Polşa Prezidenti Aleksandr Kvasnevskinin Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - Varşava, Prezident sarayı, 26 avqust 1997-ci il


Hörmətli cənab prezident Kvasnevski!

Möhtərəm xanımlar və cənablar!

Sizə və Sizin simanızda bütün Polşa xalqına Azərbaycan xalqının, Azərbaycan Respublikasının atəşin salamını və ən xoş arzularını yetirirəm.

Cənab prezident, Polşaya rəsmi səfərə gəlmək dəvətinə görə Sizə ürəkdən təşəkkür edirəm və Polşa torpağında, Varşavada olduğumuz ilk anlardan bizə göstərilmiş qonaqpərvərliyə, dostcasına mehriban qarşılandığımıza görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Cənab prezident, mən Sizinlə tamam razıyam ki, bugünkü görüş, müstəqil Azərbaycan Respublikası prezidentinin Polşaya ilk səfəridir və bu gün keçirilmiş tədbirlər həqiqətən tarixi hadisədir.

Cənab prezident, öz çıxışınızla Siz Polşa və Azərbaycan xalqları arasında tarixi əlaqələri parlaq şəkildə səciyyələndirən çox aydın faktlar gətirdiniz. Fəxr edə bilərik ki, bir-birindən çox uzaqda olmasına baxmayaraq, xalqlarımız həmişə sıx əlaqələr saxlamışlar və bu əlaqələr heç zaman qırılmamışdır.

Hörmətli prezident Kvasnevskinin dediklərinə daha bir neçə fakt əlavə etmək olar. Həqiqətən, orta əsrlərdə Polşa ilə Azərbaycan fəal iqtisadi əlaqələr və ticarət əlaqələri saxlamışlar. Azərbaycandan Polşaya gözəl xalçalar, pambıq, ipək və bir çox mühüm məhsul gətirilirdi. Nəinki ticarət, iqtisadi əlaqələr mövcud idi. Həm də insani əlaqələr yaradılmışdı. Məsələn, yaxşı məlumdur ki, XV əsrdə Azərbaycan hökmdarı Uzun Həsən Polşa kralı Yagello ilə sıx əlaqə saxlamışdır.

Azərbaycanın siyasi xadimlərindən və maarifçilərindən olan Topçubaşov əsrin əvvəlində Adam Mitskeviçin şerlərini Azərbaycan dilinə tərcümə etmiş, Azərbaycan peşəkar musiqisinin banisi, Azərbaycanın 1918-ci ildə yazılmış və bu gün sizin eşitdiyiniz himninin müəllifi Üzeyir Hacıbəyov həmin şerləri öz qəzetində dərc etmişdir.

XIX əsrin ortalarında Azərbaycan yazıçıları, mütəfəkkirləri, filosofları - Abbasqulu ağa Bakıxanov və Qutqaşınlı Polşada yaşayıb yaratmış və polyak həmkarları ilə əməkdaşlıq etmişlər. Azərbaycanın qəhrəmanlıq dastanı olan "Koroğlu" hələ ötən əsrin ortalarında polyak Xodzko tərəfindən tərcümə edilərək ingilis və fransız dillərində nəşr olunmuşdur.

XIX əsrin sonu və XX əsrin əvvəli Azərbaycan və Polşa arasında əlaqələrin daha çoşğun inkişafı ilə səciyyələnir. Bunlar artıq təkcə iqtisadi, ticarət xarakteri, mədəni xarakter daşımır, siyasət sahəsinə də keçmişdir. Polyak Ledinski və azərbaycanlı Topçubaşov çar Dumasında Polşanın və Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan xüsusi fraksiya yaratmışdılar.

