"Dialoq Avrasiya" dərgisinin təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 13 iyun 2000-ci il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən sizi bu gün bu əlamətdar hadisə - "Dialoq Avrasiya" dərgisinin, jurnalının təqdim olunması münasibətilə ürəkdən təbrik edirəm. Bu dərgiyə uzun ömür və daim uğurlar arzulayıram.

Bu gün dərginin təqdimat mərasimində Türkiyədən Azərbaycana gəlmiş hörmətli qonaqlarımız - yazıçılar, qəzetçilər, alimlər, ziyalılar bu salondadırlar. Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz!

Belə bir dərginin meydana çıxması böyük və çox əhəmiyyətli təşəbbüsdür. Buradakı çıxışlardan mən anladım ki, bu fikir çox illər öncə meydana gəlmiş bir fikirdir, bu dərgini təsis edənlərin, onun arzusunda olanların qəlblərindəki fikirdir. Onların çalışmaları nəticəsində, nəhayət, belə bir dərgi yaranıbdır.

Mən bunu əlamətdar hadisə hesab edirəm. İnanıram ki, "Dialoq Avrasiya" dərgisi Avropa ilə Asiya arasındakı əlaqələrin inkişaf etməsinə, Avropa və Asiyanın bir-birinə qovuşmasına yardım edəcəkdir.

Son illər dünyada çox böyük və siyasi əhəmiyyətli proseslər gedir. Bunların əsasını təşkil edən qloballaşma prosesidir. Qloballaşma ilk növbədə iqtisadi ticarət nöqteyi-nəzərindən meydana gəlibsə, ancaq "qloballaşma" geniş məfhumdur. Bunu biz belə anlayırıq, belə qəbul edirik. "Qloballaşma" o deməkdir ki, ölkələr, xalqlar, millətlər bir-biri ilə daha da yaxınlaşmalı, əlaqələri inkişaf etdirməlidirlər. "Qloballaşma" o deməkdir ki, dünyada daimi sülh, əmin-amanlıq yaranmalıdır, hərbi münaqişələrə son qoyulmalıdır, gələcəkdə baş verə biləcək hansısa bir münaqişənin qarşısı alınmalıdır, bundan sonra heç bir müharibəyə yol verilməməlidir. XX əsrin sonunda bəşəriyyət bu əsrdə gördüyü dəhşətləri nəzərə alaraq, başa çatmaqda olan bu əsrin bir tərəfdən bəxş etdiyi elmi-texniki tərəqqini, ikinci tərəfdən bu əsrin bəşəriyyətə, xüsusən Avropa və Asiyaya gətirdiyi faciələrin hamısını nəzərə alaraq artıq dərk edibdir ki, XX əsrin nailiyyətlərindən bütün bəşəriyyət XXI əsrdə bəhrələnməlidir. Amma XX əsrin faciələrinə, müharibələrinə, qırğınlarına son qoyulmalıdır, artıq onlar XXI əsrə keçməməlidir.

Biz Azərbaycanda XXI əsri məhz bu duyğularla, fikirlərlə qarşılayırıq və istəyirik belə olsun. Ona görə də bir müstəqil dövlət kimi bu prosesdə öz yerimizi tapmağa çalışırıq, öz töhfəmizi vermək istəyirik.

Bütün bunlar başqa vasitələrlə yanaşı, birinci növbədə dialoqdan asılıdır. Dialoq həm xalqların, millətlərin daha da dürüst, daha da düzgün, daha da obyektiv göstərilməsi, yazılması üçün lazımdır. Dialoq həm də ölkələrin, xalqların, millətlərin bir-biri ilə əməkdaşlıq etməsi və bunun nəticəsində dünyada sülhün yaranması üçün lazımdır. Ona görə də sizin "Dialoq Avrasiya" dərginiz dünyada qarşıda duran bu qloballaşma vəzifəsinin bir hissəsini təmin edə bilər. Yəni ona öz xidmətini göstərə bilər, payını verə bilər. Avropa-Asiya Yer kürəsinin şərqinin əksər hissəsini təşkil edir.

