Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya dövlət başçılarının, habelə Rusiya Federasiyasının subyektləri olan Şimali Qafqaz Respublikaları, diyarları və vilayətləri rəhbərlərinin görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - Kislovodsk, 3 iyun 1996-cı il


Hörmətli dövlət başçıları, hörmətli Şimali Qafqaz respublikalarının rəhbərləri!

Xanımlar və cənablar!

Mən sizin hamınızı salamlayıram və bu gözəl görüşdən çox məmnun qaldığımı bildirirəm. Desəm ki, bu, Qafqazın bütün xalqları, bütün dövlətləri nümayəndələrinin bütün tarix ərzində ilk görüşüdür, zənnimcə, yanılmaram. Bu, çox gözəl təşəbbüsdür, xüsusən indiki vaxtda, mühüm təşəbbüsdür. Bu təşəbbüsü Rusiya Federasiyasının prezidenti, bizim hörmətli dostumuz Boris Nikolayeviç Yeltsin irəli sürmüşdür. Boris Nikolayeviç, mən bu təşəbbüsə görə sizə təşəkkür edirəm və əminəm ki, bu görüş, imzaladığımız bəyannamə və burada apardığımız fikir mübadiləsi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsinə, şübhəsiz, kömək göstərəcəkdir.

Qafqaz elə bir regiondur ki, Yer kürəsinin bir çox regionlarından özünün bir sıra xassələrinə görə seçilib fərqlənir. Qafqaz özünün müstəsna gözəl təbiəti ilə, çoxmillətli tərkibi, burada yaşayan xalqların özünəməxsus ənənə və adətləri ilə səciyyələnir. Qafqazın tarixinə bu xalqların dostluğu və qardaşlığı haqqında neçə-neçə parlaq səhifələr yazılmışdır. Son vaxtlar Qafqazın siyasi xəritəsi əhəmiyyətli dərəcədə dəyişmişdir. Sovet İttifaqının süqutundan sonra müstəqil suveren dövlətlər - Azərbaycan Respublikası, Ermənistan Respublikası və Gürcüstan Respublikası yaranmışdır. Şimali Qafqazda, Rusiya Federasiyasının ərazisində respublikalar daha çox hüquqlar, daha çox səlahiyyətlər almışlar.

Zənnimcə, belə desəm ədalətli olar ki, Şimali Qafqaz respublikaları, xalqları keçmiş çar imperiyasının, Sovet İttifaqının tərkibində heç vaxt belə hüquqlara, belə müstəqilliyə və belə səlahiyyətlərə malik olmayıblar. Bu isə Rusiyanın həqiqətən federativ quruluşuna və Rusiyada dövlət quruluşunun doğrudan da demokratikləşdirilməsinə sübutdur.

Amma bununla yanaşı, son vaxtlar Qafqaz faciəli hadisələrlə, hərbi münaqişələrlə qarşılaşmışdır. Bu gün bütün Qafqazı münaqişələr bürümüşdür və bu, bütövlükdə Qafqaza, bütün xalqlara çox böyük ziyan vurur, onları müsibətlərə, iztirablara, fəlakətlərə düçar edir. Odur ki, vəzifəmiz bu vəziyyəti aradan qaldırmaqdır.

Təəssüflər olsun ki, bu münaqişələr hələ Sovet İttifaqının mövcudluğu dövründə başlanmışdır. Ən əvvəl başlayan münaqişə Dağlıq Qarabağla əlaqədar Ermənistanla Azərbaycan arasında olan münaqişədir. Bu münaqişə hələ 1988-ci ildə başlanmışdır. Mən əminəm və bu gün inamla deyirəm ki, keçmiş Sovet İttifaqının rəhbərləri bu münaqişəyə yol verməmək, bu qan tökülməsinə yol verməmək, onun dərinləşməsinə yol verməmək üçün hər cür imkana malik idilər. Amma onlar uzaqgörən siyasətçilər olmadılar, bəziləri isə bu münaqişənin qızışmasına, məncə, bu və ya digər dərəcədə kömək etdilər.

