Azərbaycan Prezidenti Heydər Əliyevin ATƏT-in hazırkı sədri Avstriyanın xarici işlər naziri xanım Benita Ferrero-Valdnerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 18 iyul 2000-ci il


Heydər Əliyev: Hörmətli xanım!

Hörmətli nazir!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram və ATƏT-in sədri kimi bizim bölgəmizə, o cümlədən Azərbaycana səfərinizi çox yüksək qiymətləndirirəm. Mənə belə gəlir ki, ATƏT-in fəaliyyətində Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması kimi çətin problem yoxdur. ATƏT bu problemlə 1992-ci ildən məşğul olur. Münaqişə isə, bilirsiniz ki, bir neçə il ondan öncə başlamışdır və 1992-ci ildə ATƏT bu münaqişənin həll olunması üçün Minsk qrupunu təşkil edibdir. İndi Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları, Fransadır.

ATƏT-in zirvə görüşlərində - 1994-cü ildə Budapeştdə, 1996-cı ildə Lissabonda və 1999-cu ildə İstanbulda Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar məsələ müzakirə edilmişdir. 1994-cü il Budapeşt sammitində və 1996-cı il Lissabon sammitində məsələnin həll edilməsi üçün əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Ancaq təəssüf ki, bu qərarları həyata keçirə bilməmişik.

Xatırlatmaq istəyirəm ki, 1997-ci ildə ATƏT-in Minsk qrupu və onun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa məsələni həll etmək üçün iki təklif irəli sürmüşdülər. Birinci təklif 1997-ci ilin iyul ayında verilmişdi, adına "Paket təklifi" deyirdilər, yəni məsələnin hamısının bir yerdə həll olunması təklifi idi. Biz bu təklifi qəbul etdik, amma Ermənistan bunu qəbul etmədi.

1997-ci ilin sentyabrında ATƏT-in Minsk qrupu, onun həmsədrləri yeni təklif irəli sürdülər. Biz bunu qəbul etdik. Ermənistan tərəfindən də - Ermənistanın keçmiş prezidenti və bir çoxları bu təklifi qəbul etmək istəyirdilər. Amma sonra Ermənistan bu təklifdən də imtina etdi. Bilirsiniz ki, ondan sonra Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi və demək olar ki, 1998-ci ildə biz bu barədə irəliləyiş əldə edə bilmədik.

1999-cu ilin aprel ayında Vaşinqtonda Ermənistan prezidenti Koçaryanla Azərbaycan prezidenti arasında təkbətək görüş başlandı. Ondan sonra bu görüşlər 1999-cu il ərzində bir neçə dəfə davam etdi. Bütün bu görüşlərdə Ermənistan prezidenti və Azərbaycan prezidenti eyni fikirdə oldular ki, məsələni həll etmək üçün hər iki tərəf kompromislərə getməlidir. Biz bu kompromisləri razılşadırırdıq.

Sonra isə 1999-cu ilin oktyabr ayında Ermənistanda baş vermiş terror hadisəsi və ondan sonrakı dəyişikliklər bizim bu danışıqlarımızı demək olar ki, kəsdi. Beləliklə, zaman keçir, vaxt keçir, məsələ həll olunmur.

Bilirsiniz ki, 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş imzalanıbdır. Biz bu sazişi hər iki tərəfdən - həm Azərbaycan, həm Ermənistan - indiyə qədər qoruyub saxlamışıq. Hesab edirəm ki, bu, böyük nailiyyətdir. Çünki burada bir-birinə qarşı duran ordu hissələri arasında heç bir ayırıcı qüvvələr, yaxud sülh məramlı qüvvələr yoxdur. Bu, onu göstərir ki, Azərbaycanda da, Ermənistanda da atəşkəs rejimini pozmaq istəmirlər. Ancaq indiyə qədər məsələ həll olunmayıbdır.

Bilirsiniz ki, Ermənistan silahlı qüvvələri müharibə nəticəsində müxtəlif səbəblərdən Azərbaycan ərazisinin 20 faizini işğal ediblər və indiyə qədər işğal altında saxlayırlar. İşğal olunmuş torpaqlardan bir milyon azərbaycanlı zorla çıxarılıb, əksəriyyəti çadırlarda ağır şəraitdə yaşayır.

