Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andar Şukputovun etimadnaməsini qəbul edərkən söhbətindən - Prezident iqamətgahı, 3 dekabr 2002-ci il


Andar Şukputov: Hörmətli cənab prezident!

Qazaxıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri kimi ölkənizə gəlmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Qazaxıstan müstəqil və suveren Azərbaycana, onun qardaş və mehriban xalqına çox dərin hörmət və rəğbət bəsləyir.

Möhtərəm Heydər Əlirza oğlu, Qazaxıstan Respublikasının prezidenti Nursultan Abişoviç Nazarbayevin xoşbəxtlik və firavanlıq arzularını şəxsən Sizə və bütün qardaş Azərbaycan xalqına yetirməkdən şərəf duyuram. Mən zəngin tarixə və mədəniyyətə malik Azərbaycan torpağında işləmək və yaşamaq imkanına görə şadam. Mənim bütün fəaliyyətim dövlətlərimiz arasındakı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə və dərinləşdirilməsinə yönəldiləcəkdir. Hörmətli cənab prezident, icazə verin, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi akkreditə olunmağım barədə etimadnaməni Sizə təqdim edim.

* * *

Heydər Əliyev: Hörmətli cənab səfir!

Sizi Qazaxıstanın Azərbaycanda səfiri təyin olunmağınız münasibətilə təbrik edir, gələcək işinizdə sizə uğurlar arzulayıram.

Qazaxıstan və Azərbaycan dost ölkələrdir. Keçmişdən və xüsusən, Azərbaycanla Qazaxıstan müstəqillik əldə etdikdən sonra bizi çox tellər bağlayır.

Biz həyatımızın bir çox sahələrində fəal əməkdaşlıq edirik. Əminəm ki, Qazaxıstanın Azərbaycanda səfiri kimi fəaliyyətiniz Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin və əməkdaşlığımızın daha da inkişaf etməsinə və dərinləşməsinə kömək edəcəkdir. Bundan ötrü böyük imkanlar var və siz onları bilirsiniz. Hesab edirəm ki, burada işlədikcə bu imkanlar barədə daha çox məlumatınız olacaqdır.

Azərbaycanda səmərəli fəaliyyətiniz üçün sizə bütün lazımi şərait yaradılacaqdır. Burada siz xalqın, insanların, dostların diqqəti, dostcasına qayğısı ilə əhatə ediləcəksiniz. Ümidvaram ki, fəaliyyətiniz uğurlu olacaqdır. Qazaxıstanın Azərbaycanda səfiri təyin olunmağınız münasibətilə sizi bir daha təbrik edirəm. Mənim salamımı və ən xoş arzularımı dostum Nursultan Nazarbayevə yetirməyinizi xahiş edirəm.

* * *

Heydər Əliyev: Dövlətlərimiz arasında yaxşı münasibətlər var, lakin Xəzərlə bağlı məsələdə əməkdaşlığımız xüsusilə böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, Xəzərin mineral ehtiyatlarından istifadə imkanlarını müəyyənləşdirmək prosesi illərlə davam etmişdir. Biz bu prosesə 1994-cü ildə başladıq. Qazaxıstan bizi həmişə fəal dəstəklədi, sonra da orta xətt üzrə mövqeyini müəyyənləşdirdi. Şadam ki, Qazaxıstanla Rusiya arasında danışıqlar aparıldı və bu danışıqlar yaxşı nəticəyə - qəti sazişin imzalanmasına gətirib çıxardı. Biz Rusiya ilə qəti saziş imzaladıq, Azərbaycanla Qazaxıstan arasında da saziş var. Bir sözlə, bu məsələdə üç Xəzəryanı dövlət eyni fikirdədir.

Biz artıq neçə illərdir ki, Qazaxıstan neftini tankerlərlə gətirib buradan nəql edirik, bu, ildə təxminən 4-5 milyon ton miqdarındadır.

Biz artıq müəyyənləşdirmişik ki, Azərbaycan bütün hallarda öz nefti ilə kəmərin səmərəli işini təmin edəcəkdir. Sentyabrın 18-də biz, üç prezident - Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri Amerika Birləşmiş Ştatlarının energetika nazirinin iştirakı ilə burada bu neft kəmərinin təməlini qoyduq. Yaxın günlərdə tikinti proqramının əməli surətdə həyata keçirilməsinə başlanacaqdır. Son vaxtlar ləngimə Gürcüstanla bağlı idi, çünki orada onların qeyri-hökumət təşkilatlarının, ekoloqlarının bəzi təklifləri, sualları yaranmışdı. Bununla əlaqədar iş bir qədər çətin gedirdi, onlar əvvəlcə bir marşrut təklif etdilər, lakin bu marşrut bizim üçün məqbul olmadı. Marşrut dəyişdirildi, yenisi müəyyən edildi. Həmin marşrutu da öyrənmək üçün böyük iş görüldü. Bütün bunlar edildikdən və biz kəmərin təməlini qoyduqdan sonra ortaya bəzi məsələlər çıxdı. Bi-Pi şirkətinin Azərbaycandakı prezidenti Devid Vudvord öz nümayəndə heyəti ilə Gürcüstanda - Ekologiya Nazirliyində və digər təşkilatlarda bir neçə gün danışıqlar apardı, prezident Eduard Şevardnadze onlarla görüşdü. Mən prezident Şevardnadzeyə zəng etdim, onunla bu məsələ barədə danışdım. Nəhayət, onlar srağagün axşamdan xeyli keçmiş bu məsələni həll etdilər. Devid Vudvord dünən Bakıya döndü, bu gün mən onu qəbul edəcəyəm, o, nəticələr haqqında məruzə edəcək, ancaq ən başlıcası budur ki, məsələ artıq həll olunmuşdur və tikinti başlanacaqdır.

"Azərbaycan" qəzeti, 3 dekabr 2002-ci il.