Təbiidir ki, İspaniya da, Portuqaliya da Avropaya aiddir, Yaponiya, Çin də Asiyadır. Eyni zamanda İndoneziya da, Fillipin də - bunların hamısı Asiya qitəsinə aiddir. Bu qitə Yer kürəsində dünya əhalisini özündə təmsil edən bir qitədir. Əhalinin əksər hissəsi dünyanın bu hissəsində yaşayır.

Dünyada gedən böyük proseslər, həm qədim tarix, həm də yeni tarix əsasən bu qitələrdə yaranıbdır. Şərqdə, Avropada - Qərbi Avropada, Şərqi Avropada, Yaxın Şərqdə, Uzaq Şərqdə demək olar ki, ən qədim dövlətlər, xalqlar, mədəniyyətlər mövcuddur. Ona görə də Avropa-Asiya diaoqu çox geniş bir anlayışdır. Bu gün bizim gördüyümüz dərginin əhatə etdiyindən qat-qat genişdir. Ona görə də "Avrasiya dialoqu" deyəndə, mən bu gün belə başa düşdüm ki, siz Avropanın və Asiyanın müəyyən bir hissəsini nəzərə alırsınız. Bu da, yəqin ki, məqsədəuyğundur. Çünki dünyanın hamısını qucaqlamaq mümkün deyildir. Dünyanın yarısını da qucaqlamaq mümkün deyil.

Əgər həqiqətən sizin bu dərgidə - bu gün birinci nömrəni mən artıq vərəqlədim - göstərilən ölkələr arasında dialoq yarana bilsə, bunun özü böyük bir hadisə olacaqdır, ümumiyyətlə Avrasiya məkanında dialoqun daha geniş mənada yaranmasına xeyir edəcəkdir.

Mən belə anlayıram ki, burada bu işin əsas təşəbbüskarı Türkiyə ziyalıları, yazıçıları, qəzetçiləri və Azərbaycan yazıçıları, ziyalıları, alimləridir. Eyni zamanda, artıq görünür ki, başqa ölkələr də bu dərgidə təmsil olunublar. Bu onu göstərir ki, siz həqiqətən müəyyən bir çərçivəni əhatə etmisiniz. Bu, çox sevindirici haldır. Bu gün bunun özəyini təşkil edən Türkiyə və Azərbaycandır. Xüsusən onu qeyd etmək lazımdır ki, bu, birinci növbədə Türkiyə Cümhuriyyətinin, onun alimlərinin, ziyalılarının təşəbbüsünün nəticəsidir. Şəxsən mən bunu qiymətləndirirəm.

Vaxtilə, Sovetlər İttifaqı dağılandan, bu ittifaqa daxil olan cümhuriyyətlər müstəqilliyini əldə edəndən sonra məhz Türkiyə Cümhuriyyətinin və mərhum prezident Turqut Özalın və Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin təşəbbüsü ilə Türkdilli Dövlətlər Birliyi yaranmışdır. Ötən dövrdə bu birlik çox iş görmüşdür. Bilirsiniz ki, bu birliyin dövlət başçılarının son görüşü bu ilin aprel ayında Azərbaycanda keçirilmişdir. Aprel ayında Azərbaycanda "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini hamımız birlikdə qeyd etdik. Onlar bir-biri ilə bağlıdır.