Hörmətli nazir, mən sizə təşəkkür edirəm ki, siz burada səfər proqramınızın çox gərgin olmasına baxmayaraq, bu gün qaçqınların yaşadığı bir yerə getmisiniz, onların vəziyyətini özünüz gözlərinizlə görmüsünüz. Ancaq biz bu gün sizinlə təkbətək danışan zaman razılığa gəldik ki, siz gələn dəfə gələndə çadırlarda yaşayan qaçqınları da birlikdə görəcəyik. Güman edirəm, elə bu gün gördükləriniz də sizdə təəssürat yaradıb ki, insanlar uzun müddət - altı, yeddi, səkkiz il belə şəraitdə yaşaya bilməzlər. Amma yaşayırlar, dözürlər. Çünki biz yenidən döyüşlərin, müharibənin başlanmasının tərəfdarı deyilik. Bütün çətinliklərə dözürük və Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirik.

Hörmətli nazir, bu barədə biz təkbətək çox geniş fikir mübadiləsi apardıq. Sizinlə apardığım bu danışıqlardan mən çox məmnunam. Bu gün bir də bəyan etmək istəyirəm ki, məsələnin həll olunması üçün mütləq Minsk qrupu və onun həmsədrləri öz fəaliyyətini gücləndirməlidirlər.

Mən belə fikirdəyəm ki, Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə görüşləri də davam etməlidir. Ancaq eyni zamanda, Minsk Qrupu və onun həmsədrləri, ATƏT bu məsələ ilə daim məşğul olmalıdırlar. Yalnız bu yol ilə, hamımız birlikdə bu məsələnin həll edilməsinə nail ola bilərik.

Hörmətli nazir, mən sizə bildirdim ki, bizim təkbətək danışıqlarımızda - Ermənistan prezidenti və Azərbaycan prezidenti - biz eyni fikrə gəldik ki, məsələni həll etmək üçün müəyyən kompromisslər olmalıdır. Bu gün də sizə dedim ki, mən bu mövqeyimin üzərində dururam. Ancaq kompromislər, təbiidir, hər iki tərəf üçün uyğun olmalıdır və xüsusən, zərər çəkən tərəf Azərbaycan olduğuna görə, onun ərazisi işğal edildiyinə görə. Demək, kompromislər bunları nəzərə alaraq qəbul olunmalıdır.

Beynəlxalq hüquq normaları var, ATƏT-in prinsipləri var, Helsinkidə qəbul olunmuş Helsinki Aktının prinsipləri var ki, hər bir dövlətin ərazi bütövlüyü toxunulmazdır, hər bir dövlətin sərhədləri toxunulmazdır. Ancaq təəssüflər olsun ki, on ildən artıqdır ki, Azərbaycanın sərhədləri də pozulubdur, ərazi bütövlüyü də pozulubdur, torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. ATƏT öz prinsiplərinin yerinə yetirilməsinə indiyə qədər nail ola bilməyibdir.

Hörmətli xanım, biz sizinlə Vyanada, mənim Avstriyaya rəsmi səfərim zamanı bu barədə çox ətraflı söhbət etmişdik. Avstriyanın və şəxsən sizin bu il ATƏT-in sədri vəzifəsini aparmağınız həm Avstriya hökumətinin, həm də sizin üzərinizə böyük məsuliyyət qoyur. Mən çox arzu edərdim ki, Avstriyanın dövləti, hökuməti və şəxsən siz, hörmətli nazir, ATƏT-in indi fəaliyyətdə olan sədri kimi, bu sədrlik müddətinizdə bu məsələnin həll edilməsinə nail ola biləsiniz.

