Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ-ın keçmiş dövlət katibi Ləri İqlbergeri qəbul edərkən söhbətindən - 22 noyabr 1999-cu il


Heydər Əliyev: Mən çox məmnunam ki, biz fürsət tapıb Azərbaycana heç olmasa bir neçə saatlığa ziyarət edirsiniz. Mənə dünən dedilər ki, siz Küveytdəsiniz və gəlib bizimlə görüşməyə imkanınız vardır. Mən bundan çox şad oldum. Ancaq təəssüf ki, ikinci dəfədir sizin Azərbaycana ziyarətiniz çox qısamüddətli olur.

Mən keçən dəfə sizi və xanımınızı - hamınızı birlikdə Azərbaycana uzunmüddətli ziyarətə dəvət etmişdim. İndi bu dəvət öz qüvvəsində qalır. Bugünkü görüşümüz isə növbədənkənar bir görüşdür. Çox sağ olun. Xoş gəlmisiniz!

Ləri İqlberger: Cənab prezident, sağ olun. Gələn dəfə gələndə Azərbaycanda o qədər qalacağam ki, arzu edəcəksiniz mən tez gedim.

Heydər Əliyev: Siz gəlin, qoy olsun.

Ləri İqlberger: Gərək havanın yaxşı olmasını gözləyəm.

Heydər Əliyev: Yox, biz təmin edərik. Bu, sadəcə, sizin gözlənilməmiş ziyarətinizdir. Ona görə. Amma siz əvvəldən vaxtını təyin etsəniz, biz havanı təmin edəcəyik.

Ləri İqlberger: Cənab prezident, ölkənizə belə gəlməyimin, gözlənilməz səfərimin əsas məqsədlərindən biri Sizin son sammit zamanı göstərdiyiniz liderliyi necə heyranlıqla izlədiyimizi Sizə deməkdən ibarətdir. Mən onu da Sizə deməliyəm ki, Amerika Birləşmiş Ştatlarının kütləvi informasiya vasitələri şəxsən Sizi həddindən çox göstərdilər. Doğrudan da Siz buna layiq idiniz. Bu sammit zamanı çox məlumatlar yayıldı və Siz ictimaiyyət üçün həddindən çox əlavə məlumat verdiniz. Mən fürsətdən istifadə edərək, bu sammitdə oynadığınız rola görə Sizi təbrik edirəm.

Mənim anladığıma görə, bu ziyarətiniz zamanı bir çox məsələlərdə böyük irəliləyişlər əldə olunubdur, - boru kəmərləri, Sizin qonşularınızla olan münasibətləriniz barədə. Əminəm ki, prezident Klinton da Sizin şəxsən oynadığınız rolu çox yüksək qiymətləndiribdir. Cənab prezident, bilmək istərdim, - Siz özünüz bu sammiti necə qiymətləndirirsiniz? Siz də o fikirdəsinizmi ki, bu, uğurlu bir sammit oldu?

Heydər Əliyev: Çox təşəkkür edirəm, hörmətli dostum. Bu son sammitdə mənim haqqımda, fəaliyyətim haqqında dediyiniz xoş sözlərə görə təşəkkür edirəm.

Ləri İqlberger: Cənab prezident, bu, səmimi sözlərdir.

Heydər Əliyev: Mən bilirəm, siz qeyri-səmimi söz deməzsiniz.

Ləri İqlberger: Mən artıq diplomat deyiləm. Ona görə sözü, həqiqəti düz üzə deyirəm.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Həqiqətən, mən sizə deyə bilərəm ki, bu sammit ATƏT-in bütün keçmiş sammitlərindən çox fərqlidir. Birinci növbədə, sammitin qəbul etdiyi sənədlərin həm məzmununa, həm də əhəmiyyətinə görə. Çünki bu sənədlər artıq XXI əsrə yönəldilmişdir və XXI əsrin demək olar ki, Avropa və ATƏT çərçivəsində yaşamaq, yaratmaq, inkişaf etmək Konstitusiyası kimi bir sənədlərdir.