Çünki, əgər Türkdilli Dövlətlər Birliyi 1992-ci ildə yaranıbsa, bunun tarixi çox azdır. Amma bizim birliyimiz, bizim tarixi köklərimiz böyük tarixə malikdir. Bu köklər çox dərindir. Bu köklər "Kitabi-Dədə Qorqud"dur. Ancaq "Kitabi-Dədə Qorqud" da bunun bir mərhələsidir. Bizim xalqlarımızın tarixi "Kitabi-Dədə Qorqud"un 1300 illik tarixindən də qat-qat qədimdir, qat-qat çoxdur. Ancaq hər halda, "Kitabi-Dədə Qorqud" bütün dünyaya onu nümayiş etdirdi ki, bizim xalqlarımız qədim mədəniyyətə, ədəbiyyata, dilə malik olan xalqlardır. Bizim xalqlarımızın kökü birdir. Heç də təsadüfi deyil ki, "Kitabi-Dədə Qorqud" türkdilli ölkələrdə eyni səviyyədə tanınır. Biri ona "Kitabi-Dədə Qorqud" deyir, o birisi "atam Qorqud", - hərə bir cür deyir. Türkdilli dövlətlərə mənsub olan hər bir xalq deyir ki, bu mənimdir. Bu da təbiidir. Bu, həm mənimdir, həm də hamımızındır. Çünki hər kəs nəyinsə ona mənsub olduğunu dərk edə bilməsə, onun eyni zamanda qardaşına mənsub olduğunu dərk edə bilməz. Ona görə "Kitabi-Dədə Qorqud" hamımızındır, bütün türkdilli dövlətlərin, türkdilli millətlərin milli və əvəzedilməz bir sərvətidir.

Ancaq bu proseslərin inkişaf etməsində mən yenə də Türkiyənin rolunu xüsusi qeyd edirəm. Bu da təbiidir. Çünki biz dövlət müstəqilliyimizi cəmi 8-9 il bundan öncə əldə etmişik. Amma Türkiyə Cümhuriyyəti 1923-cü ildə yaranıbdır. O, böyük Atatürkün rəhbərliyi altında və onun iradəsi ilə yaranan bir dövlətdir. Ancaq ondan öncə Osmanlı imperatorluğunun 700 illik tarixi var. Osmanlı imperatorluğunun dünya tarixində rolu və dünya mədəniyyətinə, dünya elminə verdiyi pay həddindən çox böyükdür. Türkiyənin o böyük tarixi keçmişi, həm də 1923-cü ildə Osmanlı imperatorluğu dağıldığı zaman böyük qüdrət göstərərək öz torpaqlarını qoruyub, imperatorluğun külləri içində cümhuriyyət yaradıb xalqı tərəqqi yolu ilə aparması və indi dünyada böyük dövlətlərdən biri olması bizim hamımız üçün böyük dayaq olmuşdur.

Ona görə də biz, yəni yeni müstəqilik əldə etmiş xalqlar birləşərkən Türkiyənin təşəbbüsü, bu dövlətin köməyi, Türkiyənin bu işdə fəaliyyəti, təbiidir ki, əsas rol oynamışdır.

Güman edirəm ki, sizin dərginiz bu prosesin daha da inkişaf etməsinə kömək edəcəkdir. Ancaq bu, işin bir hissəsidir. Dərgi öz qarşısında daha geniş məqsədlər qoyubdur. Hesab edirəm ki, onlar da təqdirəlayiqdir.

Avrasiya məkanı tarixi əlaqələr nöqteyi-nəzərindən böyük tarixə malikdir. Bu baxımdan bizim son illər qədim İpək yolunun bərpası ilə məşğul olmağımız da məhz Avrasiya dialoqunu, Avrasiya Birliyini yaratmaq məqsədini daşıyır. "Qədim İpək yolu" deyəndə bəzən onu daha çox ticarət vasitəsi kimi anlayırlar. Amma əslində qədim İpək yolu bəlkə də əsasən ticarət üçün yaranaraq, eyni zamanda bu yolun üzərində yerləşən ölkələrin və onların əhatəsində olan dövlətlərin, xalqların mədəniyyətinin inkişaf etməsi üçün, bir-biri ilə əlaqə yaradaraq hər birinin əldə etdiyi nailiyyətlərdən bəhrələnməsi üçün çox böyük rol oynamışdır. Ona görə də indi biz qədim İpək yolunu bərpa edərkən, birinci növbədə kommunikasiyaların yaranması və bu kommunikasiyalar vasitəsilə ticarət əlaqələrinin yaranması məqsədlərini qarşımıza qoyuruq. Çünki bunlar çox vacibdir. İqtisadiyyat, ticarət, mal mübadiləsi hər şeyin əsasını təşkil edir. Ancaq bunlar istər-istəməz, xalqların mədəniyyətinin, elminin bir-birinə daha da qovuşması üçün böyük imkanlar yaradacaqdır. Ona görə də biz böyük İpək yolunun bərpası, yaranması üçün başqa dövlətlərlə birlikdə son illər çox iş gördük.

