Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüşündə nitqi - Respublika Sarayı, 19 fevral 1997-ci il


Hörmətli cənab prezident, əziz dostum və qardaşım Eduard Şevardnadze!

Hörmətli qonaqlar, hörmətli xanımlar və cənablar!

Gürcüstan prezidentinin Azərbaycana rəsmi səfərinin ikinci günü başa çatır. Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, bu iki gün müddətində çox gərgin iş getmiş, çox görüşlər keçirilmiş, danışıqlar aparılmışdır. Hesab edirəm ki, Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni bir böyük addım atılmışdır.

Bu iki günün bir çox xüsusiyyətləri vardır. Birincisi budur ki, biz dost, qonşu, qardaş ölkənin prezidentini və onu müşayiət edən şəxsləri böyük qonaqpərvərliklə qəbul etdik və edirik. Bu iki gün müddətində Azərbaycan xalqının, azərbaycanlıların, vətəndaşlarımızın Gürcüstan dövlətinə, gürcü xalqına hörmət və məhəbbəti dəfələrlə ifadə olunmuşdur. Bütün görüşlər dostluq və mehribanlıq, qardaşlıq şəraitində keçmişdir. Biz bu iki gün müddətində dünyaya bir daha nümayiş etdirdik ki, Gürcüstan-Azərbaycan dostluğunun, qardaşlığının böyük tarixi, dərin kökləri vardır, bu dostluq, qardaşlıq dönməzdir, sarsılmazdır, heç bir qüvvə bu dostluğu poza bilməz.

Gürcüstandan gələn dostlarımıza, qonaqlarımıza, qardaşlarımıza bu iki gün müddətində göstərilən münasibət eyni zamanda Azərbaycanın, xalqımızın Gürcüstan prezidenti, dövlət başçısı, gürcü xalqının böyük oğlu, dünyada məşhur dövlət xadimi, siyasətçi, dünya miqyasında böyük şöhrət qazanmış şəxsiyyət, mənim əziz qardaşım Eduard Şevardnadzeyə olan səmimi hissiyyatları, dostluq münasibətləri və mehribanlıq duyğularıdır. Hesab edirəm ki, burada qeyri-adi heç bir şey yoxdur.

Bu iki gündə Azərbaycanda baş verən hadisələrin hamısı tam təbiidir. Birincisi, bunlar Azərbaycan xalqının qonaqpərvərlik, qonağa hörmət, ona dost münasibəti ənənələrini nümayiş etdirir. İkincisi, bütün bunlar Azərbaycan xalqı ilə Gürcüstan xalqı arasında çoxəsrlik tarixə malik olan dostluğun, qardaşlığın yeni nümayişidir. Bu, bizim adət-ənənəmizdir, səmimi hissiyyatlarımızdır. Xalqımızın adət-ənənələri və gürcü xalqına, gürcü xalqının böyük oğlu, mənim əziz dostum Eduard Şevardnadzeyə göstərdiyi dostluq münasibəti bu günlər çox parlaq şəkildə bütün dünyaya nümayiş etdirildi.

Onu da qeyd etməliyəm ki, belə münasibəti qazanmaq, belə münasibətə layiq olmaq lazımdır. Gürcü xalqı və onun müdrik rəhbəri Eduard Şevardnadze Azərbaycan xalqının qəlbində belə münasibət qazanmışdır və belə münasibətə layiqdir.

Mən qeyd etdim ki, biz bu iki gündə bir çox mühüm məsələləri müzakirə etmişik. Müzakirə etdiyimiz məsələlər də yeni deyildir. Həmin məsələlərin müzakirəsinə biz hələ bir neçə vaxt bundan əvvəl başlamışıq. Xüsusən, bir il bundan əvvəl mənim Gürcüstana rəsmi səfərim zamanı biz bu məsələləri müzakirə etmişdik, dövlətlərimiz arasında bir çox sazişlər imzalamışdıq. Onların içərisində ən böyük əhəmiyyətə malik olanı "Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqında" Tbilisi bəyannaməsidir.

Prezident Eduard Şevardnadze və mən Tbilisi bəyannaməsini bir il bundan əvvəl imzalayarkən öz xalqlarımızın bu günü, gələcəyi haqqında, Qafqazdakı vəziyyət barədə narahat olduğumuzu bəyan etmişdik. Eyni zamanda, həm bizim ölkələrimizdə, həm Cənubi Qafqazda, həm də bütün Qafqazda sülhün, əmin- amanlığın bərqərar olmasının indi nə qədər zəruri olduğunu dərk edərək bunu dünyaya bəyan etmişdik.

Məmnuniyyət hissi ilə demək olar ki, Tbilisi bəyannaməsi böyük əks-səda doğurmuş, dünyada böyük hörmətlə qəbul edilmiş, inkişaf etmişdir. Həmin bəyannamənin davamı olaraq keçən ilin iyun ayında Kislovodskda dörd dövlətin – Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycanın başçıları Qafqazda sülhün, əmin- amanlığın təmin edilməsinə aid yeni bir bəyannamə imzalamışlar.

Ancaq biz bununla da kifayətlənməmişik. Dünən Gürcüstan və Azərbaycan ölkələrimiz arasında strateji əməkdaşlıq və tərəfdaşlıq haqqında bəyannamə imzaladılar. Bununla da biz Tbilisi bəyannaməsində irəli sürdüyümüz mühüm problemi inkişaf etdirərək Gürcüstanın və Azərbaycanın Qafqazda sülhün həqiqətən bərqərar olması üçün ciddi və təsirli addımlar atmağa hazır olduğunu dünyaya nümayiş etdirdik.

Biz qafqazlıyıq. Qafqazda olan vəziyyət bizi narahat edir. Biz öz xalqlarımızın, ölkələrimizin bu günü, gələcəyi haqqında düşünürük. Biz eyni zamanda, Qafqazda yaşayan bütün xalqlar, millətlər haqqında düşünürük. Qafqaz bizim doğma diyarımızdır və Qafqazda gedən hadisələrə biz biganə qala bilmərik. Bu baxımdan Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlıq və tərəfdaşlıq haqqında bəyannamə, bizim bu barədəki fikirlərimiz məhz Gürcüstanın və Azərbaycanın indiki, mövcud vəziyyəti ilə də bağlıdır.

Hər iki ölkənin – Azərbaycanın da, Gürcüstanın da ərazi bütövlüyü pozulmuşdur. Təcavüzkar separatçıların və cürbəcür təxribatçı qüvvələrin xaricdən, daxildən etdiyi hərəkətlər Gürcüstanda Abxaziya problemi yaradıbdır. Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz respublikamızda Dağlıq Qarabağ problemi, Ermənistan-Azərbaycan hərbi münaqişəsi yaradıbdır. Strateji əməkdaşlıq və tərəfdaşlıq haqqında bizim sazişimiz, bəyannaməmiz xalqlarımızı, ölkələrimizi məhz bu vəziyyətdən çıxarmaq məqsədi daşıyır.

Biz Gürcüstanın ərazi bütövlüyünün tanınmasını və onun bərpa olunmasını daim dəstəkləmişik və bu gün də dəstəkləyirik. Biz hesab edirik ki, Gürcüstan dövləti Gürcüstan ərazisinin hamısının sahibidir və sahibi olmalıdır. Gürcüstanda olan separatçı qüvvələrin qarşısı alınmalıdır. Gürcüstanın ərazi bütövlüyü tamamilə təmin edilməlidir.

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Lissabon Zirvə görüşündə Gürcüstandakı vəziyyətlə, Gürcüstanın daxilindəki separatçı qüvvələrin hərəkəti, Abxaziya problemi ilə əlaqədar olan maddəni biz dəstəklədik. Beləliklə də, Gürcüstan dövləti ATƏT-in Lissabon Zirvə görüşünün sənədində öz problemini həll etmək üçün yaxşı bir qərar əldə etdi.

ATƏT-in Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi müzakirə olunarkən Gürcüstan Azərbaycanın ədalətli mövqeyini ATƏT-in üzvü olan bütün başqa dövlətlərlə bərabər dəstəklədi və həmin münaqişənin sülh yolu ilə həll olunması üçün ATƏT-in sədrinin bəyanatı qəbul edildi. Biz Ermənistan-Azərbaycan münaqişəsinin Lissabon Zirvə görüşündə irəli sürülmüş prinsiplər əsasında sülh yolu ilə həll olunması üçün çalışırıq. Biz həmin prinsipləri əsas götürürük. Bu prinsiplər Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarə statusu verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunmasından ibarətdir.

Biz münaqişənin bu prinsiplər əsasında sülh yolu ilə həll edilməsinə bundan sonra da çalışacağıq və ümidvar olduğumu bildirmək istəyirəm ki, Gürcüstan dövləti də Azərbaycanın haqq və ədalətli işini indiyədək olduğu kimi, indən sonra da dəstəkləyəcək və müdafiə edəcəkdir.

Bizim strateji əməkdaşlığımız və tərəfdaşlığımız bir çox başqa məsələləri də əhatə edir. Mənim dostum Eduard Şevardnadze bunlar haqqında çox ətraflı danışdı. Mən onun fikirləri ilə tamamilə razıyam.