Xartiya - indi onun adına biz İstanbul xartiyası deyirik - çox əhəmiyyətli bir sənəddir və həqiqətən bu gün də, yaxın gələcəkdə də, əlbəttə, uzaq gələcəkdə də ölkələrin təhlüksizliyni təmin etmək, sülhü təmin etmək, demokratiyanı inkişaf etdirmək, insan haqlarını qorumaq və terrorizmə, separatizmə, ekstremizmə və başqa bu kimi hallara yol verməmək sahəsində bu xartiyada çox ciddi, çox əhəmiyyətli müddəalar əks olunubdur.

İkinci sənəd - siyasi bəyyannamə də bugünkü reallığı əks etdirir, Avropada, ümumiyyətlə, dünyada olan reallığı əks etdirir və ATƏT-in əhatə etdiyi ərazidə məsələlərin həll olunması üçün çox əhəmiyyətli müddəaları özündə əks etdirir.

Mən şəxsən çox xoşbəxtəm ki, Azərbaycan xalqı, Azərbaycan dövləti adından, müstəqil Azərbaycan adından İstanbul xartiyasını imzaladım. Bu, Azərbaycanın müstəqil və dünya dövlətlərilə bərabər hüquqa malik olan bir dövlət olduğunu bir daha nümayiş etdirdi. Bu xartiyanın bizim uyğun ən mühüm əhəmiyyətə bir də ondan ibartdir ki, burada dövlətlərin ərazi bütövlüyünün və dövlət müstəqilliyinin qorunması çox cddi maddələrlə əks olunubdur.

Yenə də deyirəm, bilirsiniz ki, ATƏT 25 il bundan öncə Helsinkidə ilk xartiyanı qəbul edibdir. Sonra - 1990-cı ildə Paris xartiyası qəbul olunubdur. İndi isə - 1999-cu ildə İstanbul xartiyası qəbul edilibdir. Amma Paris xartiyası qəbul olunanda ATƏT-ə daxil olan dövlətlərin sayı bu qədər deyildi. Ondan sonra dünyada böyük dəyişikliklər baş verdi: Varşava paktı dağıldı, Sovetlər İttifaqı dağıldı, Sovetlər İttifaqına mənsub olan 15 respublika öz müstəqilliyini elan etdi. Varşava paktına daxil olmuş şərqi Avropa ölkələrində də çox ciddi dəyişikliklər baş verdi. Hətta vaxtilə Varşava paktına daxil olmuş üç ölkə indi NATO-nun tərkibindədir. Bunlar hamısı qısa bir tarixdə, qısa bir zamanda dünyada baş vermiş müsbət nəticələrdir. Mən fəxr edirəm ki, indi Azərbaycan da bu birliyin içindədir. Azərbaycan bir müstəqil dövlət kimi öz sözünü deyir, öz fikrini bildirir və öz arzularını yerinə yetirməyə çalışır.

Sammitin digər bir xüsusiyyəti budur ki, mənə belə gəlir ki, o, mən iştirak etdiyim keçmiş sammitlərdən işin təşkili nöqteyi-nəzərindən və ümumiyyətlə məzmun nöqteyi-nəzərindən daha da yüksək idi.

1994-cü ildə mən Budapeşt sammitində, 1996-cı ildə Lissabon sammitində iştirak etmişəm. Şübhəsiz ki, onların hər birinin tarixdə öz yeri vardır. Amma İstanbul sammiti daha da çox əhəmiyyətli sənədlər qəbul edibdir və bir də ki, bu XX əsrin axırındakı ən son sammitdir, bundan sonra XX əsrdə sammit daha olmaycaqdır. Türkiyə Cümhuriyyəti və bizim dostlarımız, eyni zamanda bu sammitin Təşkilat Komitəsi orada işi də çox yaxşı təşkil etmişdilər, iş şəraiti də yaxşı idi. Çünki "Çırağan sarayı" bütün imkanları ilə belə bir sammitin keçirilməsi üçün çox dəyərli bir yerdir.