Bilirsiniz ki, böyük İpək yolunun bərpası ilə əlaqədar 1998-ci ilin sentyabr ayında Bakıda, məhz bu salonda beynəlxalq konfrans keçirdik. 32 ölkənin nümayəndələri və 13 beynəlxalq təşkilatın təmsilçiləri bu konfransın iştirakçıları idi. 9 ölkədən nümayəndə heyətlərinə dövlət başçıları - prezidentlər rəhbərlik edirdilər.

TRASEKA proqramı - qədim İpək yolu eyni şeydir. Biz qədim İpək yolunun və Avropa Birliyi tərəfindən irəli sürülmüş TRASEKA proqramının həyata keçirilməsi üçün böyük saziş imzaladıq. Bu sazişin, bu proqramın həyata keçirilməsinin mərkəzi də məhz Azərbaycan, Bakıdır. Onun daimi katibliyi Azərbaycanda yerləşir və burada həmin daimi katiblik bütün bu işlərin həyata keçirilməsi ilə məşğul olacaqdır.

Siz öz dərginizlə bu böyük İpək yolunun bir qismini əhatə edirsiniz. Beləliklə, öz qarşınızda qoyduğunuz məqsədlərə nail olursunuz, böyük iş görürsünüz. Amma eyni zamanda bu böyük proqramın, məhz qloballaşma prosesi ilə əlaqədar olan bu böyük proqramın həyata keçirilməsinə də xidmət edirsiniz.

"Dialoq Avrasiya" dərgisinin birinci nömrəsində bir neçə ölkə, bəzi adət-ənənələr haqqında məlumatlar vardır. Məni çox sevindirən Novruz bayramı haqqındakı məqalələr oldu. Nə üçün? Çünki Novruz bayramı qədim zamanlardan Azərbaycan xalqının ən istəkli bayramı olmuşdur. Doğrudur, sovet hakimiyyəti vaxtında buna məhdudiyyət qoyulmuşdu. O mənada ki, bu, bir ictimai məna, xarakter daşıyan bayram kimi qeyd olunmurdu. Ancaq hər bir azərbaycanlı ailəsi Novruz bayramını qeyd edirdi və bizim üçün o bayramdan əziz bayram heç vaxt olmayıbdır. Amma mən sonralar hiss etdim ki, bizim türkdilli başqa ölkələrdə Novruz bayramı Azərbaycanda olduğu kimi qeyd edilmir.

Bəzilərində də heç qeyd edilmir. Məsələn, bizim qardaş Türkiyədə Novruz bayramı qeyd edilmir. Xatirimdədir, bir-iki il bundan öncə Türkiyədən bura mənim qonaqlarım gəlmişdi. Elə oldu ki, onların gəlişi Novruz bayramı gününə düşdü. Novruz bayramı şənliklərini, buradakı kütləvi mərasimləri, hər bir azərbaycanlının bu bayramı nə qədər qiymətləndirdiyini görənlər mənim dostum, qardaşım Süleyman Dəmirələ bunların hamısını danışandan sonra o demişdi ki, bəs biz indiyə qədər niyə bu bayramı belə qeyd etmirik?

Türkiyədə də Novruz bayramını qeyd etməyə başlamışlar. Amma hələ zəif qeyd edirlər. Mən bunu dostlarımıza açıq demək istəyirəm. Təbiidir ki, mən bununla heç kimə heç bir şeyi calamaq istəmirəm. Ancaq bu, bizim bütün xalqlarımızın qədim bayramıdır.

Orta Asiya ölkələrində də Novruz bayramı Azərbaycanda olduğu kimi qeyd edilmirdi. Amma indi ara açılmış, bir-birimizlə əlaqələrimiz genişlənmişdir. Sovet ideologiyasının məhdudiyyətləri üzərimizdən götürülmüşdür. Mən televiziya ilə baxıram, görürəm ki, Novruz bayramı Özbəkistanda çox geniş qeyd olunur. Orta Asiyanın başqa ölkələrinin bəzisində az, bəzisində çox qeyd olunur.

