Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə təbriki - Bakı şəhəri, 18 oktyabr 2000-ci il


Möhtərəm cənab Prezident!

Şərqin qədim şəhərlərindən olan Türküstanın 1500 illik yubileyi münasibətilə Sizi və bütün qazax xalqını ürəkdən təbrik edirəm.

Dövlət müstəqilliyinin əldə olunması bəşər sivilizasiyasının inkişafında mühüm rol oynamış xalqlarımızın qarşısında tarixi ədalətin bərqərar edilməsi - onların dərin köklərə malik öz zəngin mənəvi-tarixi və mədəni irsini bərpa etməsi, dünya xalqları ailəsində öz layiqli yerini tutması üçün geniş imkanlar yaradır. Bu baxımdan orta əsrlərdə İslam mədəniyyətinin mühüm mərkəzlərindən birinə çevrilmiş, tarixə Xoca Əhməd Yəsəvi kimi görkəmli şəxsiyyətlər vermiş Türküstan şəhərinin 1500 illiyinin keçirilməsi qardaş qazax xalqının, türk xalqlarının, bütün müsəlman Şərqi xalqlarının həyatında mühüm hadisədir.

YUNESKO-nun xatirə və yubiley günləri təqviminə uyğun olaraq təşkil edilən bu təntənələr xalqlarımızın çoxəsrlik milli-mənəvi və mədəni dəyərlərinin zənginliyini dünyaya nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Bu yubiley tədbirləri müasir dövrdə xalqlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilib inkişaf etdirilməsi, onların mədəniyyətlərinin rəngarəngliyinin qorunub saxlanılması işinə də xidmət edir.

İnanıram ki, bu yubiley tədbirləri türk xalqlarının adət və ənənələrinin, maddi və mənəvi dəyərlərinin təbliğ edilməsində mühüm mərhələ olacaq, xalqlarımız arasında qardaşlıq tellərinin və əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəkdir.

Sizə və qardaş qazax xalqına ən səmimi arzularımı bildirir, Qazaxıstanın tərəqqisi naminə göstərdiyiniz fəaliyyətdə Sizə yeni böyük uğurlar arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.