Fürsətdən istifadə edib, Avstriyaya rəsmi səfərim ilə əlaqədar ən gözəl təəssüratlarımı bəyan etmək istəyirəm. Bu səfər zamanı mənim prezident cənab Klestil ilə, federal kansler cənab Şüssel ilə və şəxsən sizinlə, başqa dövlət, hökümət nümayəndələri ilə görüşlərimiz və imzaladığımız sənədlər Avstriya-Azərbaycan əlaqələrində yeni mərhələ açmışdır. Bunlar hamısı ümid verir ki, indi Avstriya Azərbaycanı daha da yaxşı tanıyır. Güman edirəm ki, siz bu səfəriniz zamanı - həm Ermənistanda olduğunuz zaman, həm də Azərbaycanda bu qısa müddətdə olduğunuz zaman bizim bölgəni artıq əvvəlkindən yaxşı tanıyırsınız və düşdüyümüz vəziyyəti də görürsünüz. Ona görə biz bu barədə sizinlə çox danışmışdıq. Bir daha, nümayəndə heyətinin yanında sizə müraciət edərək, rica edirəm ki, bu məsələlərlə bundan sonra daha da fəal məşğul olasınız. Buyurun, təşəkkür edirəm.

Benita Ferrero-Valdner: Cənab prezident!

Cənab xarici işlər naziri, Azərbaycan nümayəndə heyətinin üzvləri!

İcazə verin, onu bildirim ki, mən həqiqətən də bu regiona səfərimi çox mühüm hadisə hesab edirəm və birinci Ermənistanda olmağımı da düzgün hesab edirəm. Çox məmnunam ki, mənim regiona səfərim Sizin Avstriyaya rəsmi səfərinizdən bilavasitə sonraya təsadüf edir və fürsətdən istifadə edərək, Vyanaya səfəriniz zamanı aldığınız xoş təəssüratları bizə bildirdiyinizə görə Sizə təşəkkür edirəm.

Siz çox doğru buyurursunuz, ATƏT-də sədrlik Avstriya üçün və şəxsən mənim üçün çox böyük məsuliyyət deməkdir. Eyni zamanda onu da bildirmək istəyirəm ki, biz bu sədrlikdən həm də məmnunluq duyuruq. Ona görə ki, qarşıda duran böyük vəzifələrin həll olunması üçün öz töhfəmizi vermək imkanı əldə etmişik. Bu problemlərin həll edilməsinə yardımçı olmaq şansımızdan faydalanmaq istəyirik.

İcazə verin onu da deyim ki, mən həmişə səy göstərmişəm ki, bizim yardımçı olmaq və sülhə gətirib çıxarmaq istədiyimiz bu münaqişə barədə hər zaman ətraflı məlumat almağa çalışmışam, münaqişə ilə əlaqədar sülh prosesinin əvvəlki mərhələləri ilə də tanış olmuşam. Bir tərəfdən mənim xüsusi müşavirim kimi səfir Kasprşik, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona ziyarətimdən öncə mənə ətraflı məlumat veriblər. Hesab edirəm ki, iki ölkənin prezidentləri arasında birbaşa təmasların davam etdirilməsi çox mühüm olmuşdur. Eyni zamanda, Sizinlə apardığım danışıqlardan mən belə nəticə çıxardım ki, Siz çox istəyirsiniz, arzu edirsiniz ki, Sizin birbaşa danışıqlarınızla bərabər, ATƏT-in Minsk qrupu da öz səylərini daha da artırsın.

Mən Sizə demək istəyirəm ki, biz qarşımızda duran bu böyük vəzifənin öhdəsindən gəlməyə çalışacağıq. Biz çalışacağıq ki, əlavə təmaslar həyata keçirək, bu çox mürəkkəb danışıqlar prosesinin sülh ilə nəticələnməsi üçün səylərimizi göstərərək və cənab prezident, Siz qeyd etdiyiniz kimi, qarşılıqlı güzəştlər əsasında məsələnin sülh yolu ilə həll edilməsinə nail olaq. Onu demək istəyirəm ki, mən bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün hər iki tərəfdə böyük siyasi iradə olduğunu gördüm. Ümidvaram ki, bundan faydalana biləcəyik. Mənə belə gəlir ki, biz məhz bu imkandan da istifadə etməliyik.