Bu münaqişə nəinki Azərbaycana, həm də Ermənistana, bütün Qafqaza olduqca böyük ziyan vurur. Əslinə qalsa, bütün Qafqazda, keçmiş Sovet İttifaqının bütün məkanında da münaqişələrin hamısı bu münaqişədən başlanmışdır. Bu münaqişə nəticəsində Azərbaycan son dərəcə böyük ziyan çəkmişdir. Məlum olduğu kimi, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdir, işğal olunmuş torpaqlardan bir milyondan çox Azərbaycan vətəndaşı zorakılıqla qovulmuşdur. Onlar olduqca ağır şəraitdə yaşayırlar, əksəriyyəti dörd ildir çadırlarda məskunlaşıb. Təəssüf ki, işğal olunmuş torpaqlar viran qoyulmuş, qarət edilmiş və Azərbaycana çox böyük həm mənəvi, həm də maddi ziyan vurulmuşdur.

Lakin bütün bunlara baxmayaraq, biz hər halda belə bir fikrə gəldik ki, hərbi əməliyyatları davam etdirməkdənsə, məsələnin həllinə sülh yolu ilə nail olmaq daha yaxşıdır. İki il bundan əvvəl biz Ermənistanın rəhbərliyi, Ermənistan prezidenti cənab Ter-Petrosyan ilə razılıq əldə etdik və atəşkəs haqqında saziş imzaladıq. Bu atəşkəs rejimi indi də qalmaqdadır və davam edir.

Mən bunu çox müsbət məqam sayıram. Atəşkəs rejimini böyük siyasi saziş imzalanan vaxtadək davam etdirmək niyyətimiz, iradəmiz, istəyimiz bu gün bizim bəyannamədə də əksini tapmışdır. Biz sülh istəyirik, biz hərbi əməliyyatlara yenidən başlanmasını istəmirik. Biz Ermənistan ilə Azərbaycan arasında sülh olmasını istəyirik. Taleyin hökmü ilə biz yanaşı yaşayırıq, qonşuyuq və buna görə də uzun müddət düşmənçilik etmək olmaz, xüsusən də əbədi olaraq düşmənçilik etmək olmaz. Biz sülh istəyirik, məsələnin dincliklə nizamlanmasını istəyirik. Bu məsələ barəsində təkliflərimiz dəfələrlə elan edilmişdir. Bundan ötrü Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, qaçqınlar öz doğma torpaqlarına, yurd-yuvalarına, öz ocaqlarına qayıtmalıdırlar. Təbii ki, bu şərtlər əsasında Dağlıq Qarabağa Azərbaycan Respublikası tərkibində muxtariyyət statusu - müasir beynəlxalq praktikada olan ən yüksək muxtariyyət statusu verilməklə.

Həmin şərtləri mən bu gün bir daha elan edir və ümidvaram ki, biz məsələnin həllinə, münaqişənin aradan qaldırılmasına, sülh yaranmasına bundan sonra da birgə səylərlə çalışacağıq.

Lakin bizi təkcə öz taleyimiz, xalqlarımızın, özümüzün taleyi narahat etmir, biz həm də bütün Qafqaz üçün narahatıq. Təəssüf ki, bütün Qafqaz, bayaq dediyim kimi, münaqişələr alovuna bürünmüşdür. Əlbəttə, bütün bunlar da separatizmin nəticəsidir, təcavüzkar millətçiliyin, davakar millətçiliyin nəticəsidir, şovinizmin nəticəsidir. Bilirsinizmi, bu münaqişələr də Sovet İttifaqının mövcudluğu dövründə başlanmışdır. Zənnimcə, bütün bunlar həm də Sovet İttifaqı Kommunist Partiyasının, daha doğrusu, Sovet İttifaqı Kommunist Partiyası rəhbərlərinin və keçmiş Sovet İttifaqı rəhbərlərinin düzgün olmayan milli siyasətinin nəticəsidir.

O illərdə buraxılmış və bu münaqişələrə gətirib çıxarmış səhvlər məlumdur və aşkardır. Bu səhvlər Qafqaz xalqları barəsində də, Zaqafqaziya xalqları barəsində də buraxılmışdır. Onların barəsində çox danışmaq olar. O illərdə mən Sov. İKP MK Siyasi Bürosunun üzvü olduğuma və bir çox müzakirələrdə iştirak etdiyimə görə bunlar yadımdadır və indi bu barədə danışmağı lazım bilirəm, çünki tarix bütün həqiqəti bilməlidir.

Məsələ burasındadır ki, o vaxtlar Sovet İttifaqının, Kommunist Partiyasının ayrı-ayrı rəhbərləri tərəfindən yol verilmiş bu şovinizm ona gətirib çıxarırdı ki, Sovet İttifaqında yaşayan xalqların, o cümlədən də Qafqazda yaşayan xalqların mənafeləri, milli adətləri, milli ənənələri nəzərə alınmırdı.