Bu məqsədi daşıyan, yəni çar Rusiyası tərkibində həm polyaklar üçün, həm də azərbaycanlılar üçün azadlığa, müstəqilliyə, muxtariyyətə nail olmaq məqsədi güdən hərəkat tarixdə məlumdur. Pilsudski və 1918-ci ildə yaradılmış ilk Azərbaycan demokratik hökumətinin banilərindən biri olan Məmməd Əmin Rəsulzadə bu zəmində fəal əməkdaşlıq etmişlər. Qeyd etdiyim kimi, Azərbaycanda ilk müstəqil hökümətin banilərindən olan Məmməd Əmin Rəsulzadə sonralar mühacirət etmiş və 30-cu illərdə uzun müddət Polşada yaşamışdır. Prezident Kvasnevski Azərbaycandan olan mühacirlər haqqında dedi. Tanınmış mühacirlərdən biri burada, Polşada yaşayıb yaratmış Məmməd Əmin Rəsulzadə idi. Yeri gəlmişkən qeyd etdim ki, onun Vanda adlı xanımı Pilsudskinin qohumu idi.

Mühəndis Pototskini Azərbaycanda böyük minnətdarlıq hissi ilə xatırlayırlar. O, həqiqətən Xəzər dənizinin şelfində ilk dəfə neft çıxarılmasının layihəsini vermiş və onun hasil olunmasını təşkil etmişdir. Bakı şəhərinin mərkəzindəki bir neçə çox böyük memarlıq tikililərinin müəllifi olan mühəndis Ploşkonu da Azərbaycanda böyük minnətdarlıq hissi ilə xatırlayırlar.

Polyaklar Azərbaycanda 1918-ci ildə yaradılmış ilk demokratik hökumətin fəaliyyətində də iştirak etmişlər. Məsələn, Kuçinski qardaşları Azərbaycan Demokratik Respublikası hökumətində işləyirdilər. 1918-ci ildə Azərbaycan demokratik hökumətinin ilk milli ordusunun qərargah rəisi general Sulkeviç idi. Birinci dünya müharibəsindən sonra polyaklar Polşadan deportasiya olunarkən onlardan on minlərlə insan Azərbaycana gəlmişdi. Onlar Bakıda, Azərbaycanın digər bölgələrində yaşamışlar və yaşamaqdadırlar. Hazırda təkcə Bakıda iki mindən çox polyak yaşayır.

Müharibədən sonrakı illərdə, - mən İkinci dünya müharibəsini nəzərdə tuturam, - Polşa ilə Azərbaycan arasında çox sıx iqtisadi, elmi, mədəni, ədəbi əlaqələr mövcud olmuşdur. Azərbaycan yazıçıları və şairləri polyak yazıçılarının, şairlərinin bir çox əsərlərini tərcümə etmişlər. Bu əsərlər Azərbaycan dilində nəşr olunub və Azərbaycan oxucuları tərəfindən sevilə-sevilə oxunur. Eyni vəziyyət Polşada da olmuşdur.

Artıq bunların hamısı tarixdir. Lakin əlaqələrimizin bütün tarixi nə qədər zəngin olsa da, bu gün baş verən hadisələr heç zaman olmayıbdır. İndi Azərbaycan müstəqil, suveren dövlətdir. Azərbaycan 1918-ci ildə əldə etdiyi öz dövlət müstəqilliyini 1920-ci ildə itirdikdən sonra 1991-ci ilin axırlarında Sovet İttifaqının süquta uğraması ilə əlaqədar bu müstəqilliyi yenidən qazanmışdır. Amma bu müstəqillik artıq əbədidir, həmişəlikdir.

Biz Polşaya minnətdarıq ki, o, çağırışımıza dərhal hay verərək, Azərbaycanın dövlət müstəqilliyini biz öz istiqlaliyyətimizi elan etdikdən sonra, demək olar, elə ilk aylarda tanımışdır.

Ötən illərdə münasibətlərimiz inkişaf etmişdir. Lakin bu gün Polşa ilə Azərbaycan arasında münasibətlərdə yeni mərhələ açılır və biz bunu çox yüksək qiymətləndiririk. Bir daha demək istəyirəm ki, əlaqələrimizin bütün çoxəsrlik tarixi ərzində Azərbaycanla Polşa arasında dövlətlərarası münasibətlər ilk dəfə olaraq yaradılır. Bu isə Polşa prezidentinin və Azərbaycan prezidentinin, Polşa və Azərbaycanın digər dövlət xadimlərinin bu gün imzaladıqları sənədlərdə öz gözəl təcəssümünü tapmışdır.

