Azərbaycan Prezidenti Heydər Əliyevin Səbail rayonunun T. İsmayılov adına Uşaq və Gənclər Yaradıcılıq Sarayında yerləşən 17 saylı seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərə müsahibəsi - 5 noyabr 2000-ci il


Sual: Cənab prezident, sizin partiya parlamentin sədri vəzifəsində oğlunuzun, İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədirmi?

Heydər Əliyev: Bu, partiyamızın işidir. Bizim partiyamız müvafiq sayda yer alanda, onda müəyyən edərik.

Sual: Cənab prezident, sizcə, Yeni Azərbaycan Partiyası neçə yer qazanmağa ümid bəsləyir?

Cavab: Mən deyə bilmərəm. Bunu seçicilər həll edirlər. Hər halda mən hesab edirəm ki, onlar ən çox Yeni Azərbaycan Partiyasına səs verəcəklər.

Sual: Cənab prezident, Azərbaycanda budəfəki parlament seçkiləri ölkəmizin Avropa Şurasına qəbulu məsələsini həll edəcəkdir. Sizcə, bu dəfə Azərbaycanın Avropa Şurasına qəbulu ilə bağlı hər hansı bir əngəl yaranmayacaq ki?

Cavab: Çalışırıq ki, olmasın. Yəni bizim seçki komissiyalarının fəaliyyəti, seçkiqabağı aparılan işlər, çox azad təbliğat, çoxlu partiyaların seçkilərdə iştirak etmək hüququ alması bunu deməyə əsas verir. Baxmayaraq ki, bəzi partiyalar seçki qanununda göstərilən tələbləri yerinə yetirə bilməmişdilər.

Mən dünən beynəlxalq müşahidəçilərin hamısı ilə görüşdüm. Bütün bunları, Azərbaycanda seçkiqabağı gedən işi yüksək qiymətləndirdilər. Yəni demokratik şərait yaranıbdır. Hər bir şəxsə, hər bir partiyaya imkan yaranıbdır ki, öz fikrini söyləsin, öz təklifini versin. Yaxud öz platformasını versin və seçilmək uğrunda mübarizə aparsın. Yenə də deyirəm, mən dünən bütün günü xaricdən gələn müşahidəçiləri, nümayəndələri qəbul etmişəm. Onlar belə fikirdədirlər. İndi güman edirəm ki, bu gün seçkilər də yüksək səviyyədə keçəcəkdir. Çünki iş təkcə seçkiqabağı prosesdə deyil, iş bu gün yekunlaşır.

Bunun üçün də çox işlər görülübdür. Bilirəm ki, bizim Mərkəzi Seçki Komissiyası çox işlər görübdür, yerli seçki komissiyaları çox işlər görüblər. Bu hesab edirəm ki, informasiya mərkəzinin yaradılması da Azərbaycanda ilk haldır, mütərəqqi haldır. Bu da Azərbaycanda seçki sistemini beynəlxalq təcrübə səviyyəsinə qaldırıbdır. Bunlar hamısı bir yerdə, hesab edirəm, birincisi, seçkilərin uğurlu keçməsinə şərait yaradıbdır və onu təmin edəcəkdir. İkincisi də, seçkilərin, açıq-aşkar, şəffaf, ədalətli olmasını təmin edəcəkdir. Mən buna inanıram.

Sual: Cənab prezident, müxalifətdə belə fikir mövcuddur ki, seçiləcək deputatların siyahısı artıq hazırdır. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bilirsiniz, buna nə deyim. Mən buna ancaq gülə bilərəm.

Sual: Cənab prezident, bəzi beynəlxalq müşahidəçilər seçkiqabağı çıxış edib demişdilər ki, Azərbaycanda seçki prosesinin pis keçməsi, yəni saxta keçməsinə dair rəy vermələri üçün onlara təzyiqlər olur. Bu barədə Sizdə hər hansı məlumat varmı?

