Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gülhanə Tibb Akademiyasında müalicə başa çatdıqdan sonra akademiyanın komandanı, tibb xidməti general-leytenantı, professor Çətin Harmankaya ilə görüşdəki söhbəti - Ankara, 29 yanvar 1999-cu il


Çətin Harmankaya: Hörmətli prezident Heydər Əliyev, Siz burada müayinə və müalicə olunmaqla bizə böyük şərəf gətirdiniz və Gülhanə Tibb Akademiyasını bütün dünyada məşhur etdiniz. Şəfa ocağımızın bütün üzvləri adından Sizə cansağlığı arzulayıram.

Heydər Əliyev: Hörmətli cənab Komutan!

Hörmətli generallar, dostlar, qardaşlar!

Bu ilin ocaq ayının - yanvar ayının 17-dən mən Azərbaycandan buraya, Sizin xəstəxanaya gəldim. Bu gün, yanvar ayının - ocaq ayının 29-da mən Sizdən ayrılıram. Son 10 il içərisində ilk dəfədir xəstəxanaya düşürəm. Ancaq çox məmnunam ki, xəstələndiyimlə əlaqədar olaraq, Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostum, qardaşım Süleyman Dəmirəl məni buraya dəvət etdi və müalicə olunmağımı məhz sizin xəstəxananıza etibar etdi. Mən bu dəvətə görə təşəkkür edirəm.

Əziz dostum, qardaşım hörmətli Süleyman Dəmirələ qəlbimin ən dərin guşələrindən gələn hədsiz təşəkkürü və məhəbbəti bildirirəm. Eyni zamanda mən burada 12 gün ərzində hər gün sizinlə bərabər oldum və siz mənə çox böyük qayğı, diqqət göstərdiniz. Sizin məni müayinə etməyiniz, müalicə etməyiniz çox yüksək səviyyədə oldu, çox gözəl oldu və mən artıq tam sağlamam. İndi xəstəxanadan çıxıram və sabah Azərbaycana dönürəm.

Bütün bu xidmətlərinizə görə, mənə göstərdiyiniz qayğıya görə, mənə göstərdiyiniz qardaşlıq, mehribanlıq münasibətlərinə görə sizə təşəkkür edirəm. Həkimlər həmişə deyirlər ki, xəstəni təkcə müalicə sağaltmır. Onu mühit sağaldır və bir də ki, qayğı, diqqət, mehriban münasibət sağaldır. Mən bunların hamısını burada gördüm. Sizin xəstəxana - Gülhanə xəstəxanası Türkiyə Cümhuriyyətinin tarixi sərvətlərindən biridir. Yüz ili tamam olmuş bir xəstəxana və yüz il müddətində belə yüksək, dünya miqyaslı səviyyəyə gəlmiş xəstəxana türk xalqının, Türkiyə Cümhuriyyətinin iftixarıdır və Azərbaycan xalqının, Azərbaycan Respublikasının da iftixarıdır. Mən çox qürur duyuram ki, mənim qardaş, dost ölkəmdə - Türkiyə Cümhuriyyətində dünya miqyasında ən yüksək zirvələrdə olan belə bir xəstəxana vardır, Tibb Akademiyası vardır. Mən burada olduğum müddətdə sizin işlərlə də az-çox tanış oldum və gördüm ki, burada çox gözəl iş qurmusunuz. Gözəl intizam var, gözəl qanun-qayda vardır və hamısından önəmli - çox bilgili həkimlər vardır. Sizin çox gözəl, ən müasir alətləriniz, cihazlarınız vardır.

Bunlar məni sevindirir. Bir ona görə yox ki, siz mənə bu günlər çox böyük qayğı göstərdiniz və mənim sağlamlığının tam olması üçün əlinizdən gələn hər şeyi etdiniz. Yenə də deyirəm, ona görə ki, demək, bizim xalqımız, bizim millətimiz dünya xalqları içərisində belə yüksək biliklərə, yüksək təcrübəyə malik bir xalqdır. Bunlar hamısı məni çox sevindirdi. Şübhəsiz ki, mən on ildir heç bir xəstəxana görməmişdim və görmək də istəmirdim. Ancaq hər şey insanın özündən asılı deyildir. Tale məni buraya gətirdi. Bundan da məmnunam ki, gətirdi. Çünki burada bir çox şeyləri gördüm və ən əsas odur ki, on il həkimsiz yaşayan insanın, yəqin, bir zaman müayinəyə ehtiyacı var idi. Bunların hamısını siz etdiniz. Çox sağ olun. Mən sizə təşəkkür edirəm.

Cənab Komutan, şəxsən sizə çox təşəkkür edirəm. Çünki siz böyük bir xəstəxananın, böyük bir akademiyanın komutanısınız. Amma hər saat, hər dəqiqə mənə qayğı və diqqət göstərdiniz. Ertən Paşaya çox təşəkkür edirəm. Çünki o, sizin və cümhur başqanı Süleyman Dəmirəlin əmri ilə Bakıya gəldi və məni buraya gətirdi. Buraya gələndən də mənim müalicəmlə məşğul olur. Çox gözəl bir doktorunuzdur, gözəl bir insandır. Mən çox təşəkkür edirəm. Bütün həkimlərə təşəkkür edirəm.

Mən kiminlə burada görüşdümsə, hamısında yüksək bir səviyyə gördüm. Mənim müqayisə etməyə imkanım var. Çünki bilirsiniz, on il məsafə keçibdir. On ildə dünya inkişaf edibdir. Amma mən Moskvada çalışanda orada Baş nazirin birinci müavini kimi, Sovetlər Birliyinin bütün sağlamlıq bakanlarına rəhbərlik edirdim. Yəni sağlamlıq bakanı mənə bağlı idi. Orada bir sağlamlıq bakanlığı var idi, bir də tibb sənayesi bakanlığı var idi. Tibb Akademiyası, çox böyük universitetlər - hamısı mənə bağlı idi. Yəni mən orada bu işlərə baxırdım və bu xəstəxanalara xəstə kimi yox, sadəcə, öz vəzifəmi yerinə yetirmək üçün gedirdim. Çox şeylər görmüşəm. Ancaq burada gördüklərim, yenə də deyirəm, məni heyran etdi: həm burada işinizin qurulması, həm də sizin həkimlərin, bütün tibb işçilərinin öz işinə münasibəti və çox bilikli, təcrübəli olması.

Sizin hamınıza təşəkkür edirəm və xahiş edirəm, mənim təşəkkürümü və minnətdarlığımı mənimlə təmasda olanların və olmayanların hamısına çatdırasınız.

Şübhəsiz ki, mən sizə bir ərməğan verməliyəm və çox arzu edirəm, bunu qəbul edəsiniz. Ola bilər, gələcəkdə daha da önəmlisini edəm. Amma indi mən sizə, akademiyada qalması üçün hədiyyə edirəm ki, məni unutmayasınız. Bu da mənim həyatımın bir hissəsi haqqında kitabdır. Burada bəzi rəsmlər vardır. Bu da sizin müzeyinizdə qalsın. Sizin xəstəxanada olmuş bir insandır. Hamınıza təşəkkür edirəm.