"Ulduz" sarayında Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafətdə Azərbaycan prezidenti Heydər Əliyevin nitqi - 7 yanvar 2003-cü il


Hörmətli cənab Ərdoğan!

Hörmətli nazirlər!

Hörmətli qonaqlar, dostlar!

Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram və Azərbaycana bu səfərinizdən böyük məmnunluq hissi duyuram.

Biz bu gün az vaxt içərisində çox işlər gördük. Birincisi, cənab Ərdoğanla şəxsən tanış olduq. Biz vaxtilə İstanbulda da görüşmüşdük, bir yerdə yemək də yemişdik. O başqa. Amma indi isə cənab Ərdoğan Türkiyə hökumətinin lideridir, seçkilərdə gözlənilməmiş böyük nailiyyət əldə etmiş Ədalət və İnkişaf Partiyasının sədridir. Təbiidir ki, indi bu görüşümüz tamamilə başqa xarakter daşıyır.

Cənab Ərdoğan, mən sizinlə təkbətək danışıqdan, apardığımız fikir mübadiləsindən çox məmnunam. Bizim fikirlərimiz üst-üstə düşür və indiyə qədər olduğu kimi, bu gün də siz də, mən də Türkiyə-Azərbaycan əlaqələrini ən yüksəkdə tuturuq. Mən sizinlə apardığım danışıqlar nəticəsində belə anladım.

Bu səfərin qeyri-adi xarakteri ondan ibarətdir ki, cənab Ərdoğan partiyanın sədri olaraq, öz partiyasını hakimiyyətə gətirib, partiyasının üzvlərinə hakimiyyət vəzifələri verib, onları Böyük Millət Məclisində, hökumətdə əyləşdirib və özü də onlara daha yuxarıdan rəhbərlik edir. Bu, tamamilə təbiidir. Çünki dediyim kimi, bu nailiyyət Türkiyənin tarixində keçmişdə nadir hallarda olubdur. Hər dəfə belə hal, yəni bir partiyanın təkbaşına iqtidar olması Türkiyəyə çox böyük uğurlar gətirib, Türkiyəni inkişaf etdirib və Türkiyəni yüksəldibdir.

Xalq indi də səsi Ədalət və İnkişaf Partiyasına verərkən, düşünürəm ki, bu ümidlərlə yaşayır və heç şübhə etmirəm ki, partiya xalqın bu ümidlərini doğruldacaqdır. Cənab Ərdoğan, belə bir şəraitdə sizin Azərbaycana səfəriniz, yenə də deyirəm, çox əhəmiyyətlidir. Demək, Türkiyə-Azərbaycan əlaqələri Türkiyə siyasətində yenə də prioritet xarakter daşıyır. Bizim siyasətimizdə xüsusi yer tutur və bu da bizi məmnun edir.

Qarşımızda böyük yol var. Azərbaycan gənc, müstəqil dövlətdir. Biz 11 ildir ki, müstəqillik dövründə yaşayırıq, problemlərimiz var. Ən böyük problem Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və işğal edilmiş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşının zorla çıxarılması, onların çadırlarda yaşamasıdır. Bu problem bizim, Azərbaycan dövlətinin böyük yarasıdır. Biz bu problemi həll etməyə çalışırıq. Bu barədə Türkiyə ilə daim məsləhətləşirik. Türkiyənin dəstəyinə ümid bəsləyirik. Türkiyə bizimlə bərabərdir. Amma təəssüflər olsun, hələ ki, bunu həll edə bilməmişik. Ancaq inanıram ki, biz bunu həll edəcəyik.