Hesab edirik ki, münasibətlərimizin inkişafı üçün yaxşı müqavilə - hüquqi əsas yaranmışdır. Ümidvaram ki, bütün bunlar əməkdaşlığımızın genişlənməsinə və dərinləşməsinə yeni təkan verəcəkdir. Bizdə şübhə yoxdur ki, yaxın vaxtlarda Azərbaycanda, Bakıda Polşa səfirliyi fəaliyyətə başlayacaqdır.

Polşa Avropanın ən iri ölkələrindən biridir, mühüm strateji mövqedə yerləşir və olduqca böyük potensiala malikdir. Polşa xalqının həyat tarixinin mərhələləri bizə yaxşı məlumdur. Bu da yaxşı məlumdur ki, bütün mərhələlərdə Polşa xalqı azadlıq, müstəqillik və öz dövlətçiliyi uğrunda mübarizə aparmışdır.

Polşanın azadlığı və müstəqilliyi uğrunda həlak olmuş naməlum əsgərin məzarını bu gün mən Polşa xalqının qəhrəmanlıq hünərinə çox böyük hörmət hissi ilə ziyarət etdim. İkinci dünya müharibəsində Polşa xalqının necə böyük itkilərə məruz qaldığı, nə qədər qurbanlar verdiyi yaxşı məlumdur. Gözəl şəhər olan Varşava öz diqqətəlayiq qədim tarixi və memarlıq abidələri ilə birlikdə yerlə yeksan edilmişdi. Polşa xalqının zəhməti bahasına, məharəti sayəsində bərpa edilmiş gözəl Varşavaya bu gün biz hədsiz sevinc hissi ilə gəzintiyə çıxdıq. Sizin dostlarınız kimi biz şadıq ki, son illərdə Polşa Respublikasının siyasi, sosial-iqtisadi həyatında olduqca böyük dəyişikliklər baş verir.

Müstəqil, suveren dövlət olan Polşa Dünya Birliyində, Avropada öz layiqli yerini tutmuşdur. Biz də sizin uğurlarınıza sevinirik, Avropada təhlküəsizliyin möhkəmlənməsi, Polşanın suverenliyinin, müstəqilliyinin möhkəmlənməsi sahəsində həyata keçirdiyiniz tədbirləri bəyənirik. Polşanın Şimali Atlantika İttifaqına qəbul olunması münasibətilə sizi bir daha təbrik edirəm. Bu, Polşa xalqı üçün böyük tarixi hadisədir. Bununla bərabər, bu, Avropada təhlükəsizliyi möhkəmləndirən son dərəcə mühüm amildir. Əziz dostlar, sizə bu doğru yolda uğurlar arzulayıram.

Ölkələrimiz iqtisadi, mədəni, elmi-texniki əməkdaşlıq üçün olduqca əlverişli şərait yaratmaq imkanına malikdirlər. Öz tərəfimizdən biz bundan ötrü hər şeyi edəcəyik. Belə düşünürəm ki, Polşanın Qafqaza, Xəzər hövzəsinə, bölgəmizə marağı daha çox artmalıdır. Belə düşünürəm ki, Azərbaycan Respublikasının Xəzər dənizi hövzəsindən energetika ehtiyatlarından istifadə edilməsi Polşa üçün mühüm maraq doğurur.

Zənnimcə, Polşa üçün Avrasiya nəqliyyat dəhlizi də olduqca böyük maraq doğurur. Fəal işləyən bu dəhlizlə Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan vasitəsilə Avropaya və oradan geriyə yüklər daşınır. Biz Azərbaycanla Polşanın bu sahədə fəal əməkdaşlığına dair konkret təkliflər verməyə hazırıq.