Mən gördüm ki, siz Türkmənistanda Novruz bayramının necə keçirilməsini dərgidə yazmısınız. Sizin bu dərginiz vasitəsilə xalqlar bir-birinin keçmiş adət-ənənələrini daha da yaxından tanıyacaqlar, biləcəklər. Amma keçmişdə ayrılıq ona səbəb olmuşdu ki, biz bunları bilmirik. Bir də ki, əvvəllər birlik yaradan belə vasitələr də yox idi. İndi ölkələrimiz arasında əvvəlki ayrılıq yoxdur, yəni sədlər götürülübdür. Amma eyni zamanda, indi belə bir dərgi vasitəsilə siz bunu yayacaqsınız. Bütün ölkələrdə hamı biləcəkdir ki, Novruz bayramı nədir. Güman edirəm ki, hamı Novruz bayramını Azərbaycanda olduğu kimi qeyd edəcəkdir.

Məni bağışlayın, amma mən bu gün iftixar hissi ilə deyirəm ki, Novruz bayramı Azərbaycanda qeyd edilən kimi indiyədək heç bir yerdə keçirilməyibdir. Yəni bizim xalqımız bu adət-ənənəni saxlayıbdır.

İndi dərgidəki bu məqalələrə baxanlar sadəcə olaraq, bir o qədər dərindən fikir vermirlər. Mən gördüm ki, jurnalın nə qədər böyük əhəmiyyəti var. Ancaq bu, hələ başlanğıcdır, ilk addımdır. Təbiidir ki, siz bu təşəbbüslə böyük bir yol açmısınız. Əgər siz bu yolla uğurla gedə bilsəniz, çox işlər görə biləcəksiniz.

Mən bir məsələni də aydınlaşdırmaq istəyirəm. Bilmirəm, siz bu dərgini ictimai, elmi, mədəni dərgi kimi təsis etmisiniz, yaxud bunun müəyyən siyasi xarakteri də var. Özünüz üçün bunu da araşdırmalısınız. Əgər siz çoxlu mövzu götürsəniz, mənə belə gəlir ki, bu, bir qədər çətinliklər yarada bilər. Çünki mən dərgiyə baxdım. Qırğızıstanda siyasi partiyalar haqqında yazı vermisiniz. Deməli, bu, siyasi məsələdir. Mən heç bir şey demək istəmirəm. Dərgiyə yalnız bu gün, ötəri olaraq baxmışam. Dərginin yaranmasından da mənim heç xəbərim yox idi. Mən bunu sizə tam etiraf edirəm. Amma sadəcə olaraq, sual edirəm, özünüz müəyyən edəsiniz ki, doğrudan da əgər bu, lazımdırsa, edin. İndi heç bir şeyə məhdudiyyət yoxdur, mətbuat azadlığı, fikir azadlığı, söz azadlığıdır, hər şey azaddır. Əgər siyasət məsələləri də olacaqsa, bu da ola bilər.

Ancaq yox, - dərgin daha çox elmi, mədəni, ictimai xarakter daşıyacaqsa, bu başqa məsələ. Yenə də bildirirəm, - mən sadəcə olaraq, sizə öz fikrimi deyirəm, heç bir təklif də vermirəm, bunu sizə sadəcə olaraq düşünmək üçün deyirəm.

Siz burada mənə ödül verdiniz. Ancaq düzü, heç düşünmürdüm ki, siz mənə belə bir mükafat verəcəksiniz. Əgər siz Türkdilli Dövlətlər Birliyinin, xüsusilə Tükiyə ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsində mənim xidmətlərimi qiymətləndirmisinizsə, çox sağ olun, təşəkkür edirəm. Ancaq bu barədə mənim gördüyüm iş, apardığım siyasət dövlətimizin xarici siyasətinin üstün istiqamətidir. Artıq yeddi ildir ki, mən Azərbaycanın dövlət başçısı, prezidenti kimi bu siyasəti aparıram. Özü də burada hörmətli dostumuz dedi ki, bu mükafatın təqdim edilməsi Milli Qurtuluş günü ərəfəsindədir.

