Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Xarici İşlər Naziri İsmayil Cəm ilə görüşdəki söhbətindən - Davos, 29 yanvar 2000-ci il


İsmayıl Cəm: Xoş gördük Sizi, cənab prezident. Sizinlə yenidən görüşməkdən şərəf duyuram.

Türk dünyasının liderləri - prezident Heydər Əliyevin və prezident Süleyman Dəmirəlin diqqət və qayğısı nəticəsində ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əlaqələrin gündəngünə inkişaf etməsindən çox məmnundurlar.

Davos İqtisadi Forumunda "Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun" mövzusunda keçirilən sessiyada Sizin çıxışınızı və suallara çox tutarlı cavablarınızı yüksək qiymətləndirirəm.

Xəzərin enerji ehtiyatlarının dünya bazarına çıxarılması üçün ötən ilin noyabrında ATƏT-in zirvə görüşü zamanı İstanbulda məşhur "Çırağan" sarayında Bakı-Ceyhan əsas ixrac boru kəməri və Transxəzər qaz kəməri barədə sazişlərin Sizin şəxsi təşəbbüsünüz və səyləriniz nəticəsində imzalanmasını böyük tarixi hadisə kimi dəyərləndirirəm. Əminəm ki, bu kəmərlərin reallaşması Azərbaycanın və Türkiyənin, eləcə də regionun digər ölkələrinin həyatında silinməz izlər buraxacaq, çox müsbət dəyişikliklər yaranmasına gətirib çıxaracaqdır.

Heydər Əliyev: Hörmətli cənab nazir. Dost və qardaş Türkiyə ilə əlaqələrin durmadan genişləndirilməsinə Azərbaycan həmişə xüsusi diqqət yetirir. Əminəm ki, Davos Dünya İqtisadi Forumunda müzakirəyə qoyulan iştirakçı ölkələrin iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinə yeni təkan verəcəkdir. Ümidvaram ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa aparılan danışıqlar haqq işimizi təsdiq edəcəkdir.