Beləliklə, biz bu iki günə yekun vurarkən tam qətiyyətlə deyə bilərik ki, Gürcüstan prezidentinin Azərbaycana rəsmi səfəri Gürcüstan-Azərbaycan əlaqələrində yeni bir mərhələ olubdur, bu səfər tarixi bir xarakter daşıyır. Mən əminəm ki, biz burada əldə etdiyimiz razılıqlar və sənədlər əsasında gələcəkdə həm ölkələrimizin inkişafım, həm də ölkələrimiz arasındakı əlaqələrin inkişafını sürətlə irəliyə aparacağıq.

Bu günlər çox danışılıb, mən bir daha demək istəyirəm ki, bizim çoxəsrlik dostluğumuz tarixdə həddindən artıq parlaq səhifələr qoyubdur. Bu dostluq Azərbaycan xalqında gürcü xalqına böyük məhəbbət hissi doğurubdur. Bizim xalqlarımız tarix boyu yan-yana, bir yerdə yaşayıblar. İndi biz müstəqil dövlətlərik.

Cənab Şevardnadze indi qeyd etdi, Gürcüstanda 500 min azərbaycanlı yaşayır. Gürcüstan onların doğma vətənidir, ulu babaları orada yaşayıblar. Onların tarixi kökləri oradadır. Onlar bu gün Gürcüstan Respublikasının bərabər hüquqlu vətəndaşlarıdır.

Gürcüstan, xüsusən Tbilisi azərbaycanlılar, Azərbaycanın ziyalıları, mütəfəkkir adamları üçün doğma bir diyar olubdur. Dahi Azərbaycan oğlu Mirzə Fətəli Axundov Tbilisidə yaşayıb, yaradıb və onun qəbri indi də oradadır. Mən bu gün böyük minnətdarlıq hissi ilə bir daha demək istəyirəm ki, gürcü xalqı Mirzə Fətəli Axundovun xatirəsini həmişə qoruyub saxlamışdır. Bununla yanaşı, böyük mütəfəkkir Mirzə Şəfi Vazehin, ilk Azərbaycan Demokratik Respublikasının qurucularından biri Fətəli xan Xoyskinin və başqalarının qəbirləri Tbilisidə yerləşir. Bütün bunlar Azərbaycanın Gürcüstanla, Tbilisi ilə nə qədər bağlı olduğunu sübut edir.

Məlumdur ki, tarixin enişləri də, yoxuşları da parlaq, işıqlı, qaranlıq, çətin günləri də olur. 1990-cı ildə Gürcüstanda gedən proseslər zamanı orada yaşayan azərbaycanlıların hüquqlarının pozulması və onların bir çox çətinliklərə məruz qalması bizi həmişə narahat etmişdir. Ancaq böyük məmnuniyyət hissi doğuran odur ki, bizim əziz dostumuz Eduard Şevardnadze Gürcüstan dövlətinə başçılıq edəndən sonra orada yaşayan azərbaycanlılara qarşı edilən ədalətsizlik və onların hüquqlarının pozulması halları aradan götürülmüşdür.

Bir daha qeyd edirəm ki, indi azərbaycanlılar orada Gürcüstanın bərabər hüquqlu vətəndaşlarıdır. İlk dəfə keçirilən demokratik seçkilər əsasında azərbaycanlıların nümayəndələri də Gürcüstan parlamentinə üzv seçiblər. Mən Gürcüstanda səfərdə olarkən, orada yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşərkən tam əmin oldum ki, məhz Eduard Şevardnadzenin səyləri nəticəsində orada azərbaycanlılara olan münasibət tamamilə normallaşıb, dəyişibdir. Ümidvaram ki, belə münasibət günü-gündən daha da yaxşılaşacaqdır.

Biz qonşu gürcü xalqının bu gününə, gələcəyinə dost münasibəti bəsləyən bir xalq kimi, Gürcüstanın bir neçə il bundan əvvəl düşdüyü ağır vəziyyətdən çox narahat idik. Eyni zamanda, çox sevindik ki, Eduard Şevardnadze Gürcüstana qayıtdı, çox ağır vəziyyətdə olan Gürcüstanın mövcud problemlərinin həlli ilə məşğul oldu və Gürcüstanı vətəndaş müharibəsindən, qardaş qırğınından, müxtəlif fəlakətlərdən xilas etdi.

Eduard Şevardnadzenin gürcü xalqı qarşısında xidmətləri böyükdür. Ancaq onun ən böyük xidməti məhz ondan ibarətdir ki, Gürcüstanda vətəndaş müharibəsi baş verən zaman o özünü xalqının yanına yetirdi və xalqını bu ağır vəziyyətdən çıxardı. O indi azad, müstəqil, demokratik Gürcüstan Respublikasına müvəffəqiyyətlə başçılıq edir.