Biz bir çox başqa ölkələrdən fərqli olaraq, bu sammit zamanı böyük tarixi bir iş gördük. Bu da nəhayət, Bakı-Ceyhan neft kəməri, neft borusu layihəsinin, yəni onun müqaviləsinin imzalanması mərasimi idi. Biz beş il çox ağır və çətin yollarla keçərək bu günə gəlib çatdıq.

Təbiidir ki, Azərbaycanın burada rolu çox böyükdür. Çünki birincisi, neft Azərbaycanın neftidir. İkincisi, Azərbaycan 1994-cü ildə böyük bir müqavilə - "Əsrin müqaviləsi"ni imzalamasaydı, əlbəttə ki, o neftin hasil olunması və dünya bazarlarına ixrac edilməsi problemi də bu gün olmazdı. Üçüncüsü, şübhəsiz ki, beş il müddətində bu boru xəttinin, neft kəmərinin həyata keçirilməsinə çox böyük maneçiliklər törədirdilər və xaricdən bizə çox təzyiqlər olurdu. Bəziləri isə bunun iqtisadi cəhətdən səmərəli olmadığını sübut etməyə çalışırdılar. Bəziləri belə məlumat yayırdılar ki, guya Xəzər dənizində bu qədər böyük neft ehtiyatları yoxdur, ona görə də belə bir bahalı neft kəmərinin çəkilməsinə ehtiyac yoxdur. Təəssüf ki, belə məqalələr Amerika Birləşmiş Ştatlarının bəzi qəzetlərində də dərc olunurdu.

Amma biz dünyaya sübut etdik ki, Xəzər dənizində çox böyük neft ehtiyatları vardır və xüsusən Xəzər dənizinin Azərbaycan sektorunda artıq müəyyən edilmiş və işlənən, hasil olunan neft ehtiyatları vardır, onu ixrac etmək üçün belə bir neft kəməri çox lazımdır və zəruridir.

Mən orada sənədləri imzalayandan sonra öz nitqimdə də dedim, bu gün də təkrar etmək istəyirəm: şübhəsiz ki, biz - Türkiyə Cümhuriyyəti ilə Azərbaycan bu barədə çox işlər gördü. Gürcüstan da onun ərazisindən bu kəmərin keçməsi üçün şübhəsiz ki, lazım olan şəraitləri yaratdı. Amma bu neft kəməri haqqında müqavilənin imzalanmasında Amerika Birləşmiş Ştatlarının və şəxsən prezident cənab Bill Klintonun xüsusi rolu var və xüsusi fəaliyyəti vardır.

Mən İstanbulda da dedim, bu gün də deyirəm, sabah da deyəcəyəm - əgər Amerika Birləşmiş Ştatlarının bizim regiona bu qədər diqqəti və qayğısı olmasaydı, "Əsrin müqaviləsi"nin imzalanmasında Amerika Birləşmiş Ştatlarının qətiyyətli dəstəyi olmasaydı və Bakı-Ceyhan neft kəmərinin yaradılması üçün bizim apardığımız işlərdə Amerika Birləşmiş Ştatlarının dəstəyi, köməyi olmasaydı, xüsusən şəxsən prezident cənab Bill Klintonun bu işə bilavasitə münasibəti və köməyi olmasaydı biz buna nail ola bilməzdik. Ona görə də İstanbul sammiti bu sammitin məsələlərindən əlavə, bizim üçün - Azərbaycan üçün, Türkiyə üçün, Gürcüstan üçün və eyni zamanda, hesab edirəm, Amerika Birləşmiş Ştatları üçün böyük hadisə olan Bakı-Ceyhan neft kəməri haqqında müqavilənin imzalanması ilə daha da yüksəklərə qalxdı.