Hesab edirəm ki, prezident Koçaryan tərəfindən də sülhə nail olmaq üçün siyasi iradənin olduğunu və buna sadiqliyin bir təzahürü kimi, dünən onun tərəfindən söz verilmiş və bu gün artıq həyata keçirilmiş bir əlaməti gördük. Bu da Dağlıq Qarabağda saxlanılan dörd əsirin və Ermənistanda, Yerevanda saxlanılan iki əsirin buraxılmasıdır ki, indi onlar Azərbaycandadırlar.

Hətta onu da bildirmək istəyirəm ki, mənim imkanım oldu və Yerevanda üç azərbaycanlı əsir ilə görüşdüm. Onlar Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin təcridxanalarında saxlanılırdı. Mən onlarla görüşdüm. Ümid edirdik ki, onlar bu gün artıq Azərbaycana veriləcəklər. Bildirmək istəyirəm ki, həmin şəxslər artıq Azərbaycandadırlar. Görüşdüyüm üç nəfərdən biri Xankəndində saxlanılırdı. Lakin xəstəxanada müalicə keçmək üçün Yerevana gətirilmişdi.

Siz qeyd etdiyiniz kimi, bu gün mən Bakıda məskunlaşmış bəzi qaçqınlarla da görüşmək imkanı əldə etdim və onların yaşadığı ağır şərait ilə tanış oldum. Xüsusilə onu bildirmək istəyirəm ki, bir qadın kimi, qaçqınların bu vəziyyəti mənə çox dərin təsir göstərdi, çox böyük iz buraxdı. Mən orada qaçqın qadınların, uşaqların ağır şəraitdə yaşadığını gördüm, işsiz kişilərin vəziyyəti ilə tanış oldum. Onların hamısı öz vətənlərinə dönmək və fəal həyata qayıtmaq arzusundadırlar.

Cənab prezident, Sizin söylədiklərinizin təsdiqi olaraq bir daha bldirirəm - mən Sizə söz verdim ki, gələn dəfə səfərim zamanı Sizinlə bərabər qaçqın düşərgələrinə gedib, çadırlarda yaşayan qaçqınlarla da görüşəcəyəm.

Cənab prezident, onu da demək istəyirəm ki, itkin və əsir düşmüş şəxslərin işi ilə məşğul olan müştərək komissiyanın fəaliyyətinin gücləndirilməsi üçün Sizin lazımi tapşırıqlar verəcəyiniz barədə bəyanatınızı da, mənə verdiyiniz sözü də çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, artıq mövcud olan belə bir komissiyanın fəaliyyətini canlandırmaq üçün Azərbaycan tərəfindən xüsusi göstərişin verilməsi Azərbaycanın sülh prosesinə sadiqliyinin göstəricisidir.

Cənab prezident, Sizi bir daha əmin etmək istəyirəm ki, biz mövcud imkanlarımızdan istifadə edərək əlavə səylər göstərəcəyik ki, sülh prosesi irəli getsin və sülh daha da yaxınlaşdırılsın. Arzu edərdim ki, indiki şəraitdə sülhə tam nail olmaq mümkün olmasa da, heç olmasa, hər iki tərəfdən inamverici tədbirlərin həyata keçirilməsi təmin edilsin. Xalqlar arasında böyük etimadsızlıq mövcuddur. Qarşılıqlı etimadsızlığın aradan qaldırılması üçün inamverici tədbirlər çox faydalı ola bilər. Ona görə də mən Sizi dəvət edirəm ki, mümkün olan variantlardan, imkanlardan istifadə edib bu cür inamverici tədbirlərin həyata keçirilməsinə çalışasınız.

Cənab prezident, icazə verin bunu da bildirim ki, bu gün Sizin xarici işlər naziri ilə birlikdə ATƏT-in Azərbaycandakı yeni ofisinin açılışını keçirdik. Məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, bizim Azərbaycandakı yeni ofisimizin rəhbəri və onun müavini artıq təyin olunubdur. Onlar da bu gün nümayəndə heyətinin tərkibindədirlər. Cənab Kornelisem ATƏT-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri olacaqdır. O, Hollandiyadandır, müavini isə Polşadandır. Ümidvarıq ki, ATƏT-in Azərbaycanda ofisinin açılması Azərbaycanın və bu regionun Avropaya daha da yaxınlaşmasında növbəti bir addım olacaqdır, mühüm rol oynayacaqdır.

Mən fürsətdən istifadə edərək, ATƏT-in Parlament Assambleyası tərəfindən Azərbaycanın Avropa Şurasına qəbul olunması barədə çıxarılmış qərar münasibətilə Sizi təbrik etmək istəyirəm. Nazirlər Komitəsi, adətən, bu məsələlərə daha yaxından münasibət göstərir. Mən əminəm ki, tezliklə onlar bu qərarı təsdiqləyəcəklər və Azərbaycanın Avropa Şurasına qəbulu başa çatdırılacaqdır.

Azərbaycanın xarici işlər naziri ilə dünən keçirdiyim görüş zamanı da mən bir çox məsələlərə toxunmuşdum, biz müxtəlif səpkili bir sıra məsələləri müzakirə etmişdik. Mən həmin məsələlərdən birinə yenə də toxunmaq istəyirəm.

ATƏT "Mərkəzi Seçki Komissiyası haqqında" qanuna əlavələr edilməsini və bu qanunun dəyişikliklərlə qəbul olunmasını alqışlayır. Biz bu barədə öz fikirlərimizi həm Sizinlə görüşümüzdə, həm də ictimaiyyət üçün bəyan etdik. Digər tərəfdən, biz təəssüf hissi keçiririk ki, növbəti parlament seçkiləri haqqında yeni qanunda da bir sıra ciddi çatışmazlıqlar vardır. Biz belə hesab edirik ki, ən ciddi çatışmazlıq odur ki, bu qanunda geriyə yönəlmiş bir addım atıldı, bu seçki qanunu qüvvəyə mindikdən xeyli əvvəl qeydiyyatdan keçmiş bir partiyaya bu parlament seçkilərində iştirak imkanı verilmədi, partiya bu imkandan məhrum edildi.

İcazə verin, ümidvar olduğumu bildirim ki, bu və digər çatışmazlığın aradan qaldırılmasına hələ imkanlar vardır və bu qanun daha təkmilləşdirilə bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Sizin sərəncamınızdadır. Siz onun tövsiyələrindən faydalana bilərsiniz.

Cənab prezident, mən regional əməkdaşlıq məsələsinə də toxunmaq istəyirəm. İndi dünyanın bir çox bölgələrində regionlararası əməkdaşlıq getdikcə geniş vüsət almaqdadır. Biz bunu istər Avropa Birliyi çərçivəsində, istərsə də dünyanın bir çox yerlərində genişlənməkdə olan regionlararası əməkdaşlığın timsalında görürük. Dünyanın ayrı-ayrı bölgələri arasında mövcud olan bu cür əməkdaşlıq həmin bölgələrdə yaşayan əhalinin yaşayış standartlarının artmasına və onların həyatının daha yaxşı təmin edilməsinə yardım göstərir.

Mən Gürcüstanda prezident Eduard Şevardnadze ilə, Ermənistanda prezident Robert Koçaryanla da bu məsələni müzakirə etmişəm. Cənab prezident, ona görə də mən istərdim ki, regional əməkdaşlıq barədə Sizin mövqeyinizi, fikirlərinizi öyrənim və baxışlarınızla tanış olum.

Cənab prezident, Sizə bir daha təşəkkür edirəm.

Heydər Əliyev: Hörmətli nazir, çox dəyərli fikirlərinizə və tövsiyələrinizə görə təşəkkür edirəm.

Mən sizinlə təkbətək danışanda da demişəm, - bizim üçün əsas problem Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi, respublikamızın işğal edilmiş torpaqlarının azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və bir milyondan çox azərbaycanlının öz yerinə-yurduna qayıtmasıdır.

Düşünürəm ki, bu cür dəhşətli vəziyyət dünyanın heç bir ölkəsində yoxdur: bir milyon insan öz ölkəsində köçkün vəziyyətində yaşayır. Ona görə də mən sizin bu sahədə səylərinizi qiymətləndirirəm. Rica edirəm ki, həm ATƏT, həm ATƏT-in sədri, həm də bizim üçün dost olan Avstriyanın xarici işlər naziri kimi siz bu məsələnin həll olunmasına çalışasınız. Mən sizə demişdim, - siz bu ilin sonunadək ATƏT-ə sədrlik edirsiniz, çalışın ki, bu müddətdə bu sahədə ciddi bir irəliləyiş əldə olunsun.