Bu gün iyun ayının 13-dür. Həqiqətən, yeddi il bundan öncə iyun ayının 13-də mən burada vətəndaş müharibəsinin qarşısının alınması ilə məşğul idim. Məhz bu gün mən vətəndaş müharibəsi baş vermiş Gəncə şəhərinə getdim. Ağır günlər idi, qardaş qanı tökülürdü, insanlar bir-birini qırırdılar. Getdim odun-alovun içərisinə və Azərbaycanın ağır vəziyyətini görərək iyun ayının 15-də məsuliyyəti öz üzərimə götürmək qərarını qəbul etdim, razılıq verdim və məni Azərbaycan parlamentinin - Milli Məclisin sədri seçdilər. İki gün ondan sonra prezidentimiz qeyb oldu. Ona görə də o gündən mən Azərbaycanda prezident səlahiyyətlərini öz üzərimə götürməyə məcbur oldum.

O vaxtdan da mən Azərbaycanın dövlət başçısıyam. O gündən mən dövlət başçısı kimi Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsini ölkəmizin xarici siyasətinin əsas, üstün istiqaməti kimi qarşıma qoymuşam və bunu ardıcıl surətdə həyata keçirirəm. Bu da təsadüfi deyil. Birincisi, bu bizim tarixi köklərimizlə, keçmişimizlə bağlıdır. İkincisi, Türkiyə ilə Azərbaycan arasında XX əsrdə də elə dövrlər olmuşdur ki, Türkiyə Azərbaycana böyük yardımlar etmişdir.

Bizim tarixi köklərimiz, adət-ənənələrimiz, eyni dildə danışmağımız, yəni eyni dilə mənsub olmağımız, bütün başqa amillər və Türkiyənin Azərbaycanı Qafqazda özü üçün böyük dayaq hesab etdiyinə görə və Türkiyənin də Azərbaycan üçün böyük dayaq olduğuna görə mən bu siyasəti aparmışam və aparıram.

Bilirsiniz ki, Azərbaycanın 10-12 il bundan əvvəl başlanmış ağır bir problemi Ermənistanın Azərbaycana təcavüzüdür, bunun nəticəsində Azərbaycan torpaqlarının bir qisminin işğal olunması, həmin torpaqlardan bir milyon azərbaycanlının zorla çıxarılmasıdır. O vaxtdan, yəni Ermənistanın Azərbaycana təcavüz etdiyi zamandan, hələ Azərbaycan Sovetlər İttifaqının tərkibində olmasına baxmayaraq, Türkiyənin ictimaiyyəti, türk xalqı və dövləti Azərbaycanın bu vəziyyətində ölkəmizə dayaq olmuş və Azərbaycanın haqq işini müdafiə etmiş, bizimlə bir yerdə olmuşdur. Bu sahədə Azərbaycanla belə əlaqə saxlayan ikinci bir dövlət yoxdur. Təbiidir ki, bu da təsadüfi hal deyildir, yəni xalqlarımız arasında əsrlər boyu yaranmış münasibətlərin nəticəsidir. Bu, təkcə ölkə liderlərinin, dövlətlərin və hökumətlərin iradəsi deyil. Bu, xalqlarımızın iradəsidir. Xalqların iradəsi də dövlətlərin, hökumətlərin iradəsində öz əksini tapır.

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ötən illərdə biz Türkiyə ilə əlaqələrimizdə böyük nailiyyətlər əldə etmişik.

