Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Vyana Motsart orkestrinin konsertini dinlədikdən sonra orkestrin yaradıcı kollektivi ilə görüşdə söhbəti - Vyana, Hofburq kral sarayı, 5 iyul 2000-ci il


Heydər Əliyev: Çox uğurlu konsertə görə mən opera müğənniləri Marianna Kulikova və Markus Pelts, dirijor Ernst Ottenzamer və bütün ifaçılara, orkestrin rəhbərliyinə təşəkkürümü bildirirəm. Əladır. Mən sizi bütün orkestrlə və bu gözəl müğənnilərlə birlikdə Azərbaycana dəvət edirəm və düşünürəm ki, siz çox məmnun qalacaqsınız. Mən sizi Azərbaycanda gözləyəcəyəm. Azərbaycanda müsiqini - klassik, simfonik musiqini, Motsartın, Ştrausun musiqisini çox sevirlər. Ölkəmizə gəlin.

Ernst Ottenzamer: Cənab Prezident, çox sağ olun, Azərbaycana mütləq gələcəyik.

Heydər Əliyev: Müğənni Marianna Kulikova, siz çox gözəl oxudunuz. Mən dirijorunuzla birlikdə sizi Azərbaycana dəvət edirəm. Siz orada böyük uğur qazanacaqsınız. Əladır, buna görə də mən sizi səmimi-qəlbdən Azərbaycana, Bakıya dəvət edirəm. Sağ olun.

Marianna Kulikova: Çox sağ olun, cənab Prezident.

Motsart orkestrinin xatirə kitabına yazdığı ürək sözləri:

"Vyana Motsart orkestrinin konserti məni heyran etdi. Gözəl klassik müsiqi əsərləri orkestrin ifasında böyük təsir etdi. Dirijor, orkestrin bütün ifaçıları, vokal artistləri mahnıları məharətlə ifa etdilər. Mən böyük həzz aldım. Səmimi-qəlbdən təşəkkür edirəm. Orkestrə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Orkestri Azərbaycana dəvət edirəm.

Böyük hörmətlə,

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev

5 iyul 2000-ci il".

* * *

Heydər Əliyev: Motsart orkestrinin konsertini mənimlə birlikdə dinlədiyinizə görə, Sizə, Avstriya Prezidenti Aparatı rəhbərinin müavini Alfons Klosa təşəkkürümü bildirirəm.

Mənim səmimi minnətdarlığımı federal prezident cənab Tomas Klestilə çatdırın. Mən bu səfərimdən çox razıyam və gözəl hissiyyatlarla Azərbaycana qayıdıram. Hesab edirəm ki, səfər zamanı biz Avstriya-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün çox faydalı işlər gördük.

Mənə göstərilən qonaqpərvərliyə, qayğıya, diqqətə görə cənab prezidentə təşəkkürlərimi çatdırmağınızı rica edirəm. Sizə də xidmətinizə görə təşəkkürümü bildirirəm.