Biz qonşu, dost kimi buna sevinirik, bununla fəxr edirik və gürcü xalqını bu münasibətlə təbrik edirik. Bizi sevindirən bir də odur ki, məhz Eduard Şevardnadzenin Gürcüstana qayıtması və prezident seçilməsi Gürcüstanda yaşayan azərbaycanlıların həyatına, onların hüquqlarının qorunmasına zəmanət verib və bundan sonra da zəmanət verəcəkdir.

Bizim xalqlarımız böyük tarixi yol keçiblər. Biz tariximizin bütün mərhələləri ilə fəxr edə bilərik. Hər bir xalqın tarixi heç də hamar yolla getməyib, onun cürbəcür çətinlikləri də, qaranlıq, parlaq səhifələri də olur. Ancaq bizim tariximiz özümüzündür. Yaxşısı da, pisi də – hamısı bizimdir. Bununla yanaşı olaraq, xalqlarımızın ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, bütün bu çətin, ağır əzab-əziyyətli yollardan keçərək biz milli azadlığa, dövlət müstəqilliyinə nail olmuşuq.

Biz bu mərhələdə də eyni yolla gedirik. Gürcüstanda da, Azərbaycanda da hüquqi, demokratik, dünyəvi dövlət qurulur, demokratik prinsiplər bərqərar olunur, insan hüquqları qorunur, mətbuat, söz azadlığı, siyasi plüralizm təmin edilir, iqtisadi islahatlar həyata keçirilir. Bizim ölkələrimiz bazar iqtisadiyyatı yolu ilə dünya iqtisadiyyatına bağlanır.

Bu yolda Gürcüstanın da, Azərbaycanın da böyük nailiyyətləri, eyni zamanda çox çətinlikləri, problemləri vardır. Bu çətinlikləri, problemləri aradan götürmək üçün biz əməkdaşlıq edirik və həm Tbilisidə, həm də Bakıda imzalanan müqavilələr, sazişlər bu əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilmişdir.

Bu iki gündə yaratdığımız danışıqların ən əsas mənası bir də ondan ibarətdir ki, Gürcüstan üçün də, Azərbaycan üçün də nə qədər çətin olsa da, biz bu yolla – müstəqillik, milli azadlıq, demokratiya yolu ilə gedəcəyik. Bizi bu yoldan heç kəs heç vaxt döndərə bilməyəcəkdir. Biz dövlət müstəqilliyimizə, milli azadlığımıza sadiq olmuşuq və əbədi sadiq olacağıq.

Gürcüstanın təcrübəsi bizə çox kömək edir və Gürcüstan da bizim təcrübəmizdən bəhrələnir və bəhrələnə bilər. Beləliklə, dostluq, qardaşlıq, sıx əməkdaşlıq vasitəsilə biz bu ağır günləri keçib gedəcəyik.

İnanıram ki, xalqlarımızın, ölkələrimizin qarşısında xoşbəxt gələcək durur. İnanıram ki, biz bu çətinliklərdən müvəffəqiyyətlə çıxacağıq. İnanıram ki, Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. İnanıram ki, biz ümumi səylərimizlə Qafqazda sülhə, əmin-amanlığa nail olacağıq. İnanıram ki, bizdən sonra gələcək nəsillər də bizim tutduğumuz bu yolu davam etdirəcəklər, Gürcüstan-Azərbaycan dostluğunu, əməkdaşlığını, müstəqil dövlətlərimizin gələcək inkişafını təmin edəcəklər.

Əziz dostum Eduard Şevardnadze!

Hörmətli qonaqlar!

Mən təşəkkür edirəm ki, Siz Azərbaycana gəldiniz və biz birlikdə səmərəli iş gördük. Sizi əmin edirəm ki, əldə olunmuş razılıqlar və imzalanmış, qəbul edilmiş sazişlər bizim tərəfimizdən həyata keçiriləcəkdir. İnanıram ki, bizim dostluğumuz, qardaşlığımız bundan sonra da günü-gündən genişlənəcək, inkişaf edəcəkdir.

Mən Sizə və Sizin simanızda gürcü xalqına, Gürcüstanın bütün vətəndaşlarına sülh, əmin-amanlıq, firavanlıq və xoşbəxt gələcək arzulayıram.

Əbədi, sarsılmaz Gürcüstan-Azərbaycan dostluğuna eşq olsun!

Mənim dostum Eduard Şevardnadze bizə gözəl bir hədiyyə bəxş etdi. Mən isə bizim azərbaycanlıların mənim dostum Eduard Şevardnadzeyə nə qədər böyük məhəbbəti olduğunu ifadə edən və onu nümayiş etdirən, xalçaçılarımız tərəfindən toxunmuş bu xalçanı ona təqdim etmək istəyirəm. Diqqətinizə görə sağ olun.