Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Manas" muzeyinin təntənəli açılışı mərasimində çıxışı - Talas, 29 avqust 1995-ci il


Qırğızıstan Respublikasının əziz və hörmətli prezidenti, qardaşımız Əsgər Akayev!

Türkiyə Cümhuriyyətinin əziz və hörmətli cümhur başqanı, qardaşımız Süleyman Dəmirəl!

YUNESKO-nun baş direktoru, əziz və hörmətli Federiko Mayor!

Əziz və hörmətli, möhtərəm qırğız bacılarım, qardaşlarım!

Əziz dostlarımız, əziz qonaqlar!

Biz, Azərbaycandan gəlmiş nümayəndələr artıq üç gündür ki, qədim qırğız xalqının, bütün türk dünyasının, xalqlarımızın hamısı üçün əziz və möhtərəm olan böyük "Manas"ın 1000 illik yubileyini qırğız xalqı ilə bərabər qeyd edirik. Biz bu günlər sizinlə bir yerdə, sizinlə bərabər olmağımızdan, "Manas"ın 1000 illik yubileyi, bayram şənliklərində sizinlə birlikdə iştirak etməyimizdən çox məmnunuq.

Bu gün bizim üçün çox əzizdir. Biz Manasın vətəninə, Manasın doğulduğu yerə gəlmişik. Manasın qəbrini, muzeyini ziyarət etmək bizə nəsib olubdur. Biz Manasın xatirəsinə həsr olunmuş böyük bir muzey kompleksinin açılmasında iştirak edirik. Bu, bizim üçün çox əziz gündür.

Bu bayramlar, bugünkü şənlik münasibətilə Azərbaycan xalqı adından sizi - qırğız qardaşlarımızı, bacılarımızı, qırğız xalqını, Qırğızıstan dövlətini, onun prezidenti Əsgər Akayevi, bütün dostlarımızı ürəkdən təbrik edirəm, hamınıza cansağlığı, xoşbəxtlik və səadət arzulayıram!

Talasın vətəndaşlarına, insanlarına, burada, Allahın bəxş etdiyi təbiətin bu gözəl guşəsində yaşayan, Manasın qəbrini min il qoruyub saxlayan talaslılara, Talasın hörmətli adamlarına, o cümlədən Talasın, Qırğızıstanın hörmətli adamlarından biri olan əziz dostumuz Çingiz Aytmatova xüsusi hörmətimi, məhəbbətimi bildirirəm.

"Manas" dastanını min il qoruyub saxlayan qırğız xalqına və xüsusən Manasın qəbrini, məqbərəsini qoruyub saxlayanların hamısına, talaslılara Azərbaycan xalqı adından təşəkkürümüzü bildirirəm. Talaslılar, qırğız xalqı "Manas" dastanını, Manasın qəbrini, Manasın xatirəsini min il müddətində böyük çətinliklərdən, sınaqlardan keçərək qoruyub saxlamışlar. Ancaq indi "Manas"ın min illiyi qeyd edilərkən, Manasın muzeyi açılarkən biz tam əminik ki, Qırğızıstan Respublikasının müstəqil dövləti, azadlığa çıxmış Qırğızıstan xalqı bundan sonra Manası daha da ucaya qaldıracaqlar. Manasın həm dastanı, həm bu muzeyi, həm də qəbri gələcək nəsillər üçün əbədi yaşayacaqdır.

Əziz bacılar və qardaşlar! Bu böyük bayram münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, sizə, qardaş qırğız xalqına səadət, xoşbəxtlik arzu edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 30 avqust 1995-ci il.