Biz Ermənistanla Azərbaycan arasında, Qafqaz bölgəsində, Cənubi Qafqazda sülh istəyirik. Ona görə də bu cür ağır vəziyyətə dözürük. Ancaq hər bir dözümün də müəyyən bir sərhədi vardır. Bunu siz də bilməlisiniz, bütün ATƏT də, Minsk qrupu da, Birləşmiş Millətlər Təşkilatı da bilməlidir ki, Azərbaycana qarşı bu cür ədalətsizliyə son qoyulmalıdır. Bir daha rica edirəm ki, sizin fəaliyyətinizdə bu, birinci növbəli məsələ kimi yer tapsın.

Ermənistandan buraya gələrkən orada olan azərbaycanlı əsirlərin azad edilməsi və ölkəmizə gətirilməsi sahəsində göstərdiyiniz səylərə görə sizə çox təşəkkür edirəm.

Mən sizə bildirdim, bir daha bəyan edirəm ki, Azərbaycanda Ermənistandan heç bir əsir yoxdur. Ancaq müharibə zamanı - hər halda bizim səlahiyyətli orqanların verdiyi siyahılara görə və konkret hər bir adam haqqında verilən dosyeyə görə - 800 nəfərdən artıq azərbaycanlı orada əzir vəziyyətində yaşamışdır. İndi onlar sağdır, sağ deyil, nə olub, bilmirəm. Ancaq bir neçə il bundan öncə bizim bu barədə dəqiq məlumatımız var idi. Güman edirəm ki, bu məsələyə də diqqət yetirmək lazımdır.

Sizin burada olmağınız böyük bir əlamətdar hadisə ilə bağlıdır ki, Bakıda ATƏT-in ofisi açılıbdır. Mən bu münasibətlə sizi də, özümüzü də təbrik edirəm. Çünki bu, həm sizin, həm də bizim istəyimiz nəticəsində baş vermişdir.

Biz bu ofisin açılması işinə çoxdan başlamışdıq. Ancaq çox gözəl haldır ki, bu ofis sizin iştirakınızla, yəni ATƏT-in sədrinin iştirakı ilə açıldı. Güman edirəm ki, onlar burada uğurlu fəaliyyət göstərəcəklər və ATƏT-lə əməkdaşlığımızda bizə çox yardım göstərəcəklər. Təbiidir ki, bu, ATƏT-lə bizim aramızda əlaqələrin inkişafına - onlar indi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi ilə məşğul olmurlar, amma digər məsələlərlə məşğul olurlar - çox kömək edəcəkdir.

Azərbaycanın Avropa Şurasına qəbul olunması üçün göstərdiyiniz səylərə görə təşəkkür edirəm. Mən həm Avstriya hökumətinə, həm də ATƏT-in hazırkı sədri kimi sizə təşəkkür edirəm. Siz bu gün bəyanat verdiniz ki, Nazirlər Komitəsinin iclası bu məsələnin həll olunması barədə qərar qəbul edəcəkdir, bu, bizdə böyük ruh yüksəkliyi doğurur.

Mən dəfələrlə demişəm, - Avropa Şurasına daxil olmaq bir tərəfdən şərəflidir, amma ikinci tərəfdən ölkənin öz üzərinə yeni böyük məsuliyyətlər götürməsi ilə əlaqədardır.

Azərbaycan Avropa qitəsinə məxsus olan bir ölkədir. Amma onun bir xüsusiyyəti də ondan ibarətdir ki, Avropa ilə Asiyanın, Qərb ilə Şərqin qovuşduğu yerdə yerləşən bir ölkədir. Biz Şərq mədəniyyəti, dəyərləri ilə Qərb dəyərlərinin birləşdirilməsində xüsusi rol oynayırıq. Ona görə də mən hesab edirəm ki, biz Avropa Şurasında lazımlı bir ölkəyik. Avropa Şurasının tam hüquqlu üzvü olmağımız təkcə bizim üçün yox, Avropa Şurası üçün də faydalı olacaqdır. Ancaq biz məsuliyyətimizi də hiss edirik. Məsuliyyətimiz artacaqdır. Biz buna hazırıq.

