Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə məktubu - Bakı şəhəri, 5 fevral 2001-ci il


Hörmətli cənab Prezident!

Əziz dostum və qardaşım!

Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması münasibətilə səmimi təbrikinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Avropanın bu mötəbər və nüfuzlu təşkilatına ölkəmizin daxil olması yolunda qardaş Türkiyənin dəstəyini yüksək qiymətləndirirəm. Əminəm ki, Avropa Şurası çərçivəsində əməkdaşlığımız ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün daha geniş imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkiyə xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti