Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Tirren dənizindəki Kapri adasının görməli yerləri ilə tanışlıq zamanı adanın sakinləri və rəhbərləri ilə səmimi görüşləri - Kapri adası, 27 sentyabr 1997-ci il


Azərbaycan Prezidentini müşayiət edən İtaliya hökumətinin numayəndəsi: Cənab prezident, bu meydana toplaşanların hamısı Sizə böyük maraq göstərirlər. Mənə elə gəlir ki, Sizi onlara təqdim etməyə ehtiyac yoxdur. Mənim təqdimatım olmadan da hamı Sizi çox yaxşı tanıyır, bilir ki, Siz dünya şöhrətli bir şəxsiyyətsiniz. Müstəqil Azərbaycan Respublikasinin Prezidenti olmağınızı da hamı bilir. Buna baxmayaraq, icazə verin, Sizi bir daha təqdim edim:

Heydər Əliyev Azərbaycan adlı yeni bir müstəqil məmləkətin prezidentidir. Zənnimcə, Azərbaycan kimi bir ölkəni də geniş təqdim etməyə lüzum yoxdur. Mən yenə də prezidentin şəxsiyyətinə qayıtmaq istərdim. Bildiyiniz kimi o, çox görkəmli bir insandır.

O ki qaldı Azərbaycana, hər halda onun barəsində də bir-iki kəlmə demək istərdim. Azərbaycan olduqca zəngin bir dövlətdir, prezident Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu ölkə çox yüksək sürətlə inkişaf edir. Bu məmləkətdə bütün sahələrdə islahatlar, özü də demokratik islahatlar aparılır.

Heydər Əliyev: İtaliyanın görkəmli yerləri ilə dünyanı heyran edən məşhur Kapri adası və onun qonaqpərvər, mehriban sakinləri ilə tanış olmaqdan məmnun qaldığımı bildirirəm. İtaliya hökumətinin bizi müşayiət edən nümayəndəsinə mənim ölkəm və şəxsən özüm haqqında səmimiyyətlə söylədiyi xoş sözlərə, həmçinin ada sakinlərinə bizi mehribanlıqla qarşıladıqlarına görə təşəkkür edirəm.

Mən həm də, yenicə toyları olmuş və səmimiyyətlə mənimlə görüşə gəlmiş, onların bu əziz günündə Kapri adasına qonaq gəlməyimdən şərəf duyduqlarını bildirən bəylə gəlini mehribanlıqla salamlayıram, onlara xoşbəxtlik, səadət arzulayır və xatirə olaraq Azərbaycan xalçası bağışlayıram. Qoy bu xalça sizə daim Azərbaycanı xatırlatsın.

Sözümün sonunda bura toplaşmış bütün insanlara, onların simasında isə ada sakinlərinə və turistlərə hörmət və ehtiramımı bildirirəm. Sağ olun.