Azərbaycan öz dövlət müstəqilliyini, suverenliyini, milli azadlığını çox yüksək qiymətləndirir. Biz bu mövqelərdə möhkəm dayanmış və heç zaman, heç bir halda bir daha yol verməyəcəyik ki, suverenliyimiz pozulsun. Ancaq Qafqazda baş verən mürəkkəb proseslər Azərbaycana da olduqca böyük ziyan vurmuşdur. Azərbaycanın Dağlıq Qarabağ Vilayətini qoparıb Ermənistana birləşdirmək məqsədilə hələ 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış hərbi təcavüz müharibəyə, çoxlu qan tökülməsinə gətirib çıxarmışdır. Müxtəlif səbəblər üzündən Azərbaycan öz ərazisinin 20 faizini itirmişdir. Daha dəqiq desək, Azərbaycan ərazisinin 20 faizi erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Bu torpaqlardan bir milyon nəfərdən çox azərbaycanlı zorakılıqla qovulmuşdur. Dörd ildən çoxdur ki, onlar olduqca ağır şəraitdə, əksəriyyəti isə çadırlarda yaşayırlar.

Biz böyük itkilər verdik, çoxlu adam həlak oldu, respublikamıza son dərəcə böyük mənəvi ziyan vurulmuşdur. Lakin, buna baxmayaraq, biz atəşkəs əldə edilməsinə nail olmağı lazım bildik. Üç ildən artıq əvvəl - 1994-cü ilin mayında Azərbaycan ilə Ermənistan arasında atəşkəs haqqında saziş imzalandı. İndi müharibə yoxdur, amma sülh də yoxdur. Biz bölgəmizdə tam sülh - Ermənistanla Azərbaycan arasında sülh yaranmasına çalışırıq, lakin bir şərtlə ki, erməni silahlı birləşmələri Azərbaycan ərazisindən tamamilə çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü Lissabonda qəbul edilmiş üç prinsip əsasında bərpa olunmalıdır. Fürsətdən istifadə edərək, prezident Aleksandr Kvasnevskiyə ATƏT-in Lissabon Zirvə toplantısında respublikamızı dəstəklədiyinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Dağlıq Qarabağ üstündə Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılmasının əsas prinsipləri həmin zirvə toplantısında qəbul edilmişdir.

Biz inanırıq ki, bu münaqişənin dincliklə aradan qaldırılmasına nail ola biləcəyik. Bunun təminatçıları Dünya Birlyinin qüvvələri, ATƏT, bu münaqişəni aradan qaldırmaq üçün xüsusi olaraq yaradılmış ATƏT-in Minsk qrupu və Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır. Biz isə öz tərəfimizdən atəşkəsin qalması, tam sülhə nail olmaq üçün hər şey edəcəyik və Dünya Birliyinin bütün ölkələrinin, ATƏT üzvlərinin, o cümlədən Polşanın kömək və dəstəyinə bel bağlayacağıq.

Hörmətli dostlar, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə qətiyyətlə gedir. Biz iqtisadi islahatları uğurla həyata keçiririk və artıq müsbət nəticələrə nail olmuşuq. Azərbaycanda köhnə rejim, köhnə sistem, kommunist ideologiyası yoxdur və olmayacaqdır. Bizim yolumuz azad, müstəqil inkişaf, demokratiya yoludur, dünyanın bütün mütərəqqi ölkələrinin getdikləri yoldur. Bütün bunlar Polşa ilə Azərbaycan arasında münasibətləri daha da möhkəmlətmək və inkişaf etdirmək üçün yaxşı əsasdır.

Polşa xalqına əbədi olaraq səadət, firavanlıq və sülh, azadlıq və müstəqillik arzulayıram! Polşa prezidenti, mənim dostum, gözəl insan Aleksandr Kvasnevskinin sağlığına, Polşa Respublikasının şərəfinə, Polşa xalqının şərəfinə badə qaldırıram! Əziz dostlar, Polşa - Azərbaycan dostluğu şərəfinə, xalqlarımızın şərəfinə badə qaldırıram!