"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Birləşmiş Ştatların ticarət naziri Donald Evans ilə görüşmüşdür" (Vaşinqton, 24 fevral 2003-cü il) sənədinə tarixi arayış


23-26 fevral 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ prezidenti Corc Buşun dəvəti ilə bu ölkədə səfərdə olub. Səfər çərçivəsində o, ABŞ prezidenti Corc Buş, vitse-prezident Dik Çeyni və Dövlət Departamentinin rəhbərliyi ilə görüşüb.

24 fevral 2003-cü ildə Azərbaycan Prezidenti səfər çərçivəsində Vaşinqtonda onun üçün ayrılmış iqamətgahda ABŞ-ın ticarət naziri Donald Evansı qəbul edib. Görüşdə ABŞ-Azərbaycan iqtisadi münasibətləri müzakirə edilib. Bakı-Tbilisi-Ceyhan neft kəmərini Azərbaycan hökumətinin və şəxsən Heydər Əliyevin böyük uğuru kimi qiymətləndirən nazir Donald Evans iki ölkə arasında iqtisadi münasibətləri digər əlverişli sahələrdə də davam etdirmək təklifləri ilə çıxış edib. Donald Evans iki ölkə arasında gəmiçilik, rabitə və hava nəqliyyatı sahələrində əlaqələrin inkişaf etdirilməsinə dair konkret təkliflər səsləndirib.

Donald Evans ilə görüşündə Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycan hökumətinin ABŞ-la iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu, bu əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. 

ABŞ-Azərbaycan iqtisadi münasibətlərində Xəzərin enerji resurslarının birgə işlənməsi, qarşılıqlı ticarətin inkişafı, neft kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi və gələcəkdə Avrasiya nəqliyyat dəhlizinin genişlənməsinə yardım, rabitə, nəqliyyat və digər infrastrukturun formalaşdırılması prioritet təşkil edir. Bu fakt Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin aprelində ABŞ-a rəsmi səfəri zamanı bir daha təsdiqlənib. (http://www.president.az/)

2008-ci ilin 10 ayı ərzində ABS-la Azərbaycan arasında ümumi ticarət dövriyyəsi təqribən 5,9 milyard ABŞ dolları olub. Bunun da 5,7 milyardı ABŞ-a ixracın, 200 milyonu isə ABŞ-dan idxalın payına düşüb. Hesabat dövründə ABŞ-a ixrac Azərbaycanın ümumi ixracının 12,42%-ni təşkil edib. Beləliklə, ABŞ Azərbaycanın ixrac tərəfdaşları arasında İtaliyadan sonra ikinci yerdə qərarlaşıb.(http://www.az-customs.net/) Bu fakt Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsindən sonra Azərbaycan neftinin əsas alıcıları arasında ABŞ-ın xüsusi çəkisinin artmasını göstərir.

2007-ci ilin fevralında Bakıda Azərbaycan-ABS Birgə İqtisadi Əməkdaslıq Komissiyasının iclası keçirilib. ABŞ investisiyasının Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna yönəldilməsi, iki ölkə arasında ticarət dövriyyəsinin genişləndirilməsi məsələləri müzakirə edilib. (http://www.mfa.gov.az/)

Tarixi arayış 17 dekabr 2008-ci ildə yeniləşdirilib.