Noyabr ayında Azərbaycanda yeni parlament seçkiləri keçiriləcəkdir. Hesab edirəm ki, biz keçən parlament seçkilərindən ötən beş il müddətində demokratiya sahəsində böyük bir yol keçmişik - ölüm hökmünü ləğv etmişik mətbuat azadlığını tamamilə təmin etmişik, fikir, söz, vicdan azadlıqlarının hamısı Azərbaycanda mövcuddur. Amma biz heç də hesab etmirik ki, çox şeyə nail olmuşuq. Demokratiyanın yolu çox uzundur. Hesab edirəm ki, siz də hələ finişə çatmamısınız. Elədirmi?

Benita Ferrero-Valdner: Bəli.

Heydər Əliyev: Amma biz hələ yolun başlanğıcındayıq. İnanın ki, biz bu yolla gedirik və gedəcəyik.

Mən seçki qanunu haqqında sizin fikirlərinizi anlayıram. Güman edirəm, bilirsiniz ki, bu məsələ parlamentdə müzakirə olunarkən mən bu qanundakı bir neçə maddə haqqında Milli Məclisə müraciət etmişdim. Bunlar məhz o maddələrdir ki, siz onlar haqqında öz fikirlərinizi bildirdiniz. Amma parlament mənim bu məktubumla razılaşmamışdır. Güman edirəm, sizin də parlamentdə belə hallar az olmur.

Ancaq biz bu sahədə öz səylərimizi davam etdirəcəyik. Əmin ola bilərsiniz ki, noyabrda Azərbaycanda parlament seçkiləri bizim maksimum imkanlarımız dərəcəsində demokratik, aşkarlıq, şəffaflıq şəraitində keçiriləcəkdir. Biz ATƏT-in Bakıdakı ofisi ilə də bu sahədə əməkdaşlıq edəcəyik.

Mən onu bildirmək istəyirəm ki, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndəsi artıq burada, bizim seçki komissyasında oturubdur. O, seçki komissiyasında oturub və seçkilər sona çatanadək orada oturacaqdır. Bunu biz özümüz istəmişik ki, hər şeyə nəzarət etsin, ortaya çıxan məsələlərin həll olunmasında, buraxılan səhvlərin qarşısının alınmasında bizə yardım göstərsin. Bildirdiyim kimi, biz bu sahədə səylərimizi davam etdirəcəyik.

Mən sizə bir daha təşəkkür edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bizim çox geniş danışığımız əsasında siz başlıca məsələnin həll olunması sahəsində öz səylərinizi davam etdirəcəksiniz. Sağ olun.

Benita Ferrero-Valdner: Cənab prezident, çox sağ olun. Mən bir daha bəyan etmək istəyirəm, - biz əlimizdən gələni edəcəyik ki, bu sülh prosesinə öz töhfəmizi verək. Bir tərəfdən prezidentlərin apardıqları danışıqlar, digər tərəfdən ATƏT-in öz fəaliyyətini gücləndirməsi ümid verir ki, bu münaqişənin həllinə tezliklə nail ola biləcəyik. Mən buradan geri döndükdən sonra ATƏT-in həmsədrlərinə tapşırıq verəcəyəm ki, onlar da öz səylərini daha da artırsınlar. Bir daha təşəkkür edirəm.

Heydər Əliyev: Siz görürsünüz ki, bizim mətbuat nümayəndələrinin hamısı buradadır. Onlar bizim bütün danışıqlarımızı eşitdilər. İndi gedib onların qarşısında bir daha söz deməyə ehtiyac varmı?

Benita Ferrero-Valdner: Mənə belə gəlir ki, buna ehtiyac yoxdur.

Heydər Əliyev: Mən də belə fikirdəyəm. Onlara da təşəkkür edirəm ki, bizim fikirlərimizi eşitdilər. Sağ olun.

"Azərbaycan" qəzeti, 19 iyul 2000-ci il.