Yadımdadır, Kabarda-Balkariya Respublikasının rəhbərini əvəz etmək məsələsinə baxılarkən və Malbaxov öz vəzifəsindən gedərkən buraya bu regionla, bu respublika ilə heç bir əlaqəsi olmayan, təbii ki, yerli millətə mənsub olmayan bir nəfəri - sibirlini təyin etmək planlaşdırılırdı. O vaxt mən buna etiraz etdim. Lakin Kommunist Partiyasının bəzi rəhbərlərinin, ən əvvəl Qorbaçovun volyuntarist qərarında bu etiraz, əlbəttə, qətiyyən nəzərə alınmadı.

Eyni əhvalat Qazaxıstanda da baş verdi. O vaxtlar oraya respublikaya, bütöv Qazaxıstan Respublikasına elə bir adamı göndərdilər ki, o heç vaxt orada yaşamamışdı, işləməmişdi, təbii ki, yerli millətə mənsub deyildi. Belə faktlardan çox gətirmək olar. Lakin mən onlardan yalnız birindən qısaca danışdım ki, indi bizim hamımızın, Qafqazın məruz qaldığı bu münaqişələrin, bu müsibətlərin, bu faciələrin səbəblərindən birinin hər halda nədən ibarət olduğunu xatırladım.

Çox şükürlər olsun ki, indi Rusiyada, demokratik Rusiyada bu məsələlər daha yaxşı, daha normal həll edilir. Hesab edirəm ki, nəinki təkcə Qafqaz üçün, həm də özümüzün bütün siyasi fəaliyyətimiz üçün borcumuz, ən vacib borcumuz millətçiliyə, separatizmə, şovinizmə gedən yolları kəsmək, bunun qarşısını almaqdır. Bu, Qafqaz üçün xüsusilə əhəmiyyətlidir. Təkrar edirəm, mən inanıram ki, indi Rusiyada bu prinsiplər üstün tutulur və əminəm ki, bu, Qafqazda münaqişələrin tezliklə aradan qaldırılmasına kömək edəcəkdir.

Bizi Qafqazda baş verən bütün hadisələr, ən əvvəl Çeçenistanda olan hadisələr narahat edir. Mən Çeçenistanda münaqişənin dincliklə aradan qaldırılması üçün prezident Boris Yeltsinin atdığı addımları alqışlayıram. Ümidvaram və əminəm ki, bu addımlar davam etdiriləcək, Çeçenistanda sulh yaradılacaq və bunun Qafqazda - istər Şimali Qafqazda, istərsə də Zaqafqaziyada digər bütün münaqişələrin aradan qaldırılması üçün çox böyük əhəmiyyəti olacaqdır.

Buna görə də mən prezident Boris Yeltsinin bu addımını bir daha alqışlayır və ümidvar olduğumu bildirirəm ki, bu addım davam etdiriləcəkdir. Zaqafqaziyada münaqişələrə son qoyulması üçün biz Rusiya Federasiyasının, Rusiya prezidentinin, Rusiya dövlətinin böyük köməyinə möhtacıq. Rusiyanın və şəxsən prezident Boris Yeltsinin göstərdikləri sülhyaratma səyləri, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanla Azərbaycan arasında vasitəçilik səyləri böyük əhəmiyyətə malikdir. Buna görə də ümid etmək istərdik ki, bu səylər davam etdiriləcək və məsələnin tamamilə tənzimlənməsinə gətirib çıxaracaqdır.

Ümumiyyətlə, mən bugünkü görüşdən çox məmnun qaldığımı bir daha bildirmək istəyirəm. Mən istəyirəm ki, Qafqazda sülh olsun, Qafqazda sabitlik olsun, axı Qafqazda müxtəlif millətlərin nümayəndələri, müxtəlif dinlərə etiqad bəsləyən adamlar yaşayırlar, onların çoxu müsəlman dininə mənsubdur. Təəssüf ki, o vaxtlar Sovet İttifaqında dinə ümumən düzgün münasibət göstərilmirdi, xüsusən də müsəlman dininə təcavüzkar bir münasibət var idi. Elə bu da yaranmış münaqişələrin səbəblərindən biridir. İndi Rusiyada bu məsələlərə zənnimcə, çox düzgün münasibət bəslənilir. Odur ki, bizim borcumuz, bizim hər birimizin borcu, - mən öz borcumdan danışıram, - bu məsələlərə maksimum diqqətlə yanaşmaqdan, bütün dinlərə, bütün əqidələrə, milliyyətindən asılı olmayaraq, bütün adamlara hörmət etməkdən ibarətdir. Təkrar edirəm, bununla əlaqədar Qafqaz xalqlarını sıx birləşdirməyə və Qafqazı dinc bir regiona çevirməyə imkan var.