Cavab: Bilirsiniz, mən bunu, gərək ki, dünən eşitdim. Ancaq bu, müşahidəçilərin öz işidir. Bunu onlar araşdırsınlar.

Sual: Cənab prezident, lütfən deyin, hansı partiya hakim partiya olacaq və bu, xarici siyasətə təsir göstərəcəkmi? Bu, ən əvvəl sizin qonşuları maraqlandırır. Biz bu münasibətlərin nə dərəcədə dostluq xarakteri daşıdığını bilirik. Sizcə, yeni parlament bu münasibətlərə təsir göstərə bilərmi?

Cavab: Yeni parlament bu münasibətlərə Azərbaycanla Gürcüstan arasında dostluğun və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi naminə təsir göstərəcəkdir. Bizim üçün bu münasibətlər müvəqqəti deyil, uzunmüddətli, ola bilsin, hətta əbədi xarakter daşıyır. Ona görə də bizim münasibətlərimizə, - mən Azərbaycanla Gürcüstan arasında, gürcü xalqı ilə Azərbaycan xalqı arasında olan münasibətləri nəzərdə tuturam, - heç kim mənfi mənada təsir göstərə bilməz. Əksinə, hər iki dövlət - Gürcüstan da, Azərbaycan da nə qədər çox müstəqildirsə, müstəqillik şəraitində yaşayacaqsa, dostluğumuz, əməkdaşlığımız bir o qədər çox genişlənəcək və möhkəmlənəcəkdir. Siz son vaxtlar əldə olunmuş nəticələri görürsünüz.

Sual: Cənab prezident, YAP-ın rəhbərliyi indidən bəyan edir ki, əgər bu partiya qələbə çalsa, onlar spiker vəzifəsinə oğlunuzun namizədliyini irəli sürəcəklər. Partiyanın sədri kimi, buna münasibətiniz necədir?

Cavab: Bunu sənə YAP-ın rəhbərliyindən kim deyir?

Jurnalist: Əli Əhmədov, Səyavuş Novruzov.

Heydər Əliyev: Yenə də deyirəm, bu fikir hansısa bir adamın ola bilər. Ancaq bunu seçkilər keçəndən sonra YAP-dan seçilən deputatlar yığışacaqlar və müzakirə edəcəklər. Ondan sonra həll edəcəklər. Hər kəsin fikri ola bilər. Amma mən hesab edirəm ki, İlham Əliyevin spiker vəzifəsinə arzusu yoxdur.

Sual: Cənab prezident, Siz seçicilərin bu saata olan fəallığını necə qiymətləndirirsiniz?

Cavab: Bax, indi kompüterdə gördüklərim fəallığın yaxşı olduğunu göstərir.

Sual: Cənab prezident, qanunvericilik təşəbbüsilə yeni parlamentə ilk növbədə hansı qanun layihələri təqdim olunacaqdır?

Cavab: Bilirsiniz, mən qanunvericilik təşəbbüsü ilə parlamentə o qədər layihələr vermişəm ki, hansı yeni olacaq, hansı köhnə olacaq - bilmirəm. Son vaxtlar parlament tətildə olduğuna görə bir neçə qanun layihələrini, - hansılar ki, bizim aparatda hazırlanıb və onları mən Milli Məclisə təqdim etməliyəm, - saxlamışam ki, yeni seçilən parlamentə təqdim edim. Hər halda, təşəbbüslər çox olacaqdır.

Sual: Cənab prezident, parlament seçkilərindən sonra Nazirlər Kabinetində dəyişiklik olacaqmı?

Cavab: Yox. Bizim Konstitusiyada belə şey yoxdur. Ancaq prezident seçiləndən sonra Nazirlər Kabineti istefaya gedir və prezident yenidən Nazirlər Kabinetini təşkil edir. Parlamentin seçilməsinin bununla əlaqəsi yoxdur.