Nəhayət, Türkmənistan qazının da Türkiyə və Qərbə ixrac olunması haqqında müəyyən bir sənəd imzalandı və biz - Azərbaycan da bunu imzaladı. Bu da böyük nailiyyətdir. Siz bilirsiniz ki, bu layihənin həyata keçirilməsi üçün bəzi ölkələr, o cümlədən Türkmənistan o qədər də sabit mövqe tutmurdu. Biz isə bunu əvvəldən dəstəkləmişdik. Yenə də Amerika Birləşmiş Ştatlarının həm də bu məsələyə münasibəti, həm köməyi, həm də, şübhəsiz ki, Türkmənistan rəhbərliyinə verdiyi lazımi məsləhətlər belə bir layihə haqqında müəyyən sənədlərin imzalanmasına gətirib çıxardı.

Doğrudur, indi aparılan işlər nəticəsində məlum olubdur ki, Azərbaycanda böyük neft ehtiyatları ilə bərabər, çox böyük qaz ehtiyatları da vardır. Bir neçə ildən sonra biz onu ixrac etmək məcburiyyətində olacağıq. Ona görə həmin bu qaz kəmərindən biz lazımi vaxtda istifadə edə biləcəyik. Bu da bizim üçün çox əhəmiyyətlidir.

Beləliklə, hesab edirəm ki, bu sammit Amerika Birləşmiş Ştatlarının apardığı bütün siyasəti - həm dövlətlərarası münasibətlər, həm sülhün təmin olunması, təhlükəsizliyin təmin olunması, demokratiyanın inkişafı sahəsndə apardığı siyasəti və eyni zamanda Cənubi Qafqaz, Xəzər dənizi hövzəsi və Orta Asiya ölkələri ilə əlaqədar aparılan siyasəti bir daha təsdiq etdi. Hesab edirəm ki, onun nə qədər doğru, düzgün olduğunu dünyaya nümayiş etdirdi. Ona görə də mən sizi - Amerika Birləşmiş Ştatlarını, hökumətinizi təbrik edirəm. Mən bu təbriklərimi İstanbulda prezident cənab Bill Klintona bildirdim. Amma bir daha deyirəm, sizi də təbrik edirəm. Bu, bizim ümumi nailiyyətimizdir.

Ləri İqlberger: Cənab prezident, bu, elə bir nailiyyətdir ki, Sizin liderliyiniz olmasaydı ona nail olmaq mümkün olmazdı. Xüsusən bu boru kəmərləri ilə əlaqədar. Siz çox haqlı olaraq qeyd etdiniz ki, bu boru kəməri ətrafında gedən söhbətlər, mübahisələr neçə illərdir davam edir. Şübhəsiz ki, belə bir əsas boru kəməri çəkilməsəydi, bu regionda neftin ixrac olunması çox çətinləşərdi, bəlkə də heç mümkün olmazdı. Bu da Sizin özünüzün - Azərbaycanın gələcəyi üçün də heç də az əhəmiyyət kəsb etmir.

Demək istəyirəm ki, şübhə yoxdur, bu sammit uğurlu sammit olubdur. Lakin bir daha vurğulamaq istəyirəm ki, bu sammitin uğurlu olmasında, xüsusilə boru kəməri barədə sazişin imzalanmasında, həyata keçirilməsində Sizin liderliyiniz olmasaydı bu nailiyyətdən danışmaq olmazdı. Bir daha bildirmək istəyirəm ki, bu böyük hadisənin həyata keçməsinə görə, şübhəsiz ki, Sizi də, prezident Klintonu da təbrik etmək lazımdır. Böyük səylər göstərilibdir. Lakin bunların hamısının önündə məhz şəxsən Sizin səyləriniz olubdur.

Heydər Əliyev: Sağ olun. Təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 23 noyabr 1999-cu il