Bizim insanlarımız sovet hakimiyyəti dövründə Türkiyə həsrəti ilə yaşayırdılar. Türkiyədə də başqa yerlərə nisbətən, daha çox Azərbaycana diqqət yetirirdilər. Təsadüfi deyil ki, böyük Mustafa Kamal Atatürk demişdi ki, "Azərbaycanın ələmi bizim ələmimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir". Bu sözlər həm Türkiyənin dövlət başçıları tərəfindən, həm də mənim tərəfimdən dəfələrlə təkrar olunubdur. Ancaq elə bu sözlər onu göstərir ki, hələ o vaxt, - bu sözlər 1930-cu ildə deyilibdir, - Türkiyə Azərbaycan haqqında düşünübdür, ölkəmiz və xalqımız haqqında düşünübdür. Deməli, bizim xalqlarımız daim bu həsrətlə yaşayıblar və nəticədə də bir-birinə qovuşublar.

Türkiyə Cümhuriyyəti 1923-cü ildən bu günədək böyük yol keçmiş və böyük nailiyyətlər əldə etmişdir. Mən Türkiyə Cümhuriyyəti yaranmasının 75-ci ildönümü mərasimində böyük iftixar hissi ilə iştirak etdim. Bu cümhuriyyətin yaranması, inkişaf etməsi və bu gün dünyanın böyük dövlətlərindən biri olması xalqın iradəsidir, xalqın unudulmaz lideri Mustafa Kamal Atatürkün xidmətləridir. Ona görə də Türkiyədə olduğu kimi, Türkiyə Cümhuriyyətinin yaranmasını və Mustafa Kamal Atatürkün xidmətlərini Azərbaycanda da yüksək qiymətləndirirlər.

Mən çox sevinirəm ki, burada qeyd olunduğu kimi, keçən il mənə Mustafa Kamal Atatürkün adını daşıyan sülh mükafatı - ödülü verildi.

Mustafa Kamal Atatürk demişdir: "Yurdda sülh, cahanda sülh". O, bax, bu sözlərlə sülh uğrunda mübarizə aparmışdı. Onun adını daşıyan mükafatın mənə verilməsi, təbiidir ki, Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına verilən yüksək qiymətdir. Burada mənim də xidmətlərim qeyd olunubsa, mən bunu özüm üçün şərəf hesab edirəm.

Ancaq yenə sizin dərginin məzmununa qayıtmaq istəyirəm. Dərginiz təkcə türkdilli dövlətləri, Türkiyə və Azərbaycanı yox, geniş bir ərazini əhatə edir. Arzu edirəm ki, dərginiz nəzərdə tutduğunuz həmin ölkələr arasında fikir mübadiləsini, tarixi keçmişi və bu günü doğrudan da yaxşı təsvir edə bilsin. Bunların hamısı bizim bu məkanda xalqları bir-biri ilə daha da yaxınlaşdıracaq, birləşdirəcək, sülhə, əmin-amanlığa xidmət edəcəkdir.

Güman edirəm ki, gələcəkdə dərgi təkcə türk və rus dillərində yox, başqa dillərdə də çıxacaqdır.

Mən başa düşürəm ki, rus dili türkdilli dövlətlər və başqa dövlətlər üçün elə bir dildir ki, biz bunu bilirik. Ona görə də dərgi rus və türk dillərində nəşr olunur. Amma gələcəkdə hər bir xalqın dilində nəşr edilərsə, bu, daha da yaxşı olar. Bilmirəm, bəlkə siz də bu barədə düşünəsiniz: əgər mənim bu fikrim sizin üçün faydalı olarsa, qəbul edəsiniz, faydalı olmasa - yox.

Bir sözlə, doğrusu, bu gün səhər mənə deyəndə ki, məni belə bir tədbirə dəvət ediblər, işim də çoxdur, çox tərəddüd edirdim - gələcəyəm, yaxud gələ bilməyəcəyəm: bura nəyə gəlirəm, bu dərgi nədir? Ona görə də götürüb dərgi ilə müəyyən qədər tanış olmağa məcbur qaldım. Ancaq indi görürəm ki, doğrudan da sizin dəvətiniz təkcə sizin üçün yox, mənim üçün də faydalı imiş. Çünki gəlib həm sizinlə görüşdüm, həm də bu münasibətlə bəzi fikirlərimi sizə çatdırdım.

Sizə bu yolda bir daha uğurlar, hamınıza cansağlığı, səadət arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 14 iyun 2000-ci il.