Müstəqil Azrbaycanın, gənc dövlətin qarşısında başqa problemlər də var. İndi biz bazar iqtisadiyyatına keçmişik. Bazar iqtisadiyyatının xüsusiyyətləri Türkiyədə yaxşı məlumdur. Keçmiş zamanlarda Türkiyə bu dövrü yaşayıbdır. İndi biz də yaşayırıq. Ancaq əgər bizim torpaqlarımız işğal olunmasaydı, bir milyondan artıq vətəndaşımız öz yerindən-yurdundan çıxarılıb çadırlarda, işsiz vəziyyətdə olmasaydı, müstəqil dövlətimizin qarşısında olan digər problemləri daha da asanlıqla, uğurla həll edə bilərdik. Ancaq buna baxmayaraq, biz irəliləyirik.

Azərbaycanın iqtisadiyyatı 1996-cı ildən başlayaraq ilbəil inkişaf edir. Biz 2002-ci ildə də yeni nəticələr əldə etmişik. Bizim 2003-cü ilə böyük planlarımız var. Ancaq hələ ki, Azərbaycanda bazar iqtisadiyyatını tam bərqərar etmək, özəlləşdirməni sona çatdırmaq üçün, sahibkarlığı inkişaf etdirmək, hər bir sahibkarın səmərəli işləməsinə şərait yaratmaq üçün görüləsi işlərimiz çoxdur.

Biz öz inkişaf yolumuzun bir hissəsini xarici investisiyanın Azərbaycana cəlb olunmasında görürük. Bu barədə də çox işlər görmüşük, neft və qaz sektoruna böyük investisiyalar gəlibdir. 2002-ci ildə Azərbaycana 2 milyard dollar investisiya qoyulubdur. Razı olun ki, kiçik bir ölkəyə, cəmi 8 milyon əhalisi olan ölkəyə bir ildə 2 milyard dollar investisiya qoyulması, - bunun 1 milyard 700 milyon dolları xarici investisiyadır, 300 milyon dollar isə daxili investisiyadır, - böyük işdir. Ancaq bu da bizi qane etmir. İnvestisiya qoyulmasında biz Türkiyəni, türk iş adamlarını Azərbaycana daha çox cəlb etmək istəyirik.

Türkiyənin iş adamları Azərbaycanda çox işlər görüblər. Onların işləri elə şəhərimizdə də görünür. Məsələn, bizim aeroportun binasının tikilməsində Türkiyənin şirkətləri gözəl işlər görüblər. İndi biz fəxr edirik ki, beynəlxalq hava limanımız vardır. Amma bir o deyil, başqa çox işlər də görüblər. Ancaq hələ bundan sonra da işlər görəcəklər. Ümidvaram ki, cənab Ərdoğanla bərabər gəlmiş iş adamları ilə sabah keçiriləcək görüş və orada aparılacaq fikir mübadiləsi yeni imkanlar açacaqdır.

Mən bir neçə ay bundan öncə Türkiyədə olarkən, İstanbulda Türkiyənin iş adamları ilə görüşdüm, onları Azərbaycana dəvət etdim. Ondan sonra Türkiyənin ən böyük iş adamı Sabançı Azərbaycana gəldi. Sonra Şarık Tara Azərbaycana gəldi, başqaları gəldi, böyük görüşlər keçirdik. İndi cənab Ərdoğan buraya 150 iş adamı gətiribdir. Heç olmasa, bunlardan 50-si burada yaxşı işləsə, bizim işlərimiz çox irəliyə gedəcəkdir.

Bizim ölkəmiz açıqdır, hər şey açıqdır. İstərdim ki, Türkiyə Azərbaycana daha çox sərmayə qoysun, gəlib burada iş görsünlər. Xüsusən, istehsal yaratsınlar. İstehsal yeni iş yerləri açır. Bizdə işsizlər çoxdur. İşsizlik bizim əsas problemlərimizdən biridir. Biz istehsal sahələri yaratmalıyıq. Özümüz də buna çalışırıq və çalışmalıyıq. Xarici investorlar da özlərini məhz istehsal sahəsində daha çox göstərməlidirlər.