Mən prezident Boris Yeltsinin fikri ilə razıyam ki, yaxşı olardı, bu görüşlər davam etdirilsin, ənənəyə çevrilsin. Hesab edirəm ki, biz bundan daha çox faydalanarıq. Məsələn, Qafqazda, nəinki Qafqazda, həm də keçmiş Sovet İttifaqında uzun illər işləmiş bir şəxs kimi rəhbərlərin belə tərkibi ilə ilk dəfə qarşılaşıram. Bu, olduqca xoş və fərəhli haldır.

Fürsətdən istifadə edərək, hazırda Rusiyadakı vəziyyət barədə də bir neçə kəlmə demək istəyirəm. İndi Rusiya öz həyatının çox məsul mərhələsini yaşayır, çox mühüm ictimai-siyasi proseslər baş verir, Rusiya prezidentinin seçkilərinə hazırlıq görülür. Təbii ki, bu, rusiyalıların işidir. Rusiya vətəndaşlarının işidir. Bizim buna ancaq rəğbətimiz, hörmətimiz və ya hər hansı rəyimiz ola bilər. Lakin bununla yanaşı, biz Rusiyanın taleyinə və Rusiyanın gələcəyinə biganə deyilik. Çünki respublikamız, - mən öz respublikamı nəzərdə tuturam, - Azərbaycan Respublikası Rusiya ilə çoxəsrlik tarixlə, iqtisadi, mədəni, elmi, texniki əlaqələrlə, humanitar əlaqələrlə bağlıdır və bu əlaqələr yaşamalı və davam etməlidir. Biz onları qıra bilmərik. Buna görə də onların inkişafı üçün hər şey etməliyik. Bununla əlaqədar biz Rusiyanın sabah necə olacağına, hansı Rusiya ilə əlaqələr quracağımıza biganə deyilik.

Rusiyada iqtisadi və siyasi islahatlar aparılır. Bu baxımdan Rusiya bizə, MDB-yə daxil olan digər dövlətlərə nümunə göstərir. Çox işlər görülmüşdür. Bu islahatlar Rusiyada başlanmışdır. Biz Rusiyanın təcrübəsindən çox şey əxz edirik. Çünki eyni vəziyyətdə yaşayırıq və eyni keçid dövründəyik. Bu islahatların həyata keçirilməsinin təşəbbüsçüsü, bu islahatların fəal aparıcısı Boris Nikolayeviç Yeltsindir. O, beş ildir Rusiya prezidentidir. Əlbəttə, biz, - mən Azərbaycanı nəzərdə tuturam, öz rəyimi deyirəm, - bunun qızğın tərəfdarıyıq ki, Rusiyada siyasi və iqtisadi islahatlar davam etsin, Rusiya demokratik bir ölkə olsun. Biz Rusiyada demokratiyanın çiçəklənməsini, demokratiyanın tərəqqisini görmək istəyirik. Bizim bu tərkibdə burada olmağımız Rusiyada məhz həyatın demokratikləşdirilməsinin, dövlət quruluşunun demokratikləşdirilməsinin nəticəsidir. Biz bu xəttin davam etdirilməsini istəyirik.

Buna görə də biz demokratik Rusiya tərəfindəyik. Rusiyada demokratiya prinsiplərinin daha da bərqərar olmasına, iqtisadi islahatlar aparılmasına, bazar iqtisadiyyatının inkişaf etdirilməsinə tərəfdarıq. Təbii ki, bütün bunlara prezident Boris Nikolayeviç Yeltsin başçılıq edir və bizim rəğbətimiz, dəstəyimiz də, şübhəsiz, onun tərəfindədir.

Mən fürsətdən istifadə edərək, Rusiyanın xeyirxah qonşusu kimi ümidvar olduğumu bildirmək istəyirəm ki, Rusiya xalqı düzgün qərar qəbul edəcək və biz demokratik Rusiya ilə iş görəcəyik.

Diqqətinizə görə sağ olun.

"Azərbaycan" qəzeti, 3 iyun 1996-cı il.