Sual: Cənab Əliyev, Siz oğlunuzu ölkənizin gələcək prezidenti kimi böyük siyasətdə görmək istərdinizmi?

Cavab: Bilirsinizmi, bu, oğlumun öz işidir. O, uşaq deyildir və indi artıq böyük siyasətdədir, böyük dövlət işləri ilə məşğul olur. Siz bilirsiniz ki, o, Azərbaycanın Dövlət Neft Şirkətində böyük iş görür. Biz 1994-cü ildən başlayaraq Azərbaycan dövlətinin neft strategiyasını həyata keçiririk. Neft strategiyasının isə, şübhəsiz, çoxlu istiqamətləri var. Ancaq ən başlıca istiqamət bundan ibarətdir ki, bu müddət ərzində biz Azərbaycanın istər dənizdəki, istərsə də qurudakı neft və qaz ehtiyatlarından istifadə olunması sahəsində bizimlə birgə işləmək üçün bir çox xarici şirkətləri cəlb etmişik. Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev isə məhz bu sahəyə rəhbərlik edir. Odur ki, o, burada çox böyük iş görür. Lakin siz bunu da bilirsiniz ki, o, Milli Olimpiya Komitəsinin prezidentidir. Beləliklə, o, ictimai işlə də, dövlət işi ilə də məşğul olur. Bu, onun işidir.

Sual: Siz onu prezident vəzifəsində işinizin davamçısı kimi görmək istərdinizmi?

Cavab: Bilirsinizmi, nəyi görmək istəyirəmsə, bu, mənim öz işimdir.

Sual: Cənab prezident, Naxçıvan bu seçkiləri İrandan verilən elektrik enerjisinin kəsilməsi şəraitində keçirir. Ümumiyyətlə, Naxçıvana İrandan elektrik enerjisi verilməsinin bərpa olunması məsələsi nə yerdədir?

Cavab: Mənə dünən xəbər verdilər. Biz bir neçə dəfə İrandan xahiş etdik, hətta mən oraya nümayəndə heyəti göndərdim. Doğrudur, bizim onlara borcumuz var. Ancaq bu təzə borc deyil, əvvəldən var. Bir neçə illərdən yığılıbdır. Onlar izah edirlər ki, guya əvvəllər elektrik enerjisini verən dövlət təşkilatı idi, indi özəl şirkətdir. Ona görə də şirkət bunu tələb edir. Biz onlara təkliflər vermişik ki, bu borcu hansı vaxta qədər ödəmək olar. Onlarla danışıqlar aparılıbdır.

Dünən İran nümayəndə heyətini qəbul edəndə İranın Azərbaycandakı səfiri mənə dedi ki, o, əlaqəyə girib və İrandan elektrik enerjisinin verilməsi dünən bərpa olunubdur. Amma mən bunu yoxlamamışam. Mən sadəcə, dünən axşam İran səfirinin dediyi sözləri deyirəm.

Sual: Cənab prezident, Rəfael Allahverdiyev YAP-ın proporsional siyahısının hazırlanması prosesini tənqid etmişdi. Sizin buna münasibətiniz necədir?

Cavab: Bilirsiniz, bizim partiyada demokratiya var. Kim nəyi istəyir tənqid edə bilər. Buna mənim münasibətim nə olacaqdır?

Sual: Cənab prezident, lütfən deyin, Azərbaycan parlamentinin sədri müəyyən edildikdən sonra Siz vaxtından əvvəl prezident seçkiləri keçirilməsinin mümkünlüyü məsələləri barədə düşünəcəksinizmi?

Cavab: Mən nə üçün düşünməliyəm, bu sual nə ilə bağlıdır?

Jurnalist: Azərbaycan parlamenti sədrinin şəxsiyyəti ilə.

Heydər Əliyev: Parlament sədrinin prezidentə nə dəxli var? Mən prezidentəm, 2003-cü ilədək mənim prezident səlahiyyətlərim var. Həmin vaxta gəlib çıxarıq və siz də görəcəksiniz ki, xalq məni yeni müddətə bir də prezident seçəcəkdir.

