Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in İstanbul Zirvə görüşündə nitqi - 18 noyabr 1999-cu il


scotch egg
scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli cənab sədr!

Hörmətli həmkarlarım!

Xanımlar və cənablar!

Biz ATƏT-in bu əsrdəki sonuncu zirvə görüşünün dünya sivilizasiyasının ən böyük mərkəzlərindən biri olan əzəmətli İstanbul şəhərində keçirilməsinə böyük əhəmiyyət veririk. Bizə göstərilən yüksək qonaqpərvərliyə və sammitin işinin çox gözəl təşkil olunmasına görə Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Süleyman Dəmirələ və Türkiyə hökumətinə öz minnətdarlığımı bildirirəm.

Türkiyədə baş vermiş ağır təbii fəlakət, dəhşətli zəlzələ nəticəsində minlərlə adamın həlak olması ağır sınaqdan ləyaqətlə, mərdliklə və mətinliklə keçmiş dost və qardaş türk xalqı ilə bərabər bizi də qəlbdən kədərləndirdi. Biz sizin dərdinizə şərik çıxırıq və "keçmiş olsun" deyirik.

Hörmətli sədr!

İki dağıdıcı müharibənin dəhşətlərindən və "soyuq müharibə"nin sərt sınağından çıxmış iyirminci yüzilliyin sonunda Avropa qarşısında həqiqi sülh və sabitlik yolu açılmışdır. Lakin biz təxminən iyirmi beş il bundan əvvəl Helsinkidə elan edilmiş məqsəd və prinsiplərin tam həyata keçirilməsinə, təəssüf ki, hələ də nail olmamışıq.

ATƏT-in üzvü olan dövlətlərin suverenliyi, ərazi bütövlüyü və ümumiyyətlə təhlükəsizliyi üçün yaranmış qorxu amansız reallığa çevrilmişdir, milyonlarla insana fəlakət və iztirab gətirmişdir. Mən bir daha beynəlxalq birliyin diqqətini Azərbaycanın düşdüyü dözülməz vəziyyətə cəlb edirəm. Altı ildən çoxdur ki, suveren Azərbaycanın ərazisinin beşdə bir hissəsi erməni silahlı qüvvələrinin işğalı altındadır. Həyata keçirilmiş etnik təmizləmələr nəticəsində bir milyon azərbaycanlı öz doğma yurd-yuvalarından qovulmuşdur.

Təəssüf ki, sonuncu zirvə görüşümüzdən sonra sülh prosesi arzu etdiyimiz nəticəni verməmişdir, Minsk qrupunun həmsədrləri Lissabon zirvə görüşündə qəbul edilmiş prinsiplərin həyata keçirilməsi üçün lazımi fəallıq və ardıcıllıq göstərməmişlər. Minsk prosesi passivləşmişdir. Belə bir şəraitdə Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa görüşlər və danışıqlar keçirilməsi zərurəti yaranmışdır. Bir neçə belə görüş keçirilmişdir və bu görüşlər münaqişənin sülh yolu ilə aradan qaldırılmasına ümid verir. Şübhəsiz ki, münaqişənin aradan qaldırılmasının mühüm amillərindən biri də tərəflərin güzəştə getməyə hazır olmasıdır. Lakin güzəştin də beynəlxalq hüquq prinsipləri və normaları ilə müəyyən edilmiş həddi var.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda ermənilər və azərbaycanlılar sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilərlər və yaşamalıdılar. Bu isə Azərbaycan ilə Ermənistan arasında sülhün və normal mehribanlıq, qonşuluq münasibətlərinin yaranmasına xidmət edərdi. Bunun üçün Azərbaycanın işğal olunmuş əraziləri azad edilməlidir, bunun üçün Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağın müvafiq statusu müəyyən edilməlidir.

Qeyd etmək istəyirəm ki, Ermənistan prezidenti ilə danışıqlarımız Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun fəaliyyətini əvəz edə bilməz. Mən Minsk konfransının həmsədri olan ölkələrin dövlət və hökumət başçılarını Minsk qrupu çərçivəsində danışıqların tezliklə bərpası üçün zəruri səylər göstərməyə çağırıram. Dünya birliyi münaqişənin aradan qaldırılmasına dair bəyan edilmiş prinsipləri ardıcıl surətdə və qətiyyətlə müdafiə etməlidir.

Biz üzümüzə gələn yüzillikdə ATƏT-in roluna bu problemlərin prizmasından baxırıq. ATƏT öz prinsiplərini müdafiə etmək məqsədi ilə qətiyyətlə fəaliyyət göstərməli və özünün əməliyyat imkanlarını xeyli gücləndirməli, ilk növbədə çoxmillətli sülhyaratma qüvvələrini inkişaf etdirməlidir.

Hesab edirəm ki, Avropada adi silahlı qüvvələr haqqında müqavilənin səmərəliliyi yüksəldilməlidir. Bəyan edirəm ki, regionun hərbiləşdirilməsi və işğal edilmiş Azərbaycan torpaqlarında qanuna zidd xarici silahların yerləşdirilməsi Azərbaycanın təhlükəsizliyi üçün qorxu yaratmışdır. Buna baxmayaraq Azərbaycan bu müqavilədən irəli gələn öhdəliklərini tam yerinə yetirir. Bəzi dövlətlərin hərəkətləri isə həm müqaviləni pozur, həm də onun iştirakçısı olan dövlətlərin təhlükəsizliyini sarsıdır.

Cənubi Qafqaz regionu Avropanın ayrılmaz hissəsidir. Mən Amerika Birləşmiş Ştatlarının, Avropa Birliyi ölkələrinin, Rusiyanın, Türkiyənin, Gürcüstanın, Ermənistanın və ATƏT-in marağı olan bütün digər üzvlərinin dövlət və hökumət başçılarına müraciət edərək onları regionumuzun problemlərinin həlli üçün qətiyyətli fəaliyyət göstərməyə çağırıram. Mən Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktının təsis olunmasını təklif edirəm. Belə bir pakt dövlətlərarası münasibətlərin və münaqişələrin aradan qaldırılmasının prinsipial əsaslarını təsbit etməlidir. Onun əsasında regiondan xarici hərbi qüvvələr çıxarılmalıdır. Regionu bölən ayırıcı xətlər aradan qaldırılmalıdır. Təcavüzə, etnik təmizləmələrə, separatçılığa və terrorizmə son qoyulmalıdır. Baş vermiş faktlar əsasında hərəkətlərə və ikili standartlara yol verilməməlidir. Belə bir pakt regionda sülh, sabitlik və təhlükəsizlik yaranmasına, Cənubi Qafqazın suveren, müstəqil demokratik dövlətlərinin iqtisadi tərəqqisinə və əməkdaşlığına gətirib çıxarardı. XXI əsrin astanasında beynəlxalq birliyin Cənubi Qafqazda uğurlu fəaliyyəti azad, bölünməz və təhlükəsiz Avropanın yaradılmasına mühüm töhfə olardı.

Diqqətinizə görə təşəkkür edirəm.
 
"Azərbaycan" qəzeti, 19 noyabr 1999-cu il.