir də ona görə əzizdir ki, mənim dostum, Azərbaycan xalqının böyük dostu, Türkiyənin prezidenti, türk dünyasının lideri hörmətli Süleyman Dəmirəlin doğum günüdür. Bu gün onun 75 yaşı tamam olur.

Əziz dostum, qardaşım Süleyian Dəmirəlin həyat yolu, fəaliyyəti haqqında danışmağa imkan versəniz mən sizi burada iki saat da saxlayacağam. Ona görə sizi yormamaq üçün sadəcə, demək istəyirəm ki, hörmətli Süleyman Dəmirəl 50 illik siyasi, dövlətçilik fəaliyyəti ilə Türkiyəyə, türk xalqına böyük xidmətlər göstərmiş və türk xalqının hörmət, ehtiramını qazanmış, türk xalqının bu yüksək səviyyəyə çatmasında böyük işlər görmüşdür.

Siz bunu bilirsiniz. Amma bəzən adam öz-özünü o qədər də tanımır. Kənardan baxanlar ona daha düzgün, yaxşı qiymət verə bilərlər. İnsan içərisində olanları bəzi proseslərə görə anlaya bilmir. Amma kənardan bunu anlamaq daha da asandır. Bunu ona görə demək istəmirəm ki, siz əziz dostumuz Süleyman Dəmirəlin bu xidmətlərini bilirsiniz. Bilirsiniz, qiymətləndirirsiniz, ona görə də o, Türkiyənin 9-cu cümhur başqanıdır və bu vəzifəni şərəflə yerinə yetirir.

Ancaq siz bilməlisiniz ki, şəxsən hörmətli Süleyman Dəmirəl Türkiyə - Azərbaycan dostluğu və qardaşlığının inkişafında ən böyük xidmət göstərmiş bir insandır. Onun Azərbaycana göstərdiyi daimi qayğı, diqqət, mehribanlıq, dostluq bizi - yeni addım atan gənc bir dövləti daha da gücləndirir, bizə daha da ruh verir, irəli getməyə imkan verir.

Hesab edirəm, hörmətli Süleyman Dəmirəlin bu gün üçün və türk dünyasının gələcəyi üçün ən böyük xidmətlərindən biri odur ki, o, türkdilli dövlətlər birliyinin təşkilatçısıdır və 1992-ci ildən indiyə qədər bu birliyin yaşamasını təmin edən müstəsna şəxsdir. Mən sizə açıq deməliyəm ki, bu birliyin yaranması dünyada müxtəlif fikirlər - yəni bu türkdilli, türköklü dövlətlər yenə də birləşir, yenə də Turan ideyası meydana çıxır və sair - oyadır. Bu, çoxlarını qorxudubdur. Bununla bərabər, türkdilli dövlətlərdə də bəzi proseslər gedir.

Onu bilməlisiniz ki, siz 76 ildir cümhuriyyətdə yaşayırsınız, amma biz, digər türkdilli dövlətlər bu cümhuriyyətin, demokratiyanın indi ilk addımlarını atırıq. Bizim işimizdə çoxlu problemlər vardır. Bu problemlərə görə, bir tərəfdən də türkdilli həmin bu dövlətlər keçmişdə Sovetlər Birliyinin içində olduğuna görə və Sovetlər Birliyinin yenidən bərpa olunmasını, təşkil edilməsini istəyən qüvvələr get-gedə artdığına görə türkdilli dövlətlərə çox böyük təzyiqlər, təsirlər vardır. Onlardan biri də bundan ibarətdir ki, nə üçün türkdilli dövlətlər belə yaxınlaşırlar, birləşirlər?

Ona görə, işin içində olan adam kimi, mən sizə demək istəyirəm ki, 1992-ci ildən indiyə qədər bizim bu birliyin yolu da o qədər hamar, rahat olmayıbdır. Çox çətinliklər olubdur, proseslər gedibdir. Bəzən müxtəlif səbəblərdən də dövlətlər arasında da - ixtilaflar deyə bilmərəm - ayrı-ayrı problemlər olubdur. Bilin, türkdilli dövlətlər birliyini yaşadan və bütün cümhur başqanlarını bir yerə, öz başına toplayan məhz hörmətli Süleyman Dəmirəldir.

Bildirmək istəyirəm, onun şəxsiyyətinə, siyasətinə olan hörmət və türkdilli dövlətlərə onun göstərdiyi qayğı, diqqət, mehribanlıq, şübhəsiz ki, onu bizim üçün lider edibdir. O, həm liderdir, həm də bizim üçün ağsaqqaldır. Yəni ağsaqqal o mənada ki, hamının hörmət etdiyi, saydığı adamdır. Ola bilər, bir cümhur başqanı ilə digər cümhur başqanı hansı məsələdəsə bir-biri ilə razılaşmasın. Ancaq hörmətli Süleyman Dəmirəl olan yerdə hamı birləşir, bütün problemlər də aradan götürülür. Bu birliyin bu illər ərzində yaşamasının əsas təşkilatçısı və səbəbkarı əziz dostum Süleyman Dəmirəldir.