Sual: Cənab prezident, akademik Ziya Bünyadovun qətlində İrana qarşı irəli sürülən ittihamlar, bununla bağlı açıqlamalar Naxçıvanla münasibətlərə təsir göstərə bilərmi?

Cavab: Bilirsiniz, nə ola bilər, nə ola bilməz - mən bunu deyə bilmərəm. Bizim hüquq-mühafizə orqanları, - əgər səhv etmirəmsə, Ziya Bünyadov 1997-ci ildə qətlə yetirilmişdi, - indiyə qədər bir neçə versiyalar üzərində işləmişdilər. Hətta bəzən belə məlumatlar verirdilər ki, bu versiya düzgündür və qətlə yetirən adamlar tapılacaqdır. Ancaq onlar bu versiyaları, nə təhər deyərlər, axıra çatdıra bilmədilər. Yəni müəyyən bir mərhələdə gördülər ki, yox, bu, düz deyildir.

Bir çox başqa versiyalar üzərində işlədilər. Nəhayət, Ziya Bünyadovu həqiqətən qətlə yetirən adamları son vaxtlar tapdılar və bu barədə məlumat verdilər. Bu adamların böyük bir qismi həbs olunubdur. Onlar bu cinayəti həm boyunlarına alıblar, həm də cinayət etdikləri bütün silahları təhvil veriblər. Ona görə də, bu, həqiqətdir. Kimsə buna inanmır, yaxud da kimsə, başqa ölkədə bunu təkzib edirsə, bu onun öz işidir. Yaxud mən görürəm, bəzi qəzetlərdə müxtəlif fikirlər yazırlar. Bu, onların öz işidir.

Sual: İranın Azərbaycanda artıq ikinci cinayət törətməsi faktını necə qiymətləndirirsiniz?

Cavab: Bilirsiniz, gərək bu barədə dəqiq ifadə işlədəsiniz. Azərbaycana qarşı bu aksiyanı hələ mən qiymətləndirə bilmərəm. Araşdırmaq lazımdır ki, kimlər bunu edir. Bu barədə fikrim belədir.

Sual: Cənab prezident, Sizin Putinlə görüşünüz zamanı Rusiya qoşunlarının Gürcüstandan çıxarılıb Ermənistana yerləşdirilməsi məsələsi müzakirə olunacaqmı və bu səfər zamanı daha nələr gözlənilir?

Cavab: Bilirsiniz ki, bu barədə bizim dövlətimiz, hökumətimiz, müdafiə naziri Səfər Əbiyev bəyanat veribdir. Bizim mövqeyimizi bildiribdir. Biz bundan sonra da bu mövqedə duracağıq.

Sual: Cənab prezident, Putinin Azərbaycana səfəri ilə əlaqədar iki ölkə arasında nələr gözlənilir?

Cavab: Çox şey gözlənilir. Çünki Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Rusiyanın prezidenti Azərbaycanda səfərdə olmayıbdır. Bu, ilk səfər olacaqdır. Rusiya ilə Azərbaycanın əlaqələri gərək yaxşı olsun, daha da inkişaf etsin. Güman edirəm ki, yeni prezident cənab Putin də belə fikirdədir. Ona görə də mənim dəvətimi qəbul edib, Azərbaycana gələcəkdir.

Sual: Cənab prezident, bu seçkilərə ADP də qatılıbdır və siyahıya Rəsul Quliyev başçılıq edir. Əgər o, seçkilərdə səs toplayarsa, onun Bakıya qayıtması ilə bağlı Sizin fikriniz necə olacaqdır?

Cavab: Bilirsiniz, bu məsələdə mənim fikrim ola bilməz. Fikir Mərkəzi Seçki Komissiyasınındır. Fikir bizim dövlət orqanlarınındır. Mənim heç bir fikrim ola bilməz.

Tarixi arayış