Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Polşa Nazirlər Şurasının sədri Vlodzimej Çimoseviç ilə görüşdə söhbətindən - Varşava, "Belveder" iqamətgahı, 27 avqust 1997-ci il


Hörmətli cənab Çimoseviç!

Azərbaycan Respublikasının, onun xalqının və səxsən mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə, həmçinin ölkənizin iqtisadiyyati, bank və maliyyə sisteminin yenidən qurulması sahəsində  görülən işlər barədə ətraflı məlumat verdiyiniz görə Sizə təşəkkür edirəm.

Nəzərinizə çatdırım ki, bu məlumatlar, onların öyrənilməsi və təhlili, heç şübhəsiz, öz iqtisadiyyatını bazar iqtisadiyyati münasibətləri əsasında yenidən qurmaq sahəsində ilk uğurlu addımlarını atmağa başlamış Azərbaycan üçün faydalı olacaqdır. Qeyd edim ki, biz Azərbaycanda iqtisadiyyatın yenidən qurulmasına nisbətən gec, əsasən 1995-ci ildən etibarən başlamışıq. Bu prosesin ləngiməsinə isə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, habelə ölkənin daxilindəki qeyri-sabitlik olmuşdur. Azəraycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın bu təcavüzü nəticəsində ərazimizin 20 faizi işğal olunmuş, bir milyon vətəndaşımız yurd-yuvasından zorla qovularaq qaçqın vəziyyətinə düşmüş, respublikamıza çox böyük maddi və mənəvi ziyan dəymişdir.

Bundan əlavə, Azərbaycanın daxilində də sabitlik yox idi. İndi isə vəziyyət dəyişib. Biz 1994-cü ildə münaqişədə atəşkəsə nail olmuşuq, daxildə isə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Beləliklə, biz Azərbaycanda iqtisadi islahatlar aparmağa imkan tapdıq. İslahatların başlanmasından az müddət keçsə də, biz yaxşı nəticələrə nail olmuşuq. Müvafiq qanunvericilik bazası yaradılmışdır, özəlləşdirmə proqramı müvəffəqiyyətlə həyata keçirilir, beynəlxalq maliyyə təsisatları - Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə səmərəli əməkdaşlıq edirik, İstehsalın dirçəldilməsi, inflyasiyanın qarşısının alınması sahəsində önəmli uğurlar qazalınmışdır.

Vurğulayım ki, respublikamız xarici iqtisadi əlaqələrə böyük əhəmiyyət verir. Azərbaycanda xarici iş adamlarının sərbəst fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradılmışdır. Azərbaycanın iqtisadiyyati dünyaya açıqdır, biz dünya iqtisadiyyatına qovuşmaq yolu tutmuşuq. Hazırda Azərbaycanda dünyanın ən inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətləri müştərək iş görürlər və bu proses getdikcə genişlənir. Azərbaycan bu sahədə tərəfdaş ölkələrin seçilməsinə böyük əhəmiyyət verir.

Azərbaycan dünyanın bütün ölkələri, o cümlədən Polşa ilə hərtərəfli əməkdaşlığı, o cümlədən iqtisadi əlaqələri genişləndirməyə böyük maraq göstərir. Bunu bir daha vurğulayaraq cənab Çimoseviç, Sizi və nazirlərinizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.