Mən türkdilli dövlətlər birliyinə daxil olan Azərbaycan Respublikası adından onu demək istəyirəm ki, bu birlik lazımdır. Biz bu birliyi yaşatmalıyıq. Biz burada çox şeylərə nail olmuşuq. Birliyin əsas məqsədi odur ki, iqtisadi, mənəvi, elmi, mədəni sahələrdə, tarixi köklərimizin, dinimizin, dilimizin bir olduğuna və başqa məsələlərə görə biz bir-birimizlə daha da yaxınlaşaq, qovuşaq. Bu, təbiidir. Ancaq buna kənardan başqa cür baxırlar. Ona görə bu birlik yaşamalıdır. O, öz bəhrələrini, nəticələrini verəcəkdir. Amma onu yaşadan, bunu təmin edən hörmətli Süleyman Dəmirəldir. Azərbaycan prezidenti kimi mən bu gün buna görə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Güman edirəm ki, hər bir türkdilli dövlətin cümhur başqanı, prezidenti də mənim bu fikirlərimlə şərikdir və onlar da hörmətli Süleyman Dəmirələ mənim kimi daim təşəkkür edirlər.

Mən bu əlamətdar gündə əziz dostum, qardaşım Süleyman Dəmirəli 75-ci ildönümü, doğum günü münasibətilə bir daha ürəkdən təbrik edirəm. Əziz qardaşım, sənə uzun ömür arzulayıram. Sənə bundan sonra daha da böyük enerji arzu edirəm. Biz bu gün 8 saat bir yerdə, ayaq üstə olmuşuq. Süleyman Dəmirəl də yorulmayıb, deyəsən, mən də yorulmamışam. Biz cümhur başqanları, prezidentlər arasında ona motor kimi bir adam deyirik. Çünki həqiqətən o, o qədər enerjili, hər bir işlə - səhər bir yerdə, axşam bir yerdə, o biri gün digər yerdə - çalışan adamdır.

O, türkdilli dövlətlər birliyindən başqa, türklərin yaşadığı bütün ölkələri ziyarət edibdir. Mən hesab edirəm ki, Türkiyənin tarixində ikinci belə bir şəxsiyyət yoxdur. Vaxtilə Osmanlı imperatorluğu dövründə dünyanın bir çox qitələrində, ölkələrində yaşamış və indi də yaşayan türklərin yaşadığı yerləri ziyarət etmək, tarixi abidələri görmək və beləliklə, türk tarixini bu gün bir daha canlandırmaq hörmətli Süleyman Dəmirəlin gördüyü ən önəmli, ən şərəfli işlərdən biridir.

Əziz qardaşım, hələ qarşıda çox işlər var və çox işlər də görəcəyik. Mən inanıram ki, Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisi və türk xalqı sizi bu vəzifədən hələ buraxmayacaqdır. Əgər onlar buraxsalar da biz buraxmayacağıq, buna etiraz edəcəyik. Siz bu yüksək, şərəfli vəzifənizi hələ bundan sonra da çox illər yerinə yetirəcəksiniz. Bu, Türkiyə üçün lazımdır, Türkiyə Cümhuriyyəti üçün lazımdır. Türkiyə Cümhuriyyəti üçün lazımdır, türk xalqı üçün lazımdır. Bu, Azərbaycan üçün lazımdır. Bu, bütün türk dünyası üçün lazımdır.

Əziz dostlar, hamınızın belə mütəşəkkil şəkildə bu gün buraya toplaşmağınız məni çox həyəcanlandırdı, sevindirdi. Mən çox məmnunam ki, sizinlə belə bir şəraitdə görüşürəm. Sizə təşəkkür edirəm ki, dözümlü olub mənim nitqimi axıra qədər dinlədiniz. Çox sağ olun, təşəkkür edirəm.

Yaşasın Türkiyə!

Yaşasın Atatürk Türkiyəsi!

Yaşasın türk xalqı!

Yaşasın Türk Cümhuriyyəti!

Əziz dostlar, mən Azərbaycanda Süleyman Dəmirəl haqqında bir kitab yazdırmışam. Bu kitabın ön sözünü şəxsən mən yazmışam, qalan hissəsini isə bir azərbaycanlı, bir də türk gənc insanlar yazıblar. Bilmirəm, siz Türkiyədə Süleyman Dəmirəl haqqında çox, yaxud az kitab yazmısınız, hər halda hesab edirəm ki, bu kitab sizin üçün faydalı olar. Mən bu kitabı qardaşım Süleyman Dəmirələ təqdim edirəm. Buradan çıxarkən isə sizin hər birinizə bu kitab təqdim olunacaqdır.

Bilirsiniz ki, Azərbaycan Dövlət Televiziyası Süleyman Dəmirəl haqqında ikiseriyalı film yaradıbdır. Bu film Azərbaycan televiziyası ilə bir dəfə göstərilib, bu günlərdə yenidən nümayiş etdirilir. Mən bu filmin kassetlərini hörmətli Süleyman Dəmirələ bir daha təqdim edirəm. Arzu edirəm ki, Türkiyə televiziyası bu filmi başdan-ayağa nümayiş etdirsin. Çox sağ olun.