Kommersiya, ticarət, alış-veriş sahələri çox mühüm sahələrdir. Bunları da irəliyə aparmalıyıq. Cənab Ərdoğan doğru buyurdu ki, 300 milyon dollarlıq ticarət dövriyyəsi Türkiyə və Azərbaycan üçün o qədər də yararlı bir şey deyildir. Biz bunu artırmalıyıq. Amma eyni zamanda, gərək xarici investorlar Azərbaycanda istehsal sahələri yaratsınlar. Bizdə olan işsizlərə iş vermək lazımdır. Onlara iş verəndə, istehsal yarananda iş adamları qoyduqları sərmayələrdən bəhrə götürəcək, bizim adamlar da işlə təmin olunacaqlar. Güman edirəm, bu sahədə imkan çoxdur və biz bu imkanlardan da istifadə edəcəyik.

Mən bunu xüsusi qeyd etmək istəyirəm, bizi sevindirən odur ki, Türkiyənin həyatında yeni bir dövr açılır, yeni bir mərhələ açılır. Ədalət və İnkişaf Partiyası təkbaşına iqtidarda olaraq böyük işlər görə bilər. Mən bu gün cənab Ərdoğanın dediklərindən belə anladım ki, artıq bu işlərin planları var, onlar həyata keçiriləcək, Türkiyənin iqtisadiyyatı inkişaf edəcəkdir. Türkiyənin iqtisadiyyatı nə qədər çox inkişaf etsə, bunun Azərbaycana da bir o qədər müsbət təsiri olacaqdır. Biz bunu arzu edirik.

Başqa məsələlərdə, beynəlxalq təşkilatlarda, hər yerdə Türkiyə ilə Azərbaycan bir yerdədir və bir yerdə də olacağıq. Erməni lobbisinə qarşı bir yerdə mübarizə aparmışıq, bir yerdə də aparacağıq. Ermənilərin guya türklərin onlara qarşı soyqırım etmələri haqqında fikirlərinin biz həmişə əleyhinə çıxmışıq. Bizim Milli Məclis bu barədə Fransa parlamentinə etiraz göndərib, başqa bəyanatlar vermişik və bundan sonra da verəcəyik. Ermənilər Azərbaycanda azərbaycanlıları qırıblar, Türkiyədə türkləri qırıblar. İndi deyirlər ki, guya türklər erməniləri qırıb, soyqırım ediblər. Bu, doğru deyildir, yalandır.

Siz sabah Şəhidlər xiyabanında olacaqsınız. Güman edirəm, orada türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də görəcəksiniz. O abidə nədir? Qafqaz türk ordusu 1918-ci ildə Azərbaycana gəldi. Əgər o, Azərbaycana gəlməsəydi, azərbaycanlıları ermənilərin qırğınından xilas etməsəydi, ermənilər burada daha çox azərbaycanlı qıracaq və hakimiyyətlərini möhkəmləndirəcəkdilər. Ona görə Azərbaycan xalqı minnətdarlıq əlaməti olaraq, bir neçə il bundan öncə orada o abidəni ucaldıbdır. Mənim dostum, 9-cu cümhur başqanı Süleyman Dəmirəl ilə birlikdə o abidənin açılışını etmişik. İndi o, bizim Şəhidlər xiyabanı kimi, bütün azərbaycanlılar üçün eyni dərəcədə ziyarətgah yeridir. Biz həmişə bir olmuşuq, bir olacağıq və birlikdə də hər yerdə mübarizəmizi aparacağıq.

Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti 1923-cü ildən indiyə qədər böyük yol keçibdir. Bu yol çox şərəfli yoldur. İndi Türkiyədə demokratik, hüquqi, dünyəvi dövlət var. Bu, çox böyük işdir. Bu işi türk xalqı, Türkiyənin siyasətçiləri aparıb, bu gün də aparır, gələcəkdə də aparacaqlar.

Mən istəyirəm, badələri Türkiyə Cümhuriyyətinin şərəfinə, türk xalqının şərəfinə, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığın şərəfinə qaldıraq. Sağ olun.

"Azərbaycan" qəzeti, 8